Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-2673/2021 18.11.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Misirzadə Namidar Əlöysət oğlu – İddiaçı MMC-nin ərizəsini və ona əlavə edilmiş sənədləri (Şirvan şəhərində) nəzərdən keçirərək müəyyən etdi : İddiaçı MMC Cavabdeh MMC-yə qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Ona görə ki, ərizənin forması mülki-prosessual qanunvericiliyin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Belə ki, qüvvədə olan mülki-prosessual qanunvericilikdə məhkəməyə müraciətin müxtəlif prosessual formalarını (iddia ərizəsi, ərizə, vəsatət, apellyasiya şikayəti və s.) nəzərdə tutulur. İddia icraatı qaydasında məhkəməyə müraciətin prosessual forması kimi isə iddia ərizəsi ilə müraciət göstərilmişdir. Mülki-prosessual qanunvericiliyin təhlilindən aydın olur ki, tərəflər (iddiaçı və cavabdeh) iddia icraatında (MPM-nin 12-23-cü fəsilləri) mövcuddurlar. Xüsusi icraat qaydasında baxılan işlər (MPM-nin 30-40-7-ci fəsilləri) üzrə isə əsas iştirakçılar ərizəçi və maraqlı şəxslərdir (bu növ icraat üzrə tərəflər mövcud deyildir). Mövcud ərizədən görünür ki, ərizəçinin qeyd edilən ərizəsi iddia icraatı qaydasında baxılmalı olan tələb deyil, xüsusi icraat qaydasında baxılmalı olan ərizədir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Qeyd edilən Məcəllənin 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Lakin, ərizənin də formasından aşkar surətdə görünür ki, ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə müraciət etmiş olsa da, özünün “iddiaçı” qismində, Cavabdeh MMC-ni isə “cavabdeh” qismində göstərmişdir. Halbuki, iddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arsındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Qeyd edilən Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Göstərilən qanunvericilik aktı normasına məhkəmə hesab edir ki, ərizə onun formasına uyğun məhkəməyə verilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Qeyd edilən Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də ərizənin məhkəmə icraatı mümkün deyildir. Odur ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qərara aldı : İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi geri qaytarılsın. İddiaçıya (ərizəçiyə) izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-2673/2021
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2673/2021
18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver