Məhkəmə qərarları › İş №e-2-2(121)-214/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-214/2022

31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-214/2022 31.03.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı 4318 manat məbləğində borc, 60 manat məbləğində mediasiya xərci və 4 manat məbləğində dövlət rüsumunun X1 tutularaq İddiaçı MMC-yə ödənilməsi tələbinə dair işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı 4318 manat məbləğində borc, 60 manat məbləğində mediasiya xərci və 4 manat məbləğində dövlət rüsumunun X1 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 12.01.2022-ci il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında olan razılaşmaya əsasən İddiaçı MMC müxtəlif adda yeyinti mallarını cavabdehə satmağı, cavabdeh isə həmin malları qəbul edərək dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərini icra edərək malları cavabdehə təhvil vermişdir. Satılmış mallara görə müvafiq elektron qaimə və elektron vergi hesabfakturası tərtib edilərək cavabdehə təqdim edilmişdir. Lakin satılmış 4318 manat məbləğində mala görə təqdim edilmiş bəzi elektron vergi hesab-fakturalarının təqdim edilməsindən uzun müddət vaxt keçməsinə baxmayaraq satılmış malların pulu hələ də ödənilməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehlə dəfələrlə danışıqlar aparılmasına və xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh bu günə qədər ödəməli olduğu borc məbləğini ödəməmişdir. Bundan sonra İddiaçı MMC borcun ödənilməsi ilə bağlı pretenziya ilə cavabdehə müraciət etmişdir. Lakin pretenziyanı aldıqdan sonra da cavabdeh bu günə qədər ödəməli olduğu borc məbləğini ödəməmişdir və ödəməkdən imtina etmişdir. Bu isə İddiaçı MMC-nin hüquqlarını pozduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı MMC-nin nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh isə məhkəmə iclasında iddia tələbini rədd edərək borcunun olmadığını bildirdi. Məhkəmə, tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İşə əlavə edilmiş elektron qaimələrdən görünür ki, 192378 nömrəli, 27.04.2020-ci il tarixli Elektron qaiməyə əsasən 185,89 manat, 298384 nömrəli, 29.04.2020-ci il tarixli Elektron qaiməyə əsasən 317,02 manat, 556393 nömrəli, 01.06.2020-ci il tarixli Elektron qaiməyə əsasən 466,56 manat, 775248 nömrəli, 24.07.2020-ci il tarixli Elektron qaiməyə əsasən 274 manat, 775291 nömrəli, 24.07.2020-ci il tarixli Elektron qaiməyə əsasən 686,89 manat, 775249 nömrəli, 24.07.2020-ci il tarixli Elektron qaiməyə əsasən 250,27 manat, 775548 nömrəli, 24.07.2020-ci il tarixli Elektron qaiməyə əsasən 648,94 manat, 775409 nömrəli, 24.07.2020-ci il tarixli Elektron qaiməyə əsasən 1301,69 manat, 775366 nömrəli, 24.07.2020-ci il tarixli Elektron qaiməyə əsasən 222,30 manat dəyərində İddiaçı MMC tərəfindən Cavabdeh mallar təqdim edilmişdir. İşə əlavə edilmiş 09.12.2021-ci il tarixli maliyyə arayışın surətindən görünür ki, Cavabdeh 08.12.2021-ci il tarixə iddiaçıya olan borcu 4.318,53 manat təşkil edir. İş materiallarında olan 29.01.2020-ci il tarixli borcun etirafı haqqında aktdan görünür ki, cavabdeh 2952,20 manat borcunun olmasını etiraf etmişdir. İş materiallarında olan 01.10.2020-ci il tarixli üzləşmə aktının 7-ci sırasında olan qeyddən görünür ki, cavabdeh 1565,32 manat borcunun olmasını təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmənəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini yerinə yetirməmişdir. Tərəflər arasında olan razılaşmaya əsasən cavabdehin 4318 manat borcunun olduğu iş materialları ilə tam sübuta yetirilir. Cavabdeh tərəfindən qeyd olunan borcun ödənilməsini təsdiq edən hər-hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən 4318 manat borcun iddiaçının xeyrinə tutulmasına dair iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin iddianın 4 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı razılaşmadan irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdeh(lər)ə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 60 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı razılaşmadan irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4318 manat məbləğində borc, 60 manat məbləğində mediasiya xərci və 4 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçınə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar