Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2991/2025 25.11.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X4 qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh X4 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC (sonradan "xxxx") ilə X6 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1770- L/17 nömrəli müqavilənin ləğv edilməsi, cavabdeh X1 iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə xx.xx.2017-ci il tarixli 1770-L/17 nömrəli müqavilə üzrə 29725 manat qalıq borc, 55093,12 manat hesablanmış cərimə olmaqla, cəmi 84818,12 manat borcun və hüquqi yardım üçün ödənilmiş 300 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (sonradan "xxxx") ilə X6 arasında xx.xx.2017-ci il tarixli 1770-L/17 nömrəli kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən lizinq verən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikaları Lizinq alan X4 lizinqə vermişdir. Müqavilə şərtlərinə əsasən Lizinq alan ödəniş qrafiki üzrə lizinq məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin lizinq alan - hazırkı cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq ödəniş qrafiki üzrə ödənişləri icra etməmişdir. Nəticədə cavabdeh X3 xx.xx.2017-ci il tarixli 1770-L/17 nömrəlimüqavilə üzrə xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən 29 725 (iyirmi doqquz min yeddi yüz iyirmi beş manat 00 qəpik) manat qalıq borc, 55 093,12 (əlli beş min doxsan üç manat 12 qəpik) manat hesablanmış cərimə olmaqla cəmi 84 818,12 (səksən dörd min səkkiz yüz on səkkiz manat 12 qəpik) manat borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uygun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli 1137 nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) adlandırılmış, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanındaAqrar Kredit və İnkişaf Agentliyinə(bundan sonra ‒ Agentlik) keçmişdir. Cavabdeh X6 iştirak etdiyi məhkəmə iclaslarında iddianı qəbul etməyərək etirazını onunla əsaslandırmışdır ki, lizinq obyekti olan texnika ona tamamilə yararsız vəziyyətdə təhvil verilmişdir və bu səbəbdən həmin texnikadan təyinatına uyğun istifadə edə bilməmişdir. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Vəkil məhkəmə baxış iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh X6 məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə baxış iclasını cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, tərəflərin izahatlarına və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1770-L/17 nömrəli lizinq müqaviləsinin: 1.1-ci bəndinə əsasən, Lizinq verən ümumi məbləği 33470,00 manat olan vo Spesifikasiyada (Elava Na 1) göstərilən kand təsərrüfatı texnikalarını (bundan sonra Texnika) dəyəri tam ödənildikdən və müvafiq sanadlaşmə aparıldıqdan sonra Liziną alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir: 1.2-ci bəndinə əsasən, Lizinq alan Texnikaların dəyərindan Spesifikasiyada (Əlavə Na 1) göstarilan 3 744,00 manat məbləği avvalcadan Lizinq verana ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödamayi öhdasina götürür. Əvvəlcədən ödənilmiş məbləğ Lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. 1.4-cü bəndinə əsasən, Texnikaya mülkiyyət hüququ Lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənadak Lizinq verənə məxsusdur. 2.2-ci bəndinə əsasən, Lizin alan, lizinq ödənişlərini vaxtında və vaxtında və tam həcmdə ödəyir (2.2.2), texnikaların üstündə icazəsiz konstruktiv dəyişiklik edilməməsini öhdəsinə götürür (2.2.6). 2.1.3-cü bəndinə əsasən, Lizing alan tərəfindən Texnikanın təyinatı üzrə istifadə olunmasına, dövlət qeydiyyatına alınmasına, texniki xidmətlərin keyfiyyətli aparılmasına, qorunub saxlanmasına nəzarət edir; 5.1-ci bəndinə əsasən, Lizinq alan tərəfindən aşağıdakı harakətlərə yol verilməsi müqavilənin şərtlərinin pozulması halları hesab edilir. 5.1.1-ci bəndinə əsasən, Texnikadan istifadə şəraiti bu müqavilənin şərtlərinə və ya Texnikanın təyinatına uyğun olmadıqda; 5.1.2-ci bəndinə əsasən, Lizinq verənin icazəsi olmadan Texnikanın təyinatını dəyişdirdikdə və ya satdıqda, girova qoyduqda, yaxud digər şəxslərə İstifadəyə verdikdə; 5.1.3-cü bəndinə əsasən, Texnikanın işlək halda saxlanması üçün lazımı tədbirləri həyata keçirilməməsi və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə; 5.1.4-ci bəndinə əsasən, Texnikanı lizinq müddətinə bütün zərərdən sığortalamadıqda; 5.1.3-ci bəndinə əsasən, Texnikadan istifadə üçün 2 M№-li əlavədə nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəmədikdə; 5.5-ci bəndinə əsasən, Lizinq alan 5.2-5.4-cü bandlərin tələblərini yerinə yetirmədikdə Lizinq verən bir tərəfli qaydada bu müqaviləni ləğv edir və Texnikanı, onun işlək vəziyyətə gətirilməsi üçün tələb olunan xərcləri, vurduğu zərərin və Texnikanın dəyərinin 10%-i məbləğində cərimənin Lizinq alan tərəfindən alınması üçün məhkəməyə müraciət edir. İş materiallarında olan ödəniş qrafikinin surətindən görünür ki, xx.xx.2017-ci il tarixli 1770-L/17 nömrəli lizinq müqaviləsinə əsasən son ödəniş tarixi xx.xx.2022-ci il kimi qeyd olunmuşdur. İş materiallarında olan Aqrolizinq ASC-nin nümayəndəsinin və X3 öz imzaları ilə təsdiq etdikləri xx.xx.2017-ci il tarixli 1770-L/17 nömrəli lizinq müqaviləsinin spesifikasiyası cədvəlindən görünür ki, Traktor Belarus-1221 və Kotan 5 gövdəli (təkərli)-Can-P-5 texnikaların ilkin ödənişin məbləği 3744 manat təşkil edir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 917 nömrəli aktın surətindən görünür ki, 1 ədəd 2017 buraxılış ili olan 5 gövdəli (təkərli) Can-P-5 markalı Kotan "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli 5932/ü saylı əmri əsasında saz, nizamlanmış və komplekt halda Bazadan lizinq alana təhvil verilmişdir. İş materiallarında olan 12 mart 2016-cı il tarixli “Lizinq obyekti olan texnikanın geri qaytarılması və saxlanca təhvil verilməsi zamanı texniki vəziyyəti haqqında” aktdan görünür ki, "xxxx" ASC-nin Sabirabad RN-nin direktoru X9, Kənd təsərrüfatı texnikasının lizinqi şöbəsinin aparıcı mütəxəssisi X12, Sabiabad rayon bölməsinin rəhbəri X5 və texnikanı lizinqə götürəm vətəndaş X7 həmin aktı tərtib edirlər ondan ötrü ki, "xxxx" ASCnin 1318/ü nömrəli, 2012-ci il tarixli əmri ilə texnikanı lizinq alan X2 lizinq müqaviləsinə xitam verildiyi üçün geri qaytarıldı, texnikanın vəziyyəti aşağıda göstərilən kimi müəyyən edilərək Sabirabad rayon bölməsinə saxlanca təhvil verildi: Texnikanın adı - Traktor; Markası – MTZ 1221; Buraxılış ili – 2008; Şassi nömrəsi – 0000791; mühərrik nömrəsi 073507. Texini vəziyyəti – nasaz; mühərrik - nasaz, yanacaq sistemi - nasaz, yağlama sistemi - saz, soyutma sistemi - nasaz, akumiliyator - yararsız, işıqlandırma sistemi nasaz, tranmissiya - saz, hidravlik sistemi - saz, elektrik avadanlığı - akumliyatorlar yoxdur, şinlər-yararsız). İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, X6 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1770-L/17 nömrəli müqaviləyə əsasən, müqavilənin ümumi məbləği 33470 manat, ödənilən məbləğ 3745 manat, qalıq borc cərimə ilə birlikdə 84818,12 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X4 ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə bağlanmış müqaviləyə əsasən yaranmış əsas borcun məcburi qaydada alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə X4 xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli “Traktorun vəziyyətinin qiymətləndirilməsi barədə Hesabatı”na əsasən, iş materiallarında olan 12 mart 2016-cı il tarixli “Lizinq obyekti olan texnikanın geri qaytarılması və saxlanca təhvil verilməsi zamanı texniki vəziyyəti haqqında” aktın məzmunu nəzərə alınmaqla, şassi №-si 0000791, mühərrik №-si 073507, buraxılış ili 2008 olan MTZ 1221 markalı traktorun xx.xx.2016-cı il tarixdə "xxxx" ASC-nin Sabirabad RN-nin Sabirabad rayon bölməsinə təhvil verildiyi zaman istifadəyə yarasız olmuşdur. Məhkəmənin, iş materiallarında olan sənədlərə, tərəflərin izahatlarına və təqdim olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, tərəflər arasında kənd təsərrüfatı texnikasının lizinqə verilməsinə dair razılıq əldə olunmuşdur və həmin razılığı onlar xx.xx.2017-ci il tarixli 1770-L/17 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə (istifadəyə) verilməsi barədə müqavilə ilə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək texnikanı cavabdehin istifadəsinə verdiyini, lakin cavabdehin texnikadan istifadəyə görə şərtləşdirilmiş lizinq muzdunu ödəmədiyini, nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə xx.xx.2017-ci il tarixli 1770-L/17 nömrəli müqavilə üzrə 29725 manat gecikdirilmiş borcun və hesablanmış 55093,12 manat cərimə borcunun qaldığını iddia edir. Cavabdeh isə iddianı qəbul etməyərək etirazını onunla əsaslandırır ki, lizinq obyekti olan traktor ona tamamilə yararsız vəziyyətdə təhvil verilmişdir və bu səbəbdən həmin texnikadan təyinatına uyğun istifadə edə bilməmişdir. Məhkəmə, ilk növbədə tərəflər arasında yaranmış münasibətin xarakterini müəyyən etməyi və ona hüquqi qiymət verməyi zəruri hesab edərək bu qənaətə gəlir ki, işin müəyyən edilmiş hallarınə əsasən tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, baxılan işin faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Bundan irəli gələrək məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olan münasibətlərə əsasən müəyyən edilən işin faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan lizinq müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsası kimi həmin normalara istinad edilməli və hazırki mübahisə lizinq müqaviləsi üzrə münasibətləri tənzimləyən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə hesab edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara, həmçinin tərəflərin məhkəmə iclasında verdikləri izahatlarına əsasən bu qənaətə gəlir ki, tərəflər arasında kənd təsərrüfatı texnikasının lizinqə verilməsinə dair müqavilənin bağlandığı, lizinq obyekti olan texnikada (traktorda) cavabdehə təhvil verilərkən çoxsaylı qüsurların mövcud olması, cavabdeh tərəfindən ümumilkdə cəmi 3745 manat məbləğində muzdun ödənilməsi, lizinq obyekti olan texnikaların hazırda cavabdehin sahibliyində olması işin mübahisəsiz hallarıdır. İşin mübahisəli hallarını isə, cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə ödənilməmiş 29725 manat gecikdirilmiş borcun və hesablanmış 55093,12 manat cərimə borcunun olması barədə iddiaçının tələbinin faktiki və hüquqi əsaslarının mövcud olub-olmamasının, digər ifadə ilə iddiaçının hazırki tələblə çıxış edə bilməsi üçün subyektiv hüququnun mövcudluğunun müəyyən edilməsi təşkil edir. Məhkəmə, bu məqamda qeyd etməyi zəruri sayır ki, iddiaçı öz tələbinin əsası kimi lizinq obyekti olan texnikada onun cavabdehə təhvil verildiyi anda mövcud olmuş qüsurların texnikanın tamamilə yararsız olmasına səbəb olmadığına, eləcə də cavabdehin həmin qüsurlarla lizinq obyektini qəbul etdiyinə, buna görə də cavabdehin lizinq ödənişlərini etməklə mükəlləf olmasına istinad edir. Məhkəmə qeyd edir ki, baxılan işin mübahisəli halının hüquqi həlli tərəflər arasında yaranmış lizinq müqaviləsi üzrə onun iştirakçılarının qanunvericilikdə nəzərdə tutulmuş qarşılıqlı öhdəliklərinin baxılan iş üzrə müəyyən edilmiş faktiki hallara əsasən təfsir edilməsi yolu ilə mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.2-ci maddəsinə əsasən, Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. 748-1.1-ci maddəsinə əsasən, Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-1.2-ci maddəsinə əsasən, Lizinq alan əmlakı qəbul edərkən hər hansı bir satışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir. 748-1.4-cü maddəsinə əsasən, Lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır. 748-1.5-ci maddəsinə əsasən, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. 748-1.7-ci maddəsinə əsasən, Lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-7.3-cü maddəsinə əsasən, lizinq obyektinin lizinq müqaviləsinə əsasən istifadə məqsədlərinə uyğunsuzluğu ilə bağlı riskin məsuliyyətini, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektini seçən tərəf daşıyır. 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.4-cü maddəsinə əsasən, Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. 749.1-ci maddəsinə əsasən, kirayə müqaviləsinin qaydalarına uyğun olaraq lizinq verən əmlakı göndərməyi gecikdirməyə və ya göndərməməyə, habelə qüsurlu əmlak göndərməyə görə lizinq alan qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məhkəmə, lizinq müqaviləsi üzrə onun iştirakçılarının qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən mülki qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərini ümumiləşdirərək qeyd edir ki, lizinq müqaviləsi üzrə lizinq verənin əsas öhdəliyi lizinq obyektini hazırlamaq (əldə etmək) və onu lizinq alanın istifadəsinə verməkdən ibarətdir. Bu zaman nəzərə alınmalıdır ki, lizinq obyekti lizinq alanın istifadəsinə lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim edilməlidir. Bundan başqa, lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. Lizin alanın isə əsas öhdəliyi müəyyənləşdirilmiş dövriliklə muzd ödəmək, lizinq obyektini qəbul edərkən onda olan çatışmazlıqlar barədə lizinq verəni məlumatlandırmaq, lizinq obyektini təyinatına uyğun istifadə etmək və lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirməkdən ibarətdir. Məhkəmə qeyd edir ki, lizinq müqaviləsi öz əlamətlərinə görə əvəzli, ikitərəfli (qarşılıqlı) və iştirakçılarının müqavilənin mühüm şərtləri barəsində razılığa gəldikləri andan bağlanmış hesab edildiyinə görə konsensual müqavilədir. Belə ki, müqavilənin bağlanmış hesab edilməsi üçün müqavilənin bütün mühüm şərtlərinə dair razılığa gəlinməsi kifayət edir. Lizinq müqaviləsi onun iştirakçıları tərəfindən imzalandığı andan onlar üçün hüquq və vəzifələr əmələ gəlir. Həmin hüquq və vəzifələrin həyata keçirilməsi isə müqavilənin icrası mərhələsini təşkil edir. Məhkəmə qeyd edir ki, lizinq müqaviləsi hüquqi təbiətinə görə əsasən əmlak kirayəsi (icarə) müqaviləsinin xüsusi növü kimi xarakterizə olunur. Lizinq müqaviləsi başlıca olaraq lizinq verən baxımından lizinq obyektini istehsalatda və ya iqtisadi həyatın digər sahələrində fəaliyyət göstərən digər şəxslərin müvəqqəti və əvəzli istifadəsinə verməklə, lizinq alan baxımından isə lizinq obyektindən istifadə etməklə mənfəət (gəlir) əldə etmək məqsədləri üçün bağlanılır. Şərh olunduğu kimi, lizinq müqaviləsi başlıca olaraq əmlak kirayəsi müqaviləsidir və həmin müqavilənin əsasında əmlak müvəqqəti istifadə üçün bir şəxsdən digərinə keçir. Yenə qeyd olunduğu kimi, öz hüquqi təbiətinə görə lizinq müqaviləsi ikitərəfli və qarşılıqlı (sinallaqmatik) öhdəlik yaradan xarakterə malikdir. Məhkəmə qeyd edir ki, lizinq müqaviləsinin qarşılıqlı xarakter daşımasının əsas nəticəsi odur ki, müqavilə üzrə tərəflərin bir-birlərinə qarşı həm hüquqları, həm də öhdəlikləri mövcud olur və bu öhdəliklərin icra edilməsi digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirilir. Lizinq müqaviləsi üzrə lizinq verənin əsas vəzifəsi (öhdəliyi) lizinq obyektini təyinatına uyğun yararlı vəziyyətdə lizinq alanın istifadəsinə verməkdən ibarətdir. Lizinq verənin bu əsas vəzifəsini yerinə yetirməməsi mülki qanunvericilikdə nəzərdə tutulan hüquqi nəticələrə səbəb olduğu kimi, lizinq verəni lizinq alandan lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsini tələb etmək hüququndan da məhrum edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-10.4-cü maddəsinin tələbinə görə, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Göründüyü kimi, qanunverici, lizinq alanın lizinq ödənişi ilə bağlı öhdəliyini onun lizinq obyektindən təyinatına uyğun istifadəyə başlaması anı ilə əlaqələndirmişdir. Bu o deməkdir ki, lizinq alanın lizinq ödənişini həyata keçirməsi ilə bağlı öhdəliyi müqavilənin bağlandığı, hətta lizinq obyektinin ona təhvil verildiyi andan deyil, həmin obyektdən istifadəyə başladığı andan yaranır. Bu baxımdan, lizinq obyektindən ondan asılı olmayan səbəblərə görə istifadə edə bilməyən lizinq alanın öz öhdəliyini lizinq muzdunun ödənişini dayandırmaq şəklində icra etməmək hüququ yaranmış olur. Məhkəmə qeyd edir ki, öhdəlik hüququnun ümumi normalarında da qarşılıqlı öhdəliyin daşıyıcısı olan tərəfin ümid etməyə haqqı çatan öhdəliyi lazımi qaydada almadığı təqdirdə öz üzərinə düşən öhdəliklərdən imtina etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 441.1, 441.2 və 441.3-cü maddələrinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Məhkəmə, baxılan işin məhkəmə araşdırması nəticəsində sübuta yetirilən faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, lizinq obyekti olan texnika (traktor) ondan təyinatına uyğun istifadə edilməməsinə səbəb olan qüsurlarla cavabdehə təhvil verilmişdir. Bu fakt, iddiaçının nümayəndələri tərəfindən tərtib və təsdiq edilmiş aktla öz təsdiqini tapmışdır. Bununla yanaşı obyektivliyə nail olunması məqsədi ilə məhkəmənin təşəbbüsü ilə təyin olunmuş və müstəqil qiymətləndirici tərəfindən həyata keçirilmiş qiymətləndirmənin nəticəsinə dair hesabatda da, lizinq obyekti texnikanın (traktorun) iddiaçıya məxsus olan saxlanca təhvil verilərkən istifadəyə yararsız vəziyyətdə olduğu bir daha təsbit edilmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə bu nəticəyə gəlir ki, iş üzrə iddiaçının lizinq müqaviləsi üzrə öz üzərinə düşən əsas vəzifəni, yəni lizinq obyekti olan əmlakı istifadə təyinatına uyğun tam yararlı vəziyyətdə cavabdehin istifadəsinə vermədiyi, eləcə də sonradan həmin qüsurları aradan qaldırmadığı müəyyən edildiyi üçün, həmin müqavilə üzrə cavabdehdən lizinq ödənişini ödəmək öhdəliyinin icrasını tələb etməsi əsassız hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, lizinq müqaviləsi mövcud olsa və cavabdeh tərəfindən sonradan müqavilədən imtina ediməsə də, lizinq verən tərəfindən onun üzərinə düşən lizinq obyektinin istifadə təyinatına uyğun tam yararlı vəziyyətdə təhvil verilməsinə dair əsas öhdəlik yerinə yetirilmədiyinə görə cavabdehin lizinq muzdu ödəmək öhdəliyi də yaranmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 387.2-ci maddəsinə əsasən, əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Mülki Məcəllənin 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə, lizinq obyektinin təhvil verildiyi zaman mövcud olan qüsurlarla qəbul etdiyinə görə cavabdehin lizinq ödənişini icra etmək öhdəliyinin yaranmasına dair iddiaçının dəlilinə tənqidi yanaşaraq qeyd edir ki, Mülki Məcəllənin 748-1.2-ci və 748-1.4cü maddələrinin birgə tələbinə görə, Lizinq alan əmlakı qəbul edərkən hər hansı bir çatışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə lizinq verənə məlumat verməlidir. Lizinq müqaviləsi bağlanarkən lizinq obyektində şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün Lizinq verən məsuliyyət daşımır. İddiaçı məhz bu normalara istinadən hesab edir ki, lizinq alan lizinq obyekti təhvil verilərkən onda olan çatışmazlıqlardan məlumatlı olmuşdur və buna görə də cavabdehin həmin halı əsas tutaraq lizinq müqaviləsi üzrə borcunu ödəməkdən yayınması əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 748-1.4-cü maddəsinin mətnindən də göründüyü kimi, qanunverici lizinq obyektində təhvil verilərkən aşkar edilə bilən elə bir qüsurdan bəhs edir ki, həmin qüsur lizinqə verilən əmlakın təyinatına uyğun istifadə edilə bilinməsini istisna etmir. Burada ağlabatan müddətdə və xərclərlə aradan qaldırıla bilən, əmlakın təyinatına uyğun istifadəyə yararlı hala salınması mümkün olan qüsurlardan söhbət gedir. Məhz buna görə də, qanunverici adı çəkilən normanın məzmununda “çatışmazlıq” ifadəsindən istifadə etmişdir. Həmin normanın lizinq obyektinin hətta təyinatına uyğun istifadəsinə imkan verməyən qüsurlarla qəbulu kimi təfsir olunması isə, ümumilkdə lizinq müqaviləsi konstruksiyası ilə nail olunması güdülən sosial və iqtisadi nəticələrə ziddiyyət təşkil edərdi. Bu baxımdan məhkəmə hesab edir ki, lizinq obyekti texnikalarda mövcud olan qüsurlara dair cavabdehin iştirakı ilə iddiaçının nümayəndələri tərəfindən tərtib və təsdiq edilmiş akt mahiyyətcə Mülki Məcəllənin 748-1.2-ci maddəsində nəzərdə tutulmuş qəbul protokoluna qüsurlar barədə qeyd kimi qəbul edilməli, həmçinin adı çəkilən texnikalarda aşkar edilmiş qüsurlar, xarakterləri və texnikaların funksional təyinatına təsirləri nəzərə alınmaqla Mülki Məcəllənin 748-1.4-cü maddəsində nəzərdə tutulan çatışmazlıq kimi təfsir edilməməlidir. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. İddia təmin edilmədiyinə görə məhkəmə xərcləri də iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-2991/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2991/2025
25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver