Məhkəmə qərarları › İş №e-2-2(121)-2210/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2210/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2210/2023 30.11.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçıin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair kommersiya mübahisəsinə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ağcabədi rayonu, X4 zavodunda 01 dekabr 2022-ci il tarixdə AZSF- S116/22 saylı alğı-satqı müqaviləsinə əsasən ona təhvil verilmiş 62.48 ton emal olunmuş esperia növü buğda toxumuna görə iddiaçıya ödəməli olduğu məhsulun ümumi dəyəri olan 56.232,00 AZN əsas borc, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 2.811 AZN məbləğində faiz borcu, Sazişin 4-cü maddəsinə əsasən hesablanmış 16.869,00 AZN cərimə məbləği olmaqla, cəmi 7. 912,00 AZN borcun və ödənilmiş 400 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh fərdi sahibkar Cavabdeh arasında 16 noyabr 2022-ci il tarixində kənd təsərrüfatı məhsullarının satışına dair AZSF-S116/22 saylı alğı-satqı müqaviləsi (bundan sonra –Müqavilə) bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh 01 dekabr 2022-ci il tarixdə 62.48 ton emal olunmuş esperia növü buğda toxumunu iddiaçının nümayəndəsinin iştirakı ilə Ağcabədi rayonu, X4 zavodunda təhvil almışdır. Həmin Müqavilənin 3.1-cimaddəsinə əsasən məhsulun 1 tonu üçün qiyməti tərəflər arasında 900 AZN məbləğində razılaşdırılmaqla, 62.48 ton Məhsul üçün 56 232.00 AZN (əlli altı min iki yüz otuz iki manat) Müqavilə qiyməti müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli 968871 saylı elektron qaimə iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. Müqaviləyə əsasən cavabdeh məhsulun qiyməti müqabilində əvvəlcədən avans qaydasında 15.000,00 AZN ödəməyi, 31 mart 2023-cü il tarixədək qalan məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə borc məbləğini ödəməmişdir. iddiaçı cavabdehlə olan işgüzar münasibətini nəzərə alaraq cavabdehə məhsulun ödənişi üçün 15 may 2023-cü il tarixədək möhlət vermişdir. Bununla əlaqədar olaraq tərəflər arasında 01 mart 2023-cü il tarixdə Müqaviləyə saziş edilmişdir. Sazişə əsasən cavabdeh məhsulun ümumi dəyərindən 10 000.00 AZN əvvəlcədən, qalan 46 232.00 AZN məbləği 15 may 2023-cü il tarixədək ödəməlidir. İddiaçı tərəfindən müqavilə və sazişə müvafiq olaraq yaranmış borc tələbinə dair cavabdehə xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində rəsmi xəbərnaməli pretenziya bildirişləri göndərilmişdir. cavabdeh Mmüqavilə üzrə pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5 faiz tətbiq edilməklə 2811 AZN məbləğində faiz borcu hesablanmışdır. Cavabdehə edilmiş xəbərdarlıqlara baxmayaraq o müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən Sazişin 4-cü maddəsinə əsasən fors-major halları istisna olmaqla, Alıcı (Cavabdeh) müqavilə qiymətini ödəməkdən imtina edərsə, yaxud 1 (bir) aydan artıq müddətə ödənişi gecikdirərsə, Satıcı (İddiaçı) Məhsulun ödənilməyən hissəsi üçün Alıcıya (Cavabdehə) 30 % (otuz faiz) həcmində cərimə tətbiq edə bilər. Sazişə əsasən məhsulun ümumi dəyərinə nisbətdə əsas borc məbləğindən əlavə 16 869.00 AZN cərimə tətbiq edilməsini zəruri hesab edir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq və sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kənd təsərrüfatı məhsullarının satışına dair AZSF-S116/22 saylı alğısatqı müqaviləsinin surətindən görünür ki, Satıcı emal olunmuş esperia buğda toxumunu (bundan sonra-Məhsul) Alıcıya satmağı Alıcı isə həmin Məhsulun qiymətini müəyyən edilmiş məbləğdə və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci maddəsinə müvafiq olaraq Cavabdeh (Alıcı) Məhsulun dəyərini avans qaydasında əvvəlcədən, qalan məbləği 31 mart 2023-cü il tarixdən gec olmayaraq iddiaçının (Satıcının) bank hesabına köçürməlidir. Həmin müqavilənin 5-ci maddəsinə görə Müqavilə üzrə öz öhdəliklərini tam və lazımınca icra etməyən tərəf bununla digər tərəfə vurduğu zərərə görə məsuliyyət daşıyır və zərəri tam həcmdə ödəyəcək. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, iddaçı tərəfindən tərəflər arasında imzalanmış 16 noyabr 2022-ci il tarixli AZSF-S116/22 N-li Müqaviləyə əsasən 01 dekabr 2022-ci il tarixində müqavilənin şərtlərinə uyğun olaraq ümumilikdə 56.232 manat məbləğində buğda məhsulu (ərzaqlıq) Sifarişçiyə təqdim edilmiş, Sifarişçi isə həmin məhsulu İcraçıdan təhvil almışdır. Həmin akt tərəflərin imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan EBCK seriyalı, 968871 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən AZSF-S116/22 saylı müqaviləyə əsasən Cavabdeh 56.232 manat dəyərində buğda toxumu təqdim edilmişdir. İşdə olan sənədlərdən görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixində AZSF- S116/22 saylı müqaviləyə Saziş bağlanmışdır. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 095/23 saylı, xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehin iddiaçıya 56.232 manat borcunun olduğu bildirilmişdir. Həmin borc məbləği cavabdehdən tələb edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə yekun ödənilməli məbləğ əsas borc üzrə 56.232 manat, cərimə məbləği 16.869 manat olmaqla, yekun borcu 73.101 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh bağlanmış esperia buğda toxumunun satışına dair xx.xx.2022-ci il tarixli, AZSF-S116/22 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən cavabdeh 56.232 manat dəyərində olan 62,48 ton emal olunmuş buğda toxumunu iddiaçının nümayəndəsinin iştirakı ilə təhvil almışdır. Sonradan tərəflər arasında xx.xx.2022-ci il tarixli, AZSF-S116/22 saylı alqı-satqı müqaviləsinə xx.xx.2023-cü il tarixli Saziş bağlanmışdır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, aldığı mala görə iddiaçıya 56.232 manat məbləğində borcu qalmışdır. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirsə də cavabdeh aldığı mala görə üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, mallar eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsi və Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 26 saylı Qərarı ilə müəyyən olunmuş qaydalara uyğun təhvil verilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 71-1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən elektron qaiməfaktura yalnız vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən elektron qaimə-fakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaiməfakturanın verilmə tarixi sayılır. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən elektron qaiməfaktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə mallar göndərməsəydi, cavabdeh iddiaçı tərəfindən göndərilmiş elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyildir. Bu hal isə cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi 56.232 manat məbləğində malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Bundan əlavə, məhkəmənin xx.xx.2023-cü il tarixində keçirilən iclasında Cavabdeh izahat verərək iddiaçıdan 56.232 manat dəyərində buğda toxumu aldığını, iddianı əsas borca münasibətdə qəbul etdiyini, lakin hesablanmış cərimə borcu ilə razılaşmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən cavabdehin 56.232 manat məbləğində əsas borcunun olması iş materiallarında olan sənədlərlə, habelə cavabdehin izahatı ilə tam sübuta yetirilir. Ona görə də, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə, həmçinin iddianın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5 faiz tətbiq edilməklə 2811 manat məbləğində hesablanmış faiz borcunun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.3-cü maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixində təhvil-təslim aktı imzalanmışdır. Bundan sonra təhvil-təslim aktına müvafiq olaraq cavabdehə xx.xx.2022-ci il tarixində elektron qaimə göndərilmişdir. Daha sonra 56.232 manat borc məbləğinin ödənilməsi tələbi ilə cavabdehə ilk dəfə xx.xx.2023-cü il tarixində pretenziya (xəbərdarlıq) bildirişi göndərilərək cavabdehin iddiaçıya 56.232 manat borcunun olduğu bildirilmiş və həmin borc məbləği cavabdehdən tələb edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehdən icra müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 % tələbinin məbləği 2.811 manat olmaqla müəyyən edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə, iddia tələbinin 16.869 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 16.869 manat deyil, 1.700 manat məbləğində dəbbə pulu (cərimə) tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə, həmçinin iddianın 400manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 56.232 manat məbləğində əsas borc, 2.811 manat məbləğində faiz borcu, 1.700 manat məbləğində cərimə borcu və 400 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 61.143 (altmış bir min yüz qırx üç) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar