Məhkəmə qərarları › İş №e-2-2(121)-254/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-254/2025

16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-254/2025 16.01.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə əsas məbləğ üzrə 84 manat borcun, 8,4 manat cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi, təhvil-təslim aktı imzalanmışdır. Cavabdeh fərdi sahibkardır və malı bizdən sahibkarlıq fəaliyyəti ilə əlaqədar almışdır. İddia ərizəsi, maliyyə arayışı, ödənilmiş dövlət rüsumunun qəbzi cavabdehin elektron vergi kabinetinə göndərilmişdir. Müqaviləyə əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 342 manat olmaqla mal almışdır. Həmin məbləğin 90 manatını ilkin olaraq ödəmişdir. Qalıq məbləği, yəni 252 manatı xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən qrafikə əsasən 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Bu günə əsas məbləğ üzrə qalıq borc 84 manat, cərimə borcu isə 8,4 manat təşkil edir. Bununla bağlı olaraq cavabdehə pretenziya məktubu da göndərilmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı və cavabdeh arasında xx.xx.2024-cü il tarixli “malların alqısatqı müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, “Satıcı” ümumi dəyəri və təyinatı müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşma protokolunda əks olunan texniki avadanlıqları “Alıcı”ya satmağı, “Alıcı” isə alınan malı qəbul edib qiymətini bu müqaviləyə uyğun olaraq nağd və ya hissə-hissə, “Əlavə 1”də əks olunmuş formada “Satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qiymətlərin razılaşma protokolunun (“Əlavə 1”in) surətindən görünür ki, satıcı "xxxx" Group MMC ilə alıcı Cavabdeh arasında qiymətlərin razılaşdırılması protokolunda əks olunan ödəniş qrafikinə uyğun olaraq malın satılması və ödənişlərin edilməsi qaydası barədə razılıq əldə olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının (“Əlavə 2”nin) sürətindən görünür ki, 1 ədəd “X1+Boosted” adlı texniki avadanlıq satıcı "xxxx" Group MMC tərəfindən alıcı Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, iddiaçı cavabdehə 84 manat əsas məbləğ üzrə, 8,4 manat hesablanmış cərimə, ümumilikdə 92,4 manat borcu yarandığını və həmin borcun 3 gün ərzində iddiaçıya ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, 225 saylı maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən qalıq 252 manatdan 168 manatını ödəsə də, bu günə (xx.xx.2024-cü il tarixinə) olan əsas məbləğ üzrə qalıq borcu 84 manat, cərimə borcu üzrə isə 8,40 manat təşkil edir. Beləliklə, işin materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı cavabdehə mal(lar)ın satılmasını öz üzərinə götürmüş, cavabdeh isə nağd və hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçı tərəfindən tərəflər arasında olan müqaviləyə əsasən öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən götürülmüş öhdəlik yerinə yetirilməmişdir. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqavilə(lər)si bağlanmış, cavabdeh isə müqavilə(lər) üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan məhsul(lar)ı (mal(lar)ı) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin məhsul(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında məhsul(lar)ı almasına dair hüququndan istifadə etmiş, lakin həmin məhsul(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən məbləği tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia əsaslıdır. Odur ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, qanun və ya dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli, məhkəmə xərcinə daxil olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 84 manat məbləğində əsas borc, 8,4 manat məbləğində cərimə, 30 manat məbləğində dövlət rüsumu, cəmi 122,4 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar