Məhkəmə qərarları › İş №e-2-2(121)-2569/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2569/2022

22.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-2569/2022 22.12.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun qaytarılması, texnikaların geri qaytarılması və s. tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli MK-112 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidia tətbiq edilən X2 müqaviləsinə xitam verilməsini, lizinq predmeti olan 5 ədəd frezeli kübrəli tapa qurğusu, 9 ədəd gübrəsəpən 600LT, 11 ədəd Panter basic 600Lt tarla ilaclama avadanlığının saz və işlək vəziyyətdə geri qaytarılmasının və ümumilikdə 34.267,23 (otuz dörd min iki yüz altmış yeddi manat iyirmi üç qəpik) manat və 200 manat məbləğində ödənilmiş mediasiya xərcinin cavabdehdən tutularaq, "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli MK 112 saylı lizinq müaviləsinə əsasən ödəniş tapşığına uyğun olaraq (60 ay) müddətinə ödəmə şərti ilə 110.563,19 (yüz on min beş yüz altmış üç manat on doqquz qəpik) məğləğində kənd təsərrüfatı texnikası 5 ədəd 6-lı Frezeli kübrəli tapa qurğusu, 9 ədəd kübrəsəpən 600Lt, 11 ədəd Panter basic 600Lt tarla ilaclama avadanlığı lizinqə verilmişdir. Qeyd olunan avandanlıqlar lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən, lizinq obyektinin ümumi dəyəri 110.563,20 (yüz on min beş yüz altmış üç manat iyirmi qəpik) təşkil etmişdir. Həmin məbləğin 36.625,50 (otuz altı min altı yüz iyirmi beş manat, əlli qəpik) manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanına və həmin fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin şərtlərinə əsasə cavadeh tərəfindən 24224.46 (iki dörd min iki yüz iyirmi dörd manat qırx altı qəpik) ilkin ödəniş və 497.19 (dörd yüz doğsan yeddi manat on doqquz qəpik) manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası Cəmiyyətin xeyrinə ödənilmişdir. Eyni zamanda, Cavabdeh müqavilənin şərtini pozaraq ödəməli olduğu lizinq ödənişlərinə dair ödəliyini vaxtında lazımi qaydada icra etməmişdir. Nəticədə, xx.xx.2020-ci il tarixə cavabdehin lizinq müqaviləsi üzrə 9375.31 (doqquz min üç yüz yetmiş beş manat otuz bir qəpik) gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin şərtlərinə görə lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 faizi (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən cavabdehin xx.xx.2022-ci il tarixə 3346.98 (üç min üç yüz qırx altı manat doxsan səkkiz qəpik) cərimə borcu mövcuddur. Göstərilən məbləğin ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə, müxtəlif vaxtlarda pretenziya məktubu göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanınnda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2022-ci il tarixdə XS129/22 nömrəli pretenziya məktubu rəsmi qaydada göndərilsə də cavabdeh müqavilə üzrə öhdəliklərini lazimi qaydada icra etməmişdir. Bundan başqa, qeyd edirik ki, xx.xx.2022-ci tarixə təyin olunmuş mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Mediasiya Sessiyasının Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatında saat 12.30da təyin olunduğunu 5 gün əvvəldən poçt vasitəsilə məlumatlandırılsa da, ümumiyyətlə, mediasiya prosesində iştirak etmədiyini bildirmişdir. Tərəfimizdən ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 200 manat həcmində media xərci ödənilmişdir. Beləliklə, Cavabdeh iddiaçı "xxxx" QSC qarşısında “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə qədər 9375.31 doqquz min üç yüz yetmiş beş manat otuz bir qəpik) geçikdirilmiş əsas borcu, 3346.98 (üç min üç yüz qırx altı manat doğsan səkkiz qəpik) gecikdirilmiş günlərə cərimə borcu yaransa da, cavabdeh həmin öhdəilikləri icra etməkdən yayınır. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Lakin, cavabdeh xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq və sübutları tədqiq edərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, MK112 saylı lizinq müqaviləsinin və həmin müqavilənin 1 saylı Əlavəsinin surətindən görünür ki, ödəniş tapşırığına uyğun olaraq 60 ay müddətinə ödəmə şərti ilə qalıq borcu 36.625,49 manat məbləğində müəyyən edilməklə kənd təsərrüfatı texnikası - 5 ədəd 6 Lİ X3 Makinası, 9 ədəd 600 lt diskli gübrə səpmə makinası, 11 ədəd Panter Basic 600 lt tarla dərmanlama pülverizatoru lizinqə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh İddiaçı QSC qarşısında xx.xx.2019-cu il tarixli, MK112 saylı Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə qədər ümumilikdə 34.267,23 manat öhdəliyi vardır. İş materiallarında olan İddiaçı QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh tərəfindən öhdəliklər icra edilməyəcəyi təqdirdə lizinq müqaviləsi üzrə əmələ gəlmiş borcun İddiaçı QSC-yə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan texnikaların saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 31 avqust 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı QSC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı QSC-nin iddiasını qəbul etdiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanmış lizinq müqavilələrinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Qeyd olunan Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh xx.xx.2019-cu il tarixli, MK112 saylı lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini ödəməli olmasına, o cümlədən lizinqə verilmiş texnikaların qaytarılmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin cavabdeh müqavilə üzrə vəzifələrini yerinə yetirmədiyindən, iddiaçı lizinq məbləğinin ödənilməsini və texnikaların geri qaytarılmasını tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi xx.xx.2019-cu il tarixli, MK112 saylı lizinq müqaviləsi üzrə əsas borcun tutulması və texnikaların geri qaytarılması hissəsində əsaslıdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə, iddianın lizinq müqaviləsinə xitam verilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, tərəflər arasında bağlanılmış lizinq müqaviləsinin 19.2-ci bəndinə əsasən defolt hallarının baş verməsi zamanı lizinq verən bu müqaviləni vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Həmin müqavilənin 19.6.3-cü bəndinə əsasən lizinq alan tərəfindən lizinq ödənişlərinin ən azı 2 (iki) ay ardıcıl olaraq ödəniş cədvəlinə uyğun olaraq ödənilməməsi defolt halı hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl müqaviləyə xitam verilməsi tələbini cavabdehə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış lizinq müqaviləsinə xitam verilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda, işin faktiki halları ilə təsdiq olunur ki, cavabdeh lizinq müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş və müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh rəsmi ərizə ilə məhkəməyə müraciət edərək və xx.xx.2022-ci il tarixində keçirilən məhkəmə iclasında şifahi olaraq izahat verərkən iddianı qəbul etdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclasında şəxsən iştirak etmiş, iddianı qəbul edərək müqavilə üzrə 34.467,23 manat borcunun olduğunu etiraf etmiş və iddiaçının tələbini qəbul etmişdir. İddiaçının tələbi isə "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli MK-112 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidia tətbiq edilən X2 müqaviləsinə xitam verilməsindən, lizinq predmeti olan 5 ədəd frezeli kübrəli tapa qurğusu, 9 ədəd gübrəsəpən 600LT, 11 ədəd Panter basic 600Lt tarla ilaclama avadanlığının saz və işlək vəziyyətdə geri qaytarılmasından və ümumilikdə 34.267,23 (otuz dörd min iki yüz altmış yeddi manat iyirmi üç qəpik) manat və 200 manat məbləğində ödənilmiş mediasiya xərcinin cavabdehdən tutulması barədədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Qeyd olunan Məcəllənin 191.3 maddəsinə uyğun olaraq, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi, iddianın cavabdeh tərəfindən etiraf olunması iddiaçını bu faktları sübut etmə vəzifəsindən azad edir. Cavabdeh iddianı qəbul etdiyini şifahi izahatından başqa məhkəməyə təqdim etdiyi yazılı ərizədə də göstərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.4-cü maddəsinə əsasən məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Məhkəmə qeyd edir ki, cavabdehin etirafının aldatma, hədə-qorxu, təzyiq və s. altında edilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, MK-112 saylı lizinq müqaviləsinə xitam verilməli, Cavabdeh tərəfindən lizinq predmetləri olan 5 ədəd frezeli gübrəli tapa qurğusu, 9 ədəd gübrəsəpən 600 LT, 11 ədəd panter basic 600 LT tarla dərmanlama avadanlığı saz və işlək vəziyyətdə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qaytarılmalı, Cavabdeh 34.267,23 manat məbləğində pul və 200 manat mediasiya xərci olmaqla, ümumilikdə 34.467,23 (otuz dörd min dörd yüz altmış yeddi manat, iyirmi üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216cı, 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, MK-112 saylı lizinq müqaviləsinə xitam verilsin. Cavabdeh tərəfindən lizinq predmetləri olan 5 ədəd frezeli gübrəli tapa qurğusu, 9 ədəd gübrəsəpən 600 LT, 11 ədəd panter basic 600 LT tarla dərmanlama avadanlığı saz və işlək vəziyyətdə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qaytarılsın. Cavabdeh 34.267,23 manat məbləğində pul və 200 manat mediasiya xərci olmaqla, ümumilikdə 34.467,23 (otuz dörd min dörd yüz altmış yeddi manat, iyirmi üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar