Məhkəmə qərarları › İş №e-2-2(121)-2068/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2068/2024

10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-2068/2024 10.09.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1800.02 manat əsas borcun, 1314 manat dəbbə pulunun, 120 manat vəkil xidmət haqqı və 52 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə “Məhsulların alğı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq Satıcı ("xxxx" MMC) istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri Alıcıya - Cavabdeh mülkiyyətinə verməyi, Alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2ci bəndinə görə, nisyə alğı-satqı zamanı alıcı faktura üzrə qəbul etdiyi malın dəyərinin fakturada göstərilən son ödəmə tarixinə qədər satıcıya ödənilməsini təmin etməlidir. İddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh ilə Malların Təhvil-Qəbul Aktları və Maliyyə Arayışı əsasında ƏDV xaric ümumilikdə 20.740.53 manat məbləğində sərinləşdirici-spirtsiz içkilər təhvil verilmişdir. Cavabdeh borc məbləğindən 18940.51 manat ödəmiş, lakin 1800.02 manat əsas borc ödənilməmişdir. “Məhsulların alğı-satqı” Müqaviləsinin 6.2-ci bəndinə görə Ödəniş məbləği və dəbbə pulunun ödənilməsi təmin edilməzsə, müqavilə bir tərəfli ləğv edilir, malların dəyərinin ödənilməsi qanuna müvafiq təmin edilir. Həmin Müqavilənin 6.3-ci bəndinə görə X1 faktura və tara dəyərinin bu müqavilənin 3.2 bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0.1 % miqdarında, gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti gündən başlayaraq hər gecikdirilən gün üçün 0.2% miqdarında dəbbə pulu ödənilməlidir. Borcun ödənilməsi ilə bağlı Cavabdeh rəsmi pretenziya məktubu ilə müraciət olunmuş və borc məbləğinin 5 (beş) gün ərzində ödənilməsi tələb olunmuşdur. Əksi təqdirdə borc məbləğinin məcburi qaydada ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul olunsa da, bu günə qədər qeyd olunan borc məbləği hələ də ödənilməmiş olaraq qalır. Buna görə iddiaçı "xxxx" MMC pozulmuş hüquqlarının bərpasını təmin etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 11:45-ə təyin edilmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə iddiaçı və cavabdeh məhkəmə iclaslarına gəlməmişlər. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, tərəflərindən bütün sübutlar elektron məhkəmə sisteminə yerləşdirildiyini bildirmiş və məhkəmə hazırlıq iclasının onların iştirakları olmadan keçirilib işin məhkəmə baxışına verilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-2068/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə baxış iclası təyin edilmiş, baxış iclasının tarixi xx.xx.2024-cü il saat 12:00 kimi müəyyən edilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, tərəflərindən bütün sübutların elektron məhkəmə sisteminə yerləşdirildiyini, işlə bağlı hər hansı əlavə sübutlarının olmadığını, xx.xx.2024 tarixə təyin olunmuş məhkəmə iclasında məsafənin uzaq olmasına görə iştiraklarının mümkün olmadığını bildirmiş, təqdim olunmuş sübutlar əsasında baxış iclasını iştirakları olmadan keçirib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında Cavabdeh iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, iddia ərizəsində iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh “Malların Təhvil- Qəbul Aktları” ilə ƏDV xaric ümumilikdə 20740,53 manat məbləğində sərinləşdirici spirtsiz içkilər təhvil verildiyi, cavabdehin borc məbləğindən 18940,51 manat ödədiyi, lakin 1800,02 manat borcun ödənilmədiyi qeyd olunsa da, iddia ərizəsinə əlavə edilmiş malların təhvil qəbul aktları tamamilə oxunmaz vəziyyətdə təqdim olunduğuna görə, həmin sənədlərin məzmununu müəyyən etmək mümkün olmamışdır. Alınan mallara görə ödənilən və qalıq qalan vəsaitlər barədə isə hər hansı bir sənəd (qəbz, çek, ödəniş tapşırığı və s.) iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmir. Məhkəmə, cavabdehin lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında işitrak etməməsini, həmçinin iddiaya qarşı etirazını, iddianın tam və ya qismən əsassızlığına dair sübutları məhkəməyə təqdim etməməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, işə mahiyyəti üzrə baxılıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılması məqsədə uyğun deyildir. Buna görə də iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 78.1-1-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Göründüyü kimi, qüvvədə olan mülki prosessual qanunvericiliyin tələblərinə görə sübutlar işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməlidir. Lakin iddiaçı Azerbaijan Coca-Cola Bottlers” Məhdud Məsuliyyətli Cəmiyyəti işin mahiyyəti üzrə baxılması üçün mühüm əhəmiyyət kəsb edən məlumatları özündə əks etdirən sənədləri məhkəməyə təqdim etməmişdir. Şərh olunanları yekunlaşdıraraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlər əsasında işə mahiyyəti üzrə baxılması mümkün olmadığına görə iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci və 260.6-cı maddələrinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar