Məhkəmə qərarları › İş №e-2-2(121)-2271/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2271/2022

24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-2271/2022 24.10.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı Cavabdeh qarşı Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, ödənilməmiş 218,10 manat əsas borc, borcun gecikdirildiyi müddət üçün 100 manat dəbbə pulu, hüquqi yardımın göstərilməsi üçün Bakı şəhər 18 saylı Vəkil Bürosuna ödənilmiş 100 manat xidmət haqqı və mediasiya xərcinin əvəzi kimi 20 manat dövlət rüsumunun əvəzi kimi 10 manat olmaqla ümumilikdə 448,10 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi tələbinə dair işə sadələşdirilmiş qaydada baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, ödənilməmiş 218,10 manat əsas borc, borcun gecikdirildiyi müddət üçün 100 manat dəbbə pulu, hüquqi yardımın göstərilməsi üçün Bakı şəhər 18 saylı Vəkil Bürosuna ödənilmiş 100 manat xidmət haqqı və mediasiya xərcinin əvəzi kimi 20 manat dövlət rüsumunun əvəzi kimi 10 manat olmaqla ümumilikdə 448,10 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixli 21/043 saylı “Gömrük Təmsilçilik Xidmətlərinin Göstərilməsi“ haqqında müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, Təmsilçi öz nizamnaməsinə uyğun olaraq, Sifarişçinin tapşırığı əsasında onun hesabına idxal, tranzit və digər gömrük prosedurları altında olan mallara və nəqliyyat vasitələrinə aid müşayət sənədlərində olan məlumatlar əsasında broker xidmətlərini göstərir. Müqavilənin 2.2.1-ci bəndinə əsasən, sifarişçi təmsilçinin göstərdiyi bütün xidmətlərin haqqını bu müqavilə ilə müəyyən edilmiş müddətdə bank hesabına köçürmə yolu ilə ödəməyi öhdəlik götürmüşdür. İddiaçı MMC tərəfindən cavabdehə mövcud müqavilə əsasında göstərilmiş brokerlik xidməti üçün xx.xx.2021-ci il tarixdə verilmiş 218,10 qəpik məbləğində elektron qaimə əsasında ödənilməli olan xidmət haqqı əsassız səbəbdən cavabdeh tərəfindən ödənilməmişdir. Qanunvericiliyə müvafiq olaraq cavabdehə dəfələrlə yazılı və şifahi müraciətlər edilməyinə baxmayaraq cavabdeh borcu ödəməkdən qərəzli yayınmışdır. Belə olan halda tərəfimizdən mübahisənin məhkəmədən kənar həll edilməsi üçün Bakı+ 2 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, Mediasiya təşkilatının 06 iyun 2022-ci il tarixli məktubu ilə cavabdeh mediasiyada iştirak etmədiyindən Mediasiya sesiyasının baş tutmaması barədə arayış verilmişdir. Bundan başqa cavabdehə pretenziya elektron hökumət və rəsmi poçt vasitəsi ilə göndərilmiş, cavabdeh tərəfindən borcun ödənilməsində heç bir təşəbbüs irəli sürülməmişdir. Tərəflər arasında olan xidmət müqaviləsinin 3.2-ci bəndinə əsasən, sifarişçi hesab faktura ona təqdim edildikdən sonra tam məbləği 3(üç) gün ərzində təmsilçinin hesabına köçürməyi qəbul edir. Tərəflər razılaşırlar ki, borc məbləği ödənilməsi sifarişçiyə gecikdirilmiş hər gün üçün 1% dəbbə pulu tətbiq ediləcəkdir. Cavabdehin Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İşin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia əsaslıdır. Buna görə də, təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 11 mart 2021ci il tarixli, 21/043 saylı gömrük təmsilçilik xidmətlərinin göstərilməsi müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, Təmsilçi öz nizamnaməsinə uyğun olaraq, Sifarişçinin tapşırığı əsasında onun hesabına idxal, tranzit və digər gömrük prosedurları altında olan mallara və nəqliyyat vasitələrinə aid müşayət sənədlərində olan məlumatlar əsasında broker xidmətlərini göstərir. Müqavilənin 2.2.1-ci bəndinə əsasən, sifarişçi təmsilçinin göstərdiyi bütün xidmətlərin haqqını bu müqavilə ilə müəyyən edilmiş müddətdə bank hesabına köçürmə yolu ilə ödəməyi öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı bildiriş məktubundan görünür ki, İddiaçı ilə Cavabdeh arasında 11 mart 2021-ci il tarixli, 21/043 saylı gömrük təmsilçilik xidmətlərinin göstərilməsi müqaviləsi müqaviləsinə əsasən 218,10 manat borcu yaranmışdır. Müqavilənin 3.2. bəndinə müvafiq olaraq ödənişlər 3 gün ərzində ödənilmədiyi təqdirdə hər gecikdirilən gün üçün ödənilməyən məbləğin 0,1% məbləğində cərimə nəzərdə tutulmuşdur. Odur ki, cavabdehə sonuncu dəfə müraciət edilərək, 218,10 manat məbləğində borcunun bu pretenziyanı aldığı tarixdən 3 iş gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 06 iyun 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 20 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Cavabdeh məhkəməyə ünvanladığı ödəniş məlumatlarına əsasən xx.xx.2021-ci il tarixdə 500 manat ödəniş edildiyi göstərilmişdir. Lakin İddiaçı MMC-nin iddia ərizəsindən görünür ki, tərəflər arasındakı müqavilə əsasında göstərilmiş brokerlik xidməti üçün xx.xx.2021-ci il tarixdə verilmiş 218,10 manat məbləğində elektron qaimə əsasında ödənilməli olan xidmət haqqı əsassız səbəbdən ödənilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında gömrük təmsilçilik xidmətlərinin göstərilməsi müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən brokerlik xidməti göstərilmişdir. Cavabdeh xidmətin dəyərini ödəməmişdir. Cavabdehin iddiaçı qarşısında öhdəliklərini yerinə yetirmədiyi iş materialları ilə tam sübuta yetirildiyindən məhkəmə hesab edir ki, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 787.1-ci maddəsinə əsasən, broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir. Həmin Məcəllənin 787.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, broker müqaviləsinə tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq edilir. Həmin Məcəllənin 788.1-ci maddəsinə əsasən, brokerin öz vasitəçilik xidmətləri və ya köməyi nəticəsində müqavilə həyata keçirildikdən sonra muzd almaq hüququ vardır. Əgər müqavilə təxirəsalıcı şərtlə bağlanırsa, muzd yalnız həmin şərt baş verdikdə tələb edilə bilər. Həmin Məcəllənin 783.1-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Həmin Məcəllənin 783.3-ci maddəsinə əsasən, əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ümumilikdə 218,10 manat borcunun olması öz təsdiqini tapdığından, o cümlədən cavabdeh tərəfindən həmin borcun olmamasına və ya daha az olmasına dair hər-hansı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, iddia əsas borca münasibətdə təmin edilməlidir. Məhkəmə iddianın 100 manat dəbbə pulu ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsaslıdır və təmin edilməlidir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 mart 2021-cu il tarixli, 21/043 saylı gömrük təmsilçilik xidmətlərinin göstərilməsi müqaviləsinin 3.2-ci yarımbəndinə əsasən, alıcı hazırki müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödəniş etmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,1%-i həcmində cərimə tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər Məhkəmə həmçinin iddianın 10 manat dövlət rüsumunun və 20 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, ödənilməmiş 218,10 manat əsas borc, borcun gecikdirildiyi müddət üçün 100 manat dəbbə pulu, hüquqi yardımın göstərilməsi üçün 100 manat xidmət haqqı, 20 manat mediasiya xərci və 10 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 448,10 manat məbləğdə pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar