Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-275/2021 23.04.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı “xxxx” ATSC-nin cavabdeh “xxxx” MMC-yə qarşı – pul tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” X4 Cəmiyyəti (bundan sonra “xxxx” ATSC) cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra “xxxx” MMC) qarşı – 88.534,88 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC ilə “xxxx” ATSC arasında bağlanmış, xx.xx.2019-cu il tarixli, 39 nömrəli “alqı-satqı müqaviləsi”nə əsasən satıcı qismində çıxış edən “xxxx” ATSC, alıcı kimi çıxış edən “xxxx” MMC-nə müvafiq dövlət standartlarına və texniki şərtlərə cavab verən alkoqollu içkiləri satmağı, alıcı ilə aldığı həmin malları qəbuletməyi bu müqavilənin şərtlərinə uyğun olaraq aldığı malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin “Ödəmə şərtləri”ni tənzimləyən 4.1-ci bəndinin tələbinə görə alıcı tərəfindən malın dəyərinin ödənilməsi, satıcının verdiyi hesab-fakturaya və ya elektron qaiməyə əsasən mal qəbul edildikdən 10 iş günü ərzində satıcının yuxarıda sözügedən müqavilədə göstərilən bankdakı hesablaşma hesabına köçürülmə yolu ilə həyata keçirilməli idi. Qeyd olunan müqavilə imzalandığı gündən 1 il müddətində qüvvədə olmuşdur. İddiaçı “xxxx” ATSC tərəfindən cavabdeh “xxxx” MMC-yə müvafiq elektron qaimələr təqdim edilsə də, cavabdeh hazırkı vaxtadək müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini vaxtında və layiqincə icra etməmiş, beləliklə də hazırkı vaxta cavabdeh “xxxx” MMC-nin “xxxx” ATSC-yə 88.534,88 manat borcu yaranmışdır. Bununla əlaqədar olaraq, göstərilən məbləğdə olan borcun ödənilməsi üçün onun tərəfindən cavabdeh təşkilata rəsmi müraciət olunmuşdur. Sözügedən müraciətinə cavabdeh “xxxx” MMC-nin icraçı direktoru X2 tərəfindən verilən, xx.xx.2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “xxxx” ATSC tərəfindən həmin təşkilata göndərilmiş xx.xx.2019-cu il tarixli, 653408 nömrəli qaimədə göstərilən 29.562,30 manat, xx.xx.2019-cu il tarixli, 653419 nömrəli qaimədə göstərilən 24.627,20 manat, xx.xx.2019-cu il tarixli, 653420 saylı qaimədə göstərilən 27.681,18 manat və xx.xx.2019cu il tarixli, 653421 nömrəli qaimədə göstərilən 6.664,20 manat, ümumilikdə isə 88.534,88 manat məbləğində məbləğində olan mallar “xxxx” ATSC-nin satış şöbəsinin müdirinin müavini İbrahimov Xəyyam tərəfindən göndərilməmiş və həmin məbləğdə olan mallar “xxxx” MMC tərəfindən alınmamışdır. Göstərilən xüsusatlara əsaslanan cavabdeh təşkilatın icraçı direktoru “xxxx” ATSC-yə yaranan 88.534,88 manat məbləğində borcun araşdırılmasına göstəriş verilməsini xahiş etməklə, faktiki olaraq borcun ödənilməsindən imtina etmişdir. Buna görədə, hazırkı iddia ilə məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilən xx.xx.2019-cu il tarixli 39 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Satıcı” standart və texniki şərtlərə cavab verən alkoqollu içkiləri “Alıcı”-ya satır, “Alıcı” isə həmin malları qəbul edir və müqavilənin şərtlərinə uyğun ödənişi həyata keçirməlidir. Müqavilənin 4.1-ci bəndinə əsasən, müqaviləyə əsasən “Alıcı” tərəfindən malın dəyərinin ödənilməsi, “Satıcı”nın verdiyi hesab-fakturaya və ya Elektron Qaiməyə əsasən, mal qəbul edildikdən 10 (on) iş günü ərzində Satıcının Bankdakı hesabına nağdsız qaydada köçürmə yolu ilə həyata keçirilir. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, “Satıcı” Müqavilə ilə nəzərdə tutulmuş Malı “Satıcı”nın və yaxud “Alıcı”nın öz nəqliyyat vasitəsi ilə “Alıcı”nın müəyyən etdiyi təyinat məntəqəsinə çatdırmalıdır. Qeyd edilən Müqavilənin 5.4-cü bəndinə əsasən, əgər “Alıcı” onun sifarişi əsasında çatdırılmış Malı qəbul etməzsə, bu onu həmin məhsulun pulunu ödəməkdən azad etmir. Göstərilən Müqavilənin 7.1.1-ci bəndinə əsasən, “Satıcı” müqaviləyə əsasən Elektron Qaimədə göstərilmış malları “Alıcıya” göndərməlidir. Əks halda “Alıcıya” bununla bağlı vurduğu ziyanı ödəməlidir. Müqavilənin 7.1.2-ci bəndinə əsasən, mallarla birlikdə təhvil-təslim sənədləri (qaimə, faktura) verməlidir. Yenə həmin Müqavilənin 7.1.3-cü bəndinə əsasən, təhvil verilmə anında malların kəmiyyətində və yaxud keyfiyyətində çatışmamazlıq aşkar olunarsa, çatışmamazlıq aradan qaldırılmalıdır. Sözügedən Müqavilənin 7.2.2-ci bəndinə əsasən, “Alıcı” onun sifarişi əsasında hazırlanmış malları razılaşdırılmlış müddətdə qəbul etməlidir. Əks halda “Satıcı”ya vurduğu ziyanı ödəməlidir. İşə əlavə olunan “xxxx” MMC-nin icraçı direktoru X1 “xxxx” ATSC-nın İdarə Heyətinin sədri Qanuni nümayəndə Məhəməd oğluna xx.xx.2020-ci il tarixli ünvanladığı ərizədən görünür ki, xx.xx.2019-cu il tarixli 584475 nömrəli qaiməyə əsasən 29.562,30 manat, xx.xx.2019-cu il tarixli 579167 nömrəli qaiməyə əsasən 24.627,20 manat, xx.xx.2019-cu il tarixli 579165 nömrəli qaiməyə əsasən 27.681,18 manat, xx.xx.2019-cu il tarixli, 655960 nömrəli qaiməyə əsasən 6.664,20 manat, ümumilkdə 88534,88 manat dəyərində olan mallar satış müdürünün müavini İbrəhimov Xəyyam tərəfindən göndərilməmiş, “xxxx” MMC həmin malları almamışdır və 88534,88 manat məbləğində borcun araşdırılmasını xahiş etmişdir. İş materillarında olan xx.xx.2019-cu il tarixli (EAAT seriyalı, 584475 nömrəli), xx.xx.2019-cu il tarixli (EAAT seriyalı, 579165 nömrəli), xx.xx.2019-cu il tarixli (EAAT seriyalı, 579167 nömrəli) və xx.xx.2019-cu il tarixli (EAAT seriyalı, 655960 nömrəli) elektron qaimələrdən görünür ki, “xxxx” ASC xx.xx.2019-cu il tarixdə 29562.30 manat, xx.xx.2019-cu il tarixdə 27681,18 manat, xx.xx.2019-cu il tarixdə 24627.20 manat, xx.xx.2019-cu il tarixdə 6664.20 manat dəyərində mallarını göndərilməsinə dair xx.xx.2019-cu il tarixli, 39 nömrəli müqaviləyə uyğun olaraq alıcı “xxxx” MMC-yə elektron qaimələr göndərmişdir. Lakin, iddiaçı tərəfindən qaimələrdə əks olunmuş malların cavabdehə verilməsini, onların təhvil-təslimini təsdiqləyən hər hansı sübut məhkəmə araşdırması zamanı təqdim edilməmişdir. Hətta, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında verdiyi izahat zamanı malların iddiaçıya məxsus anbardan çıxması və cavabdehə təhvil verilməsi ilə əlaqədar onlarda hər hansı bir sənədin olmamasını bildirmişdir. Belə olan halda, cavabdehə elektron qaimələrin göndərilməsi və onların təsdiq edilməsi malların təhvil alınması halının sübutu kimi qəbul edilə bilməz. Ona görə ki, bunlar cavabdehin ona nə qədər pul ödənilməli olduğunun bildirilməsidir. Lakin həmin məbləğin nəyin əsasında yaranmasını, bu elektron qaimələrin malların təhvil-təslimini bildirən hansı sənədlər əsasında tərtib olunmasını göstərən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 433.1-ci və 433.2-ci maddələrinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. Həmin Məcəllənin 433.3-cü maddəsinə əsasən, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Qeyd edilən Məcəllənin 448.1-ci və 448.2-ci maddələrinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, elektron sistem vasitəsilə göndərilmiş qaimələr malın təhviltəslimi barədə digər sübutlar olmadan satılmış malların həqiqətən alıcıya təqdim edildiyini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göstərilən Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Sözü gedən Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, elektron qaimə Vergilər Nazirliyinin “Avis” proqramı vasitəsilə alıcıya elektron qaydada göndərildiyi üçün mal müşayətedici sənəd deyildir. Əgər tərəflər malın təhvil-təsliminin yalnız elektron qaimə göndərilməsi ilə rəsmiləşdirilməli olması barədə razılığa gəlmiş olsa idilər, müqavilənin 7.1.1 və 7.1.2-ci bəndlərinin müqavilənin məzmununa daxil edilməsinə zərurət olmazdı. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 1.2, 3.7 və 3.9-cu bəndlərinə əsasən, 1.2. Elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. 3.7. Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.), elektron qaimə-fakturanın dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Dəqiqləşdirilmiş elektron qaiməfakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilir. Dəqiqləşdirilmiş elektron qaimə-faktura təqdim edildikdən sonra alıcı tərəfindən təsdiq edilməlidir. Alıcı tərəfindən dəqiqləşdirilmiş elektron qaimə-fakturanın təqdim edildiyi ayın sonuncu gününə kimi təsdiq edilmədiyi halda dəqiqləşdirilmiş elektron qaimə-faktura proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır. 3.9. ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesabfakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə qeyd edir ki, elektron qaimə-faktura mal məxaricini rəsmiləşdirməyə imkan verən ilkin uçot sənədi olsa da, malların digər vergi ödəyicisinə təhvil-təslimini təsdiq edən sənədi əvəz etmir. Nəzərə alınmalıdır ki, alıcıya düzgün göndərilməmiş elektron qaimənin alıcı tərəfindən deyil, yalnız satıcı tərəfindən ləğv edilməsi və ya dəyişdirilməsi mümkündür. Qaydalara əsasən mal digər vergi ödəyicisinin bilavasitə özünə deyil, mal və xidmətlərin alışını həyata keçirən təhtəlhesab şəxsə təqdim edildiyi halda satıcı həmin şəxsdən alıcı tərəfindən verilmiş vəkalətnamənin təqdim edilməsini tələb etməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsindən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.3-cü bəndinə əsasən, vergi ödəyicisi malları təhtəlhesab şəxs vasitəsilə aldıqda, təhtəlhesab şəxsə Malların alınması üçün vəkalətnamə verir. Malların alışı zamanı təhtəlhesab şəxs satıcıya Malların alınması üçün vəkalətnamə təqdim etdikdən sonra satıcı Malların alınması üçün vəkalətnamə verən vergi ödəyicisinin adına sənədləşdirilmiş malların satışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. Təhtəlhesab şəxsin malları anbara təhvil verməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Həmin Qaydaya xx.xx.2019-cu il tarixdən əlavə edilmiş 3.15-ci bəndinə əsasən, vergi ödəyiciləri tərəfindən mallar təqdim edilərkən malların təhvil verilməsi üçün maddi-məsul şəxslərin imzası ilə “Elektron qaimə-faktura”nın çap edilmiş forması ilkin uçot sənədi kimi tərtib edilə bilər. (Qaydaların 3.15-ci bəndi Azərbaycan Respublikası Prezidentinin 2019cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanı ilə əlavə edilmişdir). Qeyd edilən Qaydaya xx.xx.2019-cu il tarixdən əlavə edilmiş 3.16-cı bəndə əsasən, vergi ödəyicisi əvvəlcədən sifariş edilməyən malların satışını həyata keçirdikdə həmin mallar digər vergi ödəyicisinə “Malların təhvil-qəbul aktı” üzrə təqdim edilir və həmin mallar üzrə “Elektron qaimə-faktura” bu qaydaya uyğun olaraq göndərilir. (Qaydaların 3.16-cı bəndi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanı ilə əlavə edilmişdir). Göstərilən Qaydanın xx.xx.2019-cu il tarixədək qüvvədə olmuş 4.1-ci bəndinə əsasən, topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura tərtib edilməklə həyata keçirilir. (Qaydaların 4.1-ci bəndinin bu redaksiyası 2019-cu il 25 dekabr tarixinədək qüvvədə olmuş, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanı ilə həmin redaksiyaya dəyişikliklər edilmişdir). Sözü edən Qaydanın xx.xx.2019-cu il tarixədək qüvvədə olmuş 4.3-cü bəndinə əsasən topdansatış və bölüşdürücü bazarlardan, anbarlardan mallar ticarət obyektlərinə məsul şəxsin sifarişi əsasında buraxılır. Sifariş məsul şəxs tərəfindən imzalanır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında cavabdehə qaimə(lər) göndərmək vəzifəsinə malik olduğu kimi, eyni zamanda həmin müqavilə(lər) əsasında mal(lar)ın cavabdehə təhvil verilməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında qaimə(lər) göndərilməsinə dair vəzifəsindən istifadə etmiş, lakin həmin mal(lar)ın cavabdehə təhvil verilməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də, mövcud iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mal(lar)ın cavabdehə təhvil verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyindən, iddia təmin edilə bilməz. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı “xxxx” ATSC-nin cavabdeh “xxxx” MMC-yə qarşı – 88.534,88 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-275/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-275/2021
23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver