Məhkəmə qərarları › İş №e-2-2(121)-239/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-239/2020

10.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-239/2020 10.03.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5.684,45 manat borcun və 30 manat dövlət rüsumunun, cəmi 5.714,45 manat pul vəsaitinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2005-ci il tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının, texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə veilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli, 132-LD/15 nömrəli lizinq müqaviləsinə əsasən borclu satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə ümumi dəyəri 16 961,92 manat olmaqla 12 baş damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh damazlıq heyvanların dəyərindən 8.480,96 manat məbləğində ödəniş aparmış, qalan məbləği isə lizinq ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, İddiaçı ASC-nin əməkdaşları tərəfindən Cavabdeh təsərrüfatına baxış keçirilən zaman 12 baş damazlıq heyvanlar orada aşkar olunmamışdır. Bu barədə Cəmiyyətin əməkdaşları tərəfindən akt tərtib edilmişdir. Cavabdeh öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbardarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmə hüququ izah olunmuşdur. Cavabdeh ünvanlanmış bildiriş xx.xx.2020-ci il tarixində qəbul edilmişdir. Lakin cavabdeh tərəfindən məhkəmənin bildirişinə münasibət bildirilməmiş və məhkəməyə heç bir etiraz təqdim edilməmişdir. Ona görə də işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 132-LD/15 nömrəli dövlət vəsaiti hesabına idxal olunmuş İddiaçı ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqavilədən görünür ki, İddiaçı ASC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında lizinq müqaviləsi bağlanmış, lizinq verən damazlıq heyvanları ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra “lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 illik müddətə lizinqə verilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2019-cu il tarixli lizinqə verilmiş cins damazlıq heyvanların inventarizasiyanın surətindən görünür ki, Cavabdeh müqavilə üzrə verilmiş 12 baş damazlıq heyvanlar yoxdur və onun cəmi borc qalığı 5.684,45 manat təşkil edir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı pretenziya məktubunda qeyd edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə damazlıq heyvanlar lizinqə götürülmüşdür. Lakin üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, İddiaçı ASC-nin əməkdaşları tərəfindən onun təsərrüfatına baxış keçirilən zaman 12 baş damazlıq heyvanlar orada aşkar olunmamışdır. Həmin heyvanlara görə onun 5.684,45 manat borcu yaranmışdır. Qeyd olunanlara əsasən 5.684,45 manat məbləğində vəsaitin tez bir zamanda İddiaçı ASC-yə ödənilməsi xahiş olunmuşdur. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş əsas borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və müqavilənin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkmə baxışı keçirilmədən və tərəflərin izahtları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanmış lizinq müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq lizinq müqaviləsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur (maddə 747.1). Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır (maddə 748-1.8). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748- 1.12.4). Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir (maddə 748-2.1, 748-2.1). Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir (maddə 748-10.1). Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-ci, 750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir (maddə 751). Mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Bununla yanaşı, lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır. Mülki Məcəlləyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Mülki Məcəllənin öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə müəyyən etdi ki, Cavabdeh xx.xx.2015-ci il tarixli, 132-LD/15 nömrəli müqaviləyə əsasən, lizinqə götürdüyü dəyəri 16.961,92 manat olan 12 baş damazlıq heyvanlar üçün 8.480,96 manat ödəniş etmiş, qalan 8.480,96 manat borcu 206-2018-ci illərdə (3 il ərzində) ödəməyi öhdəsinə götürmüş, müqavilə üzrə 5.684,45 manat borcu qalmışdır. xx.xx.2019-cu il tarixdə cavabdehin təsərrüfatına baxış keçirilərkən, heyvanlar aşkar olunmamışdır. Hazırda iddiaçı cavabdehdən 5.684,45 manat borcunu tələb edir. Cavabdehə borc məbləğinin ödənilməsi barədə xəbərdarlıq göndərilsə də, sonuncu lizinq müqaviləsi üzrə yaranmış borcunu ödəməmişdir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, lizinq müqaviləsi üzrə cavabdehdən 5.684,45 manat borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 217.4-cü və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 233, 284.6 və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5.684,45 (beş min altı yüz səksən dörd manat, qırx beş qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, cəmi 5.714,45 (beş min yeddi yüz on dörd manat, qırx beş qəpik) manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar