Məhkəmə qərarları › İş №e-2-2(121)-208/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-208/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-208/2021 07.04.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən yaranmış 8.921 manat məbləğində əsas borcun, əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 384 manat cərimə faizinin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 9.335 manat məbləğində pulun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 22.11.2019-cu il tarixli, 369 saylı alqı-satqı müqaviləsinə əsasən, müəssisənin istehsal etdiyi malları, “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. İddiaçı tərəfindən üzərinə götürülmüş öhdəliklər tamamilə icra olunsa da, cavabdeh üzərinə götürdüyü öhdəliklərini bu günə kimi tam yerinə yetirməmişdir. Belə ki, cavabdeh müəssisədən aldığı malların dəyərini tam ödəməmiş və nəticədə 8.921 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. Alqı-satqının yekununda tərəflərin məsul şəxslərinin iştirakı ilə borcun etiraf edilməsinə dair üzləşdirmə aktı imzalanmışdır. 09.12.2019-cu il tarixli üzləşdirmə aktına əsasən, cavabdeh təşkilat İddiaçınə 8.921 manat məbləğində borcunun oluduğunu təsdiqləmişdir. Lakin iddiaçı tərəfindən dəfələrlə olunmuş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. 12.06.2020-ci il tarixində “xxxx” MMC-nin ünvanına rəsmi qaydada pretenziya məktubu göndərilmiş və qalıq borcun 15 gün ərzində ödənilməsi tələb olunmuşdur. Buna baxmayaraq heç bir ödəniş edilməmiş, münasibatlərin qaydaya salınması məqsədilə heç bir addım atılmamışdır. Bu səbəbdən iddiaçı hazırda məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının nümayəndəsini dinləyib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 22 noyabr 2019-cu il tarixli, 369 saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında məhsulların satışı barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, satıcı (İddiaçı MMC) spesifikasiyada adları göstərilən malları alıcıya (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə) satmağı, alıcı isə həmin məhsulları almağı və onun dəyərini ödəməyi öhdələrinə götürmüşdürlər. İş materiallarında olan 22 noyabr 2019-cu il tarixli, 369 saylı alqı-satqı müqaviləsinə 1 saylı əlavə olan qiymət cədvəlindən görünür ki, gips əsaslı məhsulların adı, növü və qiyməti barədə tərəflər razılaşmışlar. İş materiallarında olan 09 dekabr 2019-cu il tarixli üzləşdirmə aktından görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 09 dekabr 2019-cu il tarixə İddiaçı MMC-yə 8.921 manat məbləğində borcu qalmışdır. Üzləşdirmə aktı tərəflərin iştirakı ilə tərtib olunmuş və imzalanmışdır. İş materiallarında olan 01 noyabr 2020-ci il tarixli maliyyə arayışında qeyd olunur ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı MMC-yə 8.921 manat borcu vardır. Həmçinin 22.12.2019-cu il tarixdən 01.11.2020-ci il tarixədək əldən çıxmış faydaya görə cərimə faizinin ümumi miqdarı 384 manat təşkil edir. İş materiallarında olan İddiaçı MMC tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış 11.06.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı MMC ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 22 noyabr 2019-cu il tarixli, 369 saylı alqı-satqı müqaviləsi üzrə qalıq borcunun olması barədə cavabdeh xəbərdar edilmişdir. Borcun 15 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə pozulmuş hüquqların bərpası, əsas borcun və əlavə olaraq əldən çıxmış faydaya görə gecikdirilən hər gün üçün ümumi borcun 0,1 % miqdarında cərimə məbləğinin (tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinə müvafiq olaraq) ödənilməsi məqsədilə məhkəməyə müraciət olunacağı barədə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti məlumatlandırılmışdır. İş materiallarında olan qaimə fakturalardan görünür ki, İddiaçı MMC tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 25.11.2019, 26.11.2019 və 11.01.2020-ci il tarixlərdə mallar təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında məhsulların satışı barədə 22 noyabr 2019-cu il tarixli, 369 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, satıcı (İddiaçı MMC) spesifikasiyada adları göstərilən malları alıcıya (“xxxx” MMMC-yə) satmağı, alıcı isə həmin məhsulları almağı və onun dəyərini ödəməyi öhdələrinə götürmüşdürlər. Həmin müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliyə əməl etməmişdir. İddiaçı 11.06.2020-ci il tarixli pretenziya ilə cavabdehə borcun qaytarılması ilə bağlı xəbərdarlıq göndərərək, borcun qaytarılmasını tələb etsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi tərəflər arasında yaranan hüquq münasibətləri 22 noyabr 2019-cu il tarixli, 369 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Həmin Məcəllənin 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materiallarında olan 09.12.2019-cu il tarixli üzləşdirmə aktı ilə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı MMC-yə 8.921 manat əsas borcunun olduğu öz təsdiqini tapdığından, məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, məhkəmə hesab edir ki, 8.921 manat əsas borcun tutulması hissəsində iddia təmin edilməlidir. İddianın öhdəliyinin icra edilməməsi (8.921 manat borcun ödənilməməsi) nəticəsində yaranmış 5 faiz hesabı ilə 3 il üçün həmin məbləğə hesablanmış 384 manat faiz borcunun tutulmasına münasibət bildirərək məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan maliyyə arayışından görünür ki, 8.921 manat borcun ödənilməməsinə görə 384 manat məbləğ 22.12.2019-cu il tarixdən (müqavilənin bağlanıldığı tarixdən) 01.11.2020-ci il tarixədək olan dövr üçün illik 5% olmaqla hesablanmışdır. Cavabdehin 8.921 manat məbləğində borcunun olması isə 09 dekabr 2019-cu il tarixli üzləşdirmə aktı ilə müəyyən olunur. Belə olan halda, məhkəmə hesab edir ki, 8.921 manat borcun ödənilməməsinə görə illik 5% faiz borcunun hesablanması 22.12.2019-cu il tarixdən deyil, 09 dekabr 2019-cu il tarixdən hesablanmalıdır ki, bu qaydada (8.921 X 5% : 365 X 297) hesablandıqda, cavabdehin 362,95 manat (illik 5 faiz hesabı ilə) faiz borcunun olduğu müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, məhkəmə hesab edir ki, ödənilməli olan əsas borc 8.921 manat kimi müəyyən edildiyindən, məhz qeyd olunan həcmdə borcun ödənilməməsi nəticəsində həmin məbləğə hesablanmış 362,95 manat (5 faiz hesabı ilə) faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı MMC tərəfindən tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbi qismən təmin edilməli, cavabdeh xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 8.921 manat əsas borc, 362,95 manat öhdəliyin gecikdirilməsinə görə illik 5%-i miqdarında faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 9.313,95 (doqquz min üç yüz on üç manat, doxsan beş qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 8.921 manat əsas borc, 362,95 manat öhdəliyin gecikdirilməsinə görə illik 5%-i miqdarında faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 9.313,95 (doqquz min üç yüz on üç manat, doxsan beş qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar