Məhkəmə qərarları › İş №e-2-2(121)-2793/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2793/2025

03.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2793/2025 03.12.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı – pul tələbi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı - 2.350 mаnаt pulun, həmçinin iddia ərizəsinin tərtibi ilə bağlı hüquqi хidmətə görə ödənilmiş 30 mаnаt pulun və 43,9 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin yanvar ayında cavabdeh iddiaçıdan 4050 manata 2 baş erkək dana almış, pulunu 20 günə verəcəyini bildirsə də, cəmi 1700 manat vermiş, 2350 manatı hazırkı vaxtadək verməmişdir. İddiaçı Masallı RPŞyə müraciət etmişdir. Araşdırma zamanı cavabdeh iddiaçıya borclu olmasını etiraf etmiş, 2 ay müddətində borcunu ödəyəcəyini bildirsə də, heç bir ödəniş etməmişdir. İddiaçı məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Buna görə isə əlavə 43,90 manat rüsum ödəməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməs(lər)inin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir(lər). Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdeh(lər)in iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Masallı rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı polis mayoru Nəsimi Ağayevin xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının surətindən görünür ki, toplanmış materialda cinayət tərkibi olmaması əsası ilə vətəndaş İddiaçı Hacıbaba oğlunun müraciəti əsasında Masallı RPŞ-də toplanmış xx.xx.2025-ci il tarixli HK-1/78 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, İddiaçı Hacıbaba oğlu izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Masallı rayon prokurorluğuna müraciət etmişdir. Bununla əlaqədar, təxminən 30 ildir ki, özunə məxsus mal-qara var və öz həyətində tövlədə saxlayır. Həmin heyvanlarından hərdən satır və ehtiyaclarını qarşılamışdır. Masallı şəhərində yaşayan Azad adlı şəxsi təxminən 20 ildir ki, tanıyır. Azadı tanımağına da səbəb o olmuşdur ki, Azad kalxoz bazarında qəssablıqla məşğul olur. Oda hərdən heyvanlarını satmaq istəyəndə və kəsdirmək istəyəndə Azad adlı şəxsə verirmiş. 2023-cü ilin yanvar ayında pula ehtiyacı olmuş və heyvanlarından 4 başını satışa çıxarmış və bunu Azad adlı şəxs eşitmişdir. Azad özünə məxsus olan avtomaşınla onun həyətinə gəlmiş və 2 baş heyvanını ona nisyə verməsini və satıb pulunu gətirəcəyini bildirmişdir. O, həmin heyvanları 4000 manata Azada vermişdir. Azad da onun verdiyi heyvanları kəsib satmış və onun 4.000 manat pulunu 20 gün ərzində ona vermişdir. Ona demişdir ki, iki baş heyvanını da ona satsın, pulunu 20 günə verəcəkdir. O da Azadla razılaşmış və iki baş heyvanını Azada 4050 manat vermişdir. Azad isə həmin gündən bu günə qədər onun 4.050 manat pulundan 1700 manat pul vermişdir. Qalan isə 2350 manat pulunu isə verməmişdir. O, pulunu istəyən zaman Azad onu sözlə hədələmiş və hələ pulum yoxdur, olanda pulunu verəcəm demişdir. O, Azada heyvanı satan zaman ətin 1 kiloqramı 10 manat olmuşdur. İndi isə ətin 1 kiloqramı 15 manatdır. Şikayət etmə səbəbi isə Azad adlı şəxsin onun pulunu verməməsidir. Əlavə olaraq ona maddi və mənəvi vurduğu ziyanıda ödəməsini istəmişdir. Başqa heç bir şikayəti olmamışdır. Qeyd edilən qərardan həmçinin görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, 24.12 2024-cü il tarixdə İddiaçı Hacıbaba oğlunun Masallı rayon prokurorluğuna etdiyi müraciətlə tanış olmuşdur. Bununla əlaqədar, təxminən 20 ildir ki, özünə məxsus malqarası var və öz həyətində tövləsində saxlayır. Həmin heyvanlarından hərdən satır və ehtiyaclarını qarşılayır. Əlavə olaraq Masallı şəhəri, Kalxoz bazarında özünə məxsus qessab mağazası var. Həmin mağazasından iri buynuzlu və xırda buynuzlu heyvanlar kəsib satır. İddiaçı Hacıbaba oğlunu təxminən 20 ildir ki, tanıyır. İddiaçı alıb-satdığı və saxladığı heyvanlardan ona vermişdir. O da həmin heyvanları kəsib satmış və İddiaçı pulunun çox hissəsini verirmiş, ancaq İddiaçı təxminən 3000 manat borclu qalmışdır. İddiaçı borclu qaldığı pulla və şəxsi pulu ilə al-ver etmişdir. 2023-cu ilin may ayında anası xəstələndiyi üçün və əti nisyə satdığı üçün ət kəsməyə və mal almağa pulu olmamışdır. 2023-cu ilin mart ayından sonra 2400 manat İddiaçı borclu qalmış və pulu olmadığı üçün İddiaçı pulunu verə bilməmişdir. Onun imkanı olmamışdır ki, İddiaçı bir dəfəyə 2400 manat pulu versin. O, İddiaçı demişdir ki, istəyirsənsə, ayda 100 manat pul versin. Əgər imkanı yaxşı olarsa, aya 200-300 manat da verə bilər. İddiaçı pulu vermədiyi üçün onun tanıdığı Nazim adlı şəxsə şikayət etmişdir. O da Nazimə demişdir ki, pulu yoxdur, ayda 100 manat pul verə bilər. Nazim adlı şəxs ondan 100 manat pul almış və İddiaçı aparıb vermişdir. Onun hazırda İddiaçı 2.300 manat pul borcu qalmışdır. O söz verir ki, 2 ay ərzində bankdan kredit götürüb, İddiaçı 2300 manat pulunu verəcəkdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli pretenziya məktubu göndərilmişdir. Göründüyü kimi, cinayət təqibi üzrə qüvvəyə minmiş qərar ilə cavabdehin iddiaçıya 2.300 manat məbləğində borcunun olduğunu etiraf etməsi (daha əvvəl 3.000 manat məbləğində borcunun olduğunu etiraf edir) müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə Masallı rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı polis mayoru Nəsimi Ağayevin xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarını Azərbaycan Respublikası MPM-nin 80 və 81-ci maddələrinə əsasən sübutların aidliyi və mümkünlüyü nöqteyi nəzərdən qiymətləndirərək hesab edir ki, göstərilən qərar məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadığından, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə müvafiq olaraq həmin qərar məhkəmə üçün məcburi olmasa da, cavabdehin iddiaçıya borcunun olması məhz göstərilən qərarla sübuta yetirilmişdir. Beləliklə, işin həqiqi halları ilə, tərəflərin izahatı və işin materialları ilə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, hazırda cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdehin nisyə alqı-saqı ilə əlaqədar iddiaçıya 2.350 manat borcunun qalması müəyyən edilmişdir. Göründüyü kimi, tərəflər arasında (şifahi qaydada) bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə iki baş dana (bundan sonra “mal”) nisyə satılmışdır. Lakin, cavabdeh tərəfindən malın dəyəri iddiaçıya tam şəkildə ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Göstərilən Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, nisyə alqı-satqı müqaviləsinin bağlanması üçün ayrıca şəkildə mütləq qaydada yazılı müqavilənin bağlanmasına zərurət olmadığından, müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Qeyd edilən Məcəllənin 329.4-cü maddəsinə əsasən, susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı nisyə alqı-satqı müqaviləsindən yaranmış 2.350 manat borcu tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi təmin edilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin “hüquqi yardımla bağlı çəkdiyi 30 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, iddia tələbi bu hissədə də təmin edilərək cavabdehdən 30 manat məbləğində hüquqi yardımla bağlı çəkilən xərc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş 43,9 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 2.350 manat borc, hüquqi xidmətə görə ödənilmiş 30 manat xərc, 43,9 manat dövlət rüsumu, cəmi 2.423,9 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar