Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2475/2024 03.10.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 9373,98 manat məbləğində borcun, 937,00 manat cərimənin və 120,94 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin İmişli filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 11 saylı alğı-satqı müqaviləsinə əsasən İmişli rayonu, Qaralar kəndi ərazisində 32,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 18715,72 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 260,00 manat məbləğində çöp doğrama, 2423,00 manat məbləğində şum, 1122,00 manat məbləğində mala, 480,00 manat məbləğində çiyid səpini, 480,00 manat məbləğində kultivasiya, 510,00 manat məbləğində kultivasiya gübrə, 512,00 manat məbləğində boroza, 806,00 manat məbləğində dərman səpini, 6989,86 manat məbləğində gübrə və dərman, 1480,00 manat məbləğində lifsiz çiyid, 1904,00 manat məbləğində əlavə xərclər, 1748,86 manat məbləğində pambığın yığımına görə ödənilən avans vəsait, ümumilikdə, 18715,72 manat məbləğində dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. “Cavabdeh” müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 14179,29 kq, 9842,11 manat məbləğində xam-pambıq təhvil vermiş, 2022- 2023-cü il mövsümündən ödənilməyən 500,37 manat borc nəzərə alınmaqla çəkilmiş xərclərdən hazırkı dövrə kimi 9373,98 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “İddiaçı’ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Eyni zamanda, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 2.2.3-ci bəndinə əsasən alıcı tərəfindən göstərilən servis xidmətlərin, nisyə verilən nəğd pul vəsaitini, mineral gübrənin, pestisidlərin və toxumun dəyərini müqavilənin 2.2.3-ci bəndində nəzərdə tutulan müddətdə tam şəkildə “Alıcı”ya ödəyir, əks halda hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0,1% həcmində, 10% artıq olmamaq şərtilə “Satıcıya” cərimə ödəyir. Göründüyü kimi Cavabdeh xx.xx.2021-ci il tarixdən ötən müddət ərzində borcun ödənilməsi ilə bağlı öhdəliyi icra etməkdən imtina etməklə, Cəmiyyətin mənafeyinə zərər vurmuş, bununla da onun barəsində müqavilənin 2.2.3 bəndlərinə əsasən ödənilməyən məbləğin 10% həcmində 937,00 manat məbləğində cərimə tətbiq edilməlidir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan fiziki şəxs sahibkarlıq subyekti haqqında məlumatdan görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2008-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda İmişli rayonu, Qaralar kəndi ünvanında qeydiyyatdadır. İş materiallarında olan İddiaçı MMC-nin İmişli filialının direktoru X3 ilə İmişli rayonu, Qaralar kənd sakini Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 11 nömrəli alqisatqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, müqavilənin predmetini “Alıcı” tərəfindən “Satıcı” Cavabdehna məxsus İmişli rayonu, Qaralar kəndində yerləşən 32 ha torpaq sahəsində pambığın əkilib becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, “Satıcı” tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində, “Alıcı”ya təhvil verilməsi və “Alıcı” tərəfindən “Satıcı”nın borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir; 2.2.2-ci bəndinə əsasən, istifadə etdiyi pambıq toxumunun, kənd təsərrüfatı texnikası ilə göstərilən xidmətin, gübrə və pestisidlərin, göstərilən digər xidmətlərin dəyərini “Alıcı”ya ödəmək üçün, (hər hektardan -25 sentnerdən az olmamaqla) yetişdirdiyi yüksək keyfiyyətli xam-pambığı son məhsuladək, xx.xx.2007-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam-pambığın yığılması və tədarükünə dair” Təlimatın tələblərinə müvafiq qaydada xx.xx.2022-ci il tarixədək “Alıcı”ya təhvil verir; 2.2.3-cü bəndinə əsasən, “Alıcı” tərəfindən göstərilən servis xidmətlərin, nisyə verilən nəğd pul vəsaitini, mineral gübrənin, pestisidlərin və toxumun dəyərini müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulan müddətdə tam şəkildə “Alıcı”ya ödəyir, əks halda hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0.1% həcmində, 10%-dən artıq olmamaq şərti ilə “Satıcı”ya cərimə ödəyir; 2.2.4-cü bəndinə əsasən, “Alıcı” dan borc kimi aldığı vəsaitdən yalnız bu müqavilədə nəzərdə tutulan pambığın becərilməsi üçün istifadə edir, xərclərin təyinatı barədə mövsüm ərzində mütəmadi olaraq, “Alıcı”ya hesabat verir və aldığı borcun tam şəkildə qaytarılmasını təmin edir; 2.2.7-ci bəndinə əsasən, Hazırki müqavilənin pozulmasına yönəlmiş hərəkətlərə yol vermir, pambığın becərilməsi, o cümlədən suvarma, kənd təsərrüfatı texnikalarından, mineral gübrədən və toxumdan istifadə zamanı, habelə “Alıcı”dan aldığı borcun qaytarılması ilə bağlı yaranan problemlər barədə dərhal “Alıcı”ya məlumat verir; 3.2-ci bəndinə əsasən, məhsulun olmaması və ya az olması “Satıcı-Fermer”i göstərilmiş xidmətlərin, alınmış vəsaitin, nisyə alınmış toxum, mineral gübrə və pestisidlərin dəyərinin ödənilməsi öhdəliyindən azad etmir; 4.1-ci bəndinə əsasən, “Alıcı” nəmlik, zibillik və növünə görə qüvvədə olan təlimat və standartlara əsasən xam pambığı “Fermer”dən (istehsalçıdan) aşağıdakı qiymətə qəbul edir: İ növ -650 AZN/ton, İİ növ – 630 AZN/ton, İİİ növ – 590 AZN/ton, İV növ – 550 AZN/ton; 7.1-ci bəndinə əsasən, hazırki müqavilə imzalandığı gündən qüvvəyə minir və müqavilədən irəli gələn öhdəliklər tam icra olunanadək qüvvədədir. İş materiallarında olan avans xidmət barədə aktların surətlərindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh sahəsində müvafiq aqrotexniki işlər görülmüş və mallar təhvil verilmişdir. İş materiallarında olan iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzalannmış xx.xx.2024-cü il tarixli “İş və xidmətlərin yerinə yetirilməsi aktı”ndan görünür ki, Cavabdeh İddiaçı MMC-nə olan yekun borcunun məbləği 9372,36 manat təşkil etmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC tərəfindən pambığın becərilməsi ilə bağlı Cavabdeh verilmiş avansın məbləğindən ödəniməmiş 9373,98 manat məbləğində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmə, işin qeyd olunan faktiki hallarına əsasən müəyyən edir ki, iş üzrə tərəflər öz aralarında müqavilə bağlayaraq razılığa gəlmişlər ki, iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə müxtəlif aqrotexniki xidmətlərin göstərilməsini, həmçinin cavabdehə avans olaraq nağd pul vəsaitinin verilməsini, cavabdeh isə tədarük etdiyi xampambığın ilk olaraq iddiaçı tərəfindən göstərilmiş xidmətlərin, verilmiş malların və nağd pul vəsaitinin qaytarılması məqsədi ilə iddiaçıya verilməsini, bundan sonra tədarük ediləcək xam pambığın razılaşdırılmış qiymətə iddiaçıya satılmasını öhdələrinə götürürlər. Həmin razılığa əsasən iddiaçı cavabdehə ümumilkdə 18715,72 manat məbləğində avans verməsinə baxmayaraq, bunun müqabilində cavabdehin 9842,11 manat məbləğində xampambıq təhvil verdiyini, 2022-2023-cü il mövsümündən ödənilməyən 500,37 manat borc nəzərə alınmaqla çəkilmiş xərclərdən hazırkı dövrə kimi 9373,98 manat məbləğində borcu qaldığını iddia edir. Məhkəmə ilk növbədə tərəflər arasında yaranmış hüquq münasibətinin xarakterini aşkara çıxararaq ona hüquqi qiymət verməyi, bununla da iddia tələbinin maddi hüquqi əsasını müəyyən etməyi zəruri sayır. Məhkəmə işdə olan sənədlərə əsasən müəyyən edir ki, iddiaçı xam pambığın alğısatqısına dair razılığa gəldiklərini nəzərə alaraq pambığın əkilməsi üçün cavabdehə avans olaraq müvafiq xidmətlər göstərmiş, iş görmüş, mal-material və nağd pul vəsaiti vermişdir. İddia ərizəsinin məzmunundan və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından, eləcə də işin mübahisə olunmayan faktiki hallarına əsasən gəlinən qənaətdən belə nəticə çıxarmaq olur ki, iddiaçı tərəfindən avans olaraq cavabdehə göstərilmiş xidmətlərin və s. təyinatı alınan əşyanın qabaqcadan qismən ödənilməsindən ibarət olmuşdur. Məhkəmə, şərh olunanları nəzərə alaraq tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır və həmin münasibətlər struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki,iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərin təyinatı cavabdehin ona məxsus olan sahədən məhsul əldə etməsinə və sonradan həmin məhsulun razılaşdırılmış qiymətlərlə iddiaçıya satılmasına nail olmaqdan ibarət olmuşdur. Bu isə son nəticədə tərəflər arasında cavabdehin istehsal etdiyi məhsulun alqı-satqısının həyata keçirilməsi barədə konsensual razılığın əldə edildiyini göstərir. Buna görə də məhkəmə hesab edir ki, işin müəyyən edilən faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsinin alğı-satqı müqaviləsinin leqal tərifini nəzərdə tutan 567-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəlir. Bu səbəbdən, tərəflər arasında yaranmış hüquq münasibəti, onların müqavilə münasibətlərinə daxil olarkən güddükləri hüquqi niyyət və məqsəd nəzərə alındıqda alğı-satqı müqaviləsi kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüquqa malik olub-olmamasına və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmamasına münasibət bildirməyi vacib hesab edir. İşin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçının hazırki tələblə bağlı subyektiv hüququ tərəflər arasında bağlanılmış xam pambığın alğı-satqısına dair müqavilədən irəli gəlir. Həmin razılaşmanın şərtlərinə görə iddiaçı xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması məqsədi ilə cavabdehə xidmətlər göstərilməsi şəklində avans verilməsini öhdəsinə götürmüşdür. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı tərəfindən avans olaraq cavabdehə 18715,72 manat dəyərində işlər görülmüş, xidmətlər göstərilmişdir. Cavabdeh isə razılaşma üzrə öz üzərinə düşən öhdəliyi tam yerinə yetriməmiş, cəmi 9842,11 manat dəyərində olan xam pambıq təhvil vermiş və nəticədə onun iddiaçıya 2022- 2023-cü il mövsümündən ödənilməyən 500,37 manat borc nəzərə alınmaqla 9373,98 manat məbləğində borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, tələb olunan borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, həmçinin iddia ərizəsinə etiraz verməmiş, iddianın tam və ya qismən əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı Cavabdeh “İş və xidmətlərin yerinə yetirilməsi aktı”nı imzalayaraq İddiaçı MMC-nə 9373,98 manat məbləğində borcunun qaldığını etiraf etmişdir. Belə olan halda məhkəmə, tələb olunan borcun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə müəyyən olunur ki, iddiaçının hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququ vardır və həmin hüquq cavabdeh tərəfindən pozulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə olan halda məhkəmə, iddiaçı tərəfindən verilmiş avansın müqabilində cavabdehin ödənilməmiş borcunun qalmasının tam sübut olunduğu qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 578.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. İddiaçının cavabdehə verdiyi avansın qaytarılmayan hissəsinin tutulmasına dair itələbi həmçinin öhdəlik hüququnun ümumi normalarının tələblərindən də irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə görə, cavabdeh müqavilədə göstərilən həcmdə xam-pambıq təhvil vermədiyi təqdirdə cərimə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İşin halları ilə Cavabdeh tərəfindən öhdəlik götürdüyü miqdarda xam pambıq təhvil vermədiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış müqavilə üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən müqavilə üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas və faiz borcuna nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 937 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 90 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 11 nömrəli müqavilə üzrə 9373,98 manat məbləğində borc, 90 manat məbləğində cərimə və ödənilmiş 120,94 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 9584,92 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-2475/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2475/2024
03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver