Məhkəmə qərarları › İş №e-2-2(121)-210/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-210/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-210/2025 23.01.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı lizinq obyektinin qaytarılması və pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehna qarşı qarşı lizinq obyektinin qaytarılması və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, 064 nömrəli müqavilə üzrə lizinq obyekti olmuş 02 ədəd traktor (YTO NLX 1404 - DQN 33AB121 və 33AB120) saz və işlək vəziyyətdə cavabdehdən alınıb iddiaçıya qaytarılması, 6600 manat əsas lizinq borc məbləği, 577,5 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixdən başlayaraq lizinq oblyektlərinin qaytarıldığı günədək hər gecikdirilmiş gün üçün 36,16 manat hesablanaraq gecikmə vaxtı üçün ödəniş və 91,78 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (bundan sonra – Cavabdeh) ilə "xxxx" MMC (bundan sonra – İddiaçı) arasında 16 fevral 2023-cü il tarixli, 064 nömrəli lizinq müqaviləsi (bundan sonra – Müqavilə) bağlanmışdır. Müqavilədə iddiaçı lizinq verən, cavabdeh isə lizinq alan tərəf olaraq çıxış edir. Müqavilənin 2.1-ci bəndinə əsasən İddiaçı lizinq obyektini Satıcıdan əldə etməyi və bu müqavilə ilə müəyyənləşdirilmiş müddətə və şərtlərlə Lizinq alana müvəqqəti sahibliyə və istifadəyə verməyi öhdəsinə götürür. Cavabdeh isə bu Müqavilədə nəzərdə tutulmuş qaydada lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişləri icraetməyi qarşılıqlı surətdə öhdələrinə götürür. 16 fevral 2023-cü il tarixli 064 saylı “ Aqrar Kredit və İnkişaf Agentliyi xəLi ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsi “ Əlavə 1-də əsasən Lizinq alan 147.900.00 (bir yüz qırx yeddi min doqquz yüz manat 00 qəpik) manat, Lizinq obyektinə tətbiq olunan subsidiya məbləği 50 442.00(əlli min dörd yüz iyirmi iki manat 00 qəpik),Lizinq üzrə borc məbləği 66.000.00 (altmış altı min manat 00 qəpik) təşkil etmiş və 60 ay üzrə hər aylıq ödəniş 1100.00 (bir min bir yüz manat 00 qəpik) təyin edilmişdir. Lakin Cavabdeh tərəfindən müntəzəm olaraq ödənişlər ödənilməmiş öhdəliyin icrasından yayınmış və Lizinq müqavilələri üzrə ödənilməli olan cari(aylıq) lizinq ödənişləri aylardır ödənməmişdir. Lizinq borcunun ödənilməsi ilə əlaqədar dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh tərəfindən Lizinq müqaviləsi üzrə öhdəlikləriniz yerinə yetirilməmiş, müqavilə ilə müəyyən olunmuş müddətlər daxilində lizinq üzrə cari (aylıq) ödəmələr icra edilməmişdir. Buna görə də, Cavabdehəxx.xx.2024-cü il tarixli məktub göndərərək 064 nömrəli Lizinq müqaviləsinin xx.xx.2024-cü il tarixindən birtərəfli qaydada ləğv ediliyini diqqətinə çatdırmış, xx.xx.2024-cü il tarixədək lizinq obyekti olmuş 02 ədəd traktorun (YTO NLX 1404 - DQN 33AB121 və 33AB120) saz və işlək vəziyyətdə bizə geri qayatarmağı, həmin müqavilələ üzrə yaranmış 6600 (altı min altı yüz) manat əsas lizinq borc məbləği və 577,5 (beş yüz yetmiş yeddi manat əlli qəpik) manat dəbbə pulunu bizə ödəməyini xahiş etmişik. Lakin cavabdeh tərəfindən həmin məktubda göstərilən qanuni tələblərimizicraedilməmiş, məktuba münasibət bildirilməmişdir. Cavabdeh tərəfindən hər hansı geri dönüş edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli 064 nömrəli lizinq müqaviləsinin 2.1-ci bəndinə əsasən, Lizinq şirkəti lizinq obyektini Satıcıdan əldə etməyi və bu müqavilə ilə müəyyənləşdirilmiş müddətə və şərtlərlə Lizinq alana müvəqqəti sahibliyə və istifadəyə verməyi öhdəsinə götürür. Lizinq alan isə bu Müqavilədə nəzərdə tutulmuş qaydada lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişləri icra etməyi qarşılıqlı surətdə öhdələrinə götürür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 064 nömrəli lizinq müqaviləsi üzrə təhvil-təslim aktına əsasən, 2 ədəd (Traktor təkərli, Marka YTO, Model NLX 1404, Seriya №32229245, Mühərrik № YT22264400, 140 at gücü, qət etdiyi məsafə: 0km, YGB S/N:**********4841, İstehsal ili : 2022, İstehsal ölkəsi: Çin Xalq Respublikası) kənd təsərrüfatı texnikası İddiaçı tərəfindən Cavabdehnə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 064 nömrəli Lizinq müqaviləsinə 1 saylı əlavədən görünür ki, lizinq alan 147.900 manat, lizinq obyektinə tətbiq olunan subsidiya məbləği 50 442, lizinq üzrə borc məbləği 66.000 təşkil etmiş və 60 ay üzrə hər aylıq ödəniş 1100 manat təyin edilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin Cavabdehnə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh tərəfindən öhdəliklər icra edilməyəcəyi təqdirdə lizinq müqaviləsi üzrə əmələ gəlmiş borcun İddiaçı MMC-nə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan texnikaların saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdehnə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanmış lizinq müqavilələrinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Qeyd olunan Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Məhkəmə, sadalanan qanunvericilik aktı normalarına əsasən hesab edir ki, cavabdeh xx.xx.2023-cü il tarixli 064 nömrəli lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini ödəməli olmasına, o cümlədən lizinqə verilmiş texnikaların qaytarılmasına dair öhdəliyi olduğundan, lakin cavabdeh müqavilə üzrə vəzifələrini yerinə yetirmədiyindən, iddiaçı lizinq məbləğinin ödənilməsini və texnikaların geri qaytarılmasını tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi xx.xx.2023-cü il tarixli 064 nömrəli lizinq müqaviləsi üzrə əsas borcun tutulması və texnikaların geri qaytarılması hissəsində əsaslıdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin 577,5 manat cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 50 manat cərimə borcu tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyinə görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehndən xx.xx.2023-cü il tarixli, 064 nömrəli müqavilə üzrə lizinq obyekti olmuş 02 ədəd traktor (YTO NLX 1404 - DQN 33AB121 və 33AB120) alınıb İddiaçınə qaytarılsın. Cavabdehndən 6600 manat məbləğində əsas, 50 manat məbləğində dəbbə pulu və 91,78 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 6741,78 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar