Məhkəmə qərarları › İş №e-2-2(121)-2249/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2249/2025

31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2249/2025 31.07.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan oğlu, İddiaçı (bundan sonra "xxxx" MMC)-nin Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:

1. İddiaçı (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən əsas borca görə 566,86 manat, hesablanmış cəriməyə görə 100,9 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun alınaraq İddiaçı MMC (bundan sonra "xxxx" MMC)-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra "xxxx" MMC)-nin “MKT-Ağcabədi” filialı və cavabdeh arasında bağlanmış 24 285 264 saylı 2024-cü il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən, cavabdeh pambıq əkməyi və istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə müqavilə şərtlərinə əsasən, iddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 566,86 manat dəyərində müxtəlif aqrotexniki xidmətlər göstərilmişdir. Müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, məhsul təhvil verməmiş və son nəticədə təhvil götürdüyü avansın dəyərinə görə iddiaçıya 566,86 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması İddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən müvafiq filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləriqeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2 bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 100,9 manat təşkil edir.

İddia ərizəsinə etiraz:

3. İddia ərizəsinin icraata götürülməsinə dair qərardad və Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinin tələblərinin qeyd olunduğu məhkəmə bildirişi (iddia ərizəsinin surəti və prosessual hüquq və vəzifələrin izahı barədə bildiriş əlavə olunmaqla) Cavabdeh poçt vasitəsi ilə təqdim olunmuş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz, iddia tələbinin əsassızlığına dair sübut məhkəməyə təqdim edilməmişdir.

Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

5. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

6. Belə ki, iş materiallarında olan İddiaçı (bundan sonra "xxxx" MMC)-nin “MKT- Ağcabədi” filialı (müqavilədə “Alıcı”) və Cavabdeh arasında bağlanmış 24 285 264 saylı 2024-cü il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqavilənin: - 1.1-ci bəndinə əsasən, müqavilənin predmeti 2024-cü il mövsümü üzrə xam pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki (aqronom məsləhətləri və kənd təsərrüfatı texnikası ilə Satıcının sahəsində aparılan işlər) xidmətlərin Alıcı tərəfindən Satıcıya təqdim olunması və nəticədə müvafiq avans məbləğinin formalaşması, Satıcı tərəfindən istehsal olunmuş xam pambıq həcminin bütünlükdə Alıcıya təhvil verilib satılması və Alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin Satıcıya ödənilməsindən ibarətdir; - 2.1.2-ci bəndinə əsasən, “Satıcı” 9,50 ha torpaq sahəsində pambıq əkir və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütövlüklə mövcud standartlara və 27 avqust 2007-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam pambığın yığılması və tədarükünə dair təlimat”ın tələblərinə əsasən Azərbaycan X1 Pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və Alıcıda saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd qiymətlərlə Alıcının mülkiyyətinə tədarük mövsümü vaxtı, lakin 15 noyabr 2024-cü il tarixindən gec olmayaraq təhvil verilir; - 2.1.4-cü bəndinə əsasən, Satıcının Alıcıdan aldığı avans məbləği (hər hansı formada göstərilən xidmətlərin dəyəri daxil olmaqla) tədarük mövsümü vaxtı Alıcıya təhvil verdiyi xam pambığın dəyərindən çıxılır və əgər təhvil verilən pambıq avans məbləğin həcmini ödəmirsə o halda Satıcı həmin yaranan fərqi ödəməyə borcludur. Avans bu müqavilə üzrə xam pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotxniki (aqronom məsləhətləri və kənd təsərrüfatı texnikası ilə Satıcının sahəsində aparılan işlər) xidmətlərin Alıcı tərəfindən Satıcıya təqdim olunması nəticəsində Satısının Alıcı qarşısında yaranan borc öhdəliyi nəzərdə tutulur; - 2.1.5-ci bəndinə əsasən, Satıcı bütün aqrotexniki tədbirlərin tam və vaxtında aparılmasını öhdəsinə götürür; - 4.2-ci bəndinə əsasən, Satıcı müqavilədə göstərilən həcmdə xam-pambıq təhvil verməsə, bunun nəticəsində yaranmış əsas borcun hər gecikdirilən gün üçün 0.1% həcmdə Alıcıya cərimə ödəyir.

7. İş materiallarında olan İddiaçı (bundan sonra "xxxx" MMC)-nin “MKT-Ağcabədi” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 24 285 264 saylı 2024-cü il mövsümü üzrə xam pambığın alqı satqısına dair müqaviləyə əlavə olaraq, tərəflər arasında qiymətlərin razılaşdırma protokolu imzalanmışdır.

8. İş materiallarında olan iş aktları və qaimələr üzrə İddiaçı (bundan sonra "xxxx" MMC)-nin “MKT- Ağcabədi” filialı ilə Cavabdeh arasında bağlanmış 24 285 264 saylı 2024 saylı müqavilənin şərtlərinə əsasən İddiaçı (bundan sonra "xxxx" MMC) tərəfindən Cavabdeh sahəsinə müvafiq xidmətlər göstərilmişdir.

9. İş materiallarında olan xidmət aktlarından, qaimələrdən və çıxarışdan görünür ki, İddiaçı (bundan sonra "xxxx" MMC)-nin “MKT- Ağcabədi” filialı ilə Cavabdeh arasında bağlanmış 24 285 264 saylı 2024 saylı müqavilənin şərtlərinə əsasən İddiaçı (bundan sonra "xxxx" MMC) tərəfindən Cavabdeh avans olaraq ümumilikdə 566,86 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmiş müvafiq xidmətlər göstərilmiş, qalıq borc 566,86 manat təşkil etmişdir.

10. İş materiallarında olan “Maliyyə arayışı”nın surətindən görünür ki, İddiaçı (bundan sonra "xxxx" MMC) tərəfindən 24 285 264 nömrəli müqaviləyə əsasən xx.xx.2025-ci il tarixə Cavabdeh 566,86 manat məbləğində əsas, 100,90 manat məbləğində cərimə hesablanmışdır.

11. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC (bundan sonra "xxxx" MMC)-nin “MKT- Ağcabədi” filialı ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən yaranmış borcun pretenziya alındığı vaxtdan ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı MMC (bundan sonra "xxxx" MMC)-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir.

12. İş materiallarında olan mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı MMC (bundan sonra "xxxx" MMC) tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. - 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

c) Məhkəmənin mövqeyi:

15. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə uyğun olaraq işə, təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir.

16. Məhkəmə, tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur və həmin müqavilə münasibətləri struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərin, verilən mal-materialın və nağd pul vəsaitinin məqsədi cavabdehin ona məxsus olan sahədən daha çox məhsul əldə etməsinə və sonradan həmin məhsulun razılaşdırılmış qiymətlərlə iddiaçıya satılmasına nail olmaqdan ibarət olmuşdur. Bu isə son nəticədə tərəflər arasında cavabdehin istehsal etdiyi məhsulun alqı-satqısının həyata keçirilməsi barədə konsensual razılığın əldə edildiyini göstərir. Bu konteksdən yanaşdıqda məhkəmə hesab edir ki, tərəflər arasında olan razılaşma mülki qanunvericilikdə nəzərdə tutulmuş klassik mənada alqı-satqı müqaviləsi sayılmasa da (belə ki, Mülki Məcəllənin alqı-satqı müqaviləsinin leqal tərifini nəzərdə tutan 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə əsasən alıcı mülkiyyətinə qəbul etdiyi əşyanın qarşılığında xidmət, digər əşya və s. deyil, yalnız müəyyənləşdirilmiş pul məbləği ödəməyi öhdəsinə götürür), tərəflərin müqavilə münasibətlərinə daxil olarkən güddükləri hüquqi niyyət və məqsəd nəzərə alındıqda alqı-satqıya oxşar müqavilə kimi qiymətləndirilməlidir. Buna görə də, hazırki işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı müqaviləsinə dair müvafiq normaları tətbiq edilməldir.

17. İş materiallarına əsasən müəyyən olunur ki, iş üzrə tərəflər öz aralarında müqavilə bağlayaraq razılığa gəlmişlər ki, iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə müxtəlif aqrotexniki xidmətlərin göstərilməsini, həmçinin cavabdehə avans olaraq nağd pul vəsaitinin verilməsini, cavabdeh isə tədarük etdiyi xampambığın ilk olaraq iddiaçı tərəfindən göstərilmiş xidmətlərin, verilmiş malların və nağd pul vəsaitinin qaytarılması məqsədi ilə iddiaçıya verilməsini, bundan sonra tədarük ediləcək xam pambığın razılaşdırılmış qiymətə iddiaçıya satılmasını öhdələrinə götürürlər. İşdə olan görülən işlər, xidmətlər və ödənilən vəsaitlər haqqında məlumatı özündə əks etdirən cədvəldən görünür ki, iddiaçı razılaşmaya əməl edərək öz üzərinə düşən öhdəliyi tam icra etmişdir, Cavabdeh isə həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, Cavabdeh iddiaçıdan avans olaraq ümumi dəyəri 566,86 manat təşkil edən aqrotexniki xidmətləri, mal-materialı, nağd vəsaiti və s. təhvil alsa da, bunun müqabilində müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, çəkilmiş xərclərdən 566,86 manat məbləğində borcu qalmışdır. Bununla da Cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi aşkar olunur.

18. Məhkəmə qeyd edir ki, tələb olunan pul məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin Cavabdeh iddia ərizəsinə qarşı etiraz verməmiş, iddia tələbinin əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Lakin, iş materiallarında olan “Qaimə və Xidmət Aktları”nın surətindən göründüyü kimi Cavabdeh həmin aktı imzalayaraq iddiaçıya 566,86 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Belə olan halda məhkəmə, tələb olunan borcun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır.

19. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.1 və 4.2-ci bəndlərinə əsasən, cavabdeh müqavilədə göstərilən həcmdə xam-pambıq təhvil vermədiyi təqdirdə cərimə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İşin halları ilə Cavabdeh tərəfindən öhdəlik götürdüyü miqdarda xam pambıq təhvil vermədiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır.

20. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış müqavilə üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən müqavilə üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır.

21. Lakin məhkəmə, tərəflərin həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq cərimə məbləğinin tənasübsüz surətdə yüksək hesablandığını nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 100,90 manat məbləğində cərimənin tutulması hissəsində tam əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 22 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar.

22. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməlidir. Nəticə:

23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh 566,86 manat məbləğində əsas borc, 22 manat məbləğində cərimə olmaqla, cəmi 588,86 (beş yüz səksən səkkiz manat, səksən altı qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz ) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı (bundan sonra "xxxx" MMC)-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar