Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-26/2025 23.05.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul və s. tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı pul və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanan 13 sentyabr 2023-cü il tarixli təchizat müqaviləsi üzrə öhdəliklərin İddiaçı tərəfindən tam, vaxtında və lazimi qaydada icra olunduğunun hesab edilməsi, Cavabdehndən malların anbarda saxlanmasına görə 3663,90 manat icarə haqqı məbləği, malların anbarda saxlanmasını təmin etmək üçün elektrik enerjisi sərfiyyatına görə ödənilmiş 17936,09 manat pul vəsaiti və ödənilmiş 400 manat mediasiya haqqı olmaqla, ümumilikdə 22000 manat pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Rusiya Federasiyasında qeydiyyatdan keçən Cavabdeh arasında 13 sentyabr 2022-ci il tarixdə təchizat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, İddiaçı MMC hazırkı müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlər əsasında çeşidi, kəmiyyəti və qiyməti müqavilənin ayrılmaz əlavəsi olan Spesifikasiyada göstərilən balıq yemini (bundan sonra – Mal) "xxxx" MMC-yə təqdim etməyi, "xxxx" MMC isə həmin malı müqavilə ilə müəyyən edilmiş qaydada və şərtlər əsasında qəbul etməyi və ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə xx.xx.2022-ci il tarixdə bağlansa da, Rusiya Federasiyasının Müqavilələrin Qeydiyyatı qaydalarına görə müqavilənin bağlanma vaxtı 13 sentyabr 2022-ci il tarixinə dəyişdirilmişdir. Müqavilənin 8.2-ci maddəsinə əsasən müvafiq mübahisəni danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, mübahisə iddiaçının ölkəsinin qanunvericiliyinə uyğun olaraq iddiaçının olduğu yer üzrə arbitraj və ya kommersiya məhkəməsində həll edilir. İndiki halda da, İddiaçı olduğu üçün mübahisə iddiaçının olduğu yer üzrə Şirvan Kommersiya Məhkəməsində Azərbaycan Respublikası qanunvericiliyinə uyğun baxılmalıdır. Müqavilənin 1 nömrəli Əlavəsinə əsasən iddiaçı ümumilikdə 20 ton balıq yemini cavabdehə təqdim etməyi, cavabdeh isə 42780 ABŞ dollar məbləği iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə bütün öhdəlikləri vaxtında və lazımi qaydada icra edərək malları razılaşdırılmış şərtlərə və Müqavilənin 4.2-ci bəndinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası, ünvan 1 ünvanındakı anbarından cavabdehin müqavilə bağlayaraq malların daşınmasını həvalə etdiyi logistika şirkətinin – Uniflex MMC-nin əməkdaşlarına təqdim etmişdir. Tərəflər arasında bağlanan müqavilənin 4.3-cü bəndinə əsasən iddiaçı mallara dair müvafiq sənədləri, yəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən verilən mənşə sertifikatlarını, baytarlıq sertifikatını cavabdehə təqdim etmişdir. Həmçinin, cavabdeh tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli Bəyannamədə qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi mallar balıq yemlərinə dair ümumi texniki əsasların nəzərdə tutulduğu QOST-a uyğundur. Tərəflər arasında bağlanan müqavilənin 4.2-ci bəndinə əsasən Malların təchizatı (göndərilməsi) Təchizatçı tərəfindən Təchizatçının Azərbaycan Respublikası, ünvan 1 ünvanındakı anbarından EXW (İncoterms 2020) çatdırılma şərtləri ilə həyata keçirilir. İncoterms 2020 qaydalarına əsasən, EXW şərti satıcının müvafiq malları öz ünvanında alıcıya təqdim etməsi ilə satıcının öz öhdəliyini yerinə yetirməsini nəzərdə tutur. Yuxarıda da qeyd edildiyi kimi iddiaçı tərəfindən mallar satıcının qeyd etdiyi logistika şirkətinə təqdim olunmuş, lakin logistika şirkəti həmin malları Azərbaycan-Rusiya sərhədindən keçirə bilməmişdir. Belə ki, Rusiya qanunvericiliyinə əsasən malları Azərbaycandan Rusiyaya idxal etmək üçün malları ixrac edən şəxs Rusiya Federasiyasının ARGUS X8 Sistemində qeydiyyatdan keçməli və müvafiq sertifikat almalı idi. “X1 Baytarlıq-sanitariya tədbirlərinin tətbiqi haqqında” Gömrük İttifaqı Komissiyasının 18 iyun 2010-cu il tarixli 317 nömrəli qərarının 3.16-cı bəndinə əsasən nəzarət altında olan malların İttifaqın gömrük ərazisinə ixrac edilməsinə “Baytarlıq nəzarəti altında olan obyektlərə birgə baxışın aparılmasının və malların (məhsulların) və nümunələrinin vahid qaydası haqqında” Əsasnamə ilə müəyyən edilmiş Birliyin gömrük ərazisinə gətirilən, nəzarət edilən malların istehsalını, emalı və (və ya) saxlanmasını həyata keçirən təşkilatların və şəxslərin vahid Reyestrinə daxil edilmiş müəssisələrə icazə verilir. Həmin Qərarın 6.11-ci bəndinə əsasən idxalçı malları İttifaqın gömrük ərazisinə idxal edərkən Birliyin qanunvericiliyinə daxil edilmiş aktlarla müəyyən edilmiş tələblərə əməl etməyə borcludur. Rusiya qanunvericiliyində qeyd edilən norma nəzərdə tutulsa da, belə bir müddəa müqavilədə öz əksini tapmamışdır. Yəni, cavabdeh müqavilə bağlayan zaman bilirdi ki, iddiaçıdan Azərbaycanda aldığı məhsulları Rusiya Federasiyasının ərazisinə nəql etmək üçün iddiaçı şirkət Rusiya Federasiyasının ARGUS X8 Sistemində qeydiyyatdan keçməli və müvafiq sertifikat almalı idi. İddiaçı şirkətin belə bir sertifikata malik olmadığını bilən cavabdeh iddiaçı ilə müqavilə bağlamış və faktiki olaraq mallar Rusiyaya nəql edilə bilməmişdir. Həmçinin, iddiaçının nümayəndəsi ilə cavabdehin nümayəndəsi arasında hələ müqavilə bağlanmamışdan əvvəl - 16-18 avqust 2022-ci il tarixdə WhatsApp vasitəsilə söhbət olmuş, iddiaçının nümayəndəsi bildirmişdir ki, “Rosselxoznadzordan (P.S. Rusiyaya mal nəql etmək üçün bu orqandan müvafiq icazə alınmalıdır) icazə alınmasında problem var, biz çalışacıq ki, bu məsələ həll olunsun. Budur yeganə əngəl, amma bu barədə sizə danışmalıyam ki, məsələnin nə olduğunu başa düşəsiniz”. Cavabdehin nümayəndəsi bu məsələyə münasibət bildirərək qeyd etmişdir ki, “Bu problem deyil. Düşünürəm ki, bu nəzarətin öhdəsindən gələcəyik, bu dəfə onlar onu hazırlayacaqlar, gəlin indi əsas məqamı qeyd edək, bu müqavilədir, ödəniş üçün əsas hesabdır.. müvafiq olaraq daha ucuz nəqliyyat vasitələrini tapacayıq və Rosselxoznadzordan bəhanə gözləyəcik, düşünürəm ki, gələn həftə bu həll olunacaq”. Göründüyü kimi cavabdehin nümayəndəsi iddiaçı şirkətin Rusiya Federasiyasının ARGUS X8 Sistemində qeydiyyatdan keçmədiyini və bu cür problemlə üzləşdiyini bilə-bilə iddiaçı ilə müqavilə bağlamışdır. Hansı ki, qeyd edilən sistemdə iddiaçı şirkət qeydiyyatdan keçmədiyi təqdirdə iddiaçının Azərbaycandan göndərdiyi mallar Rusiya Federasiyasının ərazisinə nəql edilə bilməz. O cümlədən, tərəflər arasında bağlanmış təchizat müqaviləsində də iddiaçının Rusiya Federasiyasının ARGUS X8 Sistemində qeydiyyatdan keçməsinə dair heç bir müddəa, qeyd-şərt nəzərdə tutulmayıb. Müqaviləyə tətbiq edilən hüquq qismində Rusiya Federasiyası qanunvericiliyi də nəzərdə tutulmayıb. Yuxarıda da qeyd edildiyi kimi Müqavilənin 4.2-ci bəndində malların çatdırılması şərti kimi EXW (İncoterms 2020) nəzərdə tutulub. Həmin şərt onu ehtiva edir ki, satıcı malları satıcının ünvanından alıcıya təqdim etməlidir və bu şərtin yerinə yetirilməsi ilə də satıcı öz öhdəliyini icra etmiş hesab edilir. İndiki halda da, iddiaçı malları iddiaçının Azərbaycan Respublikası, ünvan 1 ünvanındakı anbarından EXW (İncoterms 2020) çatdırılma şərtləri ilə cavabdehin qeyd etdiyi logistika şirkətinə təqdim etmiş və bununla da öz öhdəliyini tam şəkildə icra etmişdir. Bundan başqa, iddiaçı malların Azərbaycan Respublikasının gömrük ərazisindən Rusiyaya aparılmasına dair müsbət rəyin alınması üçün AR İqtisadiyyat Nazirliyinə müraciət etmiş, AR İqtisadiyyat Nazirliyinin 14 noyabr 2022-ci il tarixli cavab məktubuna əsasən İddiaçınə məxsus dörd yüz min kiloqram balıq yeminin 2022-ci il noyabr ayında Azərbaycan Respublikasının gömrük ərazisindən Rusiyaya aparılmasına etirazın olmadığını bildirmişdir. İddiaçı şirkət vicdanlılığın tələb etdiyi tərzdə davranaraq malların Rusiya Federasiyasının ərazisinə nəql edilməsində kömək göstərmək üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmiş, sözügedən Agentlik xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasının Federal və Fitosanitar Nəzarət üzrə rəhbərinin müavininə məktub yazaraq qeyd etmişdir ki,İddiaçı MMC-nin Rusiya Federasiyasının ARGUS X8 Sistemində qeydiyyatdan keçməsini təmin etmək üçün qeyd edilən şirkətdə video inspeksiyanın (baxışın) keçirilməsinə Agentlik tərəfindən dəstək göstəriləcəyini və baxışın 2023-cü ilin may ayının 10-20-si tarixlərində uyğun olduğunu bildirmişdir. Rusiya Federasiyasının müvafiq qurumunun İddiaçı MMC-nin müəssisəsində video inspeksiya keçirməsinə nail olunmadığı üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi xx.xx.2023-cü il tarixdə yenidən Rusiya Federasiyasının Federal və Fitosanitar Nəzarət üzrə rəhbərinin müavininə məktub yazmışdır. Həmin məktuba verilən xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən cari ilin sentyabr ayında müvafiq baxışın keçirilməsinə hazır olduğunu və İddiaçı MMC üçün uyğun tarixlərinin qeyd edilməsini və məktubda qeyd edilən sənədlərin təqdim olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həmin məktuba cavab olaraq xx.xx.2023-cü il tarixli məktub göndərilmiş və həmin məktubda qeyd edilmişdir ki, 20-26 sentyabr 2023-cü il tarixində İddiaçı MMC-nin müəssisəsində video baxışın nəzərdən keçirilməsi xahiş olunur. Həmçinin Rusiya Federasiyasının Federal və Fitosanitar Nəzarət üzrə qurumunun sonuncu məktubda tələb etdiyi sənədlər AQTA tərəfindən təqdim olunmuşdur (240 səhifəlik). "xxxx" MMC sözügedən müqavilə üzrə aldığı malların Rusiya Federasiyası ərazisinə nəql edilməsi məqsədilə İddiaçı MMC-yə dair müvafiq məlumatları Rusiya Federasiyasının ARGUS X8 Sisteminə daxil edərək müraciət etmişdir. Həmin müraciətə cavab olaraq müvafiq malların Rusiya Federasiyasına nəql edilə bilməməsinin səbəbi kimi bildirilmişdir ki, “Baytarlıq və X5 Xidmətinin İnzibati Reqlamenti”nin 18.1-ci bəndinə uyğun olaraq siyahısı Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyinin 7 noyabr 2011-ci il tarixli 404 nömrəli əmri ilə təsdiq edilmiş heyvanların, baytarlıq üçün dərman vasitələrinin, heyvanlar üçün yem və yem əlavələrinin Rusiya Federasiyası ərazisindən ixrac və onun ərazisindən idxal, habelə onun ərazisindən tranzit keçidə dair icazələrin verilməsi üçün X6 daxil olmayan ölkələrin (P.S. o cümlədən Azərbaycan Respublikası) təşkilatları müvafiq reyestrə daxil edilməlidir və İddiaçı MMC də həmin sistemdə qeydiyyatda deyil. Həmçinin, cavabdeh şirkət tərəfindən xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasının Federal və Fitosanitar Nəzarət üzrə qurumununa məktubla müraciət edilmiş və həmin məktubda qeyd edilmişdir ki, "xxxx" MMC Rusiya Federasiyasında qızıl balıqların ən böyük istehsalçısıdır və hazırda balıq yeminin təchizatı bazarında böyük tələb var. Həmin məktubda o da qeyd edilmişdir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 12 dekabr 2022-ci il tarixli məktubla Rusiya Federasiyasının Federal və Fitosanitar Nəzarət üzrə qurumununa müraciət edib, lakin bu günə qədər o məktuba cavab verilməyib və İddiaçı MMC X3 daxil olmayan “üçüncü ölkələr”in şirkətlərinin reyestrinə daxil edilməyib və məhdud qidalanma mövsümü ilə əlaqədar AQTA-nın sözügedən müraciətinə baxılmasının sürətləndirilməsi xahiş edilmişdir. Yuxarıda qeyd edilən səbəblərə görə iddiaçının göndərdiyi mallar xx.xx.2022-ci il tarixdə iddiaçıya geri qaytarılmış və iddiaçının icarəyə götürdüyü anbarda saxlanmışdır. 2022-ci ilin dekabr ayından etibarən 9 ay sözügedən mallar iddiaçının icarəyə götürdüyü anbarda saxlanılmışdır. 9 ay ərzində iddiaçı malların anbarda saxlanmasına görə ümumilikdə 3663,90 manat icarə haqqı ödəmişdir (müvafiq qaimələr və ödəniş tapşırıqları iddia ərizəsinə əlavə edilir). Həmçinin, iddiaçı sözügedən malların anbarda saxlanmasını təmin etmək üçün 17936,09 manat elektrik enerjisi sərfiyyatına görə ödəniş etmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilən 06 sentyabr 2023-cü il tarixli pretenziya məktubunda malların iddiaçının anbarında qalmasına görə iddiaçıya dəyən zərərin cavabdeh tərəfindən ödənilməsi xahiş edilmişdir. Həmin pretenziya məktubu müqaviləyə uyğun olaraq cavabdehin elektron poçt ünvanına, əlavə olaraq kağız daşıyıcıda göndərilmişdir. Sözügedən pretenziya məktubunun elektron məhkəmə informasiya sistemi vasitəsilə göndərilməməsinin səbəbi odur ki, cavabdeh Rusiya Federasiyasında qeydiyyatdan keçən və orada fəaliyyət göstərən bir şirkətdir (həmin şirkətin Azərbaycan Respublikasında heç bir nümayəndəliyi və filialı mövcud deyil) və buna görə də həmin şirkətə Azərbaycan Respublikasında tətbiq olunan elektron məhkəmə informasiya sistemi vasitəsilə pretenziya məktubu göndərilməsi faktiki olaraq mümkün deyil. Lakin, cavabdeh bu günə qədər iddiaçıya dəyən zərərin ödənilməsini təmin etməmişdir. Tərəflər arasında mövcud olan mübahisənin həll edilməsi üçün 15 saylı mediasiya təşkilatına müraciət edilmiş, mediasiya sessiyasında iştirak etməsi üçün cavabdeh lazımi qaydada məlumatlandırılmış, lakin cavabdehin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir və buna dair 15 saylı mediasiya təşkilatı tərəfindən arayış təqdim edilmişdir. Beləliklə, sözügedən mübahisənin məhkəmə vasitəsilə həll edilməsinə zərurət yaranmışdır. Beynəlxalq müqavilə hüququnun əsas kateqoriyalarından biri olan xoş niyyət ("bona fide") dedikdə, digər tərəfin və ya tərəflərin müqavilə ilə nəzərdə tutduqlarını əldə etmək hüququna xələl gətirmədən, müqavilə tərəflərinin bir-birləri ilə dürüst və ədalətli davranacaqlarına dair götürdükləri öhdəlik başa düşülür. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə baxış iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərdə keçirilmiş məhkəmə hazırlıq iclaslarında və xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərdə keçirilmiş məhkəmə baxış iclaslarında Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, ilk növbədə baxılan iş üzrə özünün səlahiyyətli məhkəmə olmasının müəyyən edilməsini zəruri sayaraq qeyd edir ki, baxılan iş üzrə tərəflərdən biri (cavabdeh) Rusiya Federasiyasında qeydiyyata alınmış kommersiya hüquqi şəxsi olduğuna görə mübahisə xarici elementlidir. İddia Azərbaycan Respublikasında qeydiyyata alınan və fəaliyyət göstərən kommersiya hüquqi şəxsi tərəfindən qaldırıldığından, mübahisə tərəflərinin hər ikisinin öz ölkələrinin qanunvericiliyinə uyğun qaydada qeydiyyata alınmış kommersiya hüquqi şəxsləri olduğundan, həmçinin tərəflər arasında bağlanmış müqavilədə mübahisənin iddiaçının ölkəsinin qanunvericiliyinə uyğun olaraq iddiaçının olduğu yer üzrə arbitraj və ya kommersiya məhkəməsində həll ediləcəyinə dair şərt nəzərdə tutulduğundan, iddiaçının qeydiyyat yerinin ərazi yurisdiksiyası nəzərə alındıqda Şirvan Kommersiya Məhkəməsinin baxılan iş üzrə beynəlxalq səlahiyyətə malik olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 28-ci maddəsinə əsasən, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar. Həmin Məcəllənin 440.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Həmin Məcəllənin 443.0 və 443.0.7-ci maddələrinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə həmçinin, iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə baxmağa haqlıdır. Azərbaycan Respublikasının 2002-ci il 10 dekabr tarixli, 400-İİQ nömrəli Qanunu ilə Azərbaycan Respublikasının qoşulduğu “Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mübahisələrin həll edilməsi qaydası haqqında” 1992-ci il Kiyev Sazişinin 1-ci maddəsinə əsasən, bu Saziş təsərrüfat subyektləri arasında müqavilə və digər mülki hüquq münasibətlərindən, onların dövlət orqanları ilə və digər orqanlarla münasibətlərindən irəli gələn işlərin həll edilməsi məsələsini, habelə onlara dair qərarların icrası məsələsini tənzimləyir. Həmin Sazişin 4-cü maddəsində müəyyən edilmişdir ki, X2 iştirakçısı olan dövlətinin səlahiyyətli məhkəməsi bu Sazişin 1-ci maddəsində göstərilən mübahisələrə baxılmasına haqlıdır, əgər X2 iştirakçısı olan həmin dövlətin ərazisində mübahisənin predmeti olan müqavilə üzrə öhdəlik yerinə yetirilmişdirsə və ya tam və ya qismən yerinə yetirilməliydisə (1-ci bəndin “c” yarımbəndi), X2 iştirakçısı olan dövlətlərin səlahiyyətli məhkəmələri, əgər mübahisənin həmin məhkəməyə verilməsi haqqında yazılı razılaşma mövcuddursa, işlərə digər hallarda da baxmağa səlahiyyətlidir (2-ci bənd). Məhkəmə, baxılan işin xarici elementli mübahisə (tərəflərdən birinin xarici hüquqi şəxs olması səbəbilə) olmasını nəzərə alaraq, mübahisəyə tərəflərin mənsub olduqları hansı dövlətin maddi hüquq normalarının tətbiq edilməsini müəyyən etməyi zəruri hesab edir. “Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mübahisələrin həll edilməsi qaydası haqqında” 1992-ci il Kiyev Sazişinin 11-ci maddəsinin “e” bəndində təsbit edilir ki, tərəflərin əqdlər üzrə hüquq və öhdəlikləri, əgər Tərəflər arasında digər razılaşma əldə edilməyibsə, əqdin bağlandığı (baş verdiyi) yerin qanunvericiliyinə əsasən müəyyən edilir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2 və 1.3cü maddələrinə əsasən, xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. Tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir. Həmin Qanunun 25.1 və 25.1.1-ci maddələrinə əsasən, müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: 25.1.1. alqı-satqı müqaviləsində - satıcının;... Məhkəmə qeyd edir ki, göründüyü kimi, xarici elementli mübahisəyə hansı ölkənin maddi hüququnun tətbiqi ilə bağlı məsələ araşdırılarkən ilk növbədə bununla bağlı tərəflər arasında bağlanmış yazılı razılaşmanın və ya razılaşma şərtinin mövcud olması müəyyən edilməlidir. Belə razılaşmanın və ya şərtin olmadığı halda Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələrlə razılaşdırılmış qaydalar əsas götürülməlidir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri isə yuxarıda göstərilən halların mövcud olmadığı təqdirdə tətbiq edilməlidir. Baxılan işdə tərəflər arasında bağlanmış müqavilədə mübahisənin iddiaçının ölkəsinin qanunvericiliyinə uyğun olaraq iddiaçının olduğu yer üzrə arbitraj və ya kommersiya məhkəməsində həll ediləcəyinə dair şərt nəzərdə tutulsa da, mübahisəyə tətbiq ediləcək maddi hüquq barədə şərt qeyd edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin mənsub olduqları hər iki ölkənin qoşulduğu 1992-ci il Kiyev Sazişinin müddəaları əsas götürülməklə əqdin bağlandığı yerin, hazırki halda Azərbaycan Respublikasının qanunvericiliyinin mübahisəyə tətbiq edilməsinə hər hansı bir hüquqi maneə yoxdur və buna görə də mübahisə iddiaçının mənsub olduğu ölkə olan Azərbaycan Respublikasının qanunvericiyi tətbiq edilməklə həll edilməlidir. Məhkəmə, iş materiallarında olan sənədlərə, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinin izahatına və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, “Elektron Məhkəmə” İnformasiya Sisitemində olan kommersiya hüquqi şəxsi haqqında məlumatdan görünür ki, İddiaçı ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2014-cü il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır və Cəmiyyətin hüquqi ünvanı AZ 4700, Neftçala şəhəri, Kimyaçılar, ev 23, mənzil 3-dür. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə tərtib olunmuş “Hüquqi şəxslərin vahid dövlət reyestrindən Çıxarış”dan görünür ki, Cavabdeh **********105 qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə Rusiya Federasiyası Federal Vergi Xidmətinin Kostroma vilayəti üzrə İdarəsi tərəfindən qeydiyyata alınmışdır və Cəmiyyətin hüquqi ünvanı Kostroma vilayəti, Kostroma şəhəri, Qaliçskaya küçəsi, ev 111-dir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmş xx.xx.2022-ci il tarixli “təchizat” müqaviləsinin: 1.1-ci bəndinə əsasən, Təchizatçı hazırkı Müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlər əsasında çeşidi, kəmiyyəti və qiyməti hazırkı Müqavilənin ayrılmaz əlavəsi olan Spesifikasiyada göstərilən balıq yemini (bundan sonra - Mal) Alıcıya təchiz etməyi, Alıcı isə həmin Malı Müqavilə ilə müəyyən edilmiş qaydada və şərtlər əsasmda qəbul etməyi və ödəməyi öhdəsinə götürür. 1.3-cü bəndinə əsasən, hazırkı Müqavilənin müvafiq Spesifikasiyası əsasında Rusiya Federasiyasının ərazisinə sonrakı idxal üçün Təchizatçının anbarından göndərilən malların mülkiyyət hüququ, əgər Spesifikasiyanın özündə başqa hal nəzərdə tutulmayıbsa, Təchizatçı tərəfindən Malların Alıcı tərəfindən seçilmiş logistika şirkətinə təhvil verildiyi andan, lakin təchiz edilmiş Mallar üçün tam ödənişdən tez olmayaraq Təchizatçıdan Alıcıya keçir. 4.1-ci bəndinə əsasən, malların Təchizatçının anbarından göndərilməsi müddəti Təchizatçının elektron poçt ünvanına təchiz edilən malların miqdarının və adının göstərildiyi Alıcının yazılı sifarişinin daxil olduğu və Alıcının hazırkı Müqavilənin 3.1.1 bəndini yerinə yetirdiyi tarixdən 20 (iyirmi) iş gününə qədərdir. 4.2-ci bəndinə əsasən, Malların təchizatı (göndərilməsi) Təchizatçı tərəfindən Təchizatçının: Azərbaycan Respublikası, ünvan 1 (AZ 4700 Azerbaijan, Neftchala district, Neftchala city, Kimyachilar 23/3) ünvanındakı anbarından EXW (İncoterms 2020) çatdırılma şərtləri ilə həyata keçirilir. 4.3-cü bəndinə əsasən, Təchizatçı malların Rusiya Federasiyasının ərazisinə nəql edilməsi və idxalı üçün zəruri müşayiətedici sənədləri hazırlayır. 4.4-cü bəndinə əsasən, malların Təchizatçıdan Alıcıya ötürülməsi aşağıdakı sənədlərlə rəsmiləşdirilir: CMR (mal-nəqliyyat qaiməsi); İnvoice (hesab-faktura); Packing List (qablaşdırma siyahısı); Malın mənşə sertifikatı (Forma CT-1); Baytarlıq sertifikatı. 4.5-ci bəndinə əsasən, Təchizatçının müvafiq Malların təchiz edilməsi ilə bağlı öhdəlikləri belə Malın Alıcının seçdiyi logistika şirkətinə təhvil verildiyi və Təchizatçı tərəfindən müvafiq mal-nəqliyyat qaiməsinin imzalandığı tarixdən yerinə yetirilmiş hesab olunur. 5.3-cü bəndinə əsasən, hazırkı Müqavilənin şərtlərinə uyğun olaraq təchiz olunan malların yararlılıq müddəti qablaşdırma üzərində göstərilən tarixdən başlayaraq, 6 (altı) ay təşkil edir. Eyni zamanda, Alıcı tərəfindən qəbul edildiyi an üçün təchiz edilmiş Malın yararlılıq müddəti müəyyən edilmiş müddətin ən azı 80% təşkil etməlidir. 8.1-ci bəndinə əsasən, Razılığa gələn Tərəflər arasında pozulmuş hüquqlar və ya Tərəflərdən birinin öhdəliklərini yerinə yetirməməsi ilə bağlı mübahisələr danışıqlar yolu ilə həll ediləcəkdir. 8.2-ci bəndinə əsasən, müvafiq mübahisəni danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, mübahisə iddiaçının ölkəsinin qanunvericiliyinə uyğun olaraq iddiaçının olduğu yer üzrə arbitraj və ya kommersiya məhkəməsində həll edilir. İş materiallarında olan AA seriyalı 436846 №-li “Malın mənşəyi haqqında Sertifikat”ın (Forma CT-1) surətindən görünür ki, İddiaçı (Yükgöndərən) tərəfindən Cavabdehnə (Yükalan) göndərilən cəmi 20000 kq. çəkidə olan mal müəyyən olunmuş mənşə tələblərinə cavab verir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Bakı şəhərində tərtib edilmiş 001049 nömrəli beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin (CMR) surətindən görünür ki, “Göndərən” İddiaçı MMC tərəfindən çəkisi 20152 kq. olan balıq yemi məhsulu “Alan” "xxxx" MMC-nə çatdırılması üçün “Daşıyıcı” "xxxx" MMC-nə təhvil verilmişdir. İş materiallarında olan İcarəyə verən “X7 Agentliyi” X11 ilə İcarəçi İddiaçı arasında bağlanmş xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin: 2.1-ci bəndinə əsasən, bu icarə müqaviləsinə görə İcarəyəverən dövlət mülkiyyətində olan və Sənaye Məhəlləsinin B2 nömrəli modullaşdırılmış blokunda yerləşən 1035 m2 sahəsini İcarəçinin müddətli istifadəsinə verməyi, İcarəçi isə həmin sahənin istifadəsinə görə bu İcarə Müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və qaydada icarə haqqı ödəməyi öhdəsinə götürür. 5.1-ci bəndinə əsasən, bu icarə müqaviləsi üzrə sahədən istifadəyə görə icarə haqqı Nümunəvi Əsasnamənin 10.1.1-ci yarımbəndinə və “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 191 nömrəli Qərarına uyğun olaraq 1 kv.metr üçün 7.20 manat olmaqla, ümumilikdə 1035 kv.metr sahə üçün illik 7452 manat məbləğində müəyyən olunur. İcarə haqqının tərkibinə əmlak vergisi və ƏDV daxil deyil. İş materiallarında olan “X7 Agentliyi” X11 tərəfindən İddiaçınə göndərilmiş FBDR seriyalı 617051 nömrəli elektron qaiməyə əsasən, Sənaye Məhəlləsinin B2 nömrəli modullaşdırılmış blokunda yerləşən 1035 m2 sahəsinin icarə haqqı 3663,90 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 355 və 356 nömrəli ödəniş tapşırıqlarının surətindən görünür ki, İddiaçı tərəfindən “X7 Agentliyi” X10 hesabına xx.xx.2023-cü il tarixli NSM 001İ/23 nömrəli icarə müqaviləsi üzrə cəmi 3663,90 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan İddiaçı MMC tərəfindən "xxxx" MMC-nə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, "xxxx" MMC-nə vurulmuş, xammalın ümumi dəyəri, elektrik enerjisi və qaz təchizatı, su təchizatı və işçilərin əmək haqqı daxil olmaqla 36 352,53 ABŞ dolları; Logistika xidmətlərinin ödənişi 2300 Azərbaycan manatı (1705,00 USD); 109 mz (Azərbaycan Respublikasının Saxlama Qaydalarına və QOST-a uyğun olaraq) anbar sahəsini məşğul etməklə, yük avtomobilinin boşaldılması müddətinin (2023-cü ilin yanvar - 2023-cü ilin sentyabr aylan) ümumilikdə 9 ay olduğu nəzərə alınmaqla 3600,00 ABŞ dolları olmaqla, ümumilkdə cəmi 41657,53 ABŞ dolları məbləğində zərərin ödənilməsi xahiş olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə "xxxx" MMC-nə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçınə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziyaya cavab məktubunda göstərilir ki, "xxxx" MMC (VÖEN **********, KPP 440101001, Kostroma ş„ Qaliçeskaya küç., ev 111) Kostroma şəhərində yerləşən özünə məxsus zavodunda alabalıq yetişdirməklə məşğuldur. xx.xx.2022-ci il tarixdə müəssisə "xxxx" MMC (VÖEN **********, Azərbaycan Respublikası, Neftçala rayonu - hazır balıq yeminin istehsalı) ilə alabalıq üçün yemin alqı-satqısı müqaviləsini bağlamışdır. xx.xx.2022-ci il tarixdə "xxxx" MMC həmin mala görə 42780 USD (qırx iki min yeddi yüz səksən ABŞ dolları) məbləğində 100% qabaqcadan ödəməni icra etmişdir, həmçinin müəssisə qeyd olunan malın xx.xx.2022-ci il tarixdə çatdırılması üçün 4100 USD (dörd min yüz ABŞ dolları) məbləğində ödəniş etmişdir. Müqavilə ilə müəyyən edilmiş müddətdə (7.3, 7.4-cü bəndlər) və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq, yəni 180 təqvim günü ərzində mallar alıcıya çatdırılmamışdır. Bundan əlavə, şirkət yük daşımalarının işsiz dayanmasından 4250 USD (dörd min iki yüz əlli ABŞ dolları) məbləğində zərərə məruz qalmışdır, həmçinin yem üçün ödənilən vəsaitin istifadəsindən tam həcmdə mənfəət əldə etməmişdir. Hazırkı müqavilənin 4.3-cü bəndinə əsasən, yəni "4.3. Təchizatçı malların Rusiya Federasiyasının ərazisinə nəql edilməsi və idxalı üçün zəruri müşayiətedici sənədləri hazırlayır” Rusiya Federasiyasının ərazisinə idxal edə bilmək üçün FGİS Argus sistemində lazımi sertifikatlaşdırmadan keçməli idi. "xxxx" şirkətinin yem istehsalçısı olmadığı üçün qanuna görə belə bir imkana malik deyil. FGİS Argus sisteminə daxil olmaq üçün çoxsaylı sorğu və tələblərə cavab olaraq, "xxxx" MMC nümayəndələri tarixləri daim təxirə saldılar ki, bu da sifariş edilmiş nəqliyyat vasitələrinin işsiz dayanmasına və "xxxx" MMC tərəfindən zərərin çəkilməsinə səbəb olmuşdur. xx.xx.2023-cü il tarixinə İddiaçı MMC FGİS Argus-da akkreditasiyadan keçməmişdir və Rusiya Federasiyasının ərazisinə idxal üçün lazımi sənədləri hazırlamaq imkanına malik deyil. Yem üçün ödənilmiş pul müqavilə və Rusiya Federasiyasının qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə alıcıya qaytarılmamışdır.” İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı MMC-nin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, İddiaçı MMC mediasiya sessiyasının keçirilməsi üçün Mediasiya Təşkilatının hesabına 400 manat vəsait ödəmişdir. Məhkəmə, iddia tələbinin iki hissədən ibarət olduğunu (müqavilə üzrə öhdəliklərin iddiaçı tərəfindən tam, vaxtında və lazimi qaydada icra olunduğunun hesab edilməsi (1) və pul tələbi (2)) nəzərə alaraq hər bir tələb üzrə ayrı-ayrılıqda hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə hesab edir ki, müqavilə üzrə öhdəliklərin tam və ya qismən icra edilməsinin və ya lazımi qaydada icra icra edilməməsinin aşkara çıxarılması üçün ilk növbədə həmin müqavilə üzrə onun işitrtakçılarının öhdəlikərinin məzmunu və ölçüsü dəqiq müəyyən edilməlidir. Baxılan işdə tərəflər arasında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan xx.xx.2022-ci il tarixli “təchizat” müqaviləsidir. Həmin müqavilənin şərtlərinə görə iddiaçı özünün istehsal etdiyi yem məhsulunu razılaşdırılmış qiymətə cavabdehə satmağı, cavabdeh isə həmin malları qəbul edərək dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Tərəflərin razılığına əsasən alqı-satqı obyekti olan mal iddiaçı tərəfindən cavabdehin seçdiyi daşıyıcıya (logistika şirkətinə) təhvil verildiyi andan cavabdehə təhvil verilmiş hesab edilir və malın alıcıya (cavabdehə) çatdırılması EXW (İncoterms 2020) şərti əsasında (satıcının olduğu ölkədə malın daşıyıcıya təhvil verildiyi anda öhdəliyini icra etmiş hesab edilməsi) həyata keçirilir. Yenə həmin müqavilənin şərtlərinə görə (4.5-ci bənd) satıcının (iddiaçının) alqı-satqı obyekti olan malların təchiz edilməsi ilə bağlı öhdəlikləri, malların alıcının (cavabdehin) seçdiyi daşıyıcıya (logistika şirkətinə) təhvil verildiyi və satıcı tərəfindən müvafiq mal-nəqliyyat qaiməsinin imzalandığı tarixdən yerinə yetirilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin yuxarıdakı abzasda göstərilən şərtlərinə tam əməl edərək öz üzərinə düşən öhdəliklərini icra etdiyini iddia edir, cavabdeh isə iddiaçının pretenziyasına cavab məktubunda iddiaçı tərəfindən aralarında bağlanmış müqavilənin 4.3-cü bəndinin tələbinə əməl etməyərək malların Rusiya Federasiyasının ərazisinə nəql edilməsi və idxalı üçün zəruri müşayiətedici sənədləri hazırlamadığını iddia edir. Məhkəmə, tərəflərin öz tələb və etirazlarının əsası kimi istinad etdikləri halları birgə qiymətləndirərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.3-cü bəndində iddiaçının üzərinə alqı-satqı obyekti olan malların Rusiya Federasiyasının ərazisinə nəql edilməsi və idxalı üçün zəruri müşayiətedici sənədləri hazırlamaq vəzifəsi qoyulmuşdur. Məhkəmə hesab edir ki, həmin öhdəliyin məzmunu müqavilənin digər şərtləri ilə birgə təfsir edilərək mövcud qanunvericiliyin tələblərinə əsasən şərh edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin satıcının (iddiaçının) satış obyekti olan malların digər ölkənin ərazisinə nəql edilməsi və idxalı ilə bağlı öhdəliyini müəyyən edən 4.3-cü bəndindən sonrakı bənddə (4.4-cü bənddə) həmin öhdəliyin məzmunu müəyyən edilmiş və malların satıcıdan alıcıya ötürülməsi üçün tələb olunan sənədlərin siyahısı razılaşdırılmışdır. Həmin sənədlər CMR (mal-nəqliyyat qaiməsi), İnvoice (hesab-faktura), Packing List (qablaşdırma siyahısı), Malın mənşə sertifikatı (Forma CT-1), Baytarlıq sertifikatı olaraq müəyyən edilmişdir. İşdən görünür ki, sadalanan sənədlər iddiaçı tərəfindən hazırlanmış və ya əldə edilmişdir, eyni zamanda mallarla birlikdə daşıyıcıya təqdim edilmişdir. Bununla da müəyyən olunur ki, iddiaçı müqavilədə qeyd olunan zəruri sənədləri tam şəkildə təqdim etməklə öz üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. İşin hallarından göründüyü kimi, iddiaçı tərəfindən daşıyıcıya təqdim edilmiş malların cavabdehin aid olduğu ölkəyə idxalı, həmin ölkənin daxili qanunvericiliyi ilə müəyyən edilmiş qaydaya əməl edilməməsinə görə baş tutmamışdır. Belə ki, işdə olan Rusiya Federasiyası Kostroma Vilayəti Baytarlıq Departamenti tərəfindən cavabdehə verilmiş qərarla, X9 Nazirliyinin xx.xx.2011-ci il tarixli 404 saylı əmri ilə təsdiq edilmiş “Heyvanların, heyvan mənşəli məhsulların, baytarlıqda istifadə olunan dərman vasitələrinin, heyvan yemi və yem əlavələrinin Rusiya Federasiyasına idxalı və Rusiya Federasiyasından ixracı, eləcə də onun ərazisi üzrə tranziti üçün icazələrin verilməsi üzrə dövlət xidmətinin göstərilməsi haqqında” Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin İnzibati reqlamentinin 18.1-ci bəndinə uyğun olaraq, X4 gömrük ərazisinə idxal olunan nəzarətli malların istehsalı, emalı və (və ya) saxlanmasını həyata keçirən təşkilat və şəxslərin reyestrində ixracatçı müəssisəinin olmaması əsası ilə malların idxalının qadağan edilməsi qərara alınmışdır. Yenə işdə olan sənədlərdən aydın olur ki, iddiaçının müvafiq reyestrdə qeydiyyata alınması haqqında tərəflərin sonrakı səyləri isə nəticə verməmişdir. Məhkəmə, müqavilənin obyekti olan malların fiziki olaraq cavabdehə çatdırılmamasında iddiaçının təqsirli olub-olmamasının (bununla da, müqavilə üzrə öhdəliyin lazımi qaydada icra edilməməsinin) müəyyən edilməsində yuxarıdakı abzasda qeyd edilənlərə qiymət verilməsini zəruri hesab edir. Əvvəla şərh olunduğu kimi, iddiaçı malların nəql və idxalı üçün tərəflər arasında bağlanmış müqavilədə qeyd olunan zəruri sənədləri tam şəkildə təqdim etməklə öz üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Bununla yanaşı, iddiaçı tərəfindən cavabdehin mənsub olduğu ölkənin daxili qanunvericiliyində nəzərdə tutulmuş prosedur qaydaya (o da qeyd edilməlidir ki, həmin qayda federal və ya lokal qanun, fərman və ya Nazirlər Kabinetinin qərarları səviyyəsində qəbul edilmiş normativ akt deyil, Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin İnzibati reqlamentində nəzərdə tutulmuş tənzimləməni ehtiva edir) əməl edilməməsi, heç bir halda onun müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməməsinə dəlalət edə bilməz Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi hallar istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin olmasını tələb edir. Mülki Məcəllənin 389.1-ci maddəsində isə müqavilənin anlayışı açıqlanaraq göstərilir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq, müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı). Mülki Məcəllənin 405.1-ci maddəsinə müvafiq olaraq, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki dövriyyənin sabitliyini təmin edən ən vacib prinsiplərdən biri də “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 570.2-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. Məhkəmə, yuxarıda şərh olunanları qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən şərh edərək bu nəticəyə gəlir ki, tərəflər arasında bağlanan xx.xx.2023cü il tarixli təchizat müqaviləsi üzrə öhdəliklərin iddiaçı tərəfindən tam icra olunduğu müəyyən edildiyinə görə, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə, malların anbarda saxlanmasına görə 3663,90 manat məbləğində icarə haqqı məbləğinin cavabdehdən tutulması hissəsində də iddianın əsaslı olduğu qənaətinə gələrək qeyd edir ki, işin hallarından göründüyü kimi, iddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirərək alqı-satqı obyekti olan malları təhvil versə də, həmin malların idxalı baş tutmadığına görə onların xarab olmasının qarşısını almaq məqsədi ilə yenidən öz sahibliyinə qəbul edərək 9 ay ərzində icarəyə götürdüyü soyuducu anbarda saxlanılmış və bunun müqabilində ümumilikdə 3663,90 manat icarə haqqı ödəmişdir. Məhkəmə, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icrasından sonra da, onların bir-birlərinin hüquqlarına və əmlaklarına qayğı göstərməklə bağlı əlavə öhdəliklərinin olduğunu vurğulayaraq hesab edir ki, baxılan işdə də iddiaçı formal olaraq artıq cavabdehə məxsus olan malların yararlılığını bir müddət qorumaqda haqlı olmuşdur. Buna görə də, iddiaçının cavabdehə məxsus olan malların soyuducu anbarda saxlanılmasına görə icarə haqqı ödəməklə çəkdiyi xərcin əvəzini tələb etmək hüququ yaranmışdır. Məhkəmə, onu da qeyd etməyi zəruri sayır ki, baxılan işdə tərəflər arasında müqavilə münasibətləri olduğuna görə, mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəllənin 57ci fəslində nəzərdə tutulmuş özgə işlərini tapşırıqsız aparma ilə bağlı normaların tətbiqi üçün əsas yoxdur. Buna görə də, mübahisə müqavilə hüququna dair normalar tətbiq olunmaqla həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 446.5 və 446.5.1-ci maddələrinə əsasən, gecikdirmə zamanı kreditor onun təqsirindən asılı olmayaraq müqavilə predmetinin saxlanması ilə əlaqədar çəkilmiş artıq xərclərin əvəzini borcluya ödəməlidir. Məhkəmə, həmçinin iddianın cavabdehdən 400 manat məbləğində mediasiya xərcinin tutulmasına dair hissəsini də əsaslı hesab edir. Belə ki, cavabdeh icarə haqqının ödənilməsi və s. tələblərlə bağlı iddiaçı qarşısında yaranmış öhdəliklərini lazımınca icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurulmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddiaçı 56,64 manat məbləğində rüsum ödəməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna, həmçinin iddia tələbi qismən təmin olunduğuna görə qeyd edilən dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə, iddia tələbini malların anbarda saxlanmasını təmin etmək üçün elektrik enerjisi sərfiyyatına görə ödənilmiş 17936,09 manat pul vəsaitinin cavabdehdən tutulması hissəsini əsassız hesab edir. Belə ki, iddiaçı həmin tələbinin əsasını təşkil edən halları təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh «Sander” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul və s. tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanan 13 sentyabr 2023-cü il tarixli təchizat müqaviləsi üzrə öhdəliklər İddiaçı tərəfindən tam icra olunmuş hesab edilsin. Cavabdehndən malların anbarda saxlanmasına görə 3663,90 manat məbləğində icarə haqqı məbləği və ödənilmiş 400 manat mediasiya xərci olmaqla, ümumilikdə 4063,9 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 56,64 manat məbləğində dövlət rüsumu Cavabdehnə aid edilsin və Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-26/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-26/2025
23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver