Məhkəmə qərarları › İş №e-2-2(121)-2627/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2627/2024

12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2627/2024 12.12.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 449.855 (dörd yüz qırx doqquz min səkkiz yüz əlli beş) manat məbləğində pul vəsaitinin İddiaçı MM-Cnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 28 mart 2022-ci il tarixli BA-351 saylı Alqı-Satqı Müqaviləsinə əsasən İddiaçı MMC-nin (Satıcı) istehsal etdiyi inək südü məhsulunu "xxxx" MMC-yə (Alıcıya) satmağı, Alıcı isə öz növbəsində alınan malların dəyərini ödəmək öhdəliklərini öz üzərlərinə götürmuşlər. İddiaçı MMC tərəfindən üzərinə götürdüyü öhdəliklər tam icra olunsa da, cavabdeh "xxxx" MMC öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında müqavilə münasibətləri yaranan andan etibarən ümumi mal dövriyyəsi 1.984.982 manat (ƏDV daxil, qaytarma çıxılmaqla net məbləğ) olmuşdur. Cavabdeh tərəfindən həmin məbləğin 1.495.127 manat (ƏDV daxil) hissəsi ödənilmiş, lakin ona kifayət qədər güzəştli müddət verilməsinə baxmayaraq 489.855 AZN məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. Həmin Müqavilənin 4.1. bəndinə və 1 saylı X2 uyğun olaraq ödənişlər malın təhvil verildiyi gündən 20 gün ərzində həyata keçirilməli idi. Lakin malın təhvil verildiyi gündən uzun müddət keçməsinə baxmayaraq borcun ödənilməsi ilə əlaqədar edilən bütün danışıqlar və səylər nəticə verməmişdir. Belə ki, cavabdehlə danışıqlar zamanı borcun 6 ay ərzində hissə-hissə ödənilməsi barədə şifahi razılaşma əldə olunmuş və həmin razılaşma barədə müəssisə rəhbərliyinə (iddiaçıya) müraciət edilməsi təklif edilmişdir. Cavabdeh müəssisəyə məktubla müraciət edərək borcu etiraf etmiş, xx.xx.2024-cü il tarixdə 10000 manat, xx.xx.2024 tarixdə 10000 manat və xx.xx.2024 tarixdə isə 15000 manat ödəniş etdiyini bildirmiş, lakin razılaşdırılmış 6 ay əvəzinə onun anbarında qalan quru südlə əvəzlərşdirilməsini və ya ilin sonuna kimi ödəyəcəyini xahiş etmişdir. Cavabdehə bildirilmişdir ki, onun təklif etdiyi quru süd məhsulu iddiaçının laboratoriyasında yoxlanılmış və keyfiyyətcə iddiaçının keyfiyyət göstəricilərin uyğun olmadığı bildirilmiş və borcun maksimum qısa müddətdə ödənilməsi xahiş edilmişdir. Bütün bunlara baxmayaraq cavabdeh yaranmış borcu ödəmir və bu günə kimi, yəni xx.xx.2024-cü il tarixinə cəmi 40000 manat pul ödəmişdir ki, hal-hazırda cavabdehin müəssisəyə olan borc məbləği 449.855 manat təşkil edir. İddiaçı nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BA-351 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, Satıcı, müqavilə qüvvədə olduğu müddətdə, müqavilənin ayrılmaz tərkib hissələri olan X1 dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları Alıcının ona təqdim etdiyi Sifarişdə göstərilən miqdarda satmağı, Alıcı isə həmin malları Satıcı tərəfindən malla birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağı və Müqavilənin ayrılmaz tərkib hissələri sayılan X1, həmçinin qaimə-fakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan elektron qaimə-fakturaların surətindən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-nə göndərilmiş malların ümumi dəyəri ƏDV daxil 1.984.982 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən veriliş “Hesabdan çıxarış” məlumatlarından görünür ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022ci il tarixli, BA-351 nömrəli alqı-satqı müqaviləsi üzrə "xxxx" MMC tərəfindən İddiaçı MMCnin hesabına xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ümumilkdə cəmi 1.495.127 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan “Maliyyə arayışı”nın surətindən görünür ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BA-351 nömrəli müqaviləyə əsasən, İddiaçı MMC tərəfindən ümumilikdə 1.984.982 manat dəyərində olan mallar "xxxx" MMC-nə təhvil verilmiş, "xxxx" MMC tərəfindən isə alınmış mallara görə cəmi 1.535. 126,79 manat məbləğində ödəniş edilmişdir, nəticədə "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixə borcu 449855,25 manat təşkil etmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BA-351 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış 544854,66 manat məbləğində borcun xx.xx.2024-cü il tarixədək tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin direktoru Vüqar Mirzəyev tərəfindən İddiaçı MMC-nin direktoru Rauf Mailova ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda, İddiaçı MMC tərəfindən "xxxx" MMC-nə göndərilmiş 544854,66 manat məbləğində borcun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli pretenziya məktubuna cavab olaraq bildirilmişdir ki, müəssisənin fəaliyyətində çətinliklər yarandığına görə gəlirlərin azalması səbəbindən öhdəliklərin yerinə yetirilməsində gecikdirmələr yaranmışdır. Bununla belə, İddiaçı MMC qarşısında olan öhdəlikləri yerinə yetirməyə çalışırlar. Bu məqsədlə İddiaçı MMC-nə tərəflərindən xx.xx.2024-cü il tarixdə 10000 manat, xx.xx.2024 tarixdə 10000 manat və xx.xx.2024 tarixdə isə 15000 manat ödəniş edilmişdir. Borcun ödənilməsi üçün onların anbarında olan malla əvəzləşdirilməsi təklif olunur, əks təqdirdə hissə-hissə ödəniş edilməklə İddiaçı MMC qarşısında olan öhdəliklərini xx.xx.2024-cü ilədək tam icra edəcəklər. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (alğısatqı müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tədarük etdiyi malları cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda cavabdehə təqdim etməklə onun mülkiyyətinə verməyə, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul vəsaitini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malları cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alğı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-ci paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 600-cü maddələrində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə qeyd edilən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında malların (süd məhsulunun) alğı-satqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçı tərəfindən təhvil verilmiş malların ümumi dəyərinin 1.984.982 manat təşkil etməsi (təhvil aktları və elektron qaimələrə əsasən), təhvil verilmiş mallara görə cavabdeh tərəfindən iddiaçının bank hesabına cəmi 1.495.127 manat məbləğində pul vəsaitinin köçürüldüyü (hesabdan çıxarış məlumatlarına əsasən) və xx.xx.2024-cü il tarixə "xxxx" MMC-nin qalıq borc məbləğinin 544854,66 manat təşkil etməsi (pretenziya məktubuna və cavabdeh tərəfindən pretenziyaya verilmiş cavab məktubuna əsasən) işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin tam şəkildə ödənilməməsi barədə iddiaçının tələbi təşkil edir. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı mallara görə ödənilməmiş 449,855 manat məbləğində borcunun qaldığını iddia edir. İddiaçı, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməyərək aldığı malların qiymətini tam ödəməməsi haqqında tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqaviləyə, təhvil aktları və elektron qaimələrə, hesabdan çıxarış məlumatlarına, borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə və həmin pretenziyaya cavabdeh tərəfindən verilmiş cavab məktubuna istinad edir. Məhkəmə hesab edir ki, İddiaçı MMC tərəfindən cavabdeh "xxxx" MMC-nə göndərilmiş 544854,66 manat məbləğində borcun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli pretenziya məktubuna, cavabdeh "xxxx" MMC-nin direktoru Vüqar Mirzəyev tərəfindən İddiaçı MMC-nin direktoru Rauf Mailova ünvanlanmış xx.xx.2024-cü il tarixli məktub, xx.xx.2024-cü il tarixə "xxxx" MMC-nin qalıq borc məbləğinin 544854,66 manat təşkil etməsinə dair sonuncunun etirafı xarakterini daşıyır. Buna görə də, məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, həmin məktubun məzmunu ilə müəyyən edilən xüsusatlar işin mübahisəsiz hallarından biri kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh borcunu etiraf etməsinə dair məktubla iddiaçıya müraciət etdiyinə görə, həmin hissədə iddiaçı sübutetmə vəzifəsindən azad olunmuşdur. İddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsinin sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin üzərinə düşməsinə baxmayaraq, cavabdeh xx.xx.2024-cü il tarixindən sonra iddiaçıya ödəniş etməsinə dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, təhvil aktlarını və elektron qaimələri, hesabdan çıxarış məlumatlarını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan malların qiymətini təşkil edən 449,855 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Buna görə də məhkəmə, əsas borc qalığı kimi tələb olunan 449,855 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı pul tələbi əsaslıdır və buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 449855 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar