Məhkəmə qərarları › İş №e-2-2(121)-2343/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2343/2024

09.08.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2343/2024 09.08.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 6187,54 manat ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 6187,54 manat məbləğində (o cümlədən, vergilər üzrə 4645,3 manat, faizlər üzrə 1542,24 manat) olmaqla, ümumilikdə 6187,54 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsi və Maraqlı şəxs ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmiş, maraqlı şəxs isə məhkəmə iclasına gəlməmişdir. Ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin məhkəmə iclasına gəlməmələri işə baxılmasına mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək hesab edir ki, ərizə əsassızdır. Buna görə də ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Maraqlı şəxs dövlət büdcəsinə ümumilikdə 6187,54 manat məbləğində borcu vardır. İşdən görünür ki, yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildiriş göndərilmişdir. Lakin borcun ödənilməsi iş materialları ilə müəyyən olunmur. İşdən görünür ki, yaranmış borc məbləğinin 5 gün müddətində dövlət büdcəsinə ödənilmədiyi halda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə qanunvercilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi barədə vergi ödəyicisinə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-12/2-Hxx-xx/2024 nömrəli məktubundan görünür ki, Maraqlı şəxs xx.xx.2024-cü il tarixli müraciətinə 5 saylı Ərazi Vergilər İdarəsində baxılmışdır. Maraqlı şəxs şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixə vergilər üzrə ödənilməmiş borcu yoxdur. Göründüyü kimi, məhkəməyə ərizə verilməsi üçün əsas dövlət büdcəsinə olan 6187,54 manat borc olmuşdur. Vergi ödəyicisi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyindən, hesablanmış borcların ödənilməsini təmin etmək üçün ərizəçi - Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23.1.15-3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə müvafiq olaraq, onun (icra orqanının rəhbərinin) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin maraqlı şəxs dövlət büdcəsinə olan borcunu ödədiyinə görə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 (X2) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 26 may 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Bu normada təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilir ki, maraqlı ərizə ilə məhkəməyə müraciət etmək üçün əsas olmuş vergi öhdəliklərini yerinə yetirmişdir. Buna görə də məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, qeyd olunan xüsusat ərizənin rədd edilməsi üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 355- 7-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar