Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2521/2025 03.11.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tələb:
1. İddiaçı “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 20800 manat, hesablanmış cərimə borcuna görə 4160 manat və ödənilmiş mediasiya xərcinə görə 165 manat olmaqla, cəmi 25125 manat pulun cavabdehdən alınaraq “X3 Kompleksi” MMC-yə verilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı qismində (İddiaçı) “X3 Kompleksi” MMC, tədarükçü qismində “X3 Kompleksi” MMC-nin “X2 və Tədarük Məntəqəsi” filialı və fermer (Cavabdeh) Cavabdeh arasında bağlanmış 2022-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli, 158 saylı xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilələrin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan ümumilikdə 64875,67 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh yaranmış borcdan 44074,97 manat dəyərində pambıq təhvil verərək ödəmişdir. Beləliklə, cavabdeh tərəfindən 2021-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli, 158 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 20800,70 manat borcu qalmışdır. Bundan əlavə, Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 650 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 4160 manat təşkil edir. Verilməmişdir: 20800 х 20% =4160 manat. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə hec bir təşəbbüs göstərilməmişdir. Beləliklə cavabdeh, Müqavilə üzrə borcunu ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddiaçı ilə onun arasında müqavilə bağlanmamış, iş materiallarında olan həmin müqavilə çərçivəsində ona heç bir aqrotexniki xidmət göstərilməmişdir. Belə ki, 2022-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli, 158 saylı xampambığın alqı-satqı müqaviləsində, üzləşmə aktı və Arayışdakı imzaların onun tərəfindən icra edilməmişdir. Qeyd etdiklərini nəzərə alaraq, o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflər lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə ərizə ilə müraciət edərək iddianı müdafiə etdiyini, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İddia ərizəsinə etiraz:
6. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı yazılı qaydada etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
7. İş materiallarında olan “X3 Kompleksi” MMC (“Alıcı”), “X3 Kompleksi” MMC-nin “X2 və Tədarük Məntəqəsi” filialı (“Tədarükçü”) və Cavabdeh (“Fermer”) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, “2022-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair” 158 saylı müqavilədən görünür ki, həmin müqaviləyə əsasən fermer mülkiyyətində, istifadəsində və icarəsində olan 54.90 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkib “Alıcı”yasatmağı, “Alıcı” isə “Fermer”in istehsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə “Fermer”ə ödəməyi öhdəsinə götürmüşdür.
8. İş materiallarında olan “Üzləşmə Aktı”ndan görünür ki, 158 nömrəli Müqavilə üzrə xx.xx.2023-cü il tarixə fermer Cavabdeh borcu 20.800,70 manat təşkil edir. Həmin aktda fermer Cavabdeh imzası əks olunur.
9. İş materiallarında olan “X3 Kompleksi” MMC-nin Biləsuvar PİEZ-u fermeri Cavabdeh göstərilən xidmətlər anbardan buraxılan mal-material və bank hesabına köçürülən avans vəsaitlərinin açıqlama cədvəli haqqında xx.xx.2023-cü il tarixli “Arayış”ın surətindən görünür ki, müqavilə üzrə qalıq borcu 20800,70 manat təşkil edir. Arayışda fermer Cavabdeh imzası əks olunur.
10. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinə əsasən yaranmış 20800,70 manat məbləğində borcun pretenziyanın alındığı tarixdən 3 gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq “X3 Kompleksi” MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir.
11. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, Məhkəməxətşünaslıq eskpertizası üzrə aparılmış tədqiqatın dəyəri 127 manat təşkil edir.
12. İş materiallarında olan **********69 saylı qəbzən görünür ki, iddiaçı tərəfindən 165 manat dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 324.1--ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. - 324.3-ci maddəsinə əsasən, Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. - 324.4-ci maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. - 324.5-ci maddəsinə əsasən, İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. - 324.6-ci maddəsinə əsasən, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. - 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. - 329.3-ci maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. - 329.4-ci maddəsinə əsasən, Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. - 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. - 337.1-ci maddəsinə əsasən, Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. - 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il qərarı:
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar qanunvericiliyin mülkihüquqi öhdəliklərin yaranmasının ən mühüm əsası olan əqdlər, onların etibarsızlığı, o cümlədən yalan əqdlərin əhəmiyyətsizliyi ilə bağlı normalarının açıqlanmasını zəruri hesab edir. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər.Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar).
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə № 02/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərardadı”nın:
13-cü bəndinə əsasən, məlum olduğu kimi məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olub-olmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir.
14. bəndinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.
16. Avropa İnsan Hüquqları Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarı:
Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
17. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı:
Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə cavabdehi dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir.
20. Məhkəmə iddianın faktiki hüquqi əsasını nəzərə alaraq hesab edir ki, hazırki mübahisəyə mülki qanunvericiliyin alqı-satqı müqaviləsini tənzimləyən müddəalarının tələbləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Ona görə ki, iddianın faktiki hüquqi əsasını iddiaçı “X3 Kompleksi” MMC, tədarükçü qismində “X3 Kompleksi” MMC-nin “X2 və Tədarük Məntəqəsi” filialı və fermer (Cavabdeh) Cavabdeh arasında bağlanmış 2022-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli, 158 saylı xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən iddiaçı tərəfindən cavabdehə 64875,67 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilməsi, müxtəlif xidmətlər göstərilməsi, cavabdehin isə torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürməsi təşkil edir. Bu tipli müqavilələr struktur baxımdan alqı-satqı müqaviləsinə uyğun gəlir.
21. Məhkəmə, AR MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən, ilk növbədə iddiaçı tərəf öz tələbinin əsasını, yəni cavabdeh ilə aralarında alqı-satqı müqaviləsinin bağlanmasını, cavabdehə müqavilə üzrə avans vəsaitlər verilməsini və cavabdehin alqısatqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməməsini mötəbər dəlillərlə sübut etməlidir.
22. Məhkəmə, hazırki mübahisənin əqdə əsaslanan mübahisə olmasını nəzərə alaraq hesab edir ki, hazırki mübahisə üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olub-olmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməlidir.
23. Məhkəmə araşdırması zamanı cavabdeh izahatında bildirmişdir ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, 158 saylı xam-pambığın alqı-satqı müqaviləsi çərçivəsində ona heç bir aqrotexniki xidmət göstərilməmişdir. Belə ki, 2022-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli, 158 saylı xampambığın alqı-satqı müqaviləsində, üzləşmə aktı və Arayışdakı imzaların onun tərəfindən icra edilməmişdir. Qeyd etdiklərini nəzərə alaraq, o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
24. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2025-ci il tarixli, 4/1330 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Ekspertizaya təqdim olunmuş, işin 21-23-cü vərəqlərində olan "X3 Kompleksi" MMC ilə Cavabdeh arasında bağlanmış 2022-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair 158 nömrəli xx.xx.2021-ci il tarixli müqavilənin kserosurətinin 9-cu bəndində "Fermer" bölməsində "İmza:" qrafasında əks olunmuş imza; 24-25-ci vərəqlərində olan “Azərpambıq ASK" MMC-nin Biləsuvar PİEZ-u fermeri Cavabdeh göstərilən xidmətlər, anbardan buraxılan mal-material və bank hesabına köçürülən avans vəsaitlərinin açıqlama cədvəli haqqında arayışın kserosurətində "Fermer:" qrafasında əks olunmuş imza; 26-cı vərəqində olan "xxxx" MMC-nin Biləsuvar PİEZ filialı və fermer Cavabdeh (müqavilə №158) arasında xx.xx.2023-cü il tarixli üzləşmə aktının kserosurətində "Fermer Cavabdehı (müqavilə №158)" sözlərinin yuxarısında əks olunmuş tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
25. Məhkəmə ilk növbədə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquq xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
26. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2025-ci il tarixli, 4/1330 nömrəli ekspert rəyi işin faktiki hallarına uyğun olmaqla kifayət qədər əsaslandırılmışdır. Nəzərə alınmalıdır ki, ekspert rəyi elektron məhkəmə informasiya sistemi vasitəsi ilə iddiaçı tərəfə təqdim olunmuş, lakin həmin rəyin əsassızlığına dair iddiaçı tərəfindən hər hansı bir dəlil iş materiallarına əlavə edilməmişdir.
27. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, 2022-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair 158 nömrəli xx.xx.2021-ci il tarixli müqavilə etibarsızdır. Ona görə də, həmin müqavilə hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişdirilməsi və müəyyənləşdirilməsinin əsasını təşkil edə bilməz. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir.
28. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2025-ci il tarixli, 4/1330 nömrəli ekspert rəyini nəzərə alaraq qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə aqrotexniki xidmətlərin göstərilməsi də sübut olunmur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir.
Məhkəmə xərcləri:
29. Məhkəmə, məhkəmə xərcləri ilə əllaqədar qeyd edir ki, iddia tələbi rədd edildiyinə görə, iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 127 (bir yüz iyirmi yeddi) manat iddiaçı “X3 Kompleksi” MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməlidir.
30. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödəninilmiş 165 manat dövlət rüsumu iddia tələbi rədd edildiyinə görə iddiaçının özünə aid edilməlidir.
Nəticə:
31. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 127 (bir yüz iyirmi yeddi) manat məbləğində pul vəsaiti iddiaçı “X3 Kompleksi” MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev