Məhkəmə qərarları › İş №e-2-2(121)-253/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-253/2025

15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-253/2025 15.01.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı – pul tələbi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı N-M29 saylı, xx.xx.2019-cu il tarixli və NK 10 saylı, xx.xx.2021-ci il tarixli, “Məhsulların alqı-satqı müqavilələr”i üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək yaramış 54.920,11məbləğində əsas borcun, hüquqi yardım üçün ödənilmiş 320 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə məhsulların alqısatqısına dair NM29 saylı, xx.xx.2019-cu il tarixli müqavilə bağlamış və alqı-satqı münasibətləri N-K 10 saylı, xx.xx.2021-ci il tarixli müqavilə ilə yenilənmişdir. İddiaçı xx.xx.2019-cu il tarixli, N-M29 saylı müqaviləyə əsasən, müqavilənin bağlandığı tarixdən xx.xx.2020-ci il tarixədək və həmin müqavilənin davamı olan xx.xx.2021-ci il tarixli, N-K 10 saylı müqaviləyə əsasən isə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək mülkiyyətində olan ümumilikdə 1.561.499,60 manat dəyərində məhsulları “Müştəri”nin sifarişi əsasında nisyə satış qaydasında, faktura əsasında satmaqla cavabdehin mülkiyyətinə vermiş və hər iki müqavilə üzrə xx.xx.2023-cü il tarixədək cavabdeh tərəfindən 1.506.579,49 manat dəyərində məhsulların dəyəri ödənilmiş və ya müqavilə şərtlərinə uyğun olaraq məhsullar geri qayrarılılmış, 54.920,11 məbləğində borc qalmışdır. Cavabdehin sifariş etdiyi məhsullar “Malların təhvil-qəbul Akt”ları əsasında alıcıya təhvil verilmiş, həmçinin “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi “Qaydaları”nın” 3.1-ci, 3.2-ci və 3.3-cü bəndlərinin tələbinə uyğun olaraq elektron qaimə elektron formada tərtib edilərək təsdiq edilmiş, portal vasitəsilə avtomatik olaraq qəbul edənin elektron kabinetinə göndərilmiş, göndərildiyi vaxtdan 5 gün müddətində qəbul edən tərəfindən düzəliş üçün qaytarılmamış, təsdiqlənmişdir. Tərəflər arasında bağlanılmış müqavilə üzrə hər il üçün ayrı-ayrılıqda elektron qaimələr mövcuddur. Bağlanmış müqavilələr üzrə xx.xx.2019-xx.xx.2024-cü illər arasında aparılmış qarşılıqlı hesablaşmalar əsasında müəyyən olunmuşdur ki, cavabdehin iddiaçı ilə bağlanmış müqavilələr üzrə verdiyi sifarişlər əsasında xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək qəbul etdiyi məhsulların dəyəri olaraq 54.920,11 məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş bank çıxarışlarından görünür ki, cavabdeh öhdəliyinin bir qismini həyata keçirsə də, yəni ödənilməli olan məbləğdən müəyyən qədər ödəniş etmişdir, 54.920,11 manat məbləğində borcu isə ödəməkdən boyun qaçırmışdır. Tərəflər arasında mübahisələrin həlli qaydalarını müəyyən edən müqvilələrin 4.1-ci bəndinə əsasən mübahisənin qarşılıqlı razılıq yolu ilə həll edilməsi, 54.920,11 məbləğində borcun ödənilməsinə dair cavabdehə tərəflərindən ilkin olaraq poçt vasitəsilə, xx.xx.2024-cü il tarixdə isə Dövlət Vergi Xidmətinin X1 Sistemində elektron kabinet vasitəsi ilə elektron qaydada pretenziya məktubu göndərilərək yaranmış borcun 3 gün ərzində ödənilməsi xahiş olunmuş, lakin həmin müddət keçməsinə baxmayaraq qarşı tərəfdən heç bir cavab alınmamış, ödəmə istiqamətində hər hansı müsbət hərəkətlər edilməmişdir. Bundan başqa, məhkəməyə göndərilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər də X1 Sistemi vasitəsilə cavabdehin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilmişdir və həmin sənədlərin alınmasına dair sübutu kimi həmin informasiya sistemindən elektron çıxarış da iş materiallarına əlavə olunmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixli “iddia ərizəsinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 39.893,58 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 15.026,55 manat olmaqla, hər iki müqavilə üzrə ümümilikdə cəmi 54.920,13 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçının hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərdi ki, o, hazırda İddiaçı MMC-nin direktorudur, direktor olmamışdan əvvəl şirkətdə baş mühasib vəzifəsində işləmişdir. Cavabdeh Sumqayıt şəhərində “Gənclik” market adlı mağazanı işlətmişdir. 2019-2021-ci illərdə həmin marketə tərəflərindən elektron qaimələr əsasında ümumilikdə 1.561.499,60 manat dəyərində müxtəlif çeşidli mallar verilmişdir. Həmin verilmiş malların dəyərindən 1.506.579,49 manat ödəniş olunmuşdur. 54.920,11 manat malların dəyəri isə ödənilməmiş qalmışdır. Cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2021-ci il tarixdə olmuşdur. Cavabdeh tərəfindən ödənilmiş ödənişlər köçürmə yolu ilə bank hesablarına ödənilmişdir. Yalnız bir ödəniş, 84.307 manat isə mədaxil orderi ilə ödənilmişdir. Belə ki, cavabdehin vergi hesabında həbs olduğu üçün cavabdeh bir müddət şirkətdən aldığı malların pullarını nağd qaydada şirkətə ödəmişdir, sonradan yığılmış pullar, yəni 84.307 manat İddiaçı MMC tərəfindən cavabdehin hesabına köçürülmüş, həmin hesabdan da İddiaçı MMC-nin hesabına geri qaytarılmış və borcdan silinmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərdi ki, müqavilələrdə olan hər iki imza əmisi X5 tərəfindən çəkilmişdir. Belə ki, o, əmisinə məxsus və Sumqayıt şəhərində yerləşən “Gənclik” market adlı mağazanı işlətməsi, onun adından VÖEN açması, həmçinin digər sənədləşmə işlərinin aparması, habelə onun əvəzindən müqavilələrə və digər sənədlərə imza etməsi üçün etibarnamə vermişdir. Lakin, əmisinin kimdən, hansı miqdarda və dəyərdə mağaza üçün mal alması barədə məlumatı yoxdur. Odur ki, onun iddiaçı qarşısında hər hansı bir öhdəliyi yoxdur. Buna görə də,iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndələrinin, cavabdehin izahatlarını və şahid ifadəsini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında N-M 29 nömrəli, xx.xx.2019-cu il tarixli və N-K 10 nömrəli, xx.xx.2021-ci il tarixli “məhsulların alqısatqı” müqavilələri bağlanmışdır. İş materialında olan sənədlərdən (elektron qaimələr və malların təhvil-qəbul aktlarının surətlərindən) görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh mallar satılmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, AR-İ 411455 nömrəli etibarnamnin surətindən görünür ki, Cavabdeh tərəfindən X4 5 il müddətinə, onun bütün dövlət orqan, müəssisə və təşkilatlarda nümayəndəsi olması, Əmək müfəttlişliyində, Vergi, Maliyyə və Bank orqanlarında təmsil etməyi, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, hesabdan pul çıxarmağı, hesaba pul qoymağı, adından ərizələr yazmağı və imza etməyi, lazımi arayış və sənədləri təqdim edib-almağı, zəruri ödənişləri və rüsumları və vergiləri ödəməyi, bütün məhkəmə və digər orqanlarda ona aid olan mülki işləri və cinayət işlərini aparmağı və bu tapşırığın yerin yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyinə dair xx.xx.2020-ci il tarixədək qüvvədə olan etibarnamə verilmişdir. İş materialında olan müştəri əməliyyatlar cədvəllərinin surətlərindən görünür ki, cavabdehin borcu vardır. İş materialında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, cavabdehə ödənilməmiş borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. İş üzrə şahid qismində dindirilmiş X5 məhkəmə iclasında ifadə verərək göstərdi ki, Cavabdeh onun qardaşı oğludur. Qardaşı oğlunun heç nədən xəbəri yoxdur. Belə ki, VÖEN qardaşı oğlunun adına açılsa da, mağazanı o özü işlətmişdir. Yaranmış borcdan imtina etmir. VÖEN-i bağlandığı üçün iddiaçıya yaxınlaşaraq, qardaşı oğlunun adına VÖEN açılmasını və malların artıq o hesabla götürməsini istəmişdir. Onun özünün də vergi hesabında həbs olduğu üçün malların pulunu iddiaçıya nağd qaydada ödəmişdir, sonradan ödənilmiş pullar iddiaçı tərəfindən cavabdehin hesabına köçürülmüş, həmin hesabdan yenidən iddiaçının hesabına köçürülmüşdür. İddiaçı tərəfindən göndərilən, yəni elektron qaimələrdə və malların təhvil-qəbul aktlarında göstərilən malları təhvil almışdırlar. İddiaçı ilə cavabdeh arasında bağlanmış hər iki müqavilədə olan imzalar ona məxsusdur. Sonradan səhhətində yaranmış problemlə bağlı mağazanı işlədə bilməmiş və mağaza bağlanmışdır. Mağaza bağlanan zaman təhvil təslimdə iştirak etməmişdir. Beləliklə, işin həqiqi halları ilə, iddiaçının nümayəndələrinin, cavabdehin izahatları, şahid ifadəsi və işin materialları ilə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış N-M 29 nömrəli, xx.xx.2019-cu il tarixli və N-K 10 nömrəli, xx.xx.2021-ci il tarixli “məhsulların alqı-satqı” müqavilələri Cavabdeh tərəfindən imzalanmasa da, həmin müqavilələr əsasında iddiaçı tərəfindən cavabdehə mallar verilmişdir. Bu hal, cavabdehə göndərilmiş elektron qaimələr, malların təhvilqəbul aktları, cavabdehin izahatı və şahid ifadəsi ilə təsdiq edilir. Belə ki, cavabdehin əmisi onun adından müqavilələri imzalamış və malları təhvil almışdır. Hətta cavabdeh əmisinə onu təmsil etmək üçün müvafiq etibarnamə də vermişdir. Göründüyü kimi, qeyd edilən müqavilələr Cavabdeh tərəfindən imzalanmasa da, onlar arasında müqavilələr faktiki olaraq bağlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.1-ci maddəsinə əsasən, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 409.4-cü maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə(lər) imzalanmasa da, iddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilməsi, cavabdehin əmisinin qeyd edilən müqavilələri onun adından imzalaması, malları təhvil alması, cavabdehin buna dair etirazının olmaması, hətta bunların edilməsi üçün əmisinə etibarnamə verməsi tərəflər arasında müqavilə bağlanmasını göstərir. Ona görə ki, qeyd edilən müqavilələr Cavabdeh tərəfindən imzalanmış olmasa belə, müqavilə cavabdehin qabaqcadan razılığı əsasında bağlandığından və cavabdeh tərəfindən sonradan bəyənildiyindən etibarlı sayılır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 355-ci maddəsinə əsasən, əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Həmin Məcəllənin 356-cı maddəsinə əsasən, əqdin bağlanmasına verilmiş icazə (qabaqcadan verilmiş icazə), əgər tərəflər ayrı qayda haqqında razılığa gəlməyiblərsə, əqd bağlananadək ləğv edilə bilər. İcazənin (qabaqcadan verilmiş razılığın) ləğv edilməsi barədə hər iki tərəfə məlumat verilməlidir. Qeyd edilən Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Göstərilən Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Yenə həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Tərəflər arasında bağlanmış müqavilələrə əsasən İddiaçı MMC müqavilə öhdəliyini icra etmiş, bununla da İddiaçı MMC tərəfindən müqavilənin qanunla müəyyən olunmuş şərtlərinə riayət olunmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, tərəflər arasında qeyd edilən müqavilələr bağlanmış sayılır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, yuxarıda sadalanan xüsusatların olması ilə tərəflər arasında qeyd edilən müqavilələr baş tutmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Qeyd edilən Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Məhkəmə hesab edir ki, bu cür müqavilələrin bağlanması üçün ayrıca şəkildə mütləq qaydada yazılı müqavilənin bağlanmasına zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Qeyd edilən Məcəllənin 329.4-cü maddəsinə əsasən, susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Məhkəmə, müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla hesab edir ki, tərəflər arasında qeyd edilən müqavilələr baş tutmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, işin materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən iddiaçı cavabdehə malların satılmasını öz üzərinə götürmüş, cavabdeh isə malları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçı tərəfindən tərəflər arasında olan müqavilələrə əsasən öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən götürülmüş öhdəlik yerinə yetirilməmişdir. Lakin, tərəflər arasında müqavilələrin adında “məhsulların alqı-satqı” müqaviləsi(ləri) göstərilsə də, müqavilənin məzmunundan aydın olur ki, tərəflər arasında konsessiya müqaviləs(lər)i bağlanmışdır. Belə ki, həmin Müqavilələrin 1-ci bəndinə əsasən, “Şirkət” mülkiyyətində olan müxtəlif növ malları “Müştəri”yə satmaqla onun mülkiyyətinə verməyi, “Müştəri” isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini “Şirkət”ə ödəməyi və öz adından həmin məhsulları yalnız işlətməkdə olduğu market və ya marketlər zəncirində üçüncü şəxslərə satmağı öz öhdəsinə götürmüşdür. Müqavilələrin 2.4-cü bəndinə əsasən, “Müştəri” “Şirkət”in ona satmış olduğu “Məhsul”ları özünə məxsus market və ya marketlər zəncirindən kənarda və topdan satış yerlərində sata bilməz. Əks halda həmin “Müştəri”yə mal satışı “Şirkət” tərəfindən dayandırılaraq hazırki Müqaviləyə birtərəfli qaydada xitam veriləcəkdir. Göründüyü kimi tərəflər arasında bağlanmış konsessiya müqavilələri üzrə cavabdeh üzərinə götürdüyü öhdəlikləryi yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 800.1-ci maddəsinə əsasən, konsessiya müqaviləsi istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner aşağıdakıları öhdəsinə götürür: 800.1.1. tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almaq; 800.1.2. bu malları öz adından və öz hesabına başqasına satmaq; 800.1.3. bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq. Onların barəsində tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan mal(lar)ı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında mal(lar)ı almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən məbləği tələb etməkdə haqlıdır. Bundan əlavə, tərəflər arasında sadə yazılı şəkildə müqavilə imzalanmamış olsa da belə, iddiaçı göstərilən vəsaiti cavabdehdən tələb etməyə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qeyd edilən Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Göstərilən Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə olmasa da belə, iddiaçının cavabdehdən qeyd edilən məbləğləri tələb etmək hüququ olduğundan, iddia tələbi təmin edilərək, göstərilən pul vəsaitləri cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-260-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. N-M 29 nömrəli, xx.xx.2019-cu il tarixli məhsulların alqı-satqı müqaviləsi üzrə 39.893,58 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. N-K 10 nömrəli, xx.xx.2021-ci il tarixli məhsulların alqı-satqı müqaviləsi üzrə 15.026,55 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar