Məhkəmə qərarları › İş №e-2-2(121)-2198/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2198/2022

07.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-2198/2022 07.10.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında sadələşdirilmiş qaydada baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı əsas məbləg üzrə 1379 manat məbləğində borcun, 90 manat cərimənin və 2 saylı Medasiya Təşkilatına ödənilmiş 60 manat rüsumunun cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh arasında xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsi, qiymətlərin razılaşma protokolu və təhvil-təslim aktı imzalanmışdır. Cavabdeh fərdi sahibkardır və malı onlardan sahibkarlıq fəaliyyəti ilə əlaqədar almışdır. Müqaviləyə və qiymətlərin razılaşma protokoluna əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 3500 manat olmaqla mal almışdır. Həmin məbləğin 500 manatını ilkin olaraq ödəmişdir. Qalıq məbləği, yəni 3000 manatı xx.xx.2021-ci il tarixdən başlayaraq ödəməyi öhdəsinə götürmüşdür. Bugünə əsas məbləg üzrə qalıq borc 1379 manat, cərimə borcu isə 90 manat təşkil edir. Bununla bağlı olaraq cavabdehə pretenziya məktubu da göndərilmişdir. xx.xx.2022-ci il tarixdə borcluya alqı-satqı müqaviləsi əsasında pul tələbi barədə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair təklif göndərilmişdir. xx.xx.2022-ci il tarixdə 2 saylı Mediasiya Təşkilatına ərizə ilə müraciət edilmiş, ərizələri icraata qəbul olunmuş və mediasiya sessiyasi təyin olunmuşdur. Lakin borclu Cavabdeh mediasiya sessiyasında iştrak etməmiş və bu barədə xx.xx.2022-ci il tarixli müvafiq arayış verilmişdir. Ümumi mediasiya xərci 60 manat təşkil etmiş və tərəflərindən ödənilmişdir. Mediasiya üçün ödənilmiş xərclər hazırki iş üzrə ödəniləcək dövlət rüsumundan artıq olmuşdur. Cavabdehin Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İşin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC və Cavabdeh arasında xx.xx.2021-ci il tarixli “alqı-satqı müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən, “Satıcı” ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan qiymət razılaşma protokolunda (bundan sonra “Əlavə 1”) əks olunan texniki avadanlıqları dəyərini nağd və ya hissə-hissə ödənilməklə “Alıcı”ya satmağı, “Alıcı” isə mal qəbul edib qiymətini bu müqaviləyə və Əlavə 1-də əks olunmuş formada “Satıcı”ya ödəməyi öhdəsinə götürür. “Alıcı”ya satılan malların xüsusiyətləri (ölçü, miqdarı, qiyməti və.s) tərəflər arasında əvvəlcədən razılaşdırılmış Əlavə 1-də öz əksini tapır. Satılan mallar tərəflər arasında imzalanmış təhvil-təslim aktı (bundan sonra “Əlavə 2” adlandırılacaq) əsasında təhvil verilir və alınır. İş materiallarında olan xx.xx.2021-cil tarixli qiymətlərin razılaşma protokolu 1 saylı əlavədənin surətindən görünür ki, “Alıcı” cədvəldə qeyd olunan malların (avadanlıqların) miqdarı və məbləği ilə razılığını bildirirərək qəbul edir və “Satıcı” qarşısında öhdəlik götürərək xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsində qeyd olunmuş qaydada və şərtlərə əməl etməklə, həmçinin ödəniş qrafikinə əsasən vaxtlı-vaxtında malların məbləğini “Satıcı”ya ödəyir. Məbləğ - 3500 manat, ilkin ödəniş - 500 manat, aylıq period-10 ay. İş materiallarına əlavə olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktı 2 saylı əlavənin surətindən görünür ki, “Satıcı” tərəfindən 1 ədəd, 3500 manat dəyərində Siger Rentgen adlı avadanlıq “Alıcı”ya təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC Cavabdeh cəmi 1379 manat əsas məbləğ borcu yarandığını və həmin borcun 3 gün ərzində iddiaçıya ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 123 saylı maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən qalıq 3000 manatdan 1621 manatını ödəsə də, bu günə olan əsas məbləğ üzrə qalıq borcu 1379 manat, cərimə borcu üzrə isə 90 manat təşkil edir. Beləliklə, işin materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı cavabdehə texniki avadanlıqların satılmasını öz üzərinə götürmüş, cavabdeh isə nağd və hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçı tərəfindən tərəflər arasında olan müqaviləyə əsasən öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən götürülmüş öhdəlik yerinə yetirilməmişdir. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqavilə(lər)si bağlanmış, cavabdeh isə müqavilə(lər) üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan məhsul(lar)ı (mal(lar)ı) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin məhsul(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında məhsul(lar)ı almasına dair hüququndan istifadə etmiş, lakin həmin məhsul(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən məbləği tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı əsas borcun və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia əsaslıdır. Odur ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə həmçinin iddianın 60 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1379 manat məbləğində əsas borc, 90 manat məbləğində cərimə, 60 manat mediasiya xərci, cəmi 1529 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar