Məhkəmə qərarları › İş №e-2-2(121)-2534/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2534/2022

28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-2534/2022 28.11.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 703.53 AZN (yeddi yüz üç manat, əlli üç qəpik) məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 70.35 AZN (yetmiş manat, otuz beş qəpik) məbləğində dəbbə pulu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) AZN məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə fərdi sahibkar kimi fəaliyyət göstərən Cavabdeh arasında 03 may 2021-ci il tarixində 450/M21 Alqı-Satqı müqaviləsi bağlanmışdır. Əməkdaşlığ müddətində cavabdeh ayrı-ayrı tarixlərdə İddiaçı MMC-yə məxsus müxtəlif adlı, çeşidli məhsullar sifariş vermiş və təhvil almışdır. Lakin, cavabdeh malların təhvil-qəbul aktlarında qeyd olunan tarixlərdə təhvil aldıqları mallara görə bu günə kimi tam ödəniş etməmişdir. Dəfələrlə xəbərdarlıq olunsa da, müxtəlif bəhanələr gətirərək bu günə kimi İddiaçı MMC-nə olan 703.53 AZN (yeddi yüz üç manat, əlli üç qəpik) borcunu ödəməmiş və aramızda bağlanmış Alqı-Satqı müqaviləsinin şərtlərini pozmuşdur. Nəticə etibarilə, cavabdeh bağlanmış müqavilə şərtlərinə əməl etməyərək, müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Bu səbəbdən məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncunun rəsmi qeydiyyat ünvanı üzrə xx.xx.2022-ci il tarixdə bildirişin təqdim olunmasına baxmayaraq, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 03 may 2021-ci il tarixli, 450/M21 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında malların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci yarımbəndinə əsasən, satıcı alıcının sifarişi əsasında malları alıcıya satır. Alıcı isə malların dəyərini nağd və ya hazırki müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymətərin razılaşdırılması protokollarının şərtlərinə əsasən satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.4-cü yarımbəndinə əsasən, mallar təhvil verilərəkən tərəflər təhvil-qəbul aktını və ya təhvil-qəbulu təsdiq edən müvafiq qaiməni imzalayır. Akt hər biri tərəflərdə olmaq şərtilə 2 (iki) nüsxədə tərtib edilir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 310105 saylı təhvil-təslim aktının surətindən görünür ki, İddiaçı (satıcı) ümumi məbləği 2.444 manat dəyərində olan malları Cavabdeh təhvil vermişdir. Təhvil-təslim aktı İddiaçı nümayəndəsi və Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan EBBH seriyalı, 821678 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, 310105 saylı təhvil-təslim aktında göstərilən 2.444,75 manat məbləğində mallar İddiaçı tərəfindən Cavabdeh təqdim edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 28 iyul 2022ci il tarixli, 00262 saylı pretenziya məktubundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış alğı-satqı müqaviləsi üzrə yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 26 sentyabr 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış 03 may 2021-ci il tarixli, 450/M21 saylı alğı-satqı müqaviləsi təşkil edir. Məhkəmə hesab edir ki, hazırkı işdə iddiaçının alğı-satqı müqaviləsi üzrə Cavabdeh malları təhvil verməsi, sonuncunun isə həmin mallara dair borcunun olması işin mübahisəsiz halını təşkil edir. Odur ki, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ümumilikdə 703,53 manat borcunun olması öz təsdiqini tapdığından, o cümlədən cavabdeh tərəfindən həmin borcun olmamasına və ya daha az olmasına dair hər-hansı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, iddia əsas borca münasibətdə təmin edilməlidir. Məhkəmə, iddianın 70,35 manat dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin 5.1-ci yarımbəndinə əsasən, alıcı kreditlə aldığı malların dəyərini bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən müvafiq qiymətlərin razılaşdırılması protokollarının müəyyən edilmiş müddət ərzində ödəmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,2 % həcmində dəbbə pulu tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 20 manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə, iddianın 50 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-5, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 703,53 manat əsas borc, 20 manat dəbbə pulu və 50 manat mediasiya xərci olmaqla, ümumilikdə 773,53 (yeddi yüz yetmiş üç manat, əlli üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar