Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-2248/2022 19.09.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X3, Maraqlı şəxs, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, dövlət büdcəsinə olan ümumilikdə 5485,09 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında ərizəni müdafiə edərək, göstərdi ki, vergi ödəyicisi olan Maraqlı şəxs öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun xx.xx.2022-ci il tarixə 5485,09 manat məbləğində borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Elektron kabinetdən istifadə üçün maraqlı şəxslə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə bağlanmasa da, vergi orqanı tərəfindən maraqlı şəxsin adına VÖEN açılaraq, vergi orqanının informasiya sistemində maraqlı şəxsə elektron kabinet yaradılmış və yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildiriş maraqlı şəxsin elektron kabinetinə göndərilmişdir. Buna görə də, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında ərizəyə etiraz edərək, göstərdi ki, adına VÖEN açılması üçün vergi orqanına müraciət etməmiş, buna görə də, vergi orqanı tərəfindən onun adına VÖEN açılmasından və vergi orqanının informasiya sistemində yaradılmış elektron kabinetinin mövcud olmasından xəbəri olmamışdır. Belə ki, elektron kabinetdən istifadə üçün onunla vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsinə dair hər hansı müqavilə bağlanmamışdır. Ona ərizəçi tərəfindən hər hansı bildiriş göndərilməmişdir. Bu barədə məhkəmə bildirişini aldıqdan və məhkəməyə gəldikdən sonra məlumatlı olmuşdur. Buna görə də, ərizənin rədd edilməsini xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi və vəkili X2 məhkəmə iclasında ərizəyə etiraz edərək, ərizənin rədd edilməsini xahiş etdi. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, hazırkı iş üzrə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, ərizə baxılmamış saxlanılır. Göründüyü kimi, vergi orqanı hesablanmış vergiləri ödəməyən vergi ödəyicisinə vergilərin 5 gün müddətində ödənilməsinə dair bildiriş göndərməlidir. Bu, Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsində nəzərdə tutulmuş mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi üçün qeyd edilən kateqoriyaya dair işlər üçün qanunla müəyyən edilmiş qaydadır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin "Vergi ödəyiciləri ilə yazışma” adlanan 70-ci maddəsində sənədlərin vergi orqanı tərəfindən vergi ödəyicisinə lazımi qaydada çatdırılmış sayılması formalarından biri kimi, onun elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 13.2.72-ci maddəsinə əsasən isə elektron kabinet – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada vergi orqanı ilə vergi ödəyicisi arasında bağlanmış müqaviləyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Sadalanan qanunvericilik normalarına əsasən elektron kabinetdən istifadə üçün ilk növbədə vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə bağlanmalıdır. Bu müqavilə bağlandıqdan sonra vergi orqanı tərəfindən elektron kabinet yaradılır. Elektron kabinetin aktivləşdirilməsi isə yalnız vergi orqanı tərəfindən vergi ödəyicisinə kod-parol təqdim edildikdən sonra həyata keçirilir. Ərizəçi iş materiallarına maraqlı şəxsin elektron kabinetinə bildirişin göndərilməsi barədə sənəd əlavə etməmişdir. Elektron kabinetdən istifadə ilə bağlı tərəflər arasında müqavilə məhkəməyə təqdim edilmədiyindən və bununla da maraqlı şəxs həmin bildirişdən məlumatı olmadığından, ərizəçinin mübahisənin məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydaya əməl etməsi işə əlavə edilmiş sənədlərdən müəyyən olunmur. Qeyd edilənlərdən aydın olur ki, hazırkı iş üzrə ərizəçi maraqlı şəxsin ölkədən getmək hüqüqunun məhdudlaşdırılmasına dair ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydaya tam əməl etməmişdir. Eyni zamanda ərizəçi tərəfindən bu qaydanı tətbiq etmək imkanı da hələ itirilməmişdir. Belə ki, Vergi Məcəlləsinin yuxarıda qeyd edilən 70-ci maddəsində sənədlərin vergi orqanı tərəfindən vergi ödəyicisinə lazımi qaydada çatdırılmasının digər formaları da nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə ərizənin baxılmamış saxlanılması üçün əsaslar mövcud olduğundan, ərizə baxılmamış saxlanılmalı, ərizəçiyə ərizənin baxılmamış saxlanılmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət etməyə haqlıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin - dövlət büdcəsinə olan ümumilikdə 5485,09 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsi baxılmamış saxlansın. Ərizəçiyə izah olunsun ki, ərizənin baxılmamış saxlanılmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-2248/2022
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2248/2022
19.09.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver