Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2408/2025 03.11.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı - pul tələbi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı – 24.182.25 manat qalıq borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 162,55 manat dövlət rüsumunu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, satıcı sifariş olunmuş malları təsdiqlədikdən sonra alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları alıcıya təhvil verməyi, alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Cavabdeh Lənkəran şəhərində yerləşən iki fərqli sahibkarlıq obyektində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. İlkin olaraq mallar Lənkəran şəhərində yerləşən “Taksim korner” restoranında təhvil verilmişdir. Təqdim edilmiş elektron qaimə-faktura sənədlərinə və təhvil qəbul aktlarından görünür ki, cavabdeh tərəfindən sifariş olunan mallar iddiaçı tərəfindən ona tam şəkildə təhvil verilmişdir. Həmin sahibkarlıq obyektinə təhvil verilən mallara görə cavabdeh iddiaçıya 3.180,16 manat qalıq borcu yaranmış və həmin borc tərəflər arasında tərtib edilmiş aktla təsdiq edilmişdir. Cavabdeh tərəfindən həmin borcdan bir qismi ödənilmiş və 3.030,16 manat qalıq borcu qalmışdır. Daha sonra malların digər hissəsi Lənkəran şəhərində yerləşən “X5” adlı sahibkarlıq obyektində cavabdehə təqdim edilmişdir. Həmin sahibkarlıq obyektinə təhvil verilən mallara görə isə cavabdehin 21.152,09 manat məbləğində qalıq borcu yaranmışdır. Bununla bağlı tərəflər arasında “borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə tərtib edilmişdir. Bağlanmış xx.xx.2024-cü il tarixli “borcun etirafı və ödəniş qaydası” haqqında müqavilənin 2.1-ci bəndinə əsasən, borclu kreditora 21.152,09 manat məbləğində borcun yarandığını tam etiraf edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, borclu borc məbləğini xx.xx.2024-cü il tarixdən, hər ay 7.050,70 manat olmaqla tam şəkildə kreditora ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, borclu tərəfindən ödəniş hər ayın bağlanıldığı günündə edilməlidir. Ödəniş ardıcıl olaraq 2 ay edilmədiyi təqdirdə, kreditor məhkəməyə müraciət edilə bilər. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, ümumi borc məbləği bu müqavilə ilə müəyyən edilmiş son tarixə tam ödənilmədikdə, borclu borc məbləğindən əlavə ödəmə tarixindən sonrakı hər gün üçün ümumi borc məbləğinin 0.5% miqdarında dəbbə pulunu kreditora ödəməyi öhdəsinə götürür. Həmin müqavilə üzrə də cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, cavabdehin birinci sahibkarlıq obyekti üzrə xx.xx.2024-cü il tarixli üzləşmə aktına əsasən 3.030,16 manat, ikinci sahibkarlıq obyekti üzrə xx.xx.2024-cü il tarixli “borcun etirafı və ödəniş qaydası haqqında” müqaviləsinə əsasən 21.152,09 manat olmaqla, ümumilikdə 24.182,25 manat qalıq borcu yaranmışdır. Lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, cavabdeh iddiaçıdan aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə Cəmiyyətə 24.182,25 manat məbləğində qalıq borcu qalmışdır. Təqdim edilmiş maliyyə arayışından da görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, cavabdehin xx.xx.2025-ci il tarixinə iddiaçıya olan qalıq borcu 24.182,25 manat təşkil edir. Borcun ödənilməsi ilə bağlı cavabdehə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh qalıq borcun ödənilməsini təmin etməmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək, məhkəmə iclasında iddianı müdafiə etdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyindən, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixli “alqı-satqı müqaviləsi” bağlanmışdır. İş materiallarında olan sənədlərdən (təhvil-qəbul aktılarının, təhvil-təslim aktının və elektron-qaimə fakturaların surətlərindən) görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh Elçın oğluna mallar satmışdır. Cavabdehin 24.182,25 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024cü il tarixli “borcun etirafı və ödəniş qaydası haqqında” müqaviləyə əsasən borclu kreditora 21.152,09 manat borcun yarandığını tam etiraf edir. İş materialında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, cavabdehə ödənilməmiş borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, müəyyən edilmişdirki, tərəflər arasında alqı-satqı müqaviləsi və “borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmış, hazırda cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar)ı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal(lar)ı almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır. Digər tərəfdən, iş materiallarından aydın olur ki, tərəflər arasında xx.xx.2024-ci il tarixdə “borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçının ona 21.152,09 manat borcunun olmasını etiraf etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Göründüyü kimi, mövcud borcun etirafı haqqında mücərrəd müqavilə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini ehtiva edən müqavilədir. Belə müqavilə yalnız o halda qüvvəyə malik olur ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilmiş olsun. Borcun etirafı haqqında müqavilədə tərəflərin hüquq və vəzifələri müqavilənin məzmununu əmələ gətirir. Müqavilənin məzmunu dedikdə isə müqavilənin bağlandığı və tərəflərin razılığa gəldikləri bütün şərtlərin məcmusu başa düşülür. Cavabdeh tərəfindən öhdəliklərinin gecikdirilməsi işin materialları ilə təsdiq olunur. Odur ki, iddiaçı qeyd edilən pul vəsaitinin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia göstərilən hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 162,55 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 24.182,25 manat məbləğində borc və 162,55 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Şirvan Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-2408/2025
Şirvan Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(121)-2408/2025
03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver