Məhkəmə qərarları › İş №e-2-2(121)-2332/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2332/2024

21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2332/2024 21.11.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı"xxxx" ASC-nin xeyrinə 5.904.03 (beş min doqquz yüz dörd manat 03 qəpik) manat məbləğində pulun, habelə 80 (səksən) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2023-cü il tarixli, **********817000 nömrəli çıxarışı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin təşkilatı hüquqi forması İddiaçı Açıq Səhmdar Cəmiyyətinə dəyişdirilmişdir) ilə (bundan sonra "İddiaçı") sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh arasında (bundan sonra "Cavabdeh") bağlanmış 725/2021 nömrəli 01 iyun 2021-ci il tarixli müqaviləyə əsasən “Norm” sement məhsullarının alqı-satqısı nisyə qaydasında həyata keçirilmişdir. İddiaçı ilə Cavabdeh arasında imzalanmış müqaviləyə əsasən, İddiaçı Norm sement məhsullarını Cavabdehə sataraq onun satış ünvanına çatdırmağı, Cavabdeh isə malları qəbul edərək onun dəyərini razılaşdırmış vaxta İddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2022-ci il tarixli elektron qaimələrə əsasən müəyyən edilmişdir ki, Cavabdeh 16830,02 (on altı min səkkiz yüz otuz manat 02 qəpik ) manat dəyərində Norm sement məhsulları satılmış, cavabdeh isə 10925,99 (on min doqquz yüz iyirmi beş manat 99 qəpik) manat pul ödəmiş, qalıq 5904,03 (beş min doqquz yüz dörd manat 03 qəpik) manat məbləğində pul isə bu günə kimi ödənilməyərək iddiaçı "xxxx" ASC-yə cəmi 5904,03 (beş min doqquz yüz dörd manat 03 qəpik) manat borcu mövcud olmuşdur. xx.xx.2024-cü il tarixdə Cavabdehin elektron kabinetinə pretenziya məktubu göndərilmişdir. Lakin,cavabdeh borcun ödənilməsi ilə bağlı heç bir addım atmamışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etmədiyini, iddiaçı tərəfindən malların şəxsən ona təhvil verilmədiyini, malların ona məxsus olan mağazada işləyən oğlu Yusifə təhvil verildiyini, Yusifin isə təhvil aldığı malların dəyərini tam şəkildə ödədiyini bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, tərəflərin məhkəmə iclasında verdikləri izahatlarına və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2013-cü il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2021-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və halhazırda ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 725/2021 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, bu müqaviləyə görə “Satıcı” bu müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi sayılan hər bir Əmtəə-Nəqliyyat Qaiməsində göstərilən “Norm” sement hazır məhsulları (bundan sonra “Mal” və ya “Mallar”) “Alıcı”ya sataraq onun mülkiyyətinə verməyi, “Alıcı” isə həmin Malları qəbul edərək, müvafiq Əmtəə-Nəqliyyat Qaiməsində və müqavilədə Malın müəyyənləşdirilmiş dəyərini “Satısı”ya ödəməyi öhdələrinə götürürlər. 1.2-ci bəndinə əsaən, müqavilə üzrə malların 1 tonunun qiyməti “Norm” sement məhsullarından “Klass A” markası üçün 165 manat və “Klass B” markası üçün isə 150 manat təşkil edir. 2.3-cü bəndinə əsasən, “Alıcı” Əmtəə-Nəqliyyat Qaiməsi üzrə qəbul etdiyi malların dəyərini alqı-satqıda əvvəlcədən, nisyə alqı-satqı zamanı isə malın Alıcı tərəfindən öz anbarında təhvil alındıqdan etibarən 15 gün ərzində Satıcıya tam ödənilməsini təmin edir. 7.1-ci bəndinə əsasən, bu müqavilə bağlandığı (imzalanaraq möhürlə təsdiqləndiyi) andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Bu müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda bu müqavilə eyni müddətə uzadılmış sayılır. İş materiallarında olan xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2022-ci il tarixli elektron qaimələrin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh göndərilmiş sement məhsulunun ümumi dəyəri 16824,02 manat təşkil etmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarının surətindən görünür ki, "xxxx" ASC-nin bank hesabına ümumilikdə cəmi 10820 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan hər iki tərəfin imzası ilə təsdiq edilmiş “Yoxlama aktı”ndan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə olan qalıq borcun məbləği 7542 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 725/2021 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış 6004 manat məbləğində borcun 5 gün müddətində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (alğısatqı müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını mübahisəsiz şəkildə şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tədarük etdiyi malları cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda cavabdehə təqdim etməklə onun mülkiyyətinə verməyə, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul vəsaitini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malları cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Cavabdeh isə malların ona məxsus olan mağazada işləyən oğluna təhvil verildiyini, təhvil verilmiş malların dəyərinin tam şəkildə ödənildiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alğı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-ci paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 600-cü maddələrində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə qeyd edilən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alğı-satqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçı tərəfindən təhvil verilmiş malların ümumi dəyərinin 16824,02 manat məbləğində olması (elektron qaimələrə əsasən), təhvil verilmiş mallara görə iddiaçının bank hesabına cəmi 10820 manat məbləğində pul vəsaitinin köçürüldüyü (ödəniş tapşırıqlarına əsasən) və xx.xx.2022-ci il tarixə Cavabdeh qalıq borc məbləğinin 7542 manat təşkil etməsi (yoxlama aktına əsasən) işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin tam şəkildə ödənilməməsi barədə iddiaçının tələbi təşkil edir. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı mallara görə ödənilməmiş 5904,03 manat məbləğində borcunun qaldığını iddia edir. İddiaçı, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməyərək aldığı malların qiymətini tam ödəməməsi haqqında tələbininin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilə şərtlərinə, cavabdehə göndərilmiş elektron qaimələrə, yoxlama aktına və borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad edir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsinin sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin üzərinə düşməsinə baxmayaraq, cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, cavabdeh malların iddiaçı tərəfindən şəxsən ona təhvil verilmədiyini bildirsə də, malların ona məxsus olan mağazada işləyən oğlu Yusifə verildiyini etiraf etmişdir. Həmçinin cavabdeh oğlu Yusif tərəfindən təhvil alınmış malların dəyərinin iddiaçıya tam şəkildə ödənildiyini iddia etsə də, bu halı təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı, işdə olan elektron qaimə-fakturalara əsasən göndərilən malların dəyəri ilə işdə olan ödəniş tapşırıqlarına əsasən iddiaçıya ödənilmiş vəsaitin fərqindən qalıq borc məbləğinin 6004,02 manat olması, eləcə də yenə işdə olan yoxlama aktına əsasən xx.xx.2022-ci il tarixə Cavabdeh qalıq borc məbləğinin 7542 manat təşkil etməsi öz təsdiqini tapır. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, malların verilməsi barədə elektron qaimələri, ödəniş tapşırıqlarını, yoxlama aktını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan malların qiymətini təşkil edən 5904,03 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Tələb olunan 5904,03 manat məbləğində borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin qeyd olunduğu kimi cavabdeh həmin halı mötəbər dəlillərlə sübut edə bilməmişdir. Buna görə də, məhkəmə əsas borc qalığı kimi tələb olunan 5904,03 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğu üçün iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbi əsaslıdır və buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 01 iyun 2021-ci il tarixli, 725/2021 nömrəli nömrəli alğı-satqı müqaviləsi üzrə 5904,03 manat məbləğində borc və 80 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5984,03 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar