Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2871/2024 03.12.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “X3 Kompleksi” MMC-nin Cavabdeh qarşı – pul tələbi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı “X3 Kompleksi” MMC Cavabdeh qarşı əsas borca görə 14.100 manat, hesablanmış cərimə borcuna görə 2.820 manat və ödənilmiş dövlət rüsumuna görə 141 manat olmaqla, cəmi 17.061 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı qismində iddiaçı, tədarükçü qismində “X3 Kompleksi” MMC-nin “X4 və İstehsalı Zavodu” filialı və cavabdeh arasında bağlanmış 2022-ci il mövsümü üzrə xx.xx.2022-ci il tarixli, 090 saylı xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilələrin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan ümumilikdə 26.718,34 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh yaranmış borcdan 12.617,87 manat dəyərində pambıq təhvil verərək ödəmişdir. Beləliklə, cavabdeh tərəfindən 2022-ci il mövsümü üzrə xx.xx.2022-ci il tarixli, 090 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 14.100,47 manat borcu qalmışdır. Bundan əlavə, Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xampambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 650 manatdır) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 2.820 manat təşkil edir. İddiaçı “X3 Kompleksi” MMC ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən, yəni 14.100 manat əsas borcun ödənilməsi hissəsində qismən qəbul edərək, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə, cavabdehin izahatını və şahid ifadəsini dinləyərək, işin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “X3 Kompleksi” MMC, “X3 Kompleksi” MMCnin X4 və Emalı Zavodu ilə Cavabdeh arasında 090 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə və həmin müqaviləyə xx.xx.2022-ci il tarixli əlavə bağlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehin 14.100,47 manat məbləğində borcu qalmışdır. İşə əlavə olan xx.xx.2022-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, “X3 Kompleksi” MMC tərəfindən Cavabdeh işlərin görülməsi üçün avans ayrılmış, xidmətlər göstərilmiş və işlər görülmüşdür. Cavabdehin 23.389,61 manat məbləğində borcu qalmışdır. Həmin akt Cavabdeh, “X3 Kompleksi” MMC-nin ərazi nümayəndəsi X1 və başqaları tərəfindən imzalanmışdır. İş materialında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktub(lar)ın surət(lər)indən görünür ki, cavabdehə ödənilməmiş 14.100,47 manat borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilən cədvəldən görünür ki, “X3 Kompleksi” MMC tərəfindən xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilə qədər olan dövr üzrə Cavabdeh hesabına 20.014 manat vəsait köçürülmüşdür. İş materiallarına əlavə edilmiş cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, iddianı qismən, yəni 14.100 manat məbləğində borc hissəsində qəbul edir. Məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş X1 məhkəmə iclasında ifadə verərək göstərdi ki, Cavabdeh həmkəndlisidir. Həmçinin o, 2016-2021-ci illərdə “X3 Kompleksi” MMC-nin “X4 və İstehsalı Zavodu”nun ərazi nümayəndəsi olmuşdur. Cavabdeh sahədə pambıq əkmiş, 2 il müddətində problemsiz sahədən məhsul əldə etmişdir. 2021-ci ildə pambığa xəstəlik düşmüş, zavodun verdiyi dərman preparatları xəstəliyin qarşısını ala bilməmişdir. Müqavilədə fors-major hallar nəzərdə tutulmuşdur, buna görə də zavoda müraciət olunmuş, lakin dəymiş ziyanla bağlı akt tərtib olunmamışdır. Ərazi nümayəndəsi işlədiyi dövrdə tərəflər arasında xx.xx.2022-ci il tarixdə üzləşmə aktı onun iştirakı ilə imzalanmışdır. Belə ki, üzləşmə aktı xx.xx.2022-ci il tarixdə imzalanmış olsa da, onun işlədiyi dövrü əhatə etdiyi üçün həmin aktı imzalamışdır. Həmin vaxt cavabdehin borcu 23.389,61 manat təşkil etmişdir. Beləliklə, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə(lər)yə əsasən iddiaçı tərəfindən həmin sahə(lər)yə görə xərc çəkilmişdir (avans ayrılmış, xidmətlər göstərilmiş və işlər görülmüşdür). Lakin, cavabdehin borcu yaranmışdır. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə(lər) üzrə cavabdeh(lər) üzər(lər)inə götürdü(kləri)yü öhdəli(klər)yi yerinə yetirməmişdir(lər). Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan avans almaq və iddiaçının xidmətlərindən istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda sahədə pambıq becərərək, iddiaçıya təhvil verilməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında avans almasına və iddiaçının xidmətlərindən istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin müqavilə üzrə vəzifələrini tam yerinə yetirməmişdir. Odur ki, iddiaçı göstərilən borcun ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. İddia tələbi qeyd edilən hissədə həmçinin ona görə təmin edilməlidir ki, iddia tələbi həm də cavabdehin özü tərəfindən qismən etiraf edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən qismən etiraf edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda iddianın 2820 manat məbləğində cərimə borcunun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 2.820 manat məbləğində deyil, 197 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdeh(lər)dən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 141 manat dövlət rüsumunun 132,89 manatı (yəni, 14.297 manata münasibətdə) cavabdeh(lər)dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 14.100 manat məbləğində əsas borc, 197 manat məbləğində cərimə borcu, cəmi 14.297 manat məbləğində pul vəsaiti və 132,89 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq “X3 Kompleksi” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-2871/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2871/2024
03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver