Məhkəmə qərarları › İş №e-2-2(121)-216/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-216/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-216/2021 07.04.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Cəfərov Röyal Akif oğluna qarşı borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh Cəfərov Röyal Akif oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cəfərov Röyal Akif oğlundan 1.871,7 manat məbləğində əsas borcun, əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 176,98 manat pul məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Cəfərov Röyal Akif oğlu ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 341 saylı alqı-satqı müqaviləsinə əsasən, müqaviləyə 1 saylı əlavə olan Spesifikasiya aktında adları göstərilən malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. İddiaçı tərəfindən üzərinə götürülmüş öhdəliklər tamamilə icra olunsa da, cavabdeh Cəfərov Röyal Akif oğlu öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, Röyal Cəfərov müəssisədən aldığı malların dəyərini ödəməmiş və nəticədə 1.871,7 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. xx.xx.2018-ci il tarixdə müəssisədaxili audit yoxlaması keçirilmiş və yoxlama əsasında üzləşdirmə aktı tərtib edilmişdir. İkitərəfli qaydada imzalanmış akta əsasən, cavabdeh Cəfərov Röyal Akif oğlu, İddiaçı MMC-yə 1.871,7 manat borcunun olduğunu təsdiq etmişdir. Məsələni həll etmək məqsədilə dəfələrlə tərəflərindən borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilsə də, cavabdeh göstərilən xəbərdarlıqları cavabsız qoyaraq, qalıq borcu ödəməmişdir. Bundan başqa xx.xx.2020-ci il tarixində tərəflərindən Cəfərov Röyal Akif oğlunun ünvanına rəsmi qaydada pretenziya məktubu göndərilərək, qalıq borcun ödənilməsi tələb olunsa da, münasibətlərin qaydaya salınması məqsədilə heç bir addım atılmamışdır. Bu səbəbdən iddiaçı hazırda məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Cəfərov Röyal Akif oğlu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Cəfərov Röyal Akif oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının nümayəndəsini dinləyib, hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan xx xxxx 2017-ci il tarixli, 341 saylı alqı-satqı müqaviləsindən görünür ki, “X4” MMC (hazırda İddiaçı MMC) ilə Cəfərov Röyal Akif oğlu arasında məhsulların satışı barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, satıcı (hazırda İddiaçı MMC) spesifikasiyada adları göstərilən malları alıcıya (Cəfərov Röyal Akif oğlu) satmağı, alıcı isə həmin məhsulları almağı və onun dəyərini ödəməyi öhdələrinə götürmüşdürlər. İş materiallarında olan xx xxxx 2017-ci il tarixli, 341 saylı alqı-satqı müqaviləsinə 1 saylı əlavə olan malların spesifikasiyasıdan görünür ki, müxtəlif inşaat materiallarının ölçüləri, qiymətləri və daşınma xərcləri barədə tərəflər razılaşmışlar. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli üzləşdirmə aktından görünür ki, Cəfərov Röyal Akif oğlunun xx xxxxxx 2018-ci il tarixə İddiaçı MMC-yə 1.871,7 manat məbləğində borcu qalmışdır. Üzləşdirmə aktı tərəflərin iştirakı ilə tərtib olunmuş və imzalanmışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışında qeyd olunur ki, Cəfərov Röyal Akif oğlunun İddiaçı MMC-yə 1.871,7 manat borcu vardır. Həmçinin xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əldən çıxmış faydaya görə cərimə faizinin ümumi miqdarı 176,98 manat təşkil edir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cəfərov Röyal Akif oğluna ünvanlanmış xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı MMC ilə Cəfərov Röyal Akif oğlu arasında bağlanılmış xx xxxx 2017-ci il tarixli, 341 saylı alqı-satqı müqaviləsi üzrə qalıq borcunun olması barədə cavabdeh xəbərdar edilmişdir. Xəbərdarlıqlara baxmayaraq bugünə qədər borc məbləğini ödəmədiyi, qanunun tələblərinə uyğun olaraq ondan borcun 15 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə pozulmuş hüquqların bərpası, əsas borcun və əlavə olaraq əldən çıxmış faydaya görə gecikdirilən hər gün üçün ümumi borcun 0,1 % miqdarında cərimə məbləğinin (tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinə müvafiq olaraq) ödənilməsi məqsədilə məhkəməyə müraciət olunacağı barədə Cəfərov Röyal Akif oğlu məlumatlandırılmışdır. İş materiallarından görünür ki, İddiaçı MMC 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “X4” MMC (hazırda İddiaçı MMC) ilə Cəfərov Röyal Akif oğlu arasında məhsulların satışı barədə xx xxxx 2017-ci il tarixli, 341 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, satıcı (hazırda İddiaçı MMC) spesifikasiyada adları göstərilən malları alıcıya (Cəfərov Röyal Akif oğlu) satmağı, alıcı isə həmin məhsulları almağı və onun dəyərini ödəməyi öhdələrinə götürmüşdürlər. Həmin müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliyə əməl etməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli pretenziya ilə cavabdehə borcun qaytarılması ilə bağlı xəbərdarlıq göndərərək, borcun qaytarılmasını tələb etsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi tərəflər arasında yaranan hüquq münasibətləri xx xxxx 2017-ci il tarixli, 341 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Həmin Məcəllənin 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli üzləşdirmə aktı ilə cavabdeh Cəfərov Röyal Akif oğlunun İddiaçı MMC-yə 1.871,70 manat əsas borcunun olduğu öz təsdiqini tapdığından, məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, məhkəmə hesab edir ki, 1.871,7 manat əsas borcun tutulması hissəsində iddia təmin edilməlidir. İddiaçı iddia ərizəsində əsas borcdan əlavə, əsas borcun illik 5%-i miqdarında 176,98 manat pul məbləğinin tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdehin iddiaçıya 1.871,70 manat əsas borcu xx.xx.2018-ci il tarixli üzləşdirmə aktına əsasən müəyyən edilmiş, hazırki iddia ərizəsi isə məhkəmənin icraatına xx.xx.2020-ci il tarixdə, borcun yaranmasından və ödənilməməsindən 2 ildən artıq müddət keçdikdən sonra daxil olmuşdur. İddiaçı isə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək illik 5% ilə hesablanmış faiz borcunu tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, məhkəmə hesab edir ki, 1.871,70 manat borcun ödənilməməsi nəticəsində həmin məbləğə hesablanmış 176,98 manat (5 faiz hesabı ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək) faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Cəfərov Röyal Akif oğlundan 1.871,70 manat əsas borc, 176,98 manat öhdəliyin gecikdirilməsinə görə illik 5%-i miqdarında faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.078,68 (iki min yetmiş səkkiz manat, altmış səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar