Məhkəmə qərarları › İş №e-2-2(121)-2623/2023

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2623/2023

04.12.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-2623/2023 04.12.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu – Ərizəçi məhdudiyyətin götürülməsinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək 8 saylı Ərazi Vergilər İdarəsinin ərizəsinə əsasən Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(121)-2000/2021 saylı qərarı ilə ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş olunmuşdur. Ərizə belə əsaslandırılmışdır ki, o, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləmişdir. Hal-hazırda həmin şirkətin 100% təsis payına məxsus olan şəxs Beridze Oleqdir. Eyni vaxtda Beridze Oleq yuxarıda qeyd edilən tarixdən hüquqi şəxsin qanuni təmsilçisidir. 8 saylı ərazi Vergi İdarəsi Şirvan İnzibati Məhkəməsinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 12191,71 (on iki min bir yüz doxsan bir manat 71 qəpik) manat, DSMF 431 (dörd yüz otuz bir) manat və İşsizlikdən sığorta fonduna 15,63 manat borcunun olmasına görə ölkədən getmənin məhdudlaşdırılmasına dair ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edilmiş və Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(121)-2000/2021 nömrəli qərarı ilə ərizə təmin edilmişdir. Miqrasiya Məcəlləsinin ərizədə qeyd edilən 9.3.6-1–ci maddəsində göstərilir ki, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək ölkədən getmə və ölkəyə gəlmək müvəqqəti məhdudlaşdırıla bilər. Lakin onun fiziki şəxs olaraq dövlət qarşısında heç bir icra edilməmiş öhdəliyi yoxdur. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan kommersiya qurumlarının dövlət reyestri məlumatından görünür ki, hal-hazırda "xxxx" MMC-nin qanuni təmsilçisi X1r. Reyestrdən son dəfə verilmiş çıxarışın tarixi xx.xx.2023-cü ildir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının borcudur. Göründüyü kimi, hal-hazırda "xxxx" MMC-nin qanuni təmsilçisi Ərizəçi deyildir. Belə olduğu təqdirdə Ərizəçi ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdığından həmin məhdudlaşdırmanın götürülməsi vergi orqanları tərəfindən həll edilməli məsələdir. Bunun üçün vergi orqanları həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməlidir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının borcudur. Belə olduğu halda məhkəmə hesab edir ki, hazırkı ərizəyə məhkəmədə baxılmalı deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, fiziki şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırmanın götürülməsi barədə ərizənin icraata qəbul edilməsindən imtina edilməsini tənzimləyən konkret norma olmadığından, iddia ərizəsinin iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtinaya dair münasibətləri nizama salan hüquq normaları tətbiq edilərək, ərizəçinin mövcud ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq qəraraaldı: Ərizəçi məhdudiyyətin götürülməsinə dair ərizəsi, iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə izah edilsin ki, fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra həmin məhdudlaşdırmanın götürülməsi vergi orqanları tərəfindən həll edilməli məsələdir. Vergi orqanları öz səlahiyyətləri daxilində fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar