Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2760/2024 26.12.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı – borc tələbi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı xx.xx.2022-ci il tarixli CPC/S-005/22 saylı alqı-satqı müqaviləsinə əsasən, 16.734,20 manat əsas və ödənişlərdə gecikdirməyə görə 16.138,17 manat dəbbə pulu olmaqla, cəmi 32.872,37 manat borcun və ödənilmiş 189 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixli CPC/S-005/22 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə və müqaviləyə müvafiq Əlavələrə (qiymətlərin razılaşdırılması protokolu) əsasən, satıcı istehsal etdiyi qarğıdalı qlüteni və qarğıdalı qırıntısı məhsullarını alıcıya satmağı, alıcı isə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 7.2-ci bəndinə əsasən, alıcı tərəfindən malların dəyərinin ödənilməsində yol verilmiş hər gecikmə gününə görə gecikdirilən məbləğin 1% məbləğində dəbbə pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 7.3-cü bəndinə əsasən isə, ödəniləcək dəbbə pulu ümumi borc məbləğinin 100%-dən artıq ola bilməz. Qeyd olunan alqı-satqı müqaviləsi üzrə cavabdehə cari il üzrə xx.xx.2024-cü il tarixdə 3234,20 manat, xx.xx.2024-cü il tarixdə 7092 manat, xx.xx.2024-cü il tarixdə isə 6408 manat olmaqla, ümumilikdə 16734,20 manat məbləğində məhsul satılmışdır. Lakin müqavilə öhdəlikləri cavabdeh tərəfindən vaxtında va lazımınca icra edilməmişdir. Belə ki, yuxarıda qeyd olunan tarixlərdə cavabdehə təhvil verilmiş və ümumilikdə 16.734,20 manat təşkil etmiş malların dəyəri bu vaxtadək ödənilməmişdir. Ödənişlərdə hazırkı tarixədək 293 gün gecikdirmə olmuşdur. Alqı-satqı müqaviləsinin 7.2-ci bəndinə əsasən gecikdirmə günlərinin sayına görə hesablanmış dəbbə pulu məbləği 16.138,17 manat təşkil etmişdir. Bununla da, hazırda cavabdehin müqavilə öhdəliklərinin pozulması nəticəsində iddiaçıya 16734,20 manat əsas və gecikdirmələrə görə 16138,17 manat dəbbə pulu olmaqla, ümumilikdə 32872,37 manat borcu yaranmışdır. Dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borc ödənilməmiş va xəbərdarlıqlara hər hansı münasibət bildirilməmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında CPC/S-005/22 nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. İş materialında olan sənədlərdən (satış hesab fakturaları, elektron qaimələr və məhsulların təhvil-təslim aktlarının surətlərindən) görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 16.734 manat məbləğində mallar verilmişdir. İş materialında olan maliyyə arayışın surətindən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 16.734,2 manat əsas borc və 16.138,17 manat cərimə borcu qalmışdır. İş materialında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə ödənilməmiş borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, işin həqiqi halları ilə, iddiaçının nümayəndəsinin izahatı və işin materialları ilə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, hazırda cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar)ı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal(lar)ı almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən məbləği tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən əsas borcun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iş materiallarında olan satış hesab fakturaları və elektron qaimələrin surətlərindən görünür ki, Cavabdeh MMC-yə 16.734 manat məbləğində mallar təhvil verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia qismən təmin edilərək, cavabdehdən göstərilən müqavilə üzrə 16.734 manat məbləğində əsas borc tutulmalıdır. Məhkəmə həmçinin iddianın 16.138,17 manat məbləğində dəbbə pulu borcunun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən dəbbə pulu əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən dəbbə pulunun 16.138,17 manat məbləğində deyil, 1.130 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş 189 manat məbləğində dövlət rüsumunun 143,59 manatı (yəni, 17.864 manata münasibətdə) cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-260-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 16.734 manat əsas borc, 1.130 manat dəbbə pulu, cəmi 17.864 manat məbləğində pul vəsaiti və 143,59 manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-2760/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2760/2024
26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver