Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2269/2025 23.01.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh ASC-yə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, LVC- GBR-S-2152 saylı müqaviləyə əsasən Cavabdeh ASC-dən İddiaçı şirkətinin xeyrinə əsas məbləğ üzrə 17190 ABŞ dolları, cərimə məbləği üzrə 5022 ABŞ dolları olmaqla, ümumilikdə 22212 ABŞ dolları borcun və ödənilmiş 204 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı şirkəti (“ekspeditor”) (GB1********) ilə Cavabdeh ASC (“cavabdeh”) (VÖEN: **********) arasında xx.xx.2022-ci il tarixində LVC- GBR-S-2152 saylı “Xidmətlərin göstərilməsinə dair” müqavilə (“Müqavilə”) imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən, ekspeditor yazılı sifariş əsasında müqavilədə razılaşdırılan xidmətlərin göstərilməsini, cavabdeh isə göstərilən xidmətlərin qarşılığında razılaşdırılmış xidmət haqqının ödənilməsini öz öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə üzrə təqdim edilmiş xidmət sifarişinə əsasən daşıma həyata keçirilmiş və ekspeditor tərəfindən göstərilmiş xidmətə müvafiq olaraq cavabdehə SİNV/014011 nömrəli, xx.xx.2023-cü il tarixli hesab-faktura təqdim edilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmiş və göstərilmiş xidmətlərə görə ödənişlər həyata keçirilməmişdir. Müqavilənin 2.1-ci maddəsinə əsasən, ekspeditor malların yola salındığı tarixdən dərhal cavabdehə hesab-faktura təqdim edir. Cavabdeh hesab-faktura təqdim olunduqdan 45-60 gün ərzində ekspeditorun təqdim etdiyi bank hesabına köçürmə yolu ilə xidmət haqqının ödənilməsini təmin edir. Lakin hazırkı vəziyyətdə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icrası müəyyənləşdirilmiş vaxtdan əhəmiyyətli dərəcədə gecikdirilmiş və yerinə yetirilməmişdir. Belə ki, SİNV/014011 nömrəli, xx.xx.2023-cü il tarixli hesab-fakturaya əsasən 12945 dolları məbləğində xidmət haqqı və konteynerlərin Sifarişçi tərəfindən vaxtında təhvil verilməməsinə görə Ekspeditor tərəfindən 37576 nömrəli, xx.xx.2023-cü il tarixli hesab-faktura üzrə daşıyıcıya ödənilən 4245 ABŞ dolları, ümumilikdə 17190 ABŞ dolları məbləğində borc üzrə sifarişçi tərəfindən hazırkı tarixədək heç bir ödəniş həyata keçirilməmişdir. Müqavilənin 3.1.12-ci maddəsinə əsasən, xidmət haqqının ödənilməsi razılaşdırılmış vaxtdan artıq müddətə uzadılması barədə tərəflər arasında razılaşma olmadıqda ödənilməyən hər günə görə xidmət haqqının 0.1 faizi miqdarında cərimə tətbiq edilir. Müqavilənin 3.2.4-cü maddəsinə əsasən, Cavabdehin Ekspeditora xidmət haqqını və digər çəkilən xərcləri, eləcə də, cəriməni tam ödəmək öhdəliyi müəyyən edilmişdir. Sözügedən müqavilənin 3.1.1-ci maddəsi ilə Ekspeditorun Cavabdehdən müvafiq ödənişlərin həyata keçirilməsini tələb etmək hüququ təsbit edilmişdir. Beləliklə, müqavilənin müvafiq maddələri nəzərə alınaraq, cavabdehin Müqavilə üzrə ödənilməmiş əsas borcu SİNV/014011 nömrəli, xx.xx.2023-cü il tarixli hesab-faktura üzrə 17190 ABŞ dolları, cərimə borcu isə 5022 ABŞ dolları olmaqla, ümumilikdə 22212 ABŞ dolları təşkil edir. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən, tərəflər müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri və qeyrimüəyyənlikləri danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll etməlidirlər. Lakin müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi şəkildə xəbərdarlıq edilməsinə, bundan əlavə Cavabdehin ünvanına pretenziya göndərilməsinə baxmayaraq, müvafiq borc öhdəliyi Cavabdeh tərəfindən hazırkı tarixə qədər icra edilməmişdir. Müqavilənin 6.2-ci maddəsinə əsasən, mübahisəli məsələlərin və qeyri-müəyyənliklərin həlli danışıqlar yolu ilə 30 gün müddətində mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən aidiyyatı məhkəmələrdə baxılacaqdır. Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixində məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia əsassızdır və göstərilən xüsusatlara əsasən məhkəmə təhəfindən rədd olunmalıdır. "xxxx" ASC-də son dövrdə iki dəfə idarə heyəti dəyişilmiş və hazırda təqdim edilən iddia tələblərinə münasibət mövcud maliyyə- təsərrüfat sənədləri əsasında formalaşır ki, iddia tələbində əks olunmuş daşıma ilə əlaqədar ASC-də hər hansı bir rəsmi sənədlər aşkar edilməmişdir. İddia tərəfi iddiasını bununla əsaslandırır ki, tərəflər arasında xx.xx.2022-ci tarixində LVC-GBR-S-2152 saylı "Xidmətlərin göstərilməsinə dair" Müqavilə ("Müqavilə") imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən, Ekspeditor yazılı sifariş əsasında Müqavilədə razılaşdırılan xidmətlərin göstərilməsini, cavabdeh isə göstərilən xidmətlərin qarşılığında razılaşdırılmış xidmət haqqının ödənilməsini öz öhdəsinə götürmüş, qeyd olunan müqavilə üzrə təqdim edilmiş xidmət sifarişinə əsasən daşıma həyata keçirilmiş və Ekspeditor tərəfindən göstərilmiş xidmətə müvafiq olaraq Cavabdehə SİNV/014011 nömrəli, xx.xx.2023-cü il tarixli hesabfaktura təqdim edilmişdir. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar arasında cavabdehin baqladıqı müqavilə üzrə daşıma üçün yazılı sifariş verməsini təsdiqləyən sənəd yoxdur. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 1 saylı əlavədə əks olunmuş daşıma haqqında razılşmanı və qiyməti əks etdirən sənəddə göstərilən qiymətlə hesab faktura arasında ziddiyyət mövcuddur. Bundan əlavə həmin hesab fakturanın hüquqi əsaslarını təşkil etməli yükləmənin, malın ekspeditor tərəfindən qəbul edilməsinə dəlalət edən sənədlərin də mövcud olmaması sübut kimi təqdim olunmuş hesab fakturanın əsassız olduğunun göstəricisidir. Bundan əlavə iddiaçı iddianın bir hissəsini onunla əsaslandırır ki, SİNV/014011 nömrəli, xx.xx.2023- cü il tarixli hesabfakturaya əsasən, 12945 ABŞ dolları məbləğində xidmət haqqı və konteynerlərin Sifarişçi tərəfindən vaxtında təhvil verilməməsinə görə Ekspeditor tərəfindən 37576 nömrəli, xx.xx.2023-cü il tarixli hesab-faktura üzrə daşıyıcıya ödənilən 4245 ABŞ dollar vəsait ödənilmişdir. Lakin belə bir ödənişin olmasını təsdiq edən sənədli sübutları ərizəyə əlavə etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş, cavabdeh tərəfindən qəbul edilməyən əsassız hesab fakturalar iddianın təmin olunmasına əsas ola bilməz. Digər tərəfdən iddiaçı tərəfindən daşınmış mallara dair sənədlər (daşımanı təsdiq edən SMR və sifarışçiyə təhvil verilməsi barədə təhvil-təslim aktları) mövcud olmadan iddianın təmin olunması mümkün deyildir. İddiaçı ərizədə əks etdiriyi xüsusatlara sübut etməyə borcludur və bu sübut etmə vəzifəsi qanunla onun üzərindədir. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə baxış iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumatdan görünür ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə kommersiya hüquqi şəxslərinin reyestrində qeydə alınmışdır və Filialın hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 Sistemində olan məlumatdan görünür ki, Cavabdeh ASC xx.xx.2004-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə kommersiya hüquqi şəxslərinin reyestrində qeydə alınmışdır və hüquqi ünvanı Hacıqabul rayonu, Navahi kəndidir. İş materiallarında olan İddiaçı şirkəti (“ekspeditor”) (GB1********) ilə Cavabdeh ASC (“Sifarişçi”) arasında xx.xx.2022-ci il tarixli, LVC-GBR-S-2152 nömrəli “Xidmətlərin göstərilməsinə dair” müqavilənin: 1.1-ci bəndinə əsasən, müqavilənin predmetini müqavilənin ayrılmaz tərkib hissəsi sayılan yazılı sifariş əsasında Ekspeditor tərəfindən yüklərin ilkin yerindən təyinat yerinə daşınması, çatdırılması xidmətinin göstərilməsi, gömrükləmə, anbarlama, çeşidləmə, yükaşırma və s. xidmətlər, Sifarişçi tərəfindən isə göstərilən xidmətin qarşılığında razılaşdırılmış xidmət haqqının ödənilməsi təşkil edir. 1.2-ci bəndinə əsasən, yükün adı, növü, ölçüləri, sayı, çəkisi, dəyəri, təhlükəli olubolmadığı barədə məlumat, çatdırılma yeri, yük alanın ünvanı və digər xüsusiyyətləri barədə məlumatlar sifariş formasında göstərilir. 2.1-ci bəndinə əsasən, Ekspeditor malların yola salındığı tarixdən dərhal Sifarişçiyə hesab-faktura təqdim edir. Sifarişçi hesab-faktura təqdim olunduqdan 45-60 gün çatdırdıqdan sonra Ekspeditorun təqdim etdiyi bank hesabına köçürmə yolu ilə xidmət haqqının tam şəkildə ödənilməsini təmin edir; 3.1.12-ci bəndinə əsasən, xidmət haqqının ödənilməsi razılaşdırılmış vaxtdan artıq müddətə uzadılması barədə tərəflər arasında razılaşma olmadıqda ödənilməyən hər günə görə xidmət haqqının 0.1 faizi miqdarında cərimə tətbiq edilir. 3.2.4-cü bəndinə əsasən, Sifarişçi Ekspeditora xidmət haqqını və digər çəkilən xərcləri, cəriməni tam ödəmək öhdəliyini daşıyır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, S-2152 saylı Ekspeditor Xidmətlərinə dair Müqaviləyə 1 saylı Əlavədən görünür ki, "xxxx" ASC ("Sifarişçi") və "xxxx" ("Ekspeditor") arasında bağlanmış xx.xx.2022- ci il tarixli, S-2152 saylı Ekspeditor Xidmətlərinə dair Müqavilə çərçivəsində "Tərəflər" daşınma qiymətləri ilə əlaqədar razılığa gəldilər. İş materiallarında olan Cavabdeh ASC-nin nümayəndəsi tərəfindən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına e-mail vasitəsi ilə ünvanlanmış xx.xx.2022-ci il tarixli elektron məktubdan görünür ki, motorların çatdırılması üzrə dəniz yük daşımalarının ən qısa müddətdə təşkil edilməsi xahiş olunmuşdur. İş materiallarında olan SHALEG2301111 nömrəli Konosamentdən (Gəmi yolu yük qəbzi) görünür ki, “Yükgöndərən” “X4 Elektric Machine MFG.GO” LTD şirkəti, “Yükalan” Cavabdeh ASC olmaqla, AC Motor (dəyişən cərəyan mühərriki) və DC Motor (sabit cərəyan mühərriki) adda ümumi çəkisi 46900 kq. olan yük “Daşıyıcı” "xxxx" MMC tərəfindən Gürcüstan Respublikasının Poti limanına çatdırılması üçün Çin Xalq Respublikasının Şanxay limanından xx.xx.2023-cü il tarixdə daşıyıcı gəminin göyərtəsinə yüklənmişdir. İş materiallarında olan GR 491067 və GR 491068 nömrəli yol vərəqələrindən görünür ki, “Yükgöndərən” “X4 Elektric Machine MFG.GO” LTD şirkəti tərəfindən Çin Xalq Respublikasından su nəqliyyatı vasitəsi ilə “Yükalan” Cavabdeh ASC-nə göndərilən və “Daşıyıcı” "xxxx" MMC tərəfindən Gürcüstan Respublikasının Poti limanına çatdırılan yük xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin mülkiyyətində olan iki ədəd konteynerə yüklənərək "xxxx" MMC tərəfindən verilmiş daşıma tapşırığına əsasən "xxxx" QSC tərəfindən konteyner qatarı vasitəsi ilə xx.xx.2023-cü il tarixdə Abşeron stansiyasına gətirilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən "xxxx"ə xx.xx.2023-cü il tarixdə göndərilmiş qaimədən (invoys) görünür ki, boş dayanma haqqı olaraq ümumilkdə 4245 ABŞ dolları məbləğinin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan beynəlxalq ödəniş sənədinin surətindən görünür ki, "xxxx" tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin hesabına 4245 ABŞ dolları məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan "xxxx" tərəfindən "xxxx" ASC-nə təqdim edilmiş SİNV/014011 nömrəli, xx.xx.2023-cü il tarixli qaiməyə (invoys) əsasən, AC Motor (dəyişən cərəyan mühərrikinin) və DC Motor (sabit cərəyan mühərrikinin) konteyner yükləməsinin dəyəri müvafiq olaraq 5800 ABŞ dolları və 7145 ABŞ dolları, dayanma (boş) haqqı isə 4245 ABŞ dolları olmaqla, cəmi ödəniləcək məbləğ 17190 ABŞ dolları təşkil edir. İş materiallarında olan Cavabdeh ASC-nin nümayəndəsi tərəfindən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına e-mail vasitəsi ilə ünvanlanmış xx.xx.2023-cü il tarixli elektron məktubda göstərilir ki, borcun ödənilməsi ilə əlaqədar ilkin olaraq bildirilir ki, şirkət müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır. Detention fee olaraq göstərilən 4245 USD məbləği istisna olmaqla, yerdə qalan 12945 USD üzrə danışıqlar apararaq bir neçə ay üzrə hissəli ödəniş qrafikinin tərtib olunması və həmin qrafik üzrə ödənişlərin həyata keçirilməsi xahiş və təklif edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “maliyyə arayışı”ndan görünür ki, “Xidmətlərin göstərilməsinə dair” müqaviləyə əsasən "xxxx" ASC-nin "xxxx" şirkətinə borcu əsas məbləğ üzrə 17190 (on yeddi min yüz doxsan) ABŞ dolları, cərimə məbləği üzrə isə 5022 (beş min iyirmi iki) ABŞ dolları olmaqla, ümumilikdə 22212 (iyirmi iki min iki yüz on iki) ABŞ dolları təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı 25 iyun 2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı şirkəti (“ekspeditor”) (GB1********) ilə Cavabdeh ASC (“cavabdeh”) (VÖEN: **********) arasında xx.xx.2022-ci il tarixində LVC- GBR-S-2152 saylı “Xidmətlərin göstərilməsinə dair” müqaviləsinə əsasən yaranmış 17190 manat məbləğində borcun 14 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (nəqliyyat-ekspedisiya müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər iddiaçı tərəfindən cavabdehin sifarişi ilə sonuncuya məxsus olan yükün dəniz yolu ilə daşınması xidmətlərini təşkil etmək, cavabdeh tərəfindən isə göstərilən xidmətin haqqını ödəməklə bağlı razılığa gələrək, öz aralarında xx.xx.2022-ci il tarixli, LVC-GBR-S- 2152 nömrəli “Xidmətlərin göstərilməsinə dair” müqavilə bağlamışlar. İddiaçı həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra edərək sifariş olunan yükün təyinat yerinə çatdırıldığını, lakin cavabdehin razılaşdırılmış muzdu və digər xərcləri ödəmədiyini iddia edir. Cavabdeh (nümayəndəsi vasitəsi ilə) iddia tələbində əks olunmuş daşıma ilə əlaqədar hər hansı bir rəsmi sənədlərin mövcud olmadığını, iddiaçının öz tələbinin əsası kimi halları sübut edə bilmədiyini əsas tutaraq iddianı qəbul etmir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını ilk növbədə yük daşınması müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 46-cı fəslinin 2-cı paraqrafında yer alan normalar, eləcə də iddianın predmetinə dair məsələləri tənzimləyən sahəvi qanunvericilik aktlarının müvafiq müddəaları təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra işin mübahisəli halları ilə əlaqədar tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında nəqliyyat-ekspedisiya müqaviləsinin bağlanması, daşıyıcı şirkət tərəfindən yükgöndərən Çin Xalq Respublikasının şirkəti tərəfindən yükalan Cavabdeh ASC-nə göndərilən yükün dəniz yolu ilə Çin Xalq Respublikasının Şanxay limanından Gürcüstan Respublikasının Poti limanına daşınması, oradan daşıyıcı şirkətin tapşırığı ilə yükün daşıyıcı şirkətə məxsus olan konteynerlərə yüklənərək konteyner qatarı vasitəsilə Abşeron stansiyasına çatdırılması, iddiaçı tərəfindən daşıyıcı şirkətin hesabına konteynerlərin gec boşaldılmasına görə 4245 ABŞ dolları məbləğində ödəniş edilməsi işdə olan sübutlarla mübahisəsiz şəkildə öz təsdiqini tapan işin faktiki hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını yükün daşınması xərcinin (muzd və digər xərc) cavabdeh tərəfindən ödənilməməsi barədə iddiaçının tələbi təşkil edir. Belə ki, iddiaçı həyata keçirilmiş yük daşınmasına görə cavabdeh tərəfindən ödənilməmiş 12945 ABŞ dolları məbləğində muzd və 4245 ABŞ dolları məbləğində boş dayanma haqqı olmaqla, cəmi 17190 ABŞ dolları məbləğində borcunun qaldığını iddia edir. Cavabdeh yük daşınması ilə əlaqədar rəsmi sənədlərin onlarda mövcud olmadığını, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı sübutları təqdim etmədiyini bildirir. Məhkəmə, tərəflərin öz tələb və etirazlarının əsası kim istinad etdikləri hallara işdə olan və məhkəmə iclasında tədqiq olunan sübutlara əsasən qiymət verərək belə nəticəyə gəlir ki, baxılan işdə iddianın qismən təmin edilməsi üçün hüquqi və faktiki əsaslar mövcuddur. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş etirazda iddia tələbində əks olunmuş daşıma ilə əlaqədar hər hansı bir rəsmi sənədlərin mövcud olmadığına, iddiaçının öz tələbinin əsası kimi halları sübut edə bilmədiyinə istinad edilir. Lakin, işdə olan dəlillərlə cavabdeh tərəfindən motorların çatdırılması üzrə dəniz yük daşımalarının təşkil edilməsi barədə iddiaçıya sifariş verilməsi (cavabdehin nümayəndəsi tərəfindən iddiaçıya ünvanlanmış elektron sifariş məktubuna əsasən), sifariş verilmiş yükün (motorların) Çin Xalq Respublikasında olan şirkət (“Yükgöndərən”) tərəfindən cavabdehə (“Yükalan”) verilməsi üçün daşıyıcı şirkətə məxsus gəmiyə yüklənməsi (Konosamentə əsasən), həmin yükün daşıyıcı şirkət tərəfindən əvvəlcə dəniz yolu ilə Poti limanına, daha sonra isə dəmir yolu vasitəsilə daşıyıcı şirkətə məxsus olan konteynerlərlə Abşeron stansiyasına çatdırılması (yol vərəqələrinə əsasən), iddiaçı tərəfindən daşıyıcı şirkətə konteynerlərin gec boşaldılmasına görə (Detention fee) 4245 ABŞ dolları məbləğində haqqın ödənilməsi (beynəlxalq ödəniş sənədinə əsasən), yükün daşınmasına görə muzdun məbləğinin 12945 ABŞ dolları təşkil etməsi (iddiaçı tərəfindən cavabdehə göndərilmiş qaiməyə və cavabdehin nümayəndəsi tərəfindən iddiaçıya ünvanlanmış elektron məktuba əsasən) tam sübut olunmuşdur. Məhkəmə əlavə olaraq qeyd edir ki, cavabdehin nümayəndəsi tərəfindən iddiaçının yük daşınması ilə əlaqadar öhdəliklərini icra etməsi ilə bağlı müvafiq rəsmi sənədlərin olmaması və iddiaçı tərəfindən bu barədə sübutların təqdim edilməməsi bildirilsə də, iş materiallarında olan cavabdehin nümayəndələri (əməkdaşları) tərəfindən iddiaçıya ünvanlanmış elektron məktubların məzmunu ilə də tərəflər arasında yük daşınması xidmətinin göstərilməsi müqaviləsi üzrə müvafiq sifarişin verilməsi və göstərilən xidmətin qarşılığı olaraq ödəniləcək muzdun məbləğinin 12945 ABŞ dolları təşkil etməsi müəyyən olunur. Buna görə də, iddia tələbi muzdun tutulması hissəsində əsaslı hesab edilməli və yük daşınması xidmətinin göstərilməsinə görə 12945 ABŞ dolları məbləğində muzd cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə, iddia tələbini konteynerlərin gec boşaldılmasına görə (Detention fee) 4245 ABŞ dolları məbləğində haqqın cavabdehdən tutulması hissəsində də əsaslı olduğu qənaətinə gələrək qeyd edir ki, iddiaçı tərəfindən daşıyıcı şirkətin hesabına konteynerlərin gec boşaldılmasına görə 4245 ABŞ dolları məbləğində ödəniş edilməsi işdə olan beynəlxalq ödəniş sənədinə əsasən öz təsdiqini tapır. İddiaçı həmin məbləği cavabdehdən o əsasla tələb edir ki, daşıyıcı şirkətə məxsus olan konteynerlər cavabdeh tərəfindən vaxtında boşaldılmamışdır və nəticədə daşıyıcı şirkətin boş dayanma haqqını tələb etməsi üçün əsas yaranmışdır. İddiaçının daşıyıcı şirkətə ödədiyi boş dayanma haqqını cavabdehdən tələb edə bilməsi üçün hüquqi əsas isə tərəflər arasında bağlanmış müqavilə şərtlərindən, həmçinin milli qanunvericilik aktlarının və beynəlxalq ticarət adətlərinin tələblərindən irəli gəlir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, LVC-GBR-S-2152 nömrəli “Xidmətlərin göstərilməsinə dair” müqavilənin 3.2.4-cü bəndində razılaşdırılmışdır ki, Sifarişçi (cavabdeh) Ekspeditora (iddiaçıya) xidmət haqqı ilə yanaşı, digər çəkilən xərcləri də tam ödəmək öhdəliyini daşıyır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 852.1-ci maddəsinə əsasən, Ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsi əsasında müəyyənləşdirilən nəqliyyat-ekspedisiya xidmətlərini müştərinin tapşırığı və vəsaiti hesabına göstərən və ya üçüncü şəxslər vasitəsilə göstərilməsini təşkil edən hüquqi şəxs və ya fərdi sahibkardır. 852.2-ci maddəsinə əsasən, Daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin və ya yük alanın hüquq və vəzifələrinə malikdir 852.6-cı maddəsinə əsasən, nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi ilə bağlı münasibətlər bu Məcəllənin, Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin, “Nəqliyyat haqqında”, “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının və bu sahədə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq tənzimlənir. “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 4.1. Nəqliyyat-ekspedisiya xidmətləri müştəri və ekspeditor arasında bağlanılmış nəqliyyat-ekspedisiya müqaviləsi əsasında həyata keçirilir. 9.1. Nəqliyyat-ekspedisiya müqaviləsinə əsasən, bir tərəf (ekspeditor) ona veriləcək muzd müqabilində digər tərəfin (müştəri) tapşırığı əsasında və vəsaiti hesabına müqavilədə nəzərdə tutulan nəqliyyat-ekspedisiya xidmətlərinin təşkilini və göstərilməsini həyata keçirir. 10.1. Nəqliyyat-ekspedisiya müqaviləsi yazılı formada (kağız daşıyıcıda və ya elektron sənəd formasında) bağlanılır. 11.1. Nəqliyyat-ekspedisiya müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, nəqliyyat-ekspedisiya müqaviləsinin icrası zamanı ekspeditor öz adından və ya müştərilərinin adından üçüncü şəxslərlə müqavilələr bağlamaq hüququna malikdir. 11.2. Üçüncü şəxslərə münasibətdə ekspeditor bu Qanunun 11.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, öz adından hərəkət edir. Ekspeditorun öz adından bağladığı müqavilələr üzrə hüquq və vəzifələr ekspeditora aiddir. 14.1. Ekspeditora ödənilən muzda nəqliyyat-ekspedisiya müqaviləsinin icrasına cəlb edilən şəxslərə ödənilən xidmət haqları, habelə müqavilənin icrası üzrə ekspeditorun çəkdiyi xərclər, gömrük ödənişləri, vergilər və digər icbari ödənişlər daxil deyildir. 14.2. Ekspeditorun müqavilənin icrası üzrə çəkdiyi xərcləri nəqliyyat-ekspedisiya müqaviləsinin icrasına cəlb edilən şəxslər və aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən verilən sənədlər (faktura, hesab-faktura, qaimə və s.) əsasında təsdiq edilir. 17.1. Müştərinin vəzifələri aşağıdakılardır: 17.1.9. ekspeditorun nəqliyyat-ekspedisiya müqaviləsinin icrası üzrə çəkdiyi xərcləri (təsdiqedici sənədlər əsasında) və muzdu ödəmək; 17.2. Müştəri ekspeditorun nəqliyyat-ekspedisiya müqaviləsinin icrası üzrə çəkdiyi xərcləri (təsdiqedici sənədlər əsasında) və muzdu ödəyənə və ya həmin ödənişlərin edilməsinə zəmanət verənə qədər ekspeditora yükün saxlanılmasına çəkdiyi xərclər üzrə ödənişləri həyata keçirməlidir. 18.1. Ekspeditorun hüquqları aşağıdakılardır: 18.1.6. müştəridən nəqliyyat-ekspedisiya müqaviləsi üzrə vəzifələrinin icrası üzrə çəkilən xərclərin (təsdiqedici sənədlər əsasında), habelə müqavilə ilə müəyyən edilmiş muzdun ödənilməsini tələb etmək; 22.1. Nəqliyyat-ekspedisiya müqaviləsində nəzərdə tutulan öhdəliklərinin yerinə yetirilməməsinə, yaxud lazımi qaydada yerinə yetirilməməsinə görə müştəri və ekspeditor bu Qanuna və Azərbaycan Respublikasının digər qanunlarına, habelə müqaviləyə uyğun olaraq müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 26.1. Müştərinin nəqliyyat-ekspedisiya müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi zamanı yaranan xərcləri ödəməkdən əsassız olaraq imtina etdiyi sübut edildikdə, müştəri ekspeditora qeyd edilən xərclərlə yanaşı, həmin xərclərin 10 (on) faizi həcmində dəbbə pulu (cərimə) ödəyir. 26.2. Müştəri ekspeditora nəqliyyat-ekspedisiya müqaviləsi ilə müəyyən edilmiş muzdun vaxtında ödənilməməsinə görə hər gecikdirilmiş gün (başa çatmayan günlər tam gün hesab olunur) və ya saat (müddət saatlarla göstərilirsə) üçün həmin muzdun 3 (üç) faizi həcmində, lakin muzdun 80 (səksən) faizindən çox olmamaq şərtilə dəbbə pulu (peniya) ödəyir. Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin: 3-1-ci maddəsinə əsasən, Ticarət gəmiçiliyi sahəsində nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi ilə bağlı münasibətlər bu Məcəllənin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “Nəqliyyat haqqında” və “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq tənzimlənir. 87.1-ci maddəsinə əsasən, Dənizlə yük daşınması müqaviləsi daşıyıcının yükgöndərənin və ya fraxtedənin ona verdiyi və ya verəcəyi yükü haqq müqabilində olduğu yerdən təyinat limanına daşımağı və əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsə (bundan sonra - yükalan) verməyi, yükgöndərən, fraxtedən, yükalan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini (fraxtı) ödəməyi öhdəsinə götürməsi barəsində müqavilədir. 87.2-ci maddəsinə əsasən, Dənizlə yük daşınması müqaviləsinin mövcudluğu və məzmunu çarter, konosament və ya digər yazılı sübutlarla təsdiq edilir. 90-cı maddəsinə əsasən, Çarterə (reys çarterinə) tərəflərin və gəminin adı, yükün növü və çeşidi barəsində məlumat, fraxtın məbləği, yükvurma yerinin adı, gəminin göndərildiyi yerin və ya təyinat yerinin adı daxil edilməlidir. Tərəflərin razılaşması əsasında çarterə digər şərtlər və qeyd-şərtlər daxil edilə bilər. Çarter daşıyıcı və fraxtedən və ya onların nümayəndələri tərəfindən imzalanır. 91-ci maddəsinə əsasən, Daşıyıcı və dənizlə yük daşınması müqaviləsinin tərəfi olmayan yükalan arasında münasibətlər konosament ilə müəyyənləşdirilir. Konosamentdə yükalana istinad edildikdə, onun üçün çarterin şərtləri məcburidir. Məhkəmə, sadalanan maddi hüquq normalarının tələblərini ümumiləşdirərək qeyd edir ki, ekspeditorun muzdunu, həmçinin ekspeditorun müqavilənin icrası üzrə çəkdiyi, nəqliyyat-ekspedisiya müqaviləsinin icrasına cəlb edilən şəxslər və aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən verilən sənədlər (faktura, hesab-faktura, qaimə və s.) əsasında təsdiq edilən xərclərinin əvəzini ödəmək müştərinin (baxılan işdə yükalan olan cavabdehin) vəzifəsidir. Bununla yanaşı qeyd edilməlidir ki, “detention fee” (gec qaytarmaya görə ödəniş) konteyner, yük maşını və digər yük daşıyıcılarının müəyyən edilmiş müddətdən artıq saxlanılmasına (vaxtında boşaldılaraq təhvil verilməməsinə) görə alınan əlavə ödənişdir və beynəlxalq daşımalarda mövcud olan adətlərə əsasən, bu əlavə ödəniş adətən (əgər müqavilədə ayrı qayda nəzərdə tutulmazsa) yükü alan tərəfindən icra edilir. Baxılan işin müəyyən olunmuş hallarına əsasən yükün boşaldılmasının cavabdehin öhdəliyinə aid olmasına baxmayaraq iddiaçı (ekspeditor) tərəfindən daşıyıcı şirkətə konteynerlərin gec boşaldılmasına görə (Detention fee) 4245 ABŞ dolları məbləğində haqqın ödənilməsi faktı tam təsdiq olunduğuna görə, iddiaçının həmin məbləği yükalan cavabdehdən geri tələb etməsi üçün hüquqi əsas yaranmışdır. Buna görə də, iddia tələbi “detention fee” (gec qaytarmaya görə ödəniş) olaraq iddiaçının çəkdiyi əlavə xərcin əvəzinin cavabdehdən tutulması hissəsində də əsaslı hesab edilərək təmin olunmalıdır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı üzərinə düşən öhdəliyi icra edərək cavabdehə məxsus yükün təyinat yerinə daşınması xidmətini yerinə yetirmişdir, lakin cavabdeh üzərinə düşən öhdəlikləri pozaraq daşınma muzdunu və iddiaçının əlavə xərclərinin əvəzini təşkil edən ümumilkdə 17190 ABŞ dolları məbləğində olan pulu iddiaçıya ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən muzdun və digər xərclərin şərtləşdirilən müddətdə ödənilmədiyi təqdirdə cərimə ödəmək öhdəliyini Cavabdeh ASC öz üzərinə götürmüşdür. İşin halları ilə Cavabdeh ASC tərəfindən ödənişin gecikdirildiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış müqavilə üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən müqavilə üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas borca nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun borclunun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 5022 ABŞ dolları məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 500 ABŞ dolları məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh ASC-yə qarşı pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh ASC-dən xx.xx.2022-ci il tarixli, LVC-GBR-S-2152 nömrəli müqavilə üzrə 17190 ABŞ dolları məbləğində əsas borc, 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 17690 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) və ödənilmiş 204 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-2269/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2269/2025
23.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver