Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2431/2025 24.12.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, X11 qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı – pul tələbi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı – xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən cavabdeh tərəfindən müqavilələrin şərtlərinə uyğun olaraq mal göndərməməsinə görə cavabdehə ödənilən 462.911,94 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə bağlanan xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələr bağlanılmışdır. Həmin müqavilələrin 2-ci bəndində göstərilmişdir ki, satıcı alıcıya müasir standartlara uyğun keyfiyyətli materiallar verməli, əgər materiallar keyfiyyətsiz olarsa ekvivalent materiallar ilə dəyişdirilməli və ya geri götürülməlidir. Müqavilələrə uyğun olaraq cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Lakin müqavilələrdə nəzərdə tutulan 462.911,94 manat pul hissə-hissə cavabdehə ödənilmişdir. xx.xx.2021-ci il tarixdən müqavilə üzrə mal-materialların satışı üzrə 462.911,94 manat məbləğində EBBJ 207891, EBBJ 208621, EBBJ 208675 nömrəli qaimələrlə iddiaçıya mal təqdim edilmişdir. Həmin nömrəli elektron qaimə ilə iddiaçıya verilən mal-materiallar istifadə edildiyi zaman tələblərə uyğun olmadığı və yararsız vəziyətdə olduğu, istifadəsi mümkün olmadığı üçün geri qaytarılmışdır. Cavabdeh müqaviləyə uyğun olaraq mal-materiallar təqdim edəcəyini bildirsə də, müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir. Bu göstərilənlərlə əlaqədar cavabdehə dəfələrlə müraciət edilmişdir ki, aldığı pulu qaytarsın. Lakin cavabdeh müxtəlif bəhanələrlə pulun geri qaytarılmasını gecikdirmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli “iddia ərizəsinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən cavabdeh tərəfindən müqavilələrin şərtlərinə uyğun olaraq mal göndərməməsinə görə cavabdehə ödənilən 392.298,25 manat və 70.613,69 manat ƏDV borcu olmaqla, cəmi 462.911,94 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Dəqiqləşdirilmə barədə ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələr bağlanılmışdır. Həmin müqavilələrin 2-ci bəndində göstərilmişdir ki, satıcı alıcıya müasir standartlara uyğun keyfiyyətli materiallar verməli, əgər materiallar keyfiyyətsiz olarsa, ekvivalent materiallar ilə dəyişdirilməli və ya geri götürülməlidir. Müqavilələrə uyğun olaraq cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Lakin 462.911,94 manat pul hissə-hissə cavabdehə ödənilmiş, lakin əvəzində iddiaçıya heç bir mal-material verilməmişdir. xx.xx.2021-ci il tarixdə cavabdeh iddiaçıya xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixli qiymət razılaşma protokolu əsasında ƏDV ilə birlikdə 236.002,36 manat məbləğində EBBJ 208621 saylı elektron qaimə göndərilməyinə baxmayaraq, həmin qaimədə göstərilən malmateriallar iddiaçıya təhvil verilməmişdir. İddiaçı müqaviləyə uyğun olaraq malların keyfiyyətsiz olduğuna görə göstərilən malları qəbul etməmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçıya xx.xx.2021-ci il tarixli müqavilə üzre xx.xx.2021-ci il tarixli xx.xx.2021-ci il tarixli qiymət razılaşma protokolu əsasında ƏDV ilə birlikdə 61.709,58 manat məbləğində EBBJ 207891 nömrəli qaimə ilə iddiaçıya mal təqdim edilmişdir. Həmin nömrəli elektron qaimə ilə iddiaçıya verilən mal-materiallar, tələblərə uyğun olmadığı və yararsız vəziyətdə olduğu, istifadəsi mümkün olmadığı üçün geri qaytarılmışdır. xx.xx.2021-ci il tarixdə iddiaçıya xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixli qiymət razılaşma protokolu əsasında ƏDV ilə birlikdə 165.200 manat məbləğində EBBJ 208621 nömrəli qaimə ilə iddiaçıya mal təqdim edilmişdir. Həmin nömrəli elektron qaimə ilə iddiaçıya verilən malmateriallar, tələblərə uyğun olmadığı və yararsız vəziyətdə olduğu, istifadəsi mümkün olmadığı üçün geri qaytarılmışdır. Geri qaytarılan malların elektron qaimələri də cavabdeh tərəfindən ləğv edilmişdir. Cavabdeh müqaviləyə uyğun olaraq qaytarılan mal-materialların əvəzinə keyfiyyətli mal-materiallar təqdim edəcəyini bildirsə də, müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir. Bu göstərilənlərlə əlaqədar cavabdehə dəfələrlə müraciət edilmişdir ki, aldığı pulu qaytarsın. Lakin cavabdeh müxtəlif bəhanələrlə pulun geri qaytarılmasını gecikdirmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edərək, iddianı müdafiə etmiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X5 xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edərək, iddianı müdafiə edərək göstərmişdir ki, cavabdehin hesabına malların pulunu özü köçürmüşdür, lakin mallar keyfiyyətsiz olduğundan onları təhvil almamışlar. Belə ki, mallar təqdim edilsə də, onlar tərəfindən təhvil alınmadığından, cavabdeh tərəfindən müqavilə şərtlərinə uyğun olaraq geri götürülmüşdür. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edərək, iddiaya etiraz etmiş və göstərmişdir ki, Çin Xalq Respublikasından malların gəlməsinə dair gömrük sənədləri vardır. Keçən məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 malların təhvil verilməsinə dair sənədin olmamasını bildirsə də, sonradan belə bir sənədin mövcud olması məlum olmuşdur. Belə ki, bununla bağlı iltizam vardır. Sumqayıt şəhər İcra Hakimiyyəti sifarişçi olmuş və bu işlə əlaqədar olaraq yüksək məbləğ ayırılmışdır. Mallar cavabdeh tərəfindən Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi X6 təhvil verilmişdir. Qeyd edilən müqavilələr əsasında malların dəyəri də Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya tam şəkildə ödənilmişdir. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X4 xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edərək, iddiaya etiraz etmiş və məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndələrini, cavabdehin nümayəndələrini və şahid ifadəsini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 01/21 nömrəli, xx.xx.2021-ci il tarixli və 02/21 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilələr bağlanmışdır. İş materiallarında olan sənədlərin (ödəniş tapşırıqlarının, elektron qaimə-fakturaların, qiymətlərin razılaşdırılma protokollarının) surətlərindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənişlər edilmiş, lakin malları təhvil almamışdır. İş materiallarına əlavə olan gömrük bəyannamələrindən görünür ki, paslanmayan poladdan olan metallar Çindən Cavabdeh MMC-yə göndərilmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehə ödənişin geri qaytarılması ilə bağlı xəbərdarlıq məktubu (bildiriş) göndərmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli iltizamın surətindən görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəis müavini X3 Hüseynzadə adına Sumqayıt Şəhər Stationunun tikinti işi ilə bağlı paslanmayan polad, metal materialları və profilləri Cavabdeh MMC-nin direktoru X1 qəbul etmişdir. Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısına və İddiaçı MMC-nin direktoru Anar Mustafayevin müavini və atası Ağasəf Mustafayevə məlumat vermiş və o, bildirmişdir ki, stadionda ayırdığı iki boksa boşaltsınlar. Materialların boşaldılması barədə tərtib edilmiş iltizam Cavabdeh MMC-nin direktoru X2 təqdim edilmişdir. İş materiallarına əlavə olunan Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəis müavini X10 xx.xx.2025-ci il tarixli məktubla Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova müraciət edərək, göstərmişdir ki, geniş miqyaslı işlərdən olan Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunun inşasında mövcud olan layihə çox yöndəmsiz olduğuna görə tapşırıq verildi ki, təcili olaraq bu stadionun fasad, həyətyanı ərazisi yeni, estetik baxımdan tam yeni bir formatda işlənilməlidir. O da qısa bir vaxt ərzində bu yeni layihəni işləmişdir. Stadionun fasadının üzlük materiallarının gətirilməsini də bir şirkətə yönəltmiş və gətirmişdir. Baxmayaraq ki, stadion tikintisi tərəfindən hətta bir ilə hissə-hissə ödənişlərə görə birinci sifariş verilən (Çin Respublikasında) tam etiraz etmişdir. Yerli şirkət o qədər ziyana baxmayaraq, yenidən digər Çin zavodu ilə sifarişləri gətizdirib, təhvil verməyə tam nail oldu. Bu gətirilən materialların quraşdırılması vaxtı stadion tikən firma tərəfindən vəsaitləri yoxdur deyə, alkapon materialına keçid aldı (bu alkapona olan ödəniş nerj materialının quraşdırılmasından iki dəfə baha olmaqla) və başçının da göstərişi ilə çıxış yolu üçün deyildi ki, bu malları əvəzləşdirməklə (baxmayaraq ki, doğranmış materiallar idi) yönəltməyi ona tapşırılmış və o da bunun yerinə doğranmış materialları ziyanla yönəldərək aşağıdakı lazımi işləri etdirmişdir (bu 8 çeşid əlavə işlərə görə qəti vəsait ödənilməmiş, o “qaytarılan” materiallarla əvəzləşib) 1. Heykəl (nerj); 2. Bayraq kompleksi; 3. Girişdə tumba; 4. Girişdə reklam; 5. Girişdə elipsvari ərazi; 6. İnzibati binanın əsas girişində üç pilləli giriş konstruksiyaları; 7. Bir ədəd nümunənin (montaj üçün) hazırlanması və quraşdırılması; 8. Layihələndirmə və s. (bu 8 çeşid işlərə görə bir manat də əlavə vəsait ödənilməmiş, əvəzləşmişdir). Əlavə ödənilən vəsait aşağıdakılara görə olub: 9. stadionun fasadın alkapon ilə üzlənməsinə, 10. 11. 12. inzibati binanın interyerində sərgi, muzey, stadion meydanında tərtibat işlərinə və s.; stadionda sektorlar, reklam panoları, oturacaq nömrələrinə görə ödənilib (baxmayaraq ki, burada da o, ziyan etmişdir). Üzərindən dörd il keçib, bu tikinti firması o nerj gətirən firmanı məhkəməyə verib ki, bu malları qaytarmalı idi və onlara tam ödənişləri ödəməli idi. Birincisi, qanunla 14 gün müddətində malların guya keyfiyyətsiz olunması haqda, dəyişdirilməsi üçün müraciət olunmalı idi. İkincisi, gətirilən materiallar müqavilədə nə forma yazılıbsa, o formada da olub (bunu mal gətirən bildirib də). Üçüncüsü, o malların bir qismini o, həmin vaxt Sumqayıt ŞİH-nin Memarlıq və Şəhərsalma idarəsinin rəis müavini, bu layihənin müəllifi kimi kömək məqsədi ilə etmişdir və hətta yeni etdiklərinə görə ona əslində bu stadion tikintisinin borcu da qalmışdır. Ən qəribəsi budur ki, bu firma hətta qəti şəkildə bu görülən 8 çeşid işləri rəsmiləşdirməmişdir. 08 avqustda Şirvan şəhərində olan ilk məhkəmədə bunlar ona bildirilsə də, ona demişdir ki, İcra hakimiyyətinin ona 6.000.000 manat borcu var. O, bildirmişdir ki, bunları rəsmiləşdirməli və əvəzləşdirməli idilər. Necə bəs onlar edilib? O, bu görülən işləri bəs necə görmüşdür? Nerj material əvəzləşməsi olmayıbsa, o, hardan və necə onlara verə bilər? Ya gərək ona veriləydi, ya da bu materialları əvəzləşdirməli idilər. Ediblər də, niyə sənədlə havada saxlamışlar? Dedi get al gətir. Göstərilənlərə əsasən bu işin həll edilməsini xahiş etmişdir. Cavabdehin vəkilinin vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X10 xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, 2020- 2022-ci il tarixlərində Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəis müavini vəzifəsində işləmişdir, həmçinin bu işin layihə rəhbəridir. Sifarişçi və icraçını, yəni İddiaçı MMC və Cavabdeh MMC-nin qanuni nümayəndələrini tanıyır. Müqavilə İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış, Sumqayıt şəhər İcra Hakimiyyəti sifarişçi olmuşdur. Onun təklifi ilə materiallar Cavabdeh MMC-dən sifariş edilmişdir. Sifariş əsasında stadionun fasadı üçün təxminən 200.000 manat dəyərində (ƏDV daxil 395.000 manat) nerjavika setkası alınmışdır. Layihə müəllifi olduğu üçün Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının göstərişi əsasında malları özü təhvil almış, lakin təhvil-təslim aktı imzalanmamışdır. Sifarişçi, yəni Sumqayıt şəhər İcra Hakimiyyəti pulu İddiaçı MMC-nin hesabına köçürmüşdür. Hazırlanmış nümunəni bəyənmədikləri üçün alkapon materialına keçdilər. İltizam verməyə səlahiyyəti olduğu üçün materiallar stationun anbarına yığılmışdır. Dəmirlərin bir qismini rəsmiləşdirmədən satmışdır. Həmin istifadə edilməyən materiallar İddiaçı MMC-nin razılığı ilə heykəllərlə əvəz edilmişdir. Bu barədə İddiaçı MMC-nin direktoru Anar Mustafayevin müavini və atası Ağasəf Mustafayevə məlumat vermişdir. Həmin iltizamda Sumqayıt şəhər İcra Hakimiyyətinin möhürü, həmçinin Sumqayıt şəhər İcra Hakimiyyətində iltizamın nüsxəsi yoxdur. Hazırlanmış heykəl və əlavə 5 iş onun tərəfindən görülmüşdür. Heykəllərin dəyəri yüksək olduğu üçün 250.000 manat dəyərində işi 400.000 manat məbləğində işlə əvəz etmişdir. Beləliklə, işin həqiqi halları ilə, tərəflərin nümayəndələrinin izahatları və şahid ifadəsi ilə, habelə işin materialları ilə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqavilələri bağlanmış, iddiacı qeyd edilən müqavilələr üzrə malların dəyərini cavabdehə ödəmiş olsa da, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və malları iddiaçıya təhvil verməmişdir. Qeyd edilən müqavilələr üzrə malların dəyərinin iddiaçı tərəfindən cavabdehə ödənilməsi, habelə malların cavabdeh tərəfindən iddiaçıya deyil, həmin dövrdə Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəis müavini vəzifəsində işləmiş X6 təhvil verilməsi işin mübahisəsiz hallarındandır. İşin mübahisələndirilən halları ondan ibarətdir ki, qeyd edilən müqavilələr əsasında mallar cavabdeh tərəfindən iddiaçıya təqdim edilsə də, keyfiyyətsiz olmasına əsaslanaraq həmin mallar iddiaçı tərəfindən təhvil alınmamış, buna görə də cavabdeh malları geri götürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilələr əsasında iddiaçıdan malların dəyərini almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin müqavilələrdə nəzərdə tutulmuş keyfiyyətli malları iddiaçıya təhvil verməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında malların dəyərini almasına dair hüququndan istifadə etmiş, lakin həmin malları iddiaçıya təhvil verməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı əsas borcun və ƏDV məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia əsaslıdır. Odur ki, iddianın təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaya etirazının əsası kimi göstərilən hallar məhkəmə iclasında işin hər hansı halı ilə müəyyən edilmədiyindən, etirazın dəlilləri əsassızdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 392.298,25 manat məbləğində əsas borc, 70.613,69 manat məbləğində ƏDV, cəmi 462.911,94 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-2431/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2431/2025
24.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver