Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-2686/2024 20.08.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə şifahi müqavilə üzrə görmüş olduğu işlərin dəyəri ödənilməklə iddiaçıya məxsus 31 (otuz bir) ədəd “Asinxron” markalı elektrik matorlarının və 100 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə qanunvericiliklə müəyyən edilmiş məbləğdən az dövlət rüsumu ödənildiyinə görə iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən iddia qiymətləndirilməyən iddia ərizəsi kimi qəbul edilərək 100 manat məbləğində rüsum ödənilmişdir. Halbuki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı cavabdehdə olan əmlakların geri verilməsini xahiş edir, yəni iddianın predmeti əmlak tələbi barədədir. Məhkəmə qeyd edir ki, iddianın predmeti əmlak tələbi barədə olduğuna görə iddianın qiyməti tələb olunan əmlakların dəyərinə müvafiq olaraq hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.2-ci maddələrinə əsasən, iddianın qiyməti əmlakın tələb edilməsi haqqındakı iddialarda— tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. Həmin Məcəllənin 112.5-ci maddəsinə əsasən, iddianın qiyməti iddia ərizəsi verilən vaxt mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində müəyyən olunmalıdır. Beləliklə müəyyən olunur ki, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun dövlət rüsumu iddia ərizəsinin verildiyi məhkəmənin hesabına ödənilməmişdir. Buna görə də iddia ərizəsi icraata götürülə bilməz və hazırki iddia ərizəsi üzrə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Buna görə də iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin qaytarılması qərara alındığına görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 112, 114, 149- 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (mədaxil qəbzi № **********) iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-2686/2024
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2686/2024
20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver