Məhkəmə qərarları › İş №e-2-2(121)-249/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-249/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-249/2021 16.03.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc olaraq 8.480 manat, əldən çıxmış fayda olaraq 848 manat, vəkilə ödənilmiş xərc olaraq 400 manat və 30 manat dövlət rüsumunun, cəmi 9.758 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh X5 arasında xx.xx.2018-ci il tarixli, 429 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Bağlanılmış müqavilə şərtlərinə əsasən, İddiaçı MMC fərdi sahibkar olan X3 “Epiray 3D” cihazını, kosmetoloji daşıyıcı, lampa lupa, stabilizator, tibbi yataq, kosmetoloji oturacaq, sentrifuqa və rollup tibbi ləvazimatlarını satmışdır. Cavabdeh X5 tərəfindən cihaz xx.xx.2018-ci il tarixdə təhvil alınmış və Zəmanət Talonuna əsasən, tərəflər öz imza və möhürləri ilə bunu təsdiq etmişlər. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 429 saylı alqı-satqı müqaviləsinə əsasən, qiymət razılaşma və ödəniş şərtləri müqaviləyə 1 saylı əlavə olan “Qiymət razılaşma və ödəmə şərtlərinə dair protokol”da qeyd olunmuşdur. Həmin protokola əsasən malın ümumi dəyəri 30.500 manat təşkil edir. Həmin Protokolun 1-ci bəndində əsasən, ilkin ödəniş 10.500 manat məbləğində, ilkin ödənişin 4.500 manat qalıq məbləği isə cihaz təhvil verildikdən sonra ödənilməli idi. Həmin protokolun 2-ci bəndinə əsasən isə, ödənişin qalan hissəsi olan 15.500 manat 15 ay ərzində, hər ay 1.033 manat məbləğində satıcıya ödənilməlidir. Tərəflərin təsdiq etdiyi üzləşmə aktına əsasən, cavabdeh X5 İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixinə olan borcu 6.380 manat təşkil etmiş və cavabdeh həmin qalıq borcu 5 ay ərzində ödəyəcəyini öz öhdəsinə götürmüş, əks halda əsas müqavilə dəyərinin 10% artırılacağı razılaşdırılmışdır. Lakin, cavabdeh X5 bugünədək aldığı malın dəyəri olan 5.430 qalıq borcu İddiaçı MMC-yə ödəməmişdir. Müqavilənin 3.1.1-ci maddəsində göstərilmişdir ki, satıcı müqavilə ilə müəyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək hüququ vardır. Eyni zamanda, müqavilənin 3.4.1-ci bəndində göstərilmişdir ki, alıcı əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməlidir. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqla (xx.xx.2020, xx.xx.2020-ci il tarixlərdə) qalan borcu ödəmələri barədə müraciət etmiş, əks halda əsas müqavilə dəyərinin 10% həcmində artırılacağı barədə xəbərdarlıq edilmişdir. Lakin, cavabdeh borcu ödəməmişdir. Hal-hazırda tərəflər arasında olan yazılı razılaşmaya əsasən cavabdeh X2 İddiaçı MMC-yə olan əsas borcu 8.480 manat təşkil edir. Bundan başqa əldən çıxmış fayda olaraq cavbdehdən Azərbaycan Respublikası Mərkəzi Bankının 2018-2019-cu illər üzrə uçot faiz dərəcəsinə əsasən hesablanmış olaraq 848 manat tələb edilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 izahat verərək bildirdi ki, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC tərəfindən ona verilən “Epiray 3D” cihazının dəyəri kimi ödənilməmiş 5.430 manat qalıq borcu qəbul edir, lakin iddianı qalan hissədə qəbul etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC (satıcı) X5 (alıcı) arasında bağlanılmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, satıcı ticarət predmeti olan “Epiray 3D” cihazını müqavilədə müəyyən olunmuş şərtlərlə alıcıya satmağı, həmçinin kosmetoloji daşıyıcı, lampa lupa, stabilizator, tibbi yataq, kosmetoloji oturacaq, sentrifuqa və rollup ləvazimatlarını hədiyyə olaraq satıcıya verir. Müqavilənin 2.1-ci bəndinə əsasən, malın qiyməti və ödəmə şərtləri müqavilənin 1 (bir) saylı əlavəsi olan qiymət razılaşma protokolunda öz əksini tapacaqdır. Müqavilənin 2.2-ci bəndinə əsasən, malın qiyməti sabitdir və hər hansı bir dəyişikliyə məruz qala bilməz. Müqavilənin 4.1-ci bəndinə əsasən, “Satıcı” Müqaviləyə uyğun olaraq “Alıcı” tərəfindən müqavilənin əlavəsi olan protokolda göstərilən şərtlərə uyğun ödəniş həyata keçirməyi və “Satıcı” isə öz növbəsində malı “Alıcı”ya təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə X5 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqavilənin 1 saylı əlavəsi olan “qiymət razılaşma və ödəmə şərtlərinə dair” protokola əsasən, malın dəyəri 30.500 manat təşkil edir, alıcı ilkin ödəniş olaraq 10.500 məbləğində ödəniş etməyi, ilkin ödənişin qalıq 4.500 manat məbləği cihaz təhvil verildikdə, həmçinin ödənişin qalan hissəsi olan 15.500 manat ödənişin 15 ay ərzində aylıq 1.033 manat olmaqla ödənilməsi və “Satıcı” malı “Alıcı”ya 15 gün ərizndə təhvil verməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan İddiaçı MMC ilə X5 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqavilənin 2 saylı əlavəsi olan “qalıq borc və ödəmə şərtlərinə dair” xx.xx.2020-ci il tarixli üzləşmə aktından görünür ki, xx xxxxxx 2018-ci il tarixli müqavilə üzrə alıcının satıcıya 6.380 (altı min üç yüz səksən) manat qalıq borcu qalmış və alıcı satıcıya olan 6.380 (altı min üç yüz səksən) manat qalıq borcu xx.xx.2020-ci il tarixindən etibarən hər ay 1.276 (bir min iki yüz yetmiş altı) manat olmaqla, 5 (beş) ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Əsas müqavilə şərtləri əvvəllər pozulduğuna görə və bu aktda qeyd edilən borc aktda qeyd edilən tarixdə ödənilmədiyi təqdirdə satıcı əsas müqavilə dəyərini 10% artıracaq və alıcı bu aktda qeyd edilən məbləğlə birlikdə artırılmış müqavilə dəyərini heç bir əsasla mübahisələndirmədən satıcıya ödəməyi öhdəsinə götürür. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, X5 İddiaçı MMC-yə və İddiaçı MMC-nin rəhbəri X4 hesabına müxtəlif vaxtlarda olmaqla, müxtəlif məbləğlərdə ödəniş etmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən cavabdeh X3 ünvanlanan xx.xx.2020 və xx.xx.2020-ci il tarixli xəbərdarlıqların surətlərindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin 2 saylı əlavəsi olan “qalıq borc və ödəmə şərtlərinə dair” üzləşmə aktı üzrə 5.430 (beş min dörd yüz otuz) manat məbləğində borcun olduğu cavabdehə bildirilmiş, qeyd olunan borcun ödənilməsini ondan tələb etmiş, əks təqdirdə həmin borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə aidiyyəti hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə etirazda qeyd olunur ki, X5 İddiaçı MMC-dən xx.xx.2018-ci ildə dəyəri 30.500 manat dəyərində kosmetoloji cihaz almış, cihaz 1 il zəmanət doldurmadan yəni xx.xx.2019-cu ildə başlığı sıradan çıxmış və istifadəyə yararsız hala düşmüşdür. Cihaz yararsız hala düşdüyü günə qədər məhkəməyə təqdim olunmuş ödəniş qəbzlərindən göründüyü kimi ödənişlərdə heç bir problem olmamışdır. Cihaz yararsız hala düşdüyü vaxt o, İddiaçı MMC-nin rəhbəri Məftun Xəlilova zəng edərək şikayətini bildirmiş, Məftun Xəlilov isə cihazı Bakıya şirkətə gətirməyini istəmişdir. Bundan sonra Məftun Xəlilov cihazın başlığının yandığını və qısa müddətdə təmir olacağını bildirmişdir. Qısa müddət dediyi xx.xx.2020-ci il (5 ay) müddəti olmuşdur. O, başlıq gələnə qədər müştərilərinin dağılmaması və ziyana getməmək üçün köhnə olsa da, cihaz verilməsini, hətta münasib qiymətə icarəyə verilməsini xahiş etmişdir. X6 cihazı verə bilməyəcəyini bildirmiş, o isə məcbur qalaraq ayı 1.200 manat olmaqla, 6 aylıq kirayə cihaz götürmüşdür. Başlıq gələndən sonra isə, ödəniş edərək başlığı və cihazı götürmüşdür. O, kirayə götürdüyü cihazın istifadə müddət bitmədiyinə görə öz cihazını işlətməmiş, lakin işlətmədiyi ayda belə növbəti ayın ödənişini etmişdir. Cihazı işlətməyə başladığı vaxtdan cihazın düzgün işləmədiyini və müştərilərdən də gələn çoxsaylı şikayətlərdən cihazın düzgün işləmədiyini və təsir effektini cox zəif olduğunu bilmişdir. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan cavabdeh X5 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədə qeyd olunur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, ona təhvil verilmiş “Epiray 3D” cihazına görə iddiaçıya 5.430 manat borcunun qaldığını etiraf edir. İddianı qalan hissədə, yəni müqavilə dəyərinin 10%-i olan 3.050 manat borcu, 848 manat bank uçot dərəcəsi ilə hesablanmış faiz borcunu və 400 manat vəkil xərcini qəbul etmir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə müəyyən etdi ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 30.500 manat dəyərində “Epiray 3D” cihazı verilsə də, cavadeh müqavilə üzrə öhdəliyə tam olaraq əməl etməmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli üzləşmə aktı ilə, cavabdehin həmin cihaza görə iddiaçıya 6.380 manat qalıq borcu olduğu müəyyən edilmiş, hər ay 1.276 manat olmaqla, 5 ay ərzində borcun ödəniləcəyi barədə cavabdeh öhdəlik götürmüşdür. Cavabdeh həmçinin borcun qeyd olunan müddətdə ödənilməyəcəyi təqdirdə, əsas müqavilənin 10% artırılacağı barədə məlumatlandırılmışdır. Borc tam şəkildə ödənilmədiyindən, iddiaçı xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə məktublarla cavabdehə qalıq 5.430 manat borcun qaytarılması ilə bağlı xəbərdarlıq göndərərək, borcun qaytarılmasını tələb etsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən göründüyü kimi, iddia ərizəsində iddiaçı cavabdehdən aşağıdakı məbləğlərin tutulmasını xahiş edir:

1. 8.480 manat əsas borc;

2. 848 manat əldən çıxmış fayda;

3. 400 manat vəkilə ödənilmiş xərc. 8.480 manat əsas borcun tutulması hissəsində məhkəmə hesab edir ki, bu hissədə iddia qismən əsaslı olduğu üçün qismən, yəni cavabdehdən 5.430 manat pulun iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməli, əsas borca münasibətdə iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan üzləşmə aktı və cavabdehin xx.xx.2021-ci il tarixli ərizəsi, həmçinin tərəflərin izahatları müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya 5.430 manat borcu qalmışdır. İddiaçı tərəfindən əsas borc kimi tələb olunan 8.480 manat pulun məhz 5.430 manat hissəsi əsas borcdur. Həmin tələb üzrə qalan 3.050 (8.480 – 5.430) manat isə əsas borc deyildir. Belə ki, xx.xx.2020-ci il tarixli üzləşmə aktında qeyd olunmuşdur ki, cavabdehin həmin dövrə 6.380 manat qalıq borcu mövcuddur və həmin borc hər ay 1.276 manat olmaqla, 5 ay ərzində ödənilməlidir. Borc qeyd olunan müddətdə ödənilməyəcəyi təqdirdə, əsas müqavilə 10% artırılacaqdır. Göründüyü kimi, cavabdeh tərəfindən qeyd olunan müddətdə borc ödənilmədiyindən, iddiaçı əsas müqavilə dəyəri olan 30.500 manat pulun 10%-ni, yəni 3.050 manatı qalıq borc olan 5.430 manata əlavə edərək, cavabdehdən əsas borc kimi 8.480 manat pul tələb edir. Lakin məhkəmə hesab edir ki, cavabdehdən tələb edilən 8.480 manat əsas borcun 3.050 manat hissəsi əsas borc deyil, mahiyyət etibarilə dəbbə puludur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanunvericiliyin tələblərindən həmçinin xx.xx.2020-ci il tarixli üzləşmə aktından da göründüyü kimi, iddiaçı əsas müqavilə dəyəri olan 30.500 manat pulun 10%-i olan 3.050 manat pulu məhz cavabdeh tərəfindən öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, yəni həmin dövrə olan 6.380 manat pulun müəyyənləşdirilmiş müddət ərzində tam şəkildə (5.430 manat borcu qalmışdır) ödənilmədiyi əsası ilə tələb edir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan əsas borcu 5.430 manat təşkil etdiyindən və əsas borc kimi tələb olunan 3.050 manat, əsas borc deyil, dəbbə pulu olduğundan, lakin cavabdehdən dəbbə pulu tələb edilmədiyindən bu hissədə iddia qismən təmin edilməli, cavabdehdən əsas borc kimi 5.430 manat tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə 5 müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İddianın 848 manat əldən çıxmış faydanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində məhkəmə hesab edir ki, bu hissədə iddia təmin edilməməlidir. Belə ki, iddiaçı həmin məbləği əsas borc kimi cavabdehdən tələb etdiyi 8.480 manatın 2018-2019-cu illərə münasibətdə Mərkəzi Bankın uçot dərəcəsi ilə, yəni 10% nəzərdə tutaraq, 848 (8.480 X 10%) manat kimi hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun xx xxxx 2009-cu il tarixli qərarınnda göstərilmişdir ki, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama, qaytarmaqdan boyun qaçırma, ödənilməsini digər şəkildə gecikdirmə, başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçı ona məxsus pul vəsaitinin cavabdehdə qanunsuz saxlanılması nəticəsində ondan faydalanmasını (gəlir, artım, bəhər əldə etdiyini) məhkəmə araşdırması zamanı sübuta yetirə bilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. İddianın 400 manat vəkilə ödənilmiş xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində məhkəmə hesab edir ki, bu hissədə də iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehdən 400 manat vəkilə ödənilmiş xərcin tutulması tələb edilsə də, vəkilin göstərdiyi hüquqi yardıma görə iddiaçı tərəfindən ona hər-hansı məbləğdə pulun ödənilməsinə dair sənədlər təqdim edilmədiyindən və ümumiyyətlə bu hissədə iddiaçı tərəfindən məhkəməyə hər-hansı sübut təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı MMC tərəfindən tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, cavabdehdən 18 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu kimi ödənilmiş 30 manatın pulun 12 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 5.430 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18 manat olmaqla, cəmi 5.448 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh X1 5.430 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18 manat olmaqla, cəmi 5.448 (beş min dörd yüz qırx səkkiz) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar