Məhkəmə qərarları › İş №e-2-2(121)-2205/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2205/2024

15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-2205/2024 15.07.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, İddiaçı MMCnin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Şirvan şəhərində, məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2022-0105 saylı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 12600,00 AZN (on iki min altı yüz manat sıfır qəpik) qalıq borcun, eləcə də həmin müqavilənin 7.4-cü bəndinə əsasən 1260,00 AZN (min iki yüz altmış manat sıfır qəpik) məbləğində dəbbə pulunun və “Dövlət rüsumu haqqında” AR qanunun 8.1.3-cü bəndinə əsasən ödənilmiş 132 AZN (yüz otuz iki manat) məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, elektron qaydada təqdim olunmuş iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən hazırki iddia ərizəsi üzrə 40 manat məbləğində dövlət rüsumunun (qəbz nömrəsi: **********) ödənildiyi müəyyən olunur. Halbuki, xx.xx.2024-cü il tarixdə İddiaçı MMC Cavabdeh qarşı hazırki tələb üzrə məhkəməyə müraciət etmiş, müraciət edən zaman xx.xx.2024-cü il tarixində 132 manat məbləğində dövlət rüsumunu (qəbz nömrəsi: **********55) ödəmiş, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2153/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin geri qaytarılması, İddiaçı MMC tərəfindən ödənilmiş 132 manat məbləğində dövlət rüsumunun iddiaçıya geri qaytarılması qərara alınmışdır. Həmin qərardad qanuni qüvvəyə mindikdən sonra xx.xx.2024-cü il tarixli məktubla rüsumun qaytarılması hissəsində icra olunması üçün Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə göndərilmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Şirvan Kommersiya Məhkəməsinə xx.xx.2024-cü il tarixində **********55 nömrəli qəbz üzrə ödənilmiş 132 manat məbləğində pul vəsaitin geri qaytarılmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı olduğundan **********55 saylı qəbz üzrə ödənilmiş 132 manat iddiaçı tərəfindən hazırkı iddia ərzəsi üzrə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd hesab edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəmədiyindən və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etmədiyindən, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmçinin, məhkəmə qeyd edir ki, mübahisənin pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Məhkəmə qeyd edir ki, iş materiallarından mübahisənin pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin elektron qaydada cavabdehə göndərildiyi və onun tərəfindən alındığı müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-269–cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar