Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-2476/2022 15.11.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7.211 manat əsas borcun, 1.080 manat dəbbə pulunun, ödənilmiş 100 manat mediasiya xərcinin və 10 manat dövlət rüsumunun, cəmi 8.401 manatın cavabdehdən alınıb iddiaçıya ödənilməsinə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında 28 dekabr 2019-cu il tarixdə bağlanılmış alqı-satqı müqaviləsi əsasında aldığı mebel dəstlərinə görə 7311 manat borcu yaranmışdır. 9 iyul 2021-ci il tarixdə həmin müqavilə əsasına verilmiş malların və ödənilmiş vəsaitin aylıq yoxlanılması zamanı borcunu təsdiqləyərək bu barədə tərtib olunmuş üzləşmə aktını imzalamışdır. Qeyd olunan məbləğdən müəyyən qədər ödəniş etdikdən sonra Cavabdeh bu günə olan borcu 7.211 manat olmuşdur. Lakin bu günə qədər borc məbləğini ödəməmişdir. Odur ki, müqavilə şərtlərinə və qanunun tələblərinə uyğun olaraq ondan 7.211 manat borcun və 1.080 manat dəbbə pulunun İddiaçı MMC-yə ödənilməsini tələb etmişdirlər. Cavabdehin Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İşin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28 dekabr 2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında malların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci yarımbəndinə əsasən, satıcı istehsal etdiyi və ya istehsalçı şirkətdən əldə etdiyi məhsullardan (mebel dəsti) alıcıya satmağı, alcı isə malı alıb müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə dəyərini satıcıya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Həmin müqavilənin 2.2-ci yarımbəndinə əsasən, satıcı və alıcı arasında hesablaşma nağd və ya köçürmə yolu ilə həyata keçirilir. Köçürmə yolu ilə aparılan ödəniş pul vəsaiti satıcının bank hesabına köçürüldüyü andan, nağd ödəniş isə satıcı tərəfindən imzalanmış ödəniş qəbzi verildiyi halda ödənilmiş hesab olunur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixinə 7.311 manat məbləğində borcunun olması barədə qarşılıqlı üzləşmə aparılmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış alğı-satqı müqaviləsi üzrə yaranmış borcun 3 iş gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 17 iyun 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında mebel dəstlərinə dair alqı-satqı müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən cavabdehə mallar verilmişdir. Cavabdeh malları təhvil alsa da, malların dəyərini tam ödəməmişdir. Bundan əlavə, cavabdeh iddiaçıya 7.311 manat borcunu xx.xx.2021-ci il tarixli üzləşmə aktı ilə etiraf etmişdir. Bununla da, iddiaçının cavabdehdən tələb etdiyi məbləğ cavabdehin imzası ilə təsdiq edilən üzləşdirmə aktı ilə tam sübuta yetirilir. Məhkəmə, cavabdehin iddiaçı qarşısında öhdəliklərini yerinə yetirmədiyi iş materialları ilə tam sübuta yetirildiyindən hesab edir ki, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ümumilikdə 7.211 manat borcunun olması öz təsdiqini tapdığından, o cümlədən cavabdeh tərəfindən həmin borcun olmamasına və ya daha az olmasına dair hər-hansı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, iddia əsas borca münasibətdə təmin edilməlidir. Məhkəmə, iddianın 1.080 manat dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin 2.5-ci yarımbəndinə əsasən, ödəniş gecikdirildiyi halda hər gecikdirilən günə görə 0.5 % həddində dəbbə pulu hesablanacaqdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 108 manat məbləğində penya (dəbbə pulu) tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunverciliyin yuxarıda qeyd olunan normasına əsasən hesab edir ki, iddia qismən təmin edildiyindən cavabdehdən 5 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, iddianın 100 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-5, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 7.211 manat əsas borc, 108 manat dəbbə pulu, 100 manat mediasiya xərci və 5 manat məbləğində dövlət rüsumu, ümumilikdə 7.424 (yeddi min dörd yüz iyirmi dörd) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-2476/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2476/2022
15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver