Məhkəmə qərarları › İş №e-2-2(121)-2331/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2331/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2331/2024 07.11.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20865.35 (iyirmi min səkkiz yüz altmış beş manat otuz beş qəpik) manat əsas borcun və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı “Holcim (Azərbaycan)” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə “Holcim (Azərbaycan)” ASC arasında Beton təchizatına dair O001587083 saylı, xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş malları satmış, cavabdeh isə satılan malı təhvil alıb dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilmiş mallar cavabdehə çatdırılmışdır, cavabdeh həmin malları yüknəqliyyat qaimələrini imzalayaraq və möhürləyərək təhvil almışdır. Cavabdehə malların satılması barədə elektron qaimələr və vergi hesab fakturalar göndərilmiş və cavabdeh tərəfindən təsdiq edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli üzləşmə aktını imzalamış və həmin tarixə 20865.35 (iyirmi min səkkiz yüz altmış beş manat otuz beş qəpik) manat borcunun olduğunun təsdiq etmişdir. Cavabdehə dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq cavabdeh borcunu ödəməmişdir. Cavabdeh göndərilmiş pretenziya məktubuna cavab olaraq bildirmişdir ki, borcu 1 ay ərzində ödəyəcəkdir. İddiaçı “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələblərinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh MMC ilə “Holcim (Azərbaycan)” ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, O001587083 saylı Beton təchizatına dair alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, Təchizatçı Sifarişçinin sifariş etdiyi məhsul və xidmətləri satmağı Sifarişçi isə bu məhsul və xidmətləri bu müqavilədə və onun əlavələrində göstərilən qiymət və şərtlərlə qəbul edərək dəyərini ödəməyi öz üzərinə götürür. 3.1-ci bəndinə əsasən, hər bir məhsul və xidmətin dəyəri Müqaviləyə əlavə edilən və onun ayrılmaz hissəsini təşkil edən Müqavilə üzrə əlavə sənədlərdə göstərilir. 4.1-ci bəndinə əsasən, Təchizatçının verdiyi hər bir hesab-faktura üzrə ödəniş müddəti həmin hesab-fakturanın verildiyi tarixdən hesablanmağa başlayır və Sifarişçinin Təchizatçı tərəfindən verilmiş hesab-fakturanın dəyərini ödəməyi öhdəsinə götürdüyü təqvim günlərinin sayma uyğun olur. Əlavələrdə başqa müddət nəzərdə tutulmayıbsa, Sifarişçi müvafiq hesabfakturanın qəbul etdiyi tarixdən öncə ödəməlidir. İş materiallarında olan nəqliyyat qaimələri və elektron qaimə fakturalardan görünür ki, Cavabdeh MMC ilə “Holcim (Azərbaycan)” ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, O001587083 saylı Beton təchizatına dair alqı-satqı müqaviləsi üzrə “Holcim (Azərbaycan)” ASC tərəfindən Cavabdeh MMC-nə beton məhsulları təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Üzləşmə aktı”na əsasən, Cavabdeh MMCnin xx.xx.2024-cü il tarixə “Holcim (Azərbaycan)” ASC-nə olan biorcunun 20865.35 manat təşkil etməsini tərəflər öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh MMC ilə “Holcim (Azərbaycan)” ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, O001587083 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 20865.35 manat məbləğində borcun xx.xx.2024-cü il tarixədək tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə, ilk növbədə iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, mübahisə tərəflərinin hər ikisi sahibkarlıq subyektləridirlər, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüquqlarının pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir və tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri onların həm birgə, həm də ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə əlaqəlidir. Buna görə də, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmeti və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakteri hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı istehsal etdiyi beton məhsulunu (bundan sonra “malları”) cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda cavabdehə təqdim etməklə onun mülkiyyətinə verməyə, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul vəsaitini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malları cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alğı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 600-cü maddələrində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə qeyd edilən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alğı-satqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçı tərəfindən müqavilənin obyekti olan malların cavabdehə təhvil verilməsi işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin tam şəkildə ödənilməməsi barədə iddiaçının tələbi təşkil edir. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı mallara görə ödənilməmiş 20865.35 manat borcunun qaldığını iddia edir. İddiaçı, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməyərək aldığı malların qiymətini tam ödəməməsi haqqında tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərinə, malların təhvil verilməsinə dair qaimələrə, tərəflər arasında imzalanmış üzləşmə aktına və borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad edir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddia ərizəsinə qarşı etiraz verməmiş, iddia tələbinin əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Lakin işdə olan üzləşmə aktından görünür ki, cavabdeh həmin aktı imzalamaqla iddiaçıya 20865.35 manat məbləğində borcunun mövcud olduğunu etiraf etmişdir. Məhkəmə, tərəflər arasında imzalanmış üzləşmə aktının hüquqi mahiyyətinə aydınlıq gətirilməsi məqsədi ilə qeyd edir ki, həmin sənəd mahiyyət etibarı ilə özündə borcun etirafına dair iradə ifadəsini ehtiva edir. Qeyd edilməlidir ki, üzləşmə aktı mahiyyət etibarı ilə əqddir və üzləşmə aktının digər əqdlərdən əsas fərqləndirici əlaməti, onun özlüyündə yeni və müstəqil mülki hüquq və vəzifələr yaratması xüsusiyyətindən çox, həmin aktı imzalayanlar arasında artıq mövcud olan mülki hüquq münasibətlərindən yaranan öhdəliyin etirafı xarakterində olmasıdır. Məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli üzləşmə aktının məzmunu ilə müəyyən edilən xüsusatlar işin mübahisəsiz hallarından biri kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Göründüyü kimi, cavabdeh xx.xx.2024-cü il tarixinə iddiaçıya 20865.35 manat məbləğində borcunun olmasını xx.xx.2024-cü il tarixli Üzləşmə aktı ilə etiraf etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh borcunu etiraf etdiyinə və onun tərəfindən mübahisələndiriməmiş Üzləşmə aktı mövcud olduğuna görə həmin hissədə iddiaçı sübutetmə vəzifəsindən azad olunmuşdur. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, üzləşmə aktı ilə müəyyən edilmiş hal, yəni cavabdehin xx.xx.2024-cü il tarixə iddiaçıya 20865.35 manat məbləğində borcunun olması işin mübahisəsiz halı kimi qəbul edilməlidir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, onların dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyinə görə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdehndən 20.865,35 manat məbləğində əsas borc və ödənilmiş 153 manat dövlət rüsumu olmaqla, cəmi 21.018,35 manat məbləğində pul tutularaq iddiaçı “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar