Məhkəmə qərarları › İş №e-2-2(121)-2561/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2561/2025

06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2561/2025 06.11.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı – 81.829,62 manat əsas borcun, 8.182,9 manat cərimə məbləğinin, 450 manat hüquqi xidmət üçün vəkilə ödənilmiş məbləğin və 362 manat dövlət rüsumunun, ümumilikdə 90.824,52 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli NBT/173/2024 nömrəli alqı-satqı müqaviləsinə əsasən, cavabdeh malları almağın əvəzində ödənişlər edilməsini öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan müxtəlif ölçülü keramoqranit məhsulları, müxtəlif növ boya məhsulları, yapışdırıcılar, tinerlər, quru inşaat qarışıqları və digər bu kimi mallar satın almışdır. Satın alınan mallar müvafiq olaraq cavabdehə təhvil verilmiş və müqaviləyə əsasən təhvil verilmiş mallara görə elektron qaimələr təqdim olunmuşdur. Cavabdeh tərəf bu elektron qaimələri qəbul etmiş, lakin hər dəfə ödənişləri gecikdirmişdir. Elektron qaimələr üzrə ödənilməli olan məbləğlər aşağıdakı kimidir: xx.xx.2024-cü il tarixli MT2409 seriyalı, 11969663 nömrəli qaimə üzrə 75.513,6 manat (ƏDV daxil olmaqla) və eyni tarixli MT2409 seriyalı 12005628 nömrəli qaimə üzrə 6.316,01 manat (ƏDV daxil olmaqla). xx.xx.2025-ci il tarixində tərəflər arasında müqavilə üzrə öhdəliklərin təsdiq edilməsi və ödənişinə verilən son tarix barədə üzləşmə aparılmış və nəticədə həmin tarixdə iki tərəf arasında müvafiq akt imzalanmışdır. Həmin akta əsasən 81.829,62 manat borc məbləği bir daha öz təsdiqini tapmışdır. Lakin cavabdeh tərəf bu məbləği hələ də ödəməmişdir. Borcun ödənilməsi tələbi ilə xx.xx.2025-ci il tarixində iddiaçı tərəfindən cavabdehə müvafiq dövlət orqanının elektron kargüzarlıq sistemi vasitəsilə pretenziya məktubu göndərilmiş, buna baxmayaraq hələ də heç bir ödəniş edilməmişdir. Yuxarıda adı keçən müqavilənin 4.4-cü bəndinə əsasən, alıcı satıcıya olan borcunun ödənişini 3.2-ci bənddə göstərilən şərtə uyğun həyata keçirmədikdə, borc gecikdirilmiş sayılır. Bu halda alıcı satıcının tələbinə əsasən gecikmənin hər günü üçün ödənişi gecikdirilmiş e-qaimə məbləğinin 0.1%-i miqdarında satıcıya cərimə ödəməlidir. Ödəniləcək cərimənin miqdarı ödənişi gecikdirilmiş e-qaimə məbləğinin 10%-dən artıq ola bilməz. Belə olan halda, qaimələrin təqdim edildiyi tarix olan xx.xx.2024-cü ildən 21 sonra, yəni xx.xx.2024-cü il tarixindən, iddianın məhkəməyə təqdim edildiyi tarixədək keçən 264 gün gecikmə kimi qiymətləndirilməlidir. Buna görə də, 81.829,62x0.1%x264=21.603 manat cərimə məbləği edir ki, bu da müqavilədə qeyd olunan 10%-dən artıqdır. Beləliklə, cərimə məbləği kimi ən yüksək tələb qaimələrin 10%-i, yəni 8.182,9 manat ola bilər. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında NBT/173/2024 nömrəli, xx.xx.2024-cü il tarixli “alqı-satqı müqaviləsi” bağlanmışdır. İş materiallarında olan sənədlərdən (elektron-qaimə fakturaların, qiymət razılaşma protokollarının, təhvil-təslim aktlarının və hesab fakturaların surətlərindən) görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə mallar satmışdır. Cavabdehin 81.829,62 manat məbləğində borcu qalmışdır. İş materiallarına əlavə edilən öhdəliyin surətindən görünür ki, cavabdehin xx.xx.2025ci il tarixə may ayı üçün 40.914,81 manat, iyun ayı üçün 40.914,81 manat, cəmi 81.829,62 manat məbləğində ümumi borc vardır. İş materialında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli pretenziya məktublarının surətlərindən görünür ki, cavabdehə ödənilməmiş borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, hazırda cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar)ı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal(lar)ı almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə iddianın cərimə borcunun ödənilməsinə dair hissələrini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə(lər) əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 8.182,9 manat məbləğində deyil, 4.091 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Məhkəmə eyni zamanda iddia tələbinin “hüquqi yardımla bağlı çəkdiyi 450 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, iddia tələbi bu hissədə də təmin edilərək cavabdehdən 450 manat məbləğində hüquqi yardımla bağlı çəkilən xərc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 362 manat məbləğində dövlət rüsumunun 347,76 manat (yəni, 85.920,62 manata münasibətdə) dövlət rüsumu cavabdeh(lər)dən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-260-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 81.829,62 manat məbləğində borc, 4.091 manat cərimə borcu, cəmi 85.920,62 manat məbləğində pul vəsaiti, hüquqi yardıma görə ödənilmiş 450 manat xərc və 347,76 manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dan alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar