Məhkəmə qərarları › İş №e-2-2(121)-2265/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2265/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2265/2024 07.11.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2504 nömrəli “Nisyə alqı-satqı haqqında” Müqavilə üzrə qalıq ümumi borc məbləği olan 9062 manat borcun, 69,42 manat müqavilə üzrə hesablanmış cərimə məbləğinin və 112 manat dövlət rüsumu qismində ödənilmiş məbləğin, cəmi 9243,42 manat məbləğində pulun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 2504 nömrəli “Nisyə alqı-satqı haqqında” Müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış “Müqavilə”yə əsasən satış obyekti olan yeni (işlənməmiş) “Elos Trio” cihazı xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktına əsasən Cavabdeh təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktı Cavabdeh tərəfindən şəxsən imzalanmış və həmin akta əsasən o, “təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını” təsdiq etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Müqavilə”nin 2.2-ci bəndinə əsasən, satış obyektinin toplam satış qiyməti 13800 manat müəyyən edilmişdir. “Müqavilə Əlavəsi”nin 2.3-cü bəndində qeyd edilmiş satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən hissə-hissə olmaqla ümumilikdə 4738 manat ödəniş edilmişdir. Daha sonra isə müqavilə üzrə öhdəliyin icrası Cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuş, xx.xx.2024-cü il tarixdə 534 manat ödəniş icra edilməli idi. Lakin cavabdeh tərəfindən ödəniş öhdəliyi icra edilməmişdir. Ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən ödəniş edilməməsi, müqavilənin ödəniş şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və ya pozulması anlamına gəlir. İddiaçı nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların işitrakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdehnun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2016-cı il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2023-cü il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, halhazırda ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2504 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, “Sifarişçi” satış obyektini sifariş verib “İcraçı”ya razılaşdırılmış satış obyektinin satış qiymətini ödəməyi, “İcraçı” isə “Sifarişçiyə” ödənilmiş məbləğ qarşılığıda satiş obyektini satmağı (bundan sonra “Xidmət”) öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən, göstərilməli “Xidmət” üzrə satış obyekti və onun satiş qiyməti, bu müqaviləyə əlavə edilən və bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Müqavilə Əlavəsi ilə müəyyənəşdirilir. 4.1.4-cü bəndinə əsasən, “Sifarişçi” Müqavilə Əlavəsi ilə müəyyənləşdirilmiş məbləği ödəmədiyi halda, “İcraçı” tərəfindən müqavilə üzrə gecikdirilən hər gün üçün ödəniş məbləğinin 01% (bir faiz) miqdarında dəbbə pulunun (cərimə, penya) ödənilməsini tələb etmək hüququ vardır. Dəbbə pulunun (cərimə, penya) ümumi məbləği Satış obyektinin toplam satış qiymətinin yarısından çox olmamalıdır. 5.1-ci bəndinə əsasən, bu Müqavilə imzalandığı andan hüquqi qüvvəyə minir və “Tərəflər” öz öhdəliklərini tam yerinə yetirdikdən sonra öz qüvvəsini itirir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2504 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2023-cü il tarixli əlavənin 2.2-ci bəndinə əsasən, satış obtektinin toplam satış qiyməti 13800 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “təhvil-təslimi aktına” əsasən icraçı İddiaçı tərəfindən Cavabdeh “Elos Trio”, kuşetka, alət masası, lampa lupa, stul, həkim eynəyi, pasiyent eynəyi, stabilizator, reklam roll up, distillə su əşya, cihaz və məhsullar yeni (işlənməmiş), saz vəziyyətdə təhvil verilmişdir. İş materiallarında olan “Maliyyə arayışı”nın surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2504 nömrəli müqaviləyə əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixə 9062 manat qalıq borc və gecikdirilmiş gün üçün yaranmış 69,42 manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023cü il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış 534 manat və gecikdirilmiş ödəniş məbləği üzrə hesablanmış 16 manat cərimə olmaqla, ümumilikdə 550 manat məbləğində borcun 03 gün müddətində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (alğısatqı müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını mübahisəsiz şəkildə şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tədarük etdiyi malları cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda cavabdehə təqdim etməklə onun mülkiyyətinə verməyə, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul vəsaitini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malları cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alğı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 600-cü maddələrində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə qeyd edilən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alğı-satqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçı tərəfindən müqavilənin obyekti olan malların cavabdehə təhvil verilməsi, təhvil verilmiş malların ümumi dəyərinin 13800 manat məbləğində olması işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin tam şəkildə ödənilməməsi barədə iddiaçının tələbi təşkil edir. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı mallara görə ödənilməmiş 9062 manat borcunun qaldığını iddia edir. İddiaçı, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməyərək aldığı malların qiymətini tam ödəməməsi haqqında tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərinə, malların təhvil verilməsinə dair aktla, borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad edir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddia ərizəsinə qarşı etiraz verməmiş, iddia tələbinin əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, malların təhvil verilməsinə dair aktı və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan mallara görə 9062 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Bu halda məhkəmə əsas borc qalığı kimi tələb olunan 9062 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 570.1 və 570.1.1-ci maddələrinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda satıcının əşyanı alıcıya vermək vəzifəsi icra edilmiş sayılır. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində də əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, öhdəliyini lazımi qaydada icra etmədikdə cərimə ödəmək öhdəliyini Cavabdeh öz üzərinə götürmüşdür. İşin halları ilə Cavabdeh tərəfindən öhdəliyin pozulduğu müəyyən edildiyinə görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvericilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi əsaslıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməli, alqı-satqı müqaviləsi üzrə yaranmış borc məbləği, həmçinin məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş xərclər cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 2504 nömrəli müqavilə üzrə 9062 manat məbləğində əsas borc, 69,42 manat məbləğində cərimə borcu və ödənilmiş 112 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 9243,42 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar