Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-2982/2022 14.12.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxsin dövlət büdcəsinə olan 2.662,85 manat, İşsizlikdən Sığorta Fonduna olan 2,49 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan “Hərbi Vətənpərvərlik və X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Lənkəran şəhər 1 nömrəli Filialının (VÖEN: **********) dövlət büdcəsinə 2662,85 manat məbləğində (o cümlədən, vergilər üzrə 1851,75 manat, faizlər üzrə 811,10 manat), İşsizlikdən Sığorta Fonduna 2,49 manat olmaqla, ümumilikdə 2.665,34 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahat verərək qanunamüvafiq qaydada qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassızdır. Buna görə də ərizə rədd edilməlidir. Belə ki, yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və İşsizlikdən Sığorta Fonduna ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildirişlər göndərilmişdir. İş materiallarından görünür ki, “Hərbi Vətənpərvərlik və X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Lənkəran şəhər 1 nömrəli Filialının rəhbəri Maraqlı şəxsdur. İş materiallarında olan hüquqi şəxs haqqında məlumatdan görünür ki, “Hərbi Vətənpərvərlik və X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Lənkəran şəhər 1 nömrəli Filialının yuxarı təşkilatı “Hərbi Vətənpərvərlik və X1” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Filialın əsas fəaliyyət növü isə sürücü hazırlayan məktəblərin fəaliyyətidir. Göründüyü kimi, vergi ödəyicisi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyindən, hesablanmış borcların ödənilməsini təmin etmək üçün ərizəçi Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23.1.15-3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355- 5.1-ci maddəsinə müvafiq olaraq, filialın rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə aşağıda qeyd olunan qanunvericilik normalarına əsasən hesab edir ki, filial hüquqi şəxs hesab edilmədiyindən onun rəhbərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azəraycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 (X3) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 26 may 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Bu normada təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən, nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Məhkəmə qeyd edir ki, həm Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin, həm də Vergi Məcəlləsinin müvafiq normalarına əsasən vergi orqanı vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün yalnız hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Hazırki işdə isə ərizəçi hüquqi şəxsin filialının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən hesab edir ki, “Hərbi Vətənpərvərlik və X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Lənkəran şəhər 1 nömrəli Filialı hüquqi şəxs hesab edilmədiyindən onun rəhbərinə qarşı vergi orqanının ölkədən getmək hüququnun məhdudlaşdırılması tələbi əsasızdır. Odur ki, ərizəçinin xahişi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 227-ci, 358-360 və 326-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-2982/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2982/2022
14.12.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver