Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-2793/2024 27.08.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçılar İddiaçı1 şirkətinin Azərbaycan Respublikasındakı Filialının və İddiaçı2 Cavabdeh ASC-nə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: İddiaçılar İddiaçı1 şirkətinin Azərbaycan Respublikasındakı Filialı və İddiaçı2 Cavabdeh ASC-nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli LVC-GBR-S-2152 saylı müqaviləyə əsasən Cavabdeh ASC-dən İddiaçı1 şirkətinin xeyrinə əsas məbləğ üzrə ümumilikdə 17190 (on yeddi min yüz doxsan) ABŞ dolları məbləğində borcun və ödənilmiş 178 (yüz yetmiş səkkiz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə əvvəla qeyd edir ki, iş üzrə tərəflərdən biri (iddiaçı) xarici hüquqi şəxs olduğuna görə mübahisə xarici elementli kommersiya mübahisəsidir və iş üzrə cavabdeh qismində göstərilmiş Cavabdeh ASC-nin hüquqi ünvanı Hacıqabul rayonu, Navahi olduğuna, həmçinin tərəflər arasında bağlanmış müqavilədə yaranmış mübahisələrin Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll ediləcəyi nəzərdə tutulduğuna görə, həm məhkəmə, həm də ərazi üzrə aidiyyəti məhkəmə Şirvan Kommersiya Məhkəməsidir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığına, eləcə də iddia mülki prosessual fəaliyyət qabiliyyəti olmayan subyekt tərəfindən verildiyinə görə geri qaytarılmalıdır. Belə ki, məhkəmə müəyyən edir ki, elektron qaydada məhkəməyə təqdim edilmiş ərizədə, iddiaçı qismində İddiaçı1 şirkətinin Azərbaycan Respublikasındakı Filialı və fiziki şəxs İddiaçı2 seçilmişdir. Lakin ərizənin məzmun və xahiş hissəsində İddiaçı1 şirkətinin Azərbaycan Respublikasındakı Filialı qeyd edilmişdir və tələb onun adından yönəldilmişdir, bununla da ərizənin tərtibatında uyğunsuzluğa yol verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1 və 50.2-ci maddələrinə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, işdə olan qeydiyyat şəhadətnaməsindən, Əsasnamədən və digər sənədlərdən görünür ki, İddiaçı1 şirkətinin Azərbaycan Respublikasındakı Filialı hüquqi şəxs deyildir, filial statusu ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin Məcəllənin 50.1-ci maddəsinin ikinci cümləsinə görə, fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 53.2 və 53.3-cü maddələrinə əsasən, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Məhkəmə qeyd edir ki, sadalanan maddi və prosessual qanun normalarının tələblərindən göründüyü kimi mülki prosesdə tərəf qismində yalnız müvafiq qeydiyyatdan keçmiş hüquqi şəxslər iştirak edə bilərlər. Hüquqi şəxsin nümayəndəlik və filiallarının mülki prosesdə müstəqil tərəf kimi çıxış etmələri istisna edilir. Hazırki işdən isə görünür ki, iddiaçılardan biri xarici hüquqi şəxsin filialıdır və onun təsis sənədlərində də hüquqi şəxs olmaması öz təsdiqini tapmışdır. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, ərizə Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyinə görə ərizənin məhkəmə icraatı mümkün deyildir. Buna görə də ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması qərara alındığından İddiaçı1 şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1-ci və 114.1.3cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 114, 149-152, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı1 şirkətinin Azərbaycan Respublikasındakı Filialının və İddiaçı2 Cavabdeh ASC-nə qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 178 manat məbləğində dövlət rüsumu (qəbz № **********96) İddiaçı1 şirkətinin Azərbaycan Respublikasındakı Filialına geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-2793/2024
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2793/2024
27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver