Məhkəmə qərarları › İş №e-2-2(121)-2463/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2463/2023

15.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2463/2023 15.12.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, İddiaçı MMCnin Cavabdeh qarşı - pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən müqavilənin şərtlərinin icra edilməməsi nəticəsində yaranmış 4.482,48 manat pul məbləği Cavabdeh alınıb İddiaçı MMC-yə qaytarılması, həmçinin 300 manat məbləğində hüququ yardım üçün və 65 manat məbləğində mediasiyaya dair xərclər, ümumilikdə 4.847,48 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh məxsus Xəzər market arasında xx.xx.2022-ci il tarixli 0527 nömrəli malların təchizatı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən məhsulun dəyərinin ödənilməsi Təchizatçı tərəfindən göndərilmə vaxtı mövcud olan qiymətlə məhsulu aldıqdan sonra 30 (otuz) müddətində həyata keçirilir. Müqavilənin icrası ilə bağlı müxtəlif dövrlərdə cavabdehin sifarişi əsasında ona müxtəlif növ məhsullar təhvil verilmiş və həmin məhsulların ödənişi cavabdeh tərəfindən həyata keçirilmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixli 033949 nömrəli malların təhvil-qəbul aktı və EBCD seriyalı, 453197 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməsi, xx.xx.2022-ci il tarixli 023568 nömrəli malların təhvil-qəbul aktı və EBCD seriyalı, 478032 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməsi, xx.xx.2022-ci il tarixli 023589 nömrəli malların təhvil-qəbul aktı və EBCE seriyalı, 030486 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməsi, xx.xx.2022-ci il tarixli 036509 nömrəli malların təhvil-qəbul aktı və EBCE seriyalı, 409744 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməsi, xx.xx.2022-ci il tarixli 036530 nömrəli malların təhvil-qəbul aktı və EBCG seriyalı, 200449 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməsi və xx.xx.2022-ci il tarixli 036549 nömrəli malların təhvil-qəbul aktı və EBCE seriyalı, 409744 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməsi əsasında ümumilikdə 6167.99 AZN dəyərində müxtəlif növ məhsullar cavabdehə təhvil verilmişdir. Cavabdeh sözügedən qaimələr üzrə müyyən qədər ödənişlər etsə də, İddiaçı MMC-yə borcu yaranmışdır. Borcun təsdiqi ilə bağlı Cavabdeh nümayəndəsi – mühasibi Müseyib Mehdiyevin və İddiaçı MMC-nin nümayəndəsi Nəriman Cəlalzadənin iştirakı ilə xx.xx.2022-ci il tarixində Qarşılıqlı üzləşmə Aktı tərtib edilmişdir. Həmin akta əsasən Cavabdeh nümayəndəsi həmin tarixədək İddiaçı MMC-yə 5287.71 AZN borcu olduğunu öz imzası ilə təsdiq etmişdir. Cavabdeh qeyd edilmiş Qarşılıqlı üzləşmə Aktını tərtib etdikdən sonra elektron qaimə üzrə müəyyən ödənişlər etmiş, lakin 4482.48 AZN borcu qalmışdır. İddiaçı MMC həmçinin Cavabdeh ilə aralarında razılığın əldə edilməsi üçün ona müqavilə üzrə öhdəliklərin icra edilməsi üzrə təklif göndərərək 15 gün ərzində vaxt vermişdir. Cavabdeh qeyd olunmuş müddət ərzində 4482.48 AZN borcu ödəməyindən Mediasiya Şurasına müraciət edilmişdir, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Həmçinin tərəfimizdən mediasiya ilə bağlı 65 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdehin rəsmi qeydiyyat ünvanı üzrə xx.xx.2023-cü il tarixində bildirişin təqdim olunmasına baxmayaraq, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 0527 saylı malların təchizatı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən Təchizatçı özünün idxal etdiyi müxtəlif növ malları (bundan sonra “Məhsul” adlandırılacaq) Alıcını təchiz etməklə onun mülkiyyətinə verməyi, Alıcı isə həmin məhsulları qəbul edərək əvəzində bu Müqavilə və ona əlavələr və Qoşmalarla müəyyənləşdirilmiş qaydada və miqdarda pul məbləğini Təchizatçıya ödəməyi və öz adından həmin məhsulları yalnız ona təhvil verilən marketdə pərakəndə satışını həyata keçirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən məhsulun dəyərinin ödənilməsi Təchizatçı tərəfindən göndərilmə vaxtı mövcud olan qiymətlə məhsulu aldıqdan sonra 30 (otuz) gün müddətində həyata keçirir. Həmin müqavilənin 5.5-ci bəndinə əsasən ödəniş müddətinin Alıcı tərəfindən pozulduğu halda (əlavə razılaşmaya əsasən ödəniş müddətinin uzadılması zamanı) Təchizatçı Alıcıdan hər gecikdirmə günü üçün borc pulun 0,2 faizi həcmində dəbbə pulu tələb edə bilər. Həmin dəbbə pulu Alıcı tərəfindən ödənilməlidir. İş materiallarında olan malların təhvil-qəbul aktlarından görünür ki, ümumilikdə 6.167,99 manat məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Malların təhvil-qəbul aktları Cavabdeh tərəfindən imzalanaraq təsdiq edilmişdir. İşə əlavə edilmiş elektron qaimələrdən görünür ki, 453197 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1.289,18 manat, 478032 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1.342,29 manat, 030486 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 278,20 manat, 409744 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 395,02 manat, 200449 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1.575,87 manat, 973079 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1.287,43 manat, ümumilikdə 6.167,99 manat dəyərində müxtəlif növ məhsullar İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmişdir. İş materiallarında olan qarşılıqlı üzləşmə aktından görünür ki, xx.xx.2023-cü il tarixinə Cavabdeh "xxxx" MMC-yə olan borcu 4.482,48 manat məbləğində təşkil edir. Üzləşmə aktı tərəflərin imzaları ilə təsdiq edilmişdir. İşdən görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya (xəbərdarlıq) məktubu göndərmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, mediasiya prosesinin xərci olaraq 65 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı cavabdehə malların satılmasını öz üzərinə götürmüş, cavabdeh isə aldığı malların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin iddiaçı tərəfindən tərəflər arasında olan müqaviləyə əsasən öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən götürülmüş öhdəlik tam şəkildə yerinə yetirilməmişdir. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli üzləşmə aktı imzalanmışdır. Həmin akt İddiaçı MMC-nin nümayəndəsi və Cavabdeh tərəfindən imzalanaraq təsdiq edilmişdir. Həmin üzləşmə aktında cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixə 4.482,48 manat borcunun olması əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Göründüyü kimi, cavabdeh iddiaçıya olan borcunu xx.xx.2023-cü il tarixli üzləşmə aktı ilə etiraf etmişdir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də iddia əsaslıdır. Odur ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə, həmçinin iddianın 65 manat mediasiya xərcinin cavabdehdən tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, iddia tələbinin “hüquqi yardımla bağlı ödənilmiş 300 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Qeyd edilənlərə əsasən, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, o cümlədən hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğin müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdehdən 300 manat məbləğində pul tutularaq iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 0527 saylı malların təchizatı müqaviləsi üzrə 4.482,48 manat borc, 300 manat hüquqi yardım üçün və 65 manat mediasiya xərci olmaqla, ümumilikdə 4.847,48 (dörd min səkkiz yüz qırx yeddi manat, qırx səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar