Məhkəmə qərarları › İş №e-2-2(121)-2492/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2492/2025

24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2492/2025 24.09.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “X2” Sosial Xidmətlər Müəssisəsinə “pul tələbi” barəsində iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Tələb:

1. İddiaçı cavabdeh “X2” Sosial Xidmətlər Müəssisəsinə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 2100,40 manat məbləğində borcun, 42 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 2142.40 manat məbləğində pulun cavabdeh “X2” sosial xidmət müəssisəsindən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (İcraçı) ilə “X2” Sosial Xidmət Müəssisəsi (Sifarişçi) arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 40/23 nömrəli malların alqı-satqısı barədə müqavilənin 1.1-ci maddəsinə əsasən İcraçı hazırkı Müqavilənin ayrılmaz hissəsi sayılacaq qiymətlərin razılaşdırma protokollarında göstərilən ofis mebellərini (bundan sonra "Mallar") Sifarişçiyə satmağı, Sifarişçi isə öz növbəsində faktiki alınan malların protokollarda göstərilən qiymətini İcraçıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən ümumi dəyəri 2100,40 manat (ƏDV daxil) məbləğində olan malları İcraçı Sifarişçiyə təhvil vermişdir. Lakin Sifarişçi həmin malların dəyərini bu günə qədər İcraçıya ödəməmişdir. xx.xx.2025-ci il tarixdə göndərdiyi pretenziya məktubunda cavabdeh “X2” sosial xidmət müəssisəsindən 2100,40 manat (ƏDV daxil) məbləğində pulun 5 iş günü ərzində ödənilməsini xahiş etmişdir. Lakin müraciəti müsbət həllini tapmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. Həmçinin İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasınin ıştirakı olmadan keçrilməsini və iş üzrə yekun məhkəmə məhkəmə aktınin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda cavabdeh “X2” Sosial Xidmət Müəssisəsinin nümayəndəsi Cəfərli Vəkil Adil oğlu da məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasınin iştirakı olmadan keçrilməsini iş üzrə yekun məhkəmə aktınin qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

5. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

6. Məhkəmə, qeyd olunanlara əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan məhkəmə iclasını keçirilməsini mümkün hesab etmişdir.

7. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdeh “X2” sosial xidmət müəssisəsinin nümayəndəsi Cəfərli Vəkil Adil oğlu izahatında bildirmişdir ki, iddianı tam qəbul edirlər. Onların büdcəsi dövlət büdcəsindən formalaşır. Onlar iddiaçıya olan borcu ödəmək üçün xəzinədarlıq müəssisəsinə müraciət etmişlər, lakin texniki məsələlərə görə ödəniş mümkün olmamışdır. Xəzinədarlıq özü də bu texniki səhvi təsdiqləmişdir. Pullarının olmasına baxmayaraq, borcu ödəyə bilmirlər.

İddia ərizəsinə etiraz:

8. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

9. İddiaçı (“İcraçı”) ilə fərdi sahibkar “X2” Sosial Xidmət Müəssisəsi (“Sifarişçi”) arasında xx.xx.2023-cü il tarixli, 40/23 nömrəli alqı-satqı müqaviləsinin bağlanmışdır. Həmin müqavilənin: -1.1-ci bəndinə əsasən, “İcraçı” bu müqaviləyə əlavə edilən və onun ayrılmaz hissəsi sayılan “X1”nda (bundan sonra Protokol) göstərilən ofis mebellərini (bundan sonra mallar) “Sifarişçi”yə verməli, “Sifarişçi” isə həmin malların protokollarda göstərilən qiymətini ödəməlidir. -2.2.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə uyğun malların təhvil verilməsini icraçıdan tələb etmək. -2.2.2-ci yarımbəndinə əsasən, bu müqavilənin 2.1.1 maddəsinin şərtlərinə uyğun olaraq təhfil verilmiş malların qiymətini müqqavilədə təsdiq olunmuş qaydada ödəmək.

10. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, EBDV 346823 nömrəli malların və xidmətlərin təsdiq edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, iddiaçı tərəfindən cavabdehə yekun olaraq 2100,40 manat məbləğində mallar göndərilmişdir.

11. Eyni zamanda iş materiallarında olan İddiaçı və cavabdeh “X2” Sosial Xidmət Müəssisəsi tərəfindən təsdiq olunmuş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktlarına və qiymətlərin razılaşdırılması protokollarına görə xx.xx.2023-cü il tarixli, 40/23 nömrəli alqısatqı barədə müqaviləyə əsasən 2100,40 manat dəyərində məhsullar İddiaçı tərəfindən “X2” Sosial Xidmət Müəssisəsi-nə təhvil verilmişdir.

12. İş materiallarında olan Hesab Fakturadan görünür ki, cavabdehin iddiaçıya olan yekun borc məbləği 2100,40 manat təşkil edir.

13. İş materiallarında olan İddiaçı tərəfindən “X2” Sosial Xidmət Müəssisəsinə xx.xx.2025-ci il tarixli elektron pritenziya ünvanlanmışdir.

14. ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 42 mana dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. Məhkəmə baxışının hədləri: - AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

18. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.

19. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında etibarlı şəkildə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Ona görə ki, tərəflər arasında bağlanmış müqavilədən göründüyü kimi “iddiaçı həmin müqavilədə müəyyən edilmiş şərtlər əsasında, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “X1”nda qeyd olunan malları verməyi, cavabdeh isə həmin mallarıı qəbul etməyi və müəyyən edilmiş məbləği ödəməyi öhdələrinə götürmüşlər.

20. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə “Satıcı”ya aid öhdəliklərin lazımınca yerinə yetirilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, alqı-satqı müqaviləsi tələb olunan borcun ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, alqı-satqı müqaviləsi üzrə öhdəliyin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.

21. Eyni zamanda iş materiallarında olan elektron qaimələr, həmçinin təhvil-təslim aktları və qiymətlərin razılaşdırılması protokolları İddiaçı tərəfindən 2100,40 manat dəyərində malların cavabdeh “X2” Sosial Xidmət Müəssisəsinə təhvil verilməsini təsdiq edir.

22. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə cavabdehə qarşı hazırki iddia tələbini irəli sürmək hüququ vermişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 2100,40 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri:

23. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iddia təmin olunduğundan iş üzrə ödənilmiş 42 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir.

24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia təmin edilsin. Cavabdeh “X2” Sosial Xidmət Müəssisəsindən 2100,40 manat məbləğində borc və 42 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 2142.40 (iki min bir yüz qırx iki manat, qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar