Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2189/2025 09.10.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7 qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi”nə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən müqavilənin şərtlərinin icra edilməməsi nəticəsində yaranmış 1994,39 məbləğində əsas borc, vəkil xidmətlərinə görə xərclərin əvəzi olaraq 300 manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə 43 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra - İddiaçı MMC) ilə Cavabdeh məxsus “My Beach” restoranı arasında xx.xx.2023-cü il tarixli 825 nömrəli X2 (bundan sonra – Müqavilə) bağlanılmışdır (əlavə olunur). Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən Təchizatçı özünün idxal etdiyi müxtəlif növ malları Alıcını təchiz etməklə onun mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində bu Müqavilə və ona əlavələr və Qoşmalarla müəyyənləşdirilmiş qaydada və miqdarda pul məbləğini Təchizatçıya ödəməyi və öz adından həmin məhsulları yalnız ona təhvil verilən marketdə pərakəndə satışını həyata keçirməyi öhdəsinə götürür. İddiaçı MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirərək müxtəlif adda və növdə məhsulları Cavabdeh təhvil versə də, lakin Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Müqavilənin 5.3-cü bəndinə əsasən məhsul dəyərinin ödənilməsi Təchizatçı tərəfindən göndərmə vaxtı mövcud olan qiymətlə məhsulu aldıqdan 30 (otuz) günü müddətində həyata keçirilir. Borcun təsdiqi ilə bağlı Cavabdeh nümayəndəsi X3 iştirakı ilə xx.xx.2024-cü il tarixdə qarşılıqlı üzləşmə aktı tərtib edilmişdir. Həmin akta əsasən Cavabdeh İddiaçı MMC-yə 1763,99 manat borcu olduğunu təsdiq etmişdir. Cavabdeh X5 qarşılıqlı üzləşmə aktı tərtib edildikdən sonra həmin borcu ödəyəcəyini, lakin yeni mallara ehtiyacı olduğunu bildirərək yenidən mal sifariş etmişdir. 061421 nömrəli 07 mart 2024-cü il tarixli malların təhvil-qəbul aktı və onun əsasında verilmiş EBEA seriyalı 279168 nömrəli xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə fakturaya əsasən 230,39 manat dəyərində mal İddiaçı MMC tərəfindən Cavabdeh təqdim edilmişdir (əlavə olunur). Göründüyü kimi, Cavabdeh tərəfindən borcun təsdiqindən sonra 1 ilə yaxın müddət keçməsinə baxmayaraq onun tərəfindən bu borcun ödənilməsi bağlı hər hansı hərəkət edilməmişdir. İddiaçı MMC Cavabdeh xx.xx.2025-ci il tarixində təklif göndərərək yaranmış 1994,39 manat borcu 10 gün ərzində ödəməyə vaxt versə də, Cavabdeh qeyd olunmuş müddət yaranmış borcu ödəməmişdir.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianıntəmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
4. Məhkəmə AR MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edilmişdir.
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
6. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Qeyd olunanlara əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir.
İddia ərizəsinə etiraz:
8. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı yazılı qaydada etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
9. Elektron Məhkəmə İnformasiya sistemində vergi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.2010-cu il tarixdə, ona VÖEN: ********** verilmişdir.
10. Bir tərəfdən İddiaçı (“Təchizatçı”) və digər tərəfdən Cavabdeh şəxsində təmsil olunan “My Beach” restoranı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 825 nömrəli “X2”nin: - 2.1. bəndinə əsasən, Təchizatçı özünün idxal etdiyi müxtəlif növ malları (bundan sonra "Məhsul" adlandırılacaq) Alıcını təchiz etməklə onun mülkiyyətinə verməyi, Alıcı isə həmin məhsulları qəbul edərək əvəzində bu Müqavilə və ona əlavələr və Qoşmalarla müəyyənləşdirilmiş qaydada və miqdarda pul məbləğini Təchizatçıya ödəməyi öhdəsinə götürür. - 3.1. Təchizatının aşağıdakı hüquqları vardır: - 3.1.1. Alıcı bu Müqavilənin şərtlərini yerinə yetirmədiyi halda, Təchizatçının hazırki Müqavilə əsasında Alıcıya məhsul techizatını dayandırmaq; - 3.1.2. Alıcı tərəfində həyata keçirilən satışı şərtlərini və anbarında kifayət qədər Məhsul ehtiyatının olmasını yoxlamaq; - 3.1.3. Alıcı bu müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə Alıcı tərəfindən qəsdən törədilən zərərin əvəzinin Ödənilməsini tələb etmək; - 3.1.4. Alıcının maliyyə vəziyyəti müqavilə bağlamazdan əvvəl pisləşdikdə, Təchizatçıya isə bu hal yalnız müqavilə bağlandıqdan sonra məlum olduqda bu Müqaviləni birtərəfli qaydada ləğv edərək təslim edilmiş məhsulu tələb etmək və həmin tələbi Alıcı tərəfindən yerinə yetirilmədikdə isə borcun qaytarılması üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirmək; - 3.1.5. Alıcı bu müqavilə ilə müəyyən edilmiş öhdəliklərini (və ya onların bir hissəsini) icra etmədiyi və ya tam şəkildə icra etmədiyi təqdirdə, Təchizatçı 15 (on beş) gün əvvəlcədən əsaslandırılmış yazılı xəbərdarlıq göndərməklə, bu müqaviləni birtərəfli qaydada ləğv etmək, təchizatdan imtina etmək və təslim edilmiş məhsulların Alıcıdan geri qaytarılmasını tələb etmək, tələb Alıcı tərəfindən yerinə yetirilmədikdə isə AR qanunvericiliyinə müvafiq olaraq borcun qaytarılması ilə bağlı bütün lazımi hərəkətləri etmək; - 3.1.6. Alıcının əmlak (maliyyə) vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə və bunun nəticəsində borcun(ların) qaytarılması təhlükəyə məruz qala bilərsə, Təchizatçı bu müqaviləni birtərəfli qaydada ləğv etmək, satışı Alıcıya tamamilə dayandırmaq. təslim edilmiş məhsulun Alıcıdan geri qaytarılmasını tələb etmək, tələb Alıcı tərəfindən yerinə yetirilmədikdə isə AR qanunvericiliyinə müvafiq olaraq borcun qaytarılması ilə bağlı bütün lazımi hərəkətləri etmək; - 3.1.7. satılan məhsula bu Müqaviləyə əlavələrlə müəyyən edilən miqdarda qaydada endirimlər və satış həcminə görə mükafatlar tətbiq etmək. - 3.2. Təchizatının aşağıdakı vəzifələri vardır: - 3.2.1. Məhsulu Alıcıya müəyyən edilmiş müddətlərdə sonuncunun yazılı şəkildə verilmiş sifarişləri əsasında təchiz etmək; - 3.2.2. Alıcının sifariş etdiyi məhsullarının qida təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər çərçivəsində, satışa yararlı bir şəkildə beynəlxalq standartlara cavab verən qablaşdırmalarda təqdim etmək. - 4.1. Alıcının aşağıdakı hüquqları vardır: - 4.1.1. Alıcı istehlak bazarında Məhsulun satış səviyyəsini yüksəldir; - 4.1.2. Təchizatçı Müqavilə üzrə öhdəliklərini icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə Alıcı Məhsulların qəbul edilməsindən və ödənişinin həyata keçirilməsindən imtina edərək Müqaviləyə birtərəfli qaydada xitam verə və bununla bağlı dəymiş bütün zərərin qarşılanmasını Təchizatçıdan tələb edə bilər.; - 4.1.3. Alıcı hüquqi ünvanından başqa malların qəbulu anbarlarının ünvanını, məsul şəxslərin, o cümlədən Təchizatçı ilə münasibətlərdə X1 kontakt məlumatlarını Təchizatçıya yazılı şəkildə bildirməli və həmin məlumatlarda hər hansı dəyişikliklər olduqda dərhal bu məlumatları Təchizatçıya bildirməlidir. - 4.1.4. Alıcının Səlahiyyətli nümayəndəsi Təchizatçı tərəfindən verilən bütün təlimatlara riayət etməli və Alıcının adına sənədləri imzalamaq səlahiyyətinə malik olmalı, Alıcının Səlahiyyətli nümayəndəsi işlərini davam etdirdiyi müddətdə iş yerindən ayrıldıqda onu əvəz edən şəxs təyin etməlidir. - 4.1.5. Alıcı bu müqavilənin hər hansı bir maddələrinin müddəalarının hər hansı bir şərtiləri) ilə razı olmadığı təqdirdə müqavilənin bağlanılmasından imzalanmasından imtina edə bilər. Alıcı Təchizatçının məhsulunun alınıb-satılması vasitələrinin və üsullarının seçimində tamamilə müstəqildir, heç bir halda Təchizatçının agenti deyil və Təchizatçının adından fəaliyyət göstərmir. - 4.1.6. Alıcı məhsulun alışı və saxlanması ilə məşğul olmaq hüququ verən bütün zəruri sənədlərə (icazə, lisenziyalar, sertifikatlar, müqavilələr və.s.) malik olmalıdır. - 4.1.7. Alıcı Məhsulların istehsalçısı olmadığından istehsal qüsurları ilə bağlı heç bir məsuliyyət daşımır. - 4.2. Alıcının aşağıdakı vəzifələri vardır: - 4.2.3. Alıcı qeydiyyat və ya faktiki yerləşmə (yaşayış yeri) üzrə ünvanı dəyişdiyi təqdirdə dəyişiklik baş verdiyi tarixdən etibarən ən geci 5 (beş) iş günü ərzində Təchizatçını bu barədə məlumatlandırmalıdır. - 4.2.4. Məhsulların Təchizatçı tərəfindən Alıcının anbarına təhvil verildiyi və anbara yerləşdirildiyi andan onların Alıcıya aid olan səbəblərdən təsadüfən məhv olması və ya zədələnməsi riski Alıcıya keçir. - 4.2.5. Alıcının anbarındakı məhsulların son istifadə tarixinin keçməsi Alıcının diqqətsizliyi ilə əlaqəlidirsə, Təchizatçı bu məhsulları geri almaya bilər və əgər məhsulun marka imicinə zərər gəlməsi ehtimalı varsa Təchizatçı Alıcının hesabına olması şərtı ilə son istifadə tarixi keçmiş və/və ya zədələnmiş məhsulları məhv edə bilər. - 4.2.6. Alıcının anbarları gigiyenik və məhsulların miqdarı sayıla biləcək vəziyyətdə olmalıdır. Alıcının məhsulları soyuq vəziyyətdə saxlamaq üçün anbarı, malların vitrinə düzülüşünü təmin və satış edə biləcəyi ticarət zalı olmalıdır. Alıcının anbarlarında FİFO sistemi tətbiq edilməlidir. - 4.2.7. Alıcı anbarında minimum anbar qalığı qədər məhsul saxlamalıdır. Minimum anbar qalığı səviyyəsi dedikdə, Alıcının satışına uyğun olaraq tənzimlənən anbar qalığı nəzərdə tutulur və Təchizatçıya Sifarişlər bunun əsasında təqdim olunur. - 4.2.8. Təchizatçının bölgə nümayəndəsi Alıcıya 10 (on) gün əvvəlcədən yazılı bildiriş göndərməklə Alıcının anbarında məhsulların vəziyyəti ilə maraqlanmaq və anbar qalığı ilə tanış olmaq hüququna malikdir. - 5. MƏHSULUN QİYMƏTİ VƏ ÖDƏNİŞ ŞƏRTLƏRİ: - 5.1. Müqavilə üzrə qiymətlər manatla müəyyən edilir. - 5.2. Məhsul dəyərinin ödənilməsi Təchizatçı tərəfindən göndərmə vaxtı mövcud olan qiymətlə məhsulu aldıqdan 15 (on beş) gün müddətində həyata keçirilir. - 5.3. Ödəniş nağdsız pul vəsaitinin Təchizatçının Müqavilədə göstərilmiş hesablaşma hesabına köçürülməklə həyata keçirilir. Hesablaşma hesabının dəyişdirilməsi zamanı Təchizatçı Alıcıya yeni hesablaşma hesabının və Alıcının pulu yeni rekvizitlərə göndərəcəyi tarixin göstərildiyi məlumat məktubu göndərir. Alıcının məhsul ödənişi üzrə vəzifəsini yerinə yetirmə tarixi pulun Təchizatçının hesablaşma hesabına qəbulu gün hesab edilir. - 5.4. Ödəniş müddətinin Alıcı tərəfindən qəsdən pozulduğu halda Təchizatçı Alıcıdan hər gecikdirmə günü üçün borc pulun 0,2 faizi həcmində dəbbə pulu tələb edə bilər. Həmin dəbbə pulu Alıcı tərəfindən ödənilməlidir. Əlavə razılaşmaya əsasən ödəniş müddətinin uzadılması zamanı Təchizatçıya Alıcı tərəfindən dəbbə pulu ödənilmir. - 5.5. Alıcı, borcu haqda məlumat aldıqda yaranan borcu bu məlumatı aldığı gündən etibarən 10 (on) gün ərzində ödəməli və ya yazılı şəkildə əsaslandırılmış cavab təqdim etməlidir.
11. İş materiallarında olan Cavabdeh təmsil edən şəxs qismində X6 (“Alıcı”) və İddiaçı MMC (“Satıcı”) tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli “Qarşılıqlı üzləşmə aktı”ndan görünür ki, tərəflər arasında üzləşmə aparılmış və “Satıcı”nın verdiyi məhsullara görə “Alıcı”ya verdiyi məhsullara görə “Alıcı”nın “Satıcı”ya xx.xx.2024-cü il tarixə “1763,99 manat borcu vardır.
12. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 230,39 manat məbləğində mal verimişdir.
13. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli, pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında yaranmış 1994,39 manat borcun 5 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır.
14. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün vəkilə 300 manat ödəniş edilmişdir.
15. ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən ərizə ilə məhkəməyə müraciət etmək üçün 43 dövlət rüsumu ödənilmişdir. b) Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə əsasən əgər məhsulların alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər məhsulların alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. - 360.1-ci maddəsinə əsasən, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. - 360.2-ci maddəsinə əsasən, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli Qərarı: Plenumun nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, Mülki Prosessual Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu baxımdan, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
20. Məhkəmə işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir.
21. Məhkəmə iddianın faktiki hüquqi əsasını və iş materiallarında olan sənədləri nəzərə alaraq hesab edir ki, hazırki mübahisəyə mülki qanunvericiliyin alqı-satqı müqaviləsini tənzimləyən müddəalarının tələbləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Ona görə ki, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixli 825 nömrəli müqavilə əsasında cavabdeh malları qəbul edərək dəyərini şirkətə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, iş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 825 nömrəli müqavilə “X2” olaraq adlandırılsa da, şərtləri və mahiyyəti etibarı ilə əslində alqı-satqı müqaviləsidir.
22. Məhkəmə ilk öncə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 825 nömrəli müqavilənin hüquqi qüvvəsinə qiymət verərək qeyd edir ki, həmin müqavilə etibarlıdır və mövcud iş materiallarından onun etibarsız hesab edilməsi üçün Mülki Məcəllədə nəzərdə tutulan əsaslar müəyyən edilmir.
23. Məhkəmə, həmçinin qeyd edir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquq xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
24. Məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi və prosessual normaların tələblərini nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürdüyündən, AR MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən, ilk növbədə iddiaçı tərəf olaraq İddiaçı MMC öz tələbinin əsasını, yəni cavabdeh ilə aralarında müqavilənin bağlanmasını, cavabdehə müqavilə üzrə mal (mallar) verilməsini, cavabdehin alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməməsini mötəbər dəlillərlə sübut etməlidir.
25. İş materiallarından müəyyən olunur ki, iddiaçı tərəf iddia tələbini əsaslandıran sübutlar kimi məhkəməyə xx.xx.2024-cü il tarixli “Qarşılıqlı üzləşmə aktı”nı və xx.xx.2024cü il tarixli Elektron qaimə-fakturanı təqdim etmişdir.
26. Məhkəmə əvvəla xx.xx.2024-cü il tarixli “Qarşılıqlı üzləşmə aktı”na münasibət bildirirək qeyd edir ki, həmin akt hazırki iddianın əsasını təsdiq edə biləcək sübuti əhəmiyyətə malik deyil. Ona görə ki, adıçəkilən aktdan görünür ki, o, Cavabdeh təmsil edən şəxs qismində X6 (“Alıcı”) və İddiaçı MMC (“Satıcı”) tərəfindən təsdiq edilmişdir. Lakin, X4 Cavabdeh təmsil etmək səlahiyyətinə malik olması iş materialları ilə təsdiq olunmur və bu barədə hər hansı bir mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Halbuki, tərəflər arasında bağlanmış müavilənin 4.1.4-cü bəndinə əsasən, “Alıcı”nın (iş üzrə cavabdehin) Səlahiyyətli nümayəndəsi “Təchizatçı” (iş üzrə iddiaçı) tərəfindən verilən bütün təlimatlara riayət etməli və “Alıcı”nın adına sənədləri imzalamaq səlahiyyətinə malik olmalıdır.
27. Məhkəmə, cavabdehin imzası olmayan və başqa şəxs tərəfindən imzalanmış üzləşmə aktında göstərilən faktla (“Alıcı”nın “Satıcı”ya xx.xx.2024-cü il tarixə “1763,99 manat borcu vardır.) bağlı hüquqi vəziyyətin rədd edilməsinin əsaslandırılması, hüquqi təhlil baxımından aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İlk növbədə, hüquqi sənədlərin, xüsusilə üzləşmə və təhvil-təslim aktlarının imzalanması, onların bağlayıcı xarakter daşımalarının əsas şərtidir. Üzləşmə aktı və ya təhvil-təslim aktı sübut növü olub, tərəflər arasındakı hüquqi münasibətlərindən irəli gələn mövcud vəziyyəti təsdiq və ifadə edən əsas sənədlərdən biridir. İmza, tərəfin sənədin məzmunu ilə razı olduğunu və bununla bağlı hüquqi məsuliyyət daşımağa hazır olduğunu təsdiqləyir. Əgər cavabdeh tərəf həmin sənədi imzalamırsa, bu razılığın tamamlanmadığını və sənədin yekunlaşmadığını göstərir. Nəticə etibarilə, imzasız sənədlər müvafiq hüquqi təsirə malik olmadığı üçün, cavabdehin imzası olmayan aktın onun məsuliyyətinin müəyyən edilməsi baxımından sübuti əhəmiyyəti yoxdur. Bu tip məsələlərdə, şəxsin səlahiyyət məsələsi də burada mühüm rol oynayır. Əgər müqavilə və ya hər hansı bir hüquqi akt başqa bir şəxs tərəfindən imzalanıbsa, bu şəxs həmin təmsil edilən tərəf adına hərəkət etmə səlahiyyətinə malik olmalıdır. Əks halda, başqa şəxs tərəfindən atılan imza sonradan bəəyənilmə halları istisna olmaqla, təmsil edilənə münasibətdə hüquqi baxımdan mötəbər sayılmır.
28. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqedən çıxış edərək, İddiaçı MMC tərəfindən Cavabdeh 230,39 manat məbləğində mal verilməsinə dair xx.xx.2024-cü il tarixli Elektron qaimə-fakturaya münasibətdə qeyd edir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 230,39 manat məbləğində mal verilməsi də iş materiallarında olan hər hansı bir mötəbər dəlillə təsdiq olunmadığına görə, xx.xx.2024-cü il tarixli Elektron qaimə-faktura iddiaçı tərəfindən cavabdehə malların təqdim olunmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.
29. Məhkəmə, həmçinin qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.2.1. bəndinə əsasən, iddiaçı cavabdehi sonuncunun yazılı şəkildə verilmiş sifarişləri əsasında müəyyən edilmiş müddətlərdə məhsulla təchiz etməlidir. Lakin iş materiallarından belə yazılı sifarişlərin olması müəyyən edilmir.
30. Qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir.
Məhkəmə xərcləri:
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 43 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
32. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçı tərəfindən vəkilə ödənilmiş 300 manat xərc də, iddia təmin edilmədiyindən özünə aid edilməlidir.
Nəticə
33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi”nə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev