Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-2665/2022 16.11.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı cavabdehdən əsas borca görə 2.686,66 manat, hesablanmış cəriməyə görə 776,44 manat və ödənilmiş mediasiya xərcinə görə 60 manat olmaqla cəmi 3.523,10 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair işə sadələşdirilmiş qaydada baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 2.686,66 manat, hesablanmış cəriməyə görə 776,44 manat və ödənilmiş mediasiya xərcinə görə 60 manat olmaqla cəmi 3.523,10 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin “MKT-Beyləqan” filialı və Cavabdeh arasında bağlanmış 21 284 117 saylı 2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən, cavabdeh 6,39 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu İddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə İddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 8380 manat 38 qəpik dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh təhvil verəcəyi pambığın dəyəriavans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Nəticədə cavabdeh tərəfindən 7405,31 kq, 5183,72 manat dəyərində xam-pambıq təhvil verilmişdir ki, bu da həm müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur, bununla da İddiaçıdan təhvil götürdüyü cəmi avansın dəyəri tam ödənilməmişdir. Cavabdeh avans vəsaitlərin dəyərinə görə yaranmış borcundan 510 manat vəsaiti iddiaçıya geri qaytarmışdır. Son nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 2686,66 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xampambığın tədarükünü həyata keçirən “MKT-Beyləqan” filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2 bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 776,44 manat təşkil edir. Cavabdehin Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İşin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21 284 117 saylı 2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən, cavabdeh 6,39 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsaletdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 8.380,38 manat məbləğində vəsaitlər (dərman, çiyid, nağd pul) verilmiş və aqrotexniki xidmətlər göstərilmişdir. İş materiallarında olan 2021-ci il mövsümü üzrə pambıq qəbulu qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə ümumilikdə 5.183,72 manat məbləğində xam pambıq təhvil verilmişdir. İşdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh pretenziya məktubu ünvanlanaraq, borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 17 oktyabr 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ərizəyə əsasən cavabdeh əsas borca görə 2.686,66 manatı qəbul etdiyini qeyd edib, işə iddia icraatı qaydalarında baxılmasını və cərimənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli telefonoqrama əsasən cavabdeh əsas borcu qəbul etdiyini və borcu ödəyəcəyini bildirmiş, cərimənin azaldılmasını xahiş etmişdir. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında 2021-ci ilin mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqavilə bağlanılmışdır. Həmin əqdə əsasən cavabdehə 2021-ci il mövsümündə xam-pambıq əkilməsi məqsədilə avans olaraq ümumi dəyəri 8.380,38 manat təşkil edən vəsaitlər verilmiş, aqrotexniki xidmətlər göstərilmişdir. Əqdə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam yerinə yetirməsinə baxmayaraq, cavabdeh avans məbləğdən ümumilikdə 7.405,31 kq xampambıq təhvil verilməklə 5.183,72 manat və 510 manat məbləğində vəsaiti iddiaçıya geri qaytarmış, lakin öhdəliklərini tam icra etməmişdir. Cavabdehin əqdə əsasən iddiaçıdan aldığı aqrotexniki vəsaitlərə və xidmətlərə görə iddiaçıya 2.686,66 manat məbləğində borcu qalmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı aralarında bağlanmış müqavilə üzrə əsas borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, tərəflər arasında bağlanılmış 02 dekabr 2020-ci il tarixli, 21 284 117 saylı mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləyə əsasən 2.686,66 manat borcun olduğu iş materialları ilə tam sübuta yetirilir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən 2.686,66 manat borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 776,44 manat məbləğində deyil, 70 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Qanunun 3.4-cü maddəsinə əsasən, mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Məhkəmə həmçinin iddianın 60 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-5, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2.686,66 manat əsas borc, 70 manat cərimə və 60 manat mediasiya xərci olmaqla, ümumilikdə 2.816,66 manat pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2-2(121)-2665/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2665/2022
16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver