Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2182/2025 18.09.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı - 29.386,53 manat, 5% məbləğində hesablanmaqla 868,17 manat borc, 182 manat dəyərində dövlət rüsumu, hüquqi yardım üçün ödənilm iş 320 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024cü il tarixli, № 2024/072 nömrəli malların alqı-satqı müqaviləsi imzalanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsində qeyd olunub ki, bu müqavilə “alıcı” və “satıcı” arasında malların alqı-satqısını habelə bu əməliyyatdan irəli gələn digər münasibətləri tənzimləyir. Müqavilənin 3.1-ci maddəsində alınan malların dəyəri mal qəbul edildiyi günə “satıcı”nın müvafiq banklarda olan hesablaşma hesabına köçürülmə yolu ilə ödənilməsi nəzərdə tutulub. Müqavilənin 3.2-ci maddəsinə əsasən malların göndərilməsi sifariş qəbul edildikdən sonra 7 təqvim günü ərzində həyata keçirilir. Tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci maddəsinə görə bütün mübahisələr danışıqlar yolu ilə həll olunmalıdır. Bu danışıqlar nəticəsiz qalarsa, tərəflər mübahisəni həll etmək üçün Azərbaycan Respublikasının İqtisad Məhkəməsinə müraciət edə bilərlər. Tərəflər arasında olan razılaşmaya əsasən aşağıda qeyd olunmuş elektron-qaimələr üzrə mallar satıcı tərəfindən alıcıya təhvil verilmiş və alıcı tərəfindən təhvil alınmışdır: 1. xx.xx.2024-cü il tarixli, MT24204 seriyalı, ******* nömrəli elektron qaimə-fakturaya əsasən 2.999,99 manat;
2. xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 11092718 nömrəli elektron qaimə-fakturaya əsasən 5.390,004 manat; 3. xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 10063378 nömrəli elektron qaimə-fakturaya əsasən 3.023,042 manat; 4. xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı,10437450 nömrəli elektron qaimə-fakturaya əsasən 2.018,036 manat; 5. xx.xx.2024-cü il tarixli MT2407 seriyalı,10033404 nömrəli elektron qaimə-fakturaya əsasən 4.671,26 manat; 6. xx.xx.2024-cü il tarixli MT2407 seriyalı,10445915 nömrəli elektron qaimə-fakturaya əsasən 5.000,84 manat; 7. xx.xx.2024-cü il tarixli,MT2407 seriyalı,1072963 nömrəli eletron qaimə-fakturaya əsasən 3.000,85 manat; 8. xx.xx.2024cü il tarixli, MT2407 seriyalı, 11131308 nömrəli elektron qaimə-fakturaya əsasən 4.605,49 manat; 9. xx.xx.2024-cü il tarixli. MT2407 seriyalı, 11828125 nömrəli elektron qaiməfakturaya əsasən 4.014,36 manat. Odur ki, yuxarıda qeyd olunanlara əsasən, bu borclu qaimələrdən 29.386,53 manat əsas borc alıcı tərəfindən satıcıya bu günədək ödənilməmiş və alıcı tərəfindən tərəflər arasında imzalanmış müqavilə üzrə öhdəliklər pozulmuşdur. Belə ki, iddiaçı öz öhdəliyini icra etdiyi halda öhdəliyin qarşılıqlı icrası vaxtı çatmış və cavabdeh isə müqavilədə nəzərdə tutulmuş öhdəliyini tam və vaxtında icra etməmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, qarşı tərəflə razılaşdıqlarını, ödənişin ediləcəyini bildirmiş və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 2024/072 nömrəli, xx.xx.2024-cü il tarixli “alqı-satqı müqaviləsi” bağlanmışdır. İş materiallarında olan sənədlərdən (qaimə fakturaların və hesab üzrə çıxarışın surətlərindən) görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh mallar satmışdır. Cavabdehin 29.386,53 manat məbləğində borcu qalmışdır. İş materiallarına əlavə edilən maliyyə arayışının surətindən görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixə 29.386,53 manat məbləğində əsas borcu və 868,17 manat məbləğində illik gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış borc vardır. İş materialında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, cavabdehə ödənilməmiş borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, **********1 nömrəli kassa mədaxil orderinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-nin hesabına 1.000 manat ödəniş etmişdir. Beləliklə, müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, hazırda cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar)ı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal(lar)ı almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Lakin, məhkəmə araşdırılması zamanı cavabdehin iddiaçıya olan borcundan xx.xx.2025-ci il tarixdə 1.000 manat ödədiyi müəyyən edildiyindən, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin edilərək, 28.386,53 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın “illik 5 faiz hesablanmaqla 868,17 manat pulun tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddianın qeyd edilən hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdeh borcunun ödənilməsini gecikdirdiyindən, iddiaçı isə digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə eyni zamanda iddia tələbinin “hüquqi yardımla bağlı çəkdiyi 320 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, iddia tələbi bu hissədə də təmin edilərək cavabdehdən 320 manat məbləğində hüquqi yardımla bağlı çəkilən xərc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş olan 181,60 manat məbləğində dövlət rüsumu (belə ki, 1.000 manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra ödənilmişdir) cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-260-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 28.386,53 manat məbləğində borc, 868,17 manat məbləğində illik 5% miqdarında gecikdirilmiş faiz borcu, 320 manat məbləğində hüquqi yardımla bağlı ödənilmiş xərc və 181,60 manat məbləğində dövlət rüsumu, cəmi 29.756,3 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Namidar Misirzadə