Məhkəmə qərarları › İş №e-2-2(121)-2635/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2635/2022

08.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-2635/2022 08.12.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, İddiaçı Cavabdeh qarşı öhdəliyin yerinə yetirilməməsi üzrə yaranmış borcun tutulması tələbinə dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1736,91 manat əsas borc, 743,96 manat cərimə, cəmi 2.480,87 manat məbləğində pul vəsaitinin və 60 manat məbləğində ilkin mediasiya sessiyası ilə bağlı ödənilmiş rüsumun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmasına dair barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC ilə bağlanmış “13” aprel 2021-ci il tarixli, **********/21 saylı Distribütor Müqavilələrinə əsasən iddiaçının istehsal dondurma məhsullarını Sabirabad regionu üzrə satışını həyata keçirməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən üzərinə götürdüyü öhdəliklər tamamilə icra olunsa da, Cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, cavabdeh müəssisəmizdən təhvil aldığı süd məhsullarının dəyərini, ona kifayət qədər güzəştli müddət verilməsinə baxmayaraq, ödəməmiş və nəticədə 1736,91 AZN (bir min yeddi yüz otuz altı manat, 91 qəpik) məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. X2 Müqavilənin 3.3. bəndinə əsasən Sifariş verilən Məhsullar təhvil alındığı gündən sonra 3 (üç) iş günü ərzində ödəniş edilməli idi. Lakin malın təhvil verildiyi gündən uzun müddət keçməsinə baxmayaraq və tərəfimizdən borcun ödənilməsi ilə əlaqədar edilən bütün danışıqlar və səylər nəticə verməmişdir və bu günkü günə qədər ödənilməmişdir. Həmin Müqavilənin 8-ci bəndinə əsasən - Mübahisələr və fikir ayrılıqları baş verdikdə tərəflər danışıqlar yolu ilə onları həll etməyə çalışacaqlar. Danışıqlar yolu ilə mübahisələrin həlli mümkün olmadıqda, tərəflər məhkəməyə müraciət etmək hüquqlarından istifadə edə bilərlər. Məsələni həll etmək məqsədilə dəfələrlə tərəfimizdən həmin borcun ödənilməsi ilə əlaqədar cavabdehə cəriməsiz olaraq borcun ödənişlərini həyəta keçirilməsi barədə şifahi və yazılı xəbərdarlıqlar edilsə də (Pretenziya isə xx.xx.2022 tarixlərdə göndərilmişdir) borc bu günə kimi ödənilməmişdir. Həmin Müqavilənin 6.4. bəndinə əsasən - Mövsümün sonuna Distribütorun ona təhvil verilən Məhsullar üzrə qalıq borcu olarsa və 01 oktyabr 2021-cu il tarixinə həmin məbləğ ödənilmədiyi təqdirdə İstehsalçı hər gecikdirilən günə görə Distribütora ödənilməyən məbləğin 0,1%-i həcmində cərimə nəzərdə tutulmuşdur ki, 15 fevral 2022-ci il tarixinə həmin cərimə məbləği 743,96 (yeddi yüz qırx üç manat, 96 qəpik) AZN təşkiledir. Beləliklə cavabdehin ümumi borcu – 2 480,87 (iki min dörd yüz səksən manat, 87 qəpik) AZN təşkil edir. Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununa uyğun olaraq Cavabdeh mediasiya sessiyasına dəvət edilsə də sessiyasda iştirak etməmişdir. Tərəflərindən ilkin mesiasiya sessiyasına görə 60 AZN ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncunun rəsmi qeydiyyat ünvanı üzrə xx.xx.2022-ci il tarixdə bildirişin təqdim olunmasına baxmayaraq, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13 aprel 2021-ci il tarixli, **********/21 saylı distribütor müqaviləsindən görünür ki, Cavabdeh (Distribütor) ilə İddiaçı MMC (İstehsalçı) arasında malların alğı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci yarımbəndinə əsasən, istehsalçı bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında özü istehsal etdiyi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə (X1) göstərilən Dondurma məhsullarını (bundan sonra “Məhsullar) Sabirabad bölgəsində (Sabirabad bölgəsinə aid şəhər və rayonlar: Sabirabad, Kürdəmir, Saatlı, İmişli, Şirvan (bir hissəsi)) satışının təşkil edilməsini Distribütora tapşırır, Distribütor isə öz növbəsində həmin Məhsulları qəbul edir, İstehsalçının müəyyən etdiyi qiymətə satır və həmin Məhsulların dəyərini bu müqavilənin şərtlərinə əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci yarımbəndinə əsasən, Məhsullar Distribütora keyfiyyət və kəmiyyətə uyğun olaraq Distribütorun anbarında müvafiq müşayiətedici sənədlərlə təhvil verilir. Qaimə-faktura ilə birlikdə (və ya E-Qaimə) İstehsalçı Hesab-fakturanı təqdim etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.4-cü yarımbəndinə əsasən, mövsümün sonuna Distribütorun ona təhvil verilən Məhsullar üzrə qalıq borcu olarsa və 01 oktyabr 2021-ci il tarixinə həmin məbləğ ödənilmədiyi təqdirdə istehsalçı hər gecikdirilən günə görə Distribütora ödənilmən məbləğin 0,1 %-i həcmində cərimə tətbiq edəcəkdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 007643 saylı malların təhvil-qəbul aktının surətindən görünür ki, İddiaçı (istehsalçı) ümumi məbləği 2.868,71 manat dəyərində olan malları Cavabdeh təhvil vermişdir. İş materiallarında olan EBBC seriyalı, 454719 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimənin surətindən görünür ki, 3.297,94 manat məbləğində mallar İddiaçı tərəfindən Cavabdeh təqdim edilmişdir. İş materiallarında olan EBBE seriyalı, 172672 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimənin surətindən görünür ki, 1.270,39 manat məbləğində mallar İddiaçı tərəfindən Cavabdeh təqdim edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 24 oktyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 1.736,91 manat əsas, 743,96 manat cərimə borcu vardır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 13 sentyabr 2022-ci il tarixli, 402 saylı pretenziya məktubundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış alğı-satqı müqaviləsi üzrə yaranmış borcun 5 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞS/1/00287 nömrəli arayışdan görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış 13 aprel 2021-ci il tarixli, **********/21 saylı alqı-satqı müqaviləsi təşkil edir. Məhkəmə hesab edir ki, hazırkı işdə iddiaçının alğı-satqı müqaviləsi üzrə Cavabdeh malları təhvil verməsi, sonuncunun isə həmin mallara dair borcunun olması işin mübahisəsiz halını təşkil edir. Odur ki, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ümumilikdə 1.736,91 manat borcunun olması öz təsdiqini tapdığından, o cümlədən cavabdeh tərəfindən həmin borcun olmamasına və ya daha az olmasına dair hər-hansı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, iddia əsas borca münasibətdə təmin edilməlidir. Məhkəmə, iddianın 743,96 manat dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin 6.4-cü yarımbəndinə əsasən, mövsümün sonuna distribütorun ona təhvil verilən məhsullar üzrə qalıq borcu olarsa və xx.xx.2021-ci il tarixinə həmin məbləğ ödənilmədiyi təqdirdə istehsalçı hər gecikdirilən günə görə distribütora ödənilməyən məbləğin 0,1 %-i həcmində cərimə tətbiq edəcəkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 75 manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə, iddianın 60 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-5, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1.736,91 manat əsas borc, 75 manat dəbbə pulu və 60 manat mediasiya xərci olmaqla, ümumilikdə 1.871,91 (bir min səkkiz yüz yetmiş bir manat, doxsan bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev İş № e-2-2(121)-2635/2022 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL 08 dekabr 2022-ci il Şirvan şəhəri Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, İddiaçı Cavabdeh qarşı öhdəliyin yerinə yetirilməməsi üzrə yaranmış borcun tutulması tələbinə dair kiçik iddia ərizəsinə Şirvan Kommersiya Məhkəməsinin binasında baxaraq məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət başladı saat 12:25-də. Hakim iş materiallarını tədqiq etdi. Hakim iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etdi. Prosessual hərəkət saat 12:30-da qurtardı. Protokol 08 dekabr 2022-ci il tarixdə tərtib olundu. Hakim Elşən Abdullayev İş № e-2-2(121)-2635/2022 08 dekabr 2022-ci il İddiaçınə Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, ev Cənub Hissəsi Cavabdeh Ünvan: Sabirabad şəhəri, S.Vurğun küçəsi, ev 8, mənzil 7 Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2635/2022 saylı, 08 dekabr 2022-ci il tarixli qətnaməsinin surəti Sizə göndərilir. Həmçinin məhkəmə qeyd edir ki, qərarın şikayət verməyən şəxsin maraqlarına toxunan hissəsinin digər tərəfin şikayəti üzrə yoxlanılması, sonradan həmin hissə ilə bağlı verilmiş şikayətin baxılmadan geri qaytarılması ilə nəticələnəcəkdir. Qərardan şikayət verməyən işdə iştirak edən şəxs, digər tərəfin şikayəti üzrə həyata keçirilən məhkəmə icraatında iştirak etmək, maraqlarına toxunan və mübahisələndirilən hissə ilə bağlı öz dəlillərini irəli sürmək hüququna malikdir. Qərarın şikayət verməyən şəxsin maraqlarına toxunan hissəsinin apelyasiya baxışının hədlərinə dair prosessual qanunvericiliyin tələblərinin pozulması ilə yoxlanılması apelyasiya şikayəti verməyən şəxsi kassasiya şikayəti vermək hüququndan məhrum etmir. Qoşma: qətnamənin surəti. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar