Məhkəmə qərarları › İş №e-2-2(121)-2776/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2776/2024

19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2776/2024 19.12.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Saatlı Rayon İcra Hakimiyyəti başçısının Saatlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Saatlı Rayon İcra Hakimiyyəti başçısının Saatlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Saatlı Rayon İcra Hakimiyyəti başçısının Saatlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə qarşı pul tələbinə dair sadələşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc 869,09 manat, cərimə sanksiyası olaraq 86,90 manat pulun (cəmi 955,99 manat) və ödənilmiş 30,00 manat dövlət rüsumunun cavabdeh Saatlı rayonu İH-nin Saatlı şəhər İƏD üzrə nümayəndəliyindən tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Saatlı rayonu İcra Hakimiyyəti başçısının Saatlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi arasında ərzaq məhsullarının satın alınması barədə 2020-ci il 06 oktyabr tarixli SA-840/1 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı ASC (İcraçı) müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə Saatlı rayonu İH-nin Saatlı şəhər İƏD üzrə nümayəndəliyinin (Sifarişçinin) təklifini qəbul edir və cədvəldə göstərilən ərzaq məhsulları ilə Sifarişçini təmin etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən Saatlı rayonu İH-nin Saatlı şəhər İƏD üzrə nümayəndəliyi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının İcraçıdan qəbul edilməsini və onun dəyərinin ödənilməsini öhdəsinə götürür. Lakin, Saatlı rayonu İH-nin Saatlı şəhər İƏD üzrə nümayəndəliyi müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri icra etməmiş və İddiaçı ASC-yə aldığı ərzaq məhsulları üzrə ödənişi həyata keçirməmişdir. Cavabdeh Azərbaycan Respublikası Saatlı Rayon İcra Hakimiyyəti başçısının Saatlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsində bildirmişdir ki, Saatlı rayon İcra Hakimiyyəti başçısının Saatlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə qarşı İddiaçı ASC ilə bağlanılmış müqaviləyə (06 oktyabr 2020-ci il tarixli SA-840/1) əsasən 2021-ci ildə Nümayəndəlik tərəfindən maliyyələşən körpələr evi-uşaq bağçaları ərzaq məhsulları ilə təmin edilmişdir. Nümayəndəlik tərəfindən alınmış ərzaq məhsullarının dəyəri ödənilmişdir. 2021-ci il yanvar-may aylarında alınmış ərzaq məhsullarının dəyərinin ödənilməsi üçün təqdim edilmiş öhdəlik sənədinə 13 saylı Regional Xəzinədarlıq idarəsi tərəfindən imtina verilmişdir. X1 13 saylı Regional idarəsi tərəfindən verilmiş imtina Portaldan çıxarış məktuba əlavə edilir. Sənədin təsdiqi üçün X1 13 saylı Regional idarəsinə müraciət edilə bilər. İmtinanın səbəbi kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2021ci il tarixli, 37 saylı qərarı əsas göstərilmişdir. Qərarda İddiaçı ASC-yə un və un məmulatlarının istehsalı ilə məşğul olan istehsalçılara xx.xx.2021-ci il tarixində xx.xx.2021ci ilədək subsidiya verildiyi əks olunmuşdur. Elektron qaimədə göstərilən un və un məmulatlarının ödənişi dayandırılmış, qalan ərzaq məhsullarının dəyəri tam ödənilmişdir. Ərzaq məhsullarını körpələr evi-uşaq bağçalarının məsul şəxsləri tərəfindən təhvil alınıb, bağçalarda silinmişdir. Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2021-ci il tarixli səncamına əsasən 01 yanvar 2022-ci il tarixdən məktəbəqədər təhsil müəssisələri yerli İcra Hakimiyyəti orqanlarının tabeliyindən alınaraq, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyinə verildiyi üçün borcun ödənilməsi nümayəndəliyin səlahiyyətləri xaricindədir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-2776/2024 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Saatlı Rayon İcra Hakimiyyəti başçısının Saatlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə qarşı pul tələbi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi xx.xx.2024-cü il tarixdə cavabdehin etiraz ərizəsinə yazılı münasibət bildirərək qeyd etmişdir ki, cavabdeh Saatlı rayonu İcra Hakimiyyəti başçısının Saatlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş etiraz həqiqəti özündə əks etdirmir, məhkəməni yanıltmağa yönəldilmişdir. Aşağıda qeyd olunanlara əsasən etiraz ilə razılaşmırlar. 1. Saatlı rayonu İcra Hakimiyyəti başçısının Saatlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanmış etirazda qeyd olunmuşdur ki, “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 fevral tarixli 37 nömrəli Qərarına əsasən yaranmış borcun ödənilməsindən imtina olunmuşdur və qərarda un istehsalçılarına xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək subsidiyanın verildiyi əsas gətirilmişdir. - Azərbaycan Respublikası Prezidentinin 2016- cı il 11 aprel tarixli 859 nömrəli Fərmanı ilə təsdiq edilmişdir Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydasının 3.1.3-cü bəndinə əsasən satınalma qiymətləri elanın yerləşdirildiyi vaxt üçün ərzaq məhsullarının topdansatış bazar qiymətlərindən aşağı olmamalıdır. Ərzaq məhsullarının hər bir növü üzrə satınalma qiymətini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi müəyyən edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi rübdə bir dəfədən az olmayaraq ərzaq məhsullarının hər bir növü üzrə topdansatış bazar qiymətlərini müəyyən etmək üçün araşdırmalar aparırlar. Məhsulların qiyməti sonradan dəyişdikdə qiymətlərə yenidən baxılır; - Fərmandan aydın olur ki, Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması bu Qaydaya əsasən tənzimlənir və yuxarıda göstərilən qərarın bu satınalmaya aydiyyəti yoxdur. Bununla bağlı cavabdeh iddia etdiyi yeni qiymətin necə formalaşdığını və hardan götürdüyünü təsdiq edən heç bir qanunvericilik normasına istinad etməmişdir. - Həmin qaydanın 3.7-ci bəndinə əsasən Tədarük və təchizat agentinin istehsalçılardan və ya satıcılardan aldığı ərzaq məhsullarının bu Qaydanın 3.1.3-cü yarımbəndinə uyğun müəyyən edilmiş qiymətlərinə və ya bu Qaydanın 3.1.8-ci yarımbəndinə uyğun olan faktiki idxal qiymətlərinə (idxal rüsumları nəzərə alınmaqla) tətbiq edilən ticarət əlavəsi 20%-dən çox ola bilməz. - Aqrar tədarük və təchizat” ASC ilə Saatlı rayonu İcra Hakimiyyəti başçısının Saatlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi arasında ərzaq məhsullarının satın alınması barədə 2020-ci il 06 oktyabr tarixli SA-840/1 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavə 1 cədvəlində 1-ci növ buğda unundan bişirilmiş ağ çörəyin 1 kq-nın qiyməti 0,72 qəpik, 1-ci növ buğda unu 0.57 qəpik, 1-ci növ buğda unundan hazırlanmış bulka 0.23 qəpik göstərilmişdir. Müqavilənin 7.2-ci bəndinə əsasən məhsulların qiymətində dəyişiklik olduqda qiymətə yenidən baxılır. - 30 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan X3 daxil olmuş 30 aprel 2021-ci il tarixli İD 520350 saylı məktuba əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə ünvanladığı Elektron Portalda qiymətlərə dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli İN-X/O-4021/2021 saylı razılıq məktubuna əsasən monitorinqin nəticələri və yeni satınalma qiymətləri müəyyən olmuşdur. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin 04-İHP/21 saylı 30 aprel 2021-ci il tarixli iclas protokoluna əsasən yeni elan olunmuş qiymət və ticarət əlavələri müəyyən edilmişdir. Həmin protokola əsasən 1-ci növ buğda unundan bişirilmiş ağ çörəyin 1 kq-nın qiyməti 0.82 qəpik, ticarət əlavəsi 2 % olmaqla 0,836 qəpik təşkil etmişdir. Yeni qiymətlər və ticarət əlavəsi 01 may 2021-ci il tarixdən qüvvəyə minmişdir. 2. Saatlı rayonu İcra Hakimiyyəti başçısının Saatlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəməyə və İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış digər etiraz məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2021-cı il 20 dekabr tarixli 3058 nömrəli sərəncamına əsasən 20 dekabr 2021-ci il tarixdən Yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Bununla əlaqədar smetada həmin maddə üzrə vəsait nəzərdə tutulmadığı üçün Aqrar tədarük və təchizat” ASC-yə olan borcun ödənilməsi mümkün deyildir. - Həmin sərəncamda göstərilir ki, 01 yanvar 2022-ci il tarixdən Yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Növbəti il, 2022-ci üçün ərzaq məhsulların alınmasına dair pul vəsaiti Təhsil Nazirliyinin tabeliyində olan müvafiq qurumuna ayrılmışdır. 2021-ci il üçün ərzaq məhsulların alınmasına dair dövlət büdcəsindən Saatlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə pul vəsaiti ayrılmışdır. Yəni, 31 dekabr 2021-ci il tarixə kimi dövlət məktəbəqədər təhsil müəssisələri Yerli icra hakimiyyəti orqanlarının (burda, Saatlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi) tabeliyində olmuşdur, amma Saatlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi müqavilə üzrə öhdəliyini qismən (ödənişlər, elektron qaimələrin təsdiqi və s.) icra etmişdir. xx.xx.2021-xx.xx.2021-ci il tarixə olan müddətdə un məmulatlarına dair ümumiyyətlə ödəniş etməmişdir. Cavabdeh tərəfindən əlavə olunmuş elektron qaimədən də görünür ki, 30 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan X3 daxil olmuş 30 aprel 2021-ci il tarixli İD 520350 saylı məktuba əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmış monitorinq nəticələri və yeni satınalma qiymətləri müəyyən olmuşdur. Tərəflərin qarşılıqlı razılaşmasına əsasən 01 may 2021-ci il tarixdən sonra vurulmuş elektron qaimələrdə 1-ci növ buğda unundan bişirilmiş ağ çörəyin 1 kq-nın qiyməti 0,836 qəpik göstərilmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Vergilər Məcəlləsinin tələblərinə uyğun olaraq elektron qaimələr qəbul edilmişdir. Tərəflərin imza və möhürü ilə təsdiq edilmiş tərəflər arasında imzalanan 2021- ci ili əhatə edən qarşılıqlı hesablaşma aktına əsasən cavabdeh Saatlı rayonu İcra Hakimiyyəti başçısının Saatlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi 869,09 (səkkiz yüz altmış doqquz manat 09 qəpik) manat borcunun olduğunu təsdiq etmişdir. 3. “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 fevral tarixli 37 nömrəli Qərarına əsasən Un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə 2021-ci il fevralın 1-dən sentyabrın 1-dək olan dövrdə 35 (otuz beş) manat məbləğində subsidiya verilməsi qərara alınmışdır. - “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən hazırlanmış və dövlət müəssisə vətəşkilatları (idarələri) tərəfi ndən ərzaq məhsullarının (dövlət taxıl fondu üçünalınan buğda istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması qaydasına əsasən tədarük və təchizat agenti (Aqrar Tədarük və Təchizat ASC) – Un istehsalı ilə məşğul olan şəxs deyildir, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan, əsas məqsədi ərzaq məhsullarının istehsalçılarından və satıcılarından belə məhsulların alınmasını, tədarük edərək satınalan təşkilatlara təqdim olunmasını təmin edən hüquqi şəxsdir. Cavabdeh tərəfindən etiraz ərizəsində göstərilən un məmulatlarının dövlət tərəfindən qoyulmuş qiymətinin aşağı olduğunu qeyd etsə də, bunu təsdiq edən heç bir qanunvericilik normasına istinad etməmişdir, X1 13 saylı Xəzinədarlıq İdarəsinin hər hansı bir rəsmi sənədi iş materiallarına əlavə olunmamışdır. Tərəflər arasında münasibətlər Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanı ilə təsdiq edilmişdir Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydalarına əsasən tənzimlənir. Məlumat üçün bildirilir ki, 2021-ci il ərzində Saatlı rayonu İcra Hakimiyyəti başçısının Saatlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi xaric qeyd olunan un məmulatlarını alan bütün X4 tərəfindən alınmış məhsulların pulu ödənilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icalsında iştirak edən cavabdeh Azərbaycan Respublikası Saatlı Rayon İcra Hakimiyyəti başçısının Saatlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin nümayəndəsi X5 izahatında iddia ərizəsində tələb olunan məbləğdə borcun mövcud olduğunu, lakin həmin borcun ödənilməsi üçün vəsaitin maliyyə idarəsi tərəfindən ayrılmadığını, buna görə də borcu ödəyə bilmədiklərini, hazırda isə baxçaların onların balansında olmadığını bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2016-cı il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Saatlı Rayon İcra Hakimiyyəti başçısının Saatlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2004-cü il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Saatlı Rayon İcra Hakimiyyəti başçısının Saatlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi arasında bağlanmış 2020-ci il 06 oktyabr tarixli, SA-840/1 saylı müqavilənin 1.1-ci bəndinə əsasən, İcraçı bu Müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə Sifarişçinin təklifini qəbul edir və cədvəldə göstərilən ərzaq məhsulları ilə Sifarişçini təmin etməyi öz öhdəsinə götürür. İş materiallarında olna elektron qaimələrin surətlərindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Saatlı Rayon İcra Hakimiyyəti başçısının Saatlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə ümumilikdə cəmi 15063,33 dəyərində ərzaq məhsulları təhvil verilmişdir. İş materiallarında olan “Maliyyə arayışı”ndan görünür ki, Azərbaycan Respublikası Saatlı Rayon İcra Hakimiyyəti başçısının Saatlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin əsas məbləğ üzrə borcu 869,09 manat təşkil edir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Saatlı Rayon İcra Hakimiyyəti başçısının Saatlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi arasında xx.xx.2022-ci il tarixdə imzalanmış “Qarşılıqlı hesablaşma aktı”ndan görünür ki, tərəflər həmin aktı imzalamaqla Azərbaycan Respublikası Saatlı Rayon İcra Hakimiyyəti başçısının Saatlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixinə olan borcunun məbləğinin 869,09 manat olduğunu təsdiq etmişlər. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Saatlı Rayon İcra Hakimiyyəti başçısının Saatlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi arasında bağlanmış 2020-ci il 06 oktyabr tarixli, SA-840/1 nömrəli müqaviləyə əsasən yaranmış 869,09 manat məbləğində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı ASC-nə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Azərbaycan Respublikası Saatlı Rayon İcra Hakimiyyəti başçısının Saatlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları belədir ki, iddiaçı tədarük etdiyi ərzaq məhsullarını cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda cavabdehə təhvil vermək, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul məbləğini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malı cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alqı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 567-ci maddəsində nəzərdə tutulan alqı-satqı müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. Beləliklə məhkəmə müəyyən edir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış alqı-satqı müqaviləsindən (əşyaların nisyə satışından) irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzrə öhdəliklərini tam icra etdiyini, cavabdehin isə öhdəliyini lazımınca icra etmədiyini iddia edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alqısatqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçının müqavilənin obyekti olan malları cavabdehə təhvil verməsi işin mübahisəsiz hallarını təşkil edir. İddiaçı, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməyərək aldığı malların qiymətini ödəməməsi haqqında tələbininin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqaviləyə, malların təhvil verilməsinə dair aktlara, cavabdehə aralarında imzalanmış qarşılıqlı hesablaşma aktına, borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad edir. İşdə olan “Qarşılıqlı hesablaşma aktı”ndan görünür ki, cavabdeh həmin aktı imzalamaqla iddiaçıya 869,09 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni və üzləşmə aktını, malların təhvil aktılarını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan malların qiymətini təşkil edən 869,09 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Bu halda məhkəmə əsas borc qalığı kimi tələb olunan 869,09 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, cavabdeh müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməyəcəyi təqdirdə iddiaçıya cərimə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İşin halları ilə cavabdeh tərəfindən malların dəyərinin ödənilməməsi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış müqavilə üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən müqavilə üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas borca nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun iddiaçının əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələb olunan 86,90 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 5 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 iyul 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.” Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Saatlı Rayon İcra Hakimiyyəti başçısının Saatlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə qarşı pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Saatlı Rayon İcra Hakimiyyəti başçısının Saatlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən 869,09 manat məbləğində əsas borc, 5 manat məbləğində cərimə borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 904,09 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar