Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-303/2025 09.04.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 493.033,35 manat əsas borcun, 6.902 manat dəbbə pulunun, 220 manat vəkil xidmət haqqının, 790 manat ödənilmiş dövlət rüsumunun və 604 ədəd taxta paletin (istifadəyə yararlı vəziyyətdə) cavabdehdən məcburi qaydada İddiaçı MMC-nin xeyrinə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cu il tarixdə "xxxx" bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq Satıcı (İddiaçı MMC) istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri, çayları və s. məhsulları Distributor Cavabdeh verməyi, Distributor isə verilən məhsulların razılaşdırılmış dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə görə, Distributor faktura üzrə qəbul etdiyi məhsulun dəyərinin nağdsız formada Şirkət tərəfindən elektron qaimə təqdim edilməsi yolu ilə, nəğd faktura ilə satış zamanı malın çatdırıldığı anında (və ya anınadək), nisyə (kredit) satış zamanı isə fakturada göstərilən son ödəmə tarixinə qədər, onlayn platformalarda ödəmə imkanı varsa, mal aldığı anda göstərilən məbləğin Şirkətə ödənilməsini təmin etməlidir. İddiaçı MMC tərəfindən Cavabdeh “Malların Təhvil-Qəbul Aktları” və Maliyyə Arayışı əsasında ƏDV xaric ümumilikdə 3.422.999,85 manat məbləğində sərinləşdirici-spirtsiz içkilər təhvil verilmişdir. Cavabdeh borc məbləğindən 2.930.248.61 manat məbləğində pul vəsaitini iddiaçıya ödəsə də, hazırda 493.033,35 manat əsas borc ödənilməmişdir. Bununla yanaşı, İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilən məhsullar xüsusi taxta paletlərdə qablaşdırılaraq verildiyi üçün, cavabdehin hazırda iddiaçıya 604 ədəd taxta palet borcu da vardır. “Məhsulların alğı-satqı” Müqaviləsinin 6.1.7-ci bəndinə görə Məhsulların faktura və tara dəyərinin bu müqavilənin 3.2 bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmamış taranın dəyərinin 0.1 % miqdarında, gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0.2 (sıfır tam,onda iki)% miqdarında dəbbə pulu ödənilməlidir. Borcun ödənilməsi ilə bağlı Cavabdeh rəsmi pretenziya məktubu ilə müraciət olunmuş və borc məbləğinin 2 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Əksi təqdirdə borc məbləğinin məcburi qaydada ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul olunsa da, bu günə qədər qeyd olunan borc məbləği hələ də ödənilməmiş olaraq qalır. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, iddia ərizəsi məhkəməyə təqdim olunduqdan sonra Cavabdeh ilə aparılmış hesabat təhlili nəticəsində cavabdehin hazırda İddiaçı MMC-yə 281.367,35 (iki yüz səksən bir min üç yüz altmış yeddi manat, otuz beş qəpik) manat pul borcu və 30 (otuz) ədəd palet (taxta) borcu olduğunun müəyyən edildiyini, buna əsasən, Cavabdeh qarşı irəli sürdükləri iddia tələbini azaltmaq istədiklərini bildirmiş və Cavabdeh 281.367,35 (iki yüz səksən bir min üç yüz altmış yeddi manat, otuz beş qəpik) manat əsas borcun, 6.902 (altı min doqquz yüz iki manat) manat dəbbə pulunun, 220 (iki yüz iyirmi) manat vəkil xidmət haqqı, 790 (yeddi yüz doxsan) manat ödənilmiş dövlət rüsumunun və 30 (otuz) ədəd taxta paletin (istifadəyə yararlı vəziyyətdə) cavabdehdən məcburi qaydada İddiaçı MMC-nin xeyrinə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh (nümayəndəsi və vəkili Vəkil vasitəsi ilə) xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMC-nin ona qarşı "pul və digər xərclərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 493.033,35 manat əsas borcun, 6.902 manat dəbbə pulunun, 220 manat vəkil xidmət haqqının, 790 manat ödənilmiş dövlət rüsumunun və 604 ədəd taxta paletin (istifadəyə yararlı vəziyyətdə) ondan alınması barədə qətnamə çıxarılmasını xahiş etdiyini, 09 dekabr 2024-cü il tarixdə iddiaçı "xxxx" MMC elektron məhkəmə portalı vasitəsi ilə ərizə təqdim edib iddia tələbinin həcmini azaldaraq 281.367,35 manat əsas borcun, 6.902 manat dəbbə pulunun, 220 manat vəkil xidmət haqqı, 790 manat ödənilmiş dövlət rüsumunun və 30 ədəd taxta paletin (istifadəyə yararlı vəziyyətdə) ondan iddiaçının xeyrinə tutulmasını məhkəmədən xahiş etdiyini, iddia tələbini aşağıda qeyd edilənlərə əsasən əsassız hesab etdiyini, iddia ərizəsinə dair hazırkı etiraz ərizəsi məhkəməyə təqdim edilənədək "xxxx" MMC iddia tələbini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etmədiyini, iddia ərizəsinə qoşulmuş xx.xx.2023-cü il tarixli distributorluq müqaviləsi, məzmunu mücərrəd olan maliyyə arayışı, mətni oxunmayan malların təhvilqəbul aktlarının iddia tələbinin təmin olunmasına heç bir halda əsas vermədiyini, maliyyə arayışının məzmununun aydın olmadığını, yekun məbləğin haradan yaranmasının açıqlanmadığını, iddiaçının 3.422.999,85 manat məbləğində sərinləşdirici-spirtsiz içkilərin ona təhvil verilməsini məhkəmənin diqqətinə çatdırsa da, bunu təsdiq edəcək sübutları iddia ərizəsinə əlavə etmədiyini, qeyd edilən dəyərdə iddiaçıdan mhsul almadığını, ona göndərilmiş mallara görə tərəfindən iddiaçıya ödənilmiş vəsaitin 2.930.248.61 manat məbləğində olmasının qeyd edildiyini, dəqiqləşmə ilə bağlı iddiaçının təqdim etdiyi ərizədə iddia tələbi azaldılsa da, azaldılmanın necə hesablandığının, hansı səbəbə görə azalma baş verməsinin açıqlamadığını, bundan başqa, 30 ədəd taxta palet, dəbbə və xidmət pulu ilə bağlı iddiaçı məhkəməyə sübutların təqdim edilmədiyini, bununla belə, iddiaçı ilə aralarında olan müqavilə öhdəlikləri və onun icra vəziyyəti barədə məhkəməyə aşağıdakıları bildirməyi zəruri hesab etdiyini, ********** №-li xx.xx.2023-cü il tarixli distributorluq müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçı tərəfindən ona müxtəlif adlı məhsullar göndərildiyini (müvafiq qaimələr etiraza əlavə edilir), həmin qaimələrə əsasən iddiaçının ona 2898711.7022 manat məbləğində məhsul göndərdiyini, qeyd edilən məhsulların ƏDV-sinin 521768.11 manat təşkil etdiyini, göndərilmiş məhsulun dəyəri və ona hesablanmış ƏDV toplanılarsa, 3.420.479,81 məbləğ alınacağını (2898711.70 + 521768.11 = 3.420.479,81), bu rəqəmin iddia ərizəsində qeyd edilmiş ona göndərilmiş məhsulun dəyəri ilə demək olar ki, üst-üstə düşdüyünü, lakin iddia ərizəsində həmin məbləğə ƏDV-nin daxil edilmədiyinin qeyd edildiyini, odur ki, iddiaçının ona ƏDV nəzərə alınmadan göndərdiyi məhsulun dəyərinin 3.422.999,85 manat kimi qeyd etməsi ilə razı olmadığını, xx.xx.2023-cü il tarixli distributorluq müqaviləsində nəzərdə tutulduğu kimi iddiaçı tərəfindən ona göndərilmiş məhsula görə xx.xx.2024-cü il tarixdən başlayaraq "xxxx" QSC və "xxxx" ASC vasitəsilə ödənişlər etdiyini, adıçəkilən kredit təşkilatları vasitəsilə iddiaçıya göndərilmiş pul vəsaitlərinə dair bank çıxarışları ilə iddiaçıdan aldığı məhsulların dəyərini ödədiyinin müəyyən olunduğunu, bununla belə, iddiaçının müəyyən məbləğləri nəzərə almadan məhkəmədə iddia qaldırdığını, halbuki, həmin məbləğlərin iddia qiymətindən çıxılmalı olduğunu, distribitorluq müqaviləsi bağlamazdan əvvəl iddiaçının tələbinə əsasən onun qarşısında yarana biləcək riskləri qarşılamaq üçün "xxxx" ASC-dən 200.000 manat məbləğə dair zəmanət məktubu əldə edib iddiaçıya təqdim etdiyini, zəmanət şərtlərinə uyğun olaraq "xxxx" ASC xx.xx.2024-cü il tarixdə iddiaçıya 200.000 manat məbləğində ödəniş etdiyini, bu ödənişin təqdim etdiyi bank çıxarışından aydın göründüyünü, lakin bu ödənişin iddia ərizəsində nəzərə alınmadığını, bundan başqa, iddiaçının razılığı və göstərişi ilə 2024-cü ilin 01 mayından 30 iyun tarixlərində fəaliyyət göstərdiyi bölgədə həyata keçirdiyi reklam, marketinq və satış artirma fəaliyyəti xidməti ilə bağlı xeyli işlər həyata keçirildiyini, bu işlərin 60352.80 manat məbləğində olduğunu, bu məbləğin ona köçürülməsinə dair iddiaçıya e-qaimə göndərsə də, bu günədək həmin məbləğin ona köçürülmədiyini, iddiaçı "xxxx" MMC-nin iddia ərizəsində qeyd edilən 60352.80 manat məbləğində xərclərini nəzərə almadığını, "xxxx" MMC-nin Satış Departamentinin əməkdaşı ilə telefon danışıqları zamanı sözügedən 60352.80 manat məbləğində reklam və marketinq xidmətləri ilə bağlı xərcləri qəbul etdiklərini, lakin bu məbləğin iddianın qiymətindən çıxılmadığını, iddiaçı "xxxx" MMC-nin ona qarşı iddia tələbinin əsassız olduğunu bildirmişdir və iddiaçı "xxxx" MMC-nin ona qarşı "pul və digər xərclərin ödənilməsi" tələbinə dair iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixində iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim olunduqdan sonra Cavabdeh ilə aparılmış hesabat təhlili nəticəsində cavabdehin hazırda İddiaçı MMC-yə 278.847,31 manat pul borcunun və 30 ədəd palet (taxta) borcunun olduğunun müəyyən edildiyini bildirmiş və Cavabdeh 278.847,31 manat əsas borcun, 6.902 manat dəbbə pulunun, 220 manat vəkil xidmət haqqının, 790 manat ödənilmiş dövlət rüsumunun və 30 ədəd taxta paletin (istifadəyə yararlı vəziyyətdə) cavabdehdən məcburi qaydada İddiaçı MMC-nin xeyrinə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh (nümayəndəsi və vəkili Vəkil vasitəsi ilə) xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə qarşı əlavə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəməyə əlavə sənədlər təqdim etdiyindən iddia ərizəsinə etiraza əlavə təqdim etmək zərurəti yaranmışdır. Elektron portal vasitəsi ilə məhkəməyə təqdim edilmiş, onunla İddiaçı MMC arasında 2024-cü ildə olan mal döviyyəsinə dair xx.xx.2025-ci il tarixli arayışdan görünür ki: iddiaçı tərəfindən ona 3.422.999,85 manat məbləğində mal verilmiş, o isə iddiaçıya 3.283.736,76 manat məblğində pul köçürmüşdür. Sadə riyazi hesablama aparmaqla müəyyən olunur ki, alınmış mal ilə ödənilmiş vəsait arasında 136.743,05 manat fərq alınır. Lakin adıçəkilən arayışa əsasan İddiaçı MMC ilə aralarında son qalıq olaraq onun iddiaçıya borcu 281.367, 35 manat məbləği həddində qeyd edilmiş və bir müddət əvvəl həmin məbləğə uyğun iddiaçı ona qarşı iddia ərizəsi təqdim etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iddia tələbini 278.847,31 manatadək azaltmışdır. İddia tələbini nə 136.743,5 manat, nə də 278.847,31 manat məbləğində qəbul etmir. Belə ki, kommersiya işinin materiallarından görünür ki, iddia tələbinin əsasını İddiaçı MMC ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli "xxxx" təşkil edir. Lakin təqdim edilmiş 2024-cü ilin mal dövriyyəsinə dair xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, iddiaçı adıçəkilən müqaviləyə əsasən ona təqdim etmədiyi mallara dair qalıq borc barədə məlumatı həmin arayışa daxil edərək, son nəticədə 278.847,31 manat məbləğində pulun ondan tutulmasını məhkəmədən xahiş etmişdir. Təqdim edilmiş arayışa diqqət yetirilsə, açıq görünür ki, əmələ gəlmə mənbəyi məlum olmayan 142.104,26 manatı iddiaçı qalıq borc kimi qeyd etməklə, yekunda onun 278.847,31 manat məbləğində borcunun olması nəticəsinə gəlmişdir. 142.104,26 manat məbləğində qalıq borcun necə və haradan yaranması ona məlum deyil. Həmin məbləğdə borcu qəbul etmir. Digər tərəfdən, bu və ya digər əsaslarla yaranmış borcun xx.xx.2023-cü il tarixli "xxxx" əsasında tələb etmək qanuna uyğun deyil. Yəni, xx.xx.2023-cü il tarixli "xxxx" əsasında əmələ gəlməmiş 142.104,26 manat məbləğində pulun iddianın qiymətinə əlavə edilib tələb olunması düzgün deyil. xx.xx.2025-ci il tarixdə iddiaçı tərəfindən elektron portal vasitəsi ilə təqdim edilmiş 3 ədəd üzləşmə aktı ilə bağlı qeyd edilməlidir ki, həmin aktların tərəfindən imzalanmasını xatırlamır. İddiaçı “X4 Bottlers” MMC ilə əməkdaşlığı dövründə üzləşmə aparmamış, aralarında mübahisə olmamış, üzləşmə aktında iddiaçının nümayəndəsi kimi qeyd edilmiş şəxsi tanımır. 2024-cü ilin may ayının 01-dən iyun ayının 30- dək olan dövr ərzində fəaliyyət göstərdiyi bölgədə həyata keçirdiyi reklam, marketinq və satış artırma fəaliyyəti xidməti ilə bağlı 60.352,80 manat məbləğində vəsait xərcləmişdir. Bu məbləğin ona köçürülməsinə dair xx.xx.2024-cü il tarixdə iddiaçıya e-qaimə göndərsə də, bu günədək həmin məbləğ ona köçürülməmiş, həmçinin İddiaçı MMC məhkəməyə təqdim edtiyi iddia ərizəsində adıçəkilən 60.352,80 manat məbləğində xərclər nəzərə alınmamışdır. Halbuki, 2022 və 2023-cü illərdə eyni qaydada iddiaçıya göndərdiyi qaimələr əsasında eyni məqsədlər üçün xərclədiyi vəsait İddiaçı MMC tərəfindən ona köçürülmüşdür. 2022 və 2023-cü illərə dair reklam, marketinq və satış artırma fəaliyyəti xidməti ilə bağlı e-qaimələr və həmin qaimələr əsasında ona edilmiş ödənişlər barədə bank hesabından çıxarış etiraza əlavə olunur. Məhkəmə nəzərə almalıdır ki, İddiaçı MMC xx.xx.2023-cü il tarixli "xxxx" əsasında əmələ gəlməmiş 142.104,26 manat məbləğində pulu əsassız olaraq iddia qiymətinə hesablamaqla, həmçinin, 2024-cü ilin birinci yarımilliyi ərzində həyata keçirdiyi reklam, marketinq və satış artırma fəaliyyəti xidmətinə görə ona ödənilməli olduğu 60.352,80 manat məbləğində pulu iddia qiymətinə əsassız olaraq daxil etməklə ona qarşı 278.847,31 manat məbləğində iddia qaldırmışdır. Beləliklə, iddia ərizəsində istinad edilən xx.xx.2023-cü il tarixli "xxxx"nə aid olmayan qalıq borc kimi 142.104,26 manat, reklam, marketinq və satış artırma fəaliyyəti xidmətinə görə iddiaçının ona ödəməli olduğu 60.352,80 manat, cəmi 202.547,06 manat məbləğ iddia qiymətindən çıxılmalıdır. (142.104,26 + 60.352,80 = 202.457,06) 281.367,35 manat iddia qiymətindən artıq hesablanmış 202.457,06 manat məbləğı çıxdıqda fərq 76.390,29 manat (278.847,31 - 202.457,06 = 76.390,25) alınır. İddia tələbini 76.390,25 manat məbləği həddində də qəbul etmir. Hesab edir ki, əvvəlki məhkəmə iclasları dövründə təqdim etdiyi iddia ərizəsinə əlavə edilmiş 3 ədəd bank çıxarışında qeyd edilən köçürmələri nəzərə almaqla iddaiçı ilə aralarında borc yaranmır. Yuxarıda qeyd edilmiş qalıq borc kimi göstərilmiş 142.104,26 manat və iddiaçının ona ödəməli olduğu 60.352,80 manat məbləğlərini nəzərə almaqla iddiaçının ona verdiyi malların dəyəri tərəfindən tam olaraq ödənilmişdir. Qeyd edilənlər o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı “X4 Bottlers” MMC-nin ona qarşı iddia tələbi əsassızdır. Qeyd olunanlara əsaslanaraq İddiaçı MMC-nin ona qarşı “pul və digər xərclərin ödənilməsi” tələbinə dair iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatına və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2023-cu il tarixli, ********** nömrəli "xxxx"nin: 1.1-ci bəndinə əsasən, bu müqavilənin predmetini Şirkətin istehsal və satışını təşkil etdiyi çeşidli alkoqolsuz spirtsiz içkiləri və çayları və s. məhsulları (bundan sonra Məhsullar adlandırılacaq) Distributora satmaq və Distributor tərəfindən satın alınan məhsulların dəyərinin ödənilməsi təşkil edir. İş materiallarında olan elektron qaimə-fakturaların surətlərindən görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü i tarixədək İddiaçı MMC tərəfindən Cavabdeh göndərilən malların ümumi dəyəri 473834,37 manat təşkil etmişdir. İş materiallarında olan “Qarşılqılı üzləşdirmə aktı”nın surətindən görünür ki, həmin aktı imza etməklə tərəflər Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı MMC-nə 142104,26 manat məbləğində borcunun olduğunu təsdiq etmişlər. İş materiallarında olan “Qarşılqılı üzləşdirmə aktı”nın surətindən görünür ki, həmin aktı imza etməklə tərəflər Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı MMC-nə 327736,29 manat məbləğində borcunun olduğunu təsdiq etmişlər. İş materiallarında olan “Qarşılqılı üzləşdirmə aktı”nın surətindən görünür ki, həmin aktı imza etməklə tərəflər Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı MMC-nə 870131,28 manat məbləğində borcunun olduğunu təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh İddiaçı MMC-nə borcu 493033,35 manat təşkil edir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında 2024-cü il il üzrə dövriyyəyə dair məlumata əsasən, Cavabdeh cəmi borc məbləği 281367,35 manat təşkil etmişdir. İş materiallarında olan Cavabdeh "xxxx" QSC-də olan bank hesabından çıxarışdan görünür ki, həmin hesabdan İddiaçı MMC-nin hesabına xx.xx.2023-cu il tarixli, ********** nömrəli "xxxx" üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək cəmi 2264040,11 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan Cavabdeh "xxxx" ASC-də olan bank hesabından çıxarışdan görünür ki, həmin hesabdan İddiaçı MMC-nin hesabına xx.xx.2023-cu il tarixli, ********** nömrəli "xxxx" üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək cəmi 598361,88 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan İddiaçı MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, Azerbaijan Coca-Cola Bottlers” MMC ilə bağlanmış müqaviləyə əsasən yaranmış 493033,35 manat borcun 2 iş günü müddətində ödənilməsi xahiş olunmuşdur, əks təqdirdə əsas borc məbləğinin, faiz borcunun tətbiq olunacaq dəbbə pulunun və məhkəmə xərclərinin alınaraq İddiaçı MMC-nə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatına əsasən, xx.xx.2023-cü il tarixli Distributorluq müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-nə olan borc öhdəliyinin 136743,09 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə, ilk növbədə iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, mübahisə tərəflərinin hər ikisi sahibkarlıq subyektləridirlər, tərəflər arasında yaranmış mübahisənin predmetini, tərəflərin daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində subyektiv hüququnun pozulduğunu iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair iddiaçının tələbi təşkil edir və tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri onların həm birgə, həm də ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə əlaqəlidir. Buna görə də, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmeti və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakteri hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı istehsal etdiyi spirtsiz içkiləri (bundan sonra “malları”) cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda təqdim etməklə onun mülkiyyətinə vermək, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul vəsaitini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirərək sifariş olunan malları cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini, cavabdeh isə ona təhvil verilmiş malların dəyərini tam şəkildə ödədiyini iddia edirlər. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alğı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında və əqdlərin etibarsızlığına dair normaları nəzərdə tutan 14-cü fəslində yer alan normalar təşkil edir. Məhkəmə hesab edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə, tərəflərin izahatlarına və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alğı-satqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2023-cu il tarixli, ********** nömrəli "xxxx" üzrə ümumi dəyəri 3420479,85 manat dəyərində mal təhvil verildiyi (cavabdehin nümayəndəsinin yazılı etiraz ərizəsində və məhkəmə iclasında verdiyi şifahi izahatında etdiyi etirafına və iddiaçının nümayəndəsinin həmin etirafı qəbul etməsinə dair məhkəmə iclasında verdiyi izahatına əsasən), Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı MMC-nə 870131,28 manat məbləğində borcunun olduğu (qarşılıqlı üzləşmə aktına əsasən), İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cu il tarixli, ********** nömrəli "xxxx" üzrə cavabdehin risklərinə görə verilmiş zəmanət şərtlərinə uyğun olaraq "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçıya 200000 manat məbləğində ödəniş edildiyi (bank hesabından çıxarış məlumatlarına və tərəflərin izahatlarına əsasən) işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli hallarını cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin tam ödənilməməsi barədə iddiaçının tələbi, eləcə də cavabdehin alınmış malların dəyərini tərəfindən tam şəkildə ödənilməsinə dair etirazı təşkil edir. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı mallara görə ödənilməmiş 278.847,31 manat məbləğində borcunun qaldığını, cavabdeh isə ona təhvil verilmiş malların dəyərini tam şəkildə ödədiyini bildirirlər. Məhkəmə qeyd edir ki, göründüyü kimi baxılan işin əsas mübahisəli məqamı tərəflər arasında mövcud olmuş alqı-satqı müqaviləsi üzrə təhvil alınmış (verilmiş) malların və həmin mallara görə həyata keçirilmiş ödənişlərin məbləğləri ilə bağlıdır. İddiaçı tərəflər arasında imzalanmış üzləşmə aktlarıına, malların təhvil verilməsinə dair aktlara, ödənişlərə dair hesabdan çıxarışlara istinad edərək hesab edir ki, işin yuxarıda qeyd olunan mübahisəli halının həlli üçün həmin sənədlər əsas götürülməlidir. Cavabdeh isə adı çəkilən üzləşmə aktlarının onun tərəfindən imzalanmasını xatırlamadığını bildirir və təhvil aldığı mallara görə borcunun olmamasına dair iddiasının faktiki əsası kimi tərəfindən məhkəməyə təqdim olunmuş hesabdan çıxarışlara istinad edir. Tərəflərin yuxarıda göstərilən istinadlarına və işin müəyyən edilmiş hallarına əsasən məhkəmə hesab edir ki, baxılan iş üzrə mübahisənin həlli üçün ilk növbədə tərəflər arasında tərtib olunmuş “Qarşılıqlı üzləşmə aktı”na hüquqi qiymət verilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış üzləşmə aktı mahiyyət etibarı ilə özündə borcun etirafına və həmin etirafın qəbuluna dair aktı imzalayanların iradə ifadələrini ehtiva edir. Qeyd edilməlidir ki, üzləşmə aktı hüquqi təbiətinə görə əqddir və mülki qanunvericilikdə əqdlər üçün nəzərdə tutulmuş bütün məcburi göstərişlər və normativ tələblər üzləşmə aktına da şamil edilir. Mülki qanunvericilikdə əqdlərin etibarlılığı ilə əlaqədar nəzərdə tutulan subyekt, məzmun, sərbəst və həqiqi iradə ifadələrinin bəyanı və onların bir-birinə uyğunluğu kimi əsas tələblər üzləşmə aktının da etibarlı şəkildə bağlanmış hesab edilməsi üçün zəruri tələblərdir. Lakin qeyd edilməlidir ki, üzləşmə aktının digər əqdlərdən əsas fərqləndirici əlaməti, onun özlüyündə yeni və müstəqil mülki hüquq və vəzifələr yaratması xüsusiyyətindən çox, həmin aktı imzalayanlar arasında artıq mövcud olan mülki hüquq münasibətlərindən yaranan öhdəliklərin etirafı xarakterində olmasıdır. Qeyd edilən xüsusiyyətlərindən çıxış edərək söyləmək olar ki, üzləşmə aktının etibarlı hesab edilməsi üçün bütün əqdlər üçün zəruri olan etibarlılıq şərtləri ilə yanaşı, həmin aktın tərtib edilməsinə səbəb olan həqiqi münasibətlərin müəyyən edilməsi, onların xarakterinin aydınlaşdırılması vacibdir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin bağladıqları alqı-satqı müqaviləsinin şərtlərinə görə tərəflər arasında mütəmadi olaraq qarşılıqlı öhdəliklərə dair üzləşmənin aparılması və bu barədə üzləşmə aktının tərtib edilərək imzalanması razılaşdırılmışdır. Məhkəmə araşdırması zamanı adı çəkilən qarşılıqlı üzləşmə aktlarının etibarsızlığına dəlalət edən hallar aşkar edilməmişdir. Cavabdeh tərəfindən də həmin aktlarin etibarlılıq şərtləri mübahisələndirilməmiş, həmin aktların etibarsızlığına dair tələb irəli sürülməmişdir. Cavabdeh yalnız həmin aktları imzalamasını xatırlamadığını bildirmişdir, bununla belə aktlardakı imzaların mənsubiyyətini mübahisələndirməmişdir. Məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, tərəflər arasında son olaraq imzalanmış xx.xx.2024-cü il tarixli üzləşmə aktının məzmunu ilə müəyyən edilən xüsusatlar işin mübahisəsiz hallarından biri kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Göründüyü kimi, qarşılıqlı iddiaçı xx.xx.2024-cü il tarixinə iddiaçıya 870131,28 manat məbləğində borcunun olmasını həmin tarixli üzləşmə aktı ilə etiraf etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh borcunu etiraf etdiyinə və onun tərəfindən imzalanması mübahisə edilməyən üzləşmə aktı mövcud olduğuna görə iddiaçı həmin aktla müəyyən edilmiş halı sübutetmə vəzifəsindən azad olunmuşdur. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, üzləşmə aktı ilə müəyyən edilmiş hal, yəni cavabdehin xx.xx.2024-cü il tarixinə iddiaçıya 870131,28 manat məbləğində borcunun olması işin mübahisəsiz halı kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, baxılan işin mübahisəli hallarının, yəni cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin tam ödənilməməsi barədə iddiaçının və ona təhvil verilmiş malların dəyərinin tam şəkildə ödənilməsinə dair cavabdehin tələbləri, artıq işin mübahisəsiz halı kimi qəbul edilən tərəflər arasında tərtib olunmuş üzləşmə aktına əsasən müəyyən edildiyi kimi cavabdehin xx.xx.2024-cü il tarixinə iddiaçıya 870131,28 manat məbləğində borcunun olması faktı nəzərə alınmaqla araşdırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən xx.xx.2023-cu il tarixli, ********** nömrəli "xxxx" üzrə cavabdehə təhvil verilmiş malların qarşılığında cavabdeh tərəfindən iddiaçıya ödənilmiş pul vəsaitinin ümumi məbləği cavabdeh tərəfindən məhkəməyə təqdim olunan, onun "xxxx" QSC və "xxxx" ASC-də olan bank hesablarından çıxarışlara əsasən müəyyən edilməlidir. Belə ki, əvvəla adı çəkilən təşkilatların baxılan işin nəticəsində hər hansı bir maraqlarının olması müəyyən edilməmişdir və sübutların qiymətləndirilməsi baxımından da həmin təşkilatların təqdim etdikləri sənədlərin mötəbərliliyi şübhə doğurmur. Digər tərəfdən adı çəkilən sənədlərin məzmunları iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilməmişdir və hər iki tərəf öz tələb və etirazlarının əsası kimi həmin sənədlərə istinad etmişlər. Məhkəmə, işdə olan "xxxx" ASC və "xxxx" QSC tərəfindən təqdim olunmuş hesabdan çıxarışlara əsasən aparılmış araşdırmanın nəticəsi olaraq müəyyən edir ki, Cavabdeh tərəfindən İddiaçı MMC-nin hesabına xx.xx.2023-cu il tarixli, ********** nömrəli "xxxx" üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək "xxxx" QSC-də olan bank hesabından 2264040,11 manat məbləğində, "xxxx" ASC-də olan bank hesabından 598361,88 manat məbləğində olmaqla, ümumilkdə cəmi 2874452,83 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Məhkəmə, həmçinin onu da qeyd edir ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2023-cu il tarixli, ********** nömrəli "xxxx" üzrə təhvil verilmiş malların ümumi dəyərinin 3420479,85 manat təşkil etməsi baxılan işin mübahisəsiz halıdır. Beləliklə, təhvil verilmiş malların dəyəri ilə həyata keçirilmiş ödənişlər hesablandıqda müəyyən edilir ki, Cavabdeh tərəfindən təhvil aldığı mallara görə İddiaçı MMC-nə 546027,02 manat (3420479,85 - 2874452,83 = 546027,02) məbləğində borcunun olduğu müəyyən edilir. Cavabdehin risklərinə görə verilmiş zəmanət şərtlərinə uyğun olaraq "xxxx" ASC tərəfindən iddiaçıya 200000 manat məbləğində ödəniş edildiyi üçün, həmin məbləğ ümumi borc məbləğindən çıxıldıqda cavabdehin borcunun 346027,02 manat məbləğində olduğu aşkar edilir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdehin borclu olduğu məbləğlə, iddia ərizəsinə dəqiqləşdirmədə tələb olunan məbləğ arasında fərq olsa da, iddiaçı tərəfindən iddianın həcminin artırılmasına dair ərizə verilməmişdir. Buna görə də, təmin olunan məbləğ iddia ərizəsinə dəqiqləşdirmədə göstərilən məbləğ olaraq qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, onların dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının alqısatqı müqaviləsi üzrə yaranmış əsas borcun tutulması tələbinə dair iddiası əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, alıcı müqavilə üzrə öhdəliklərini pozduğu halda satıcıya cərimə ödənək öhdəliyini üzərinə götürmüşdür. İşin halları ilə cavabdehin müqavilə üzrə ödənişini gecikdirdiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Məhkəmə, cərimə tələbinin əsaslılığı ilə bağlı məsələyə qiymət verərkən tərəflər arasında razılaşdırılmış cərimənin hüquqi təbiətinə aydınlıq gətirilməsini də vacib hesab edir. Mülki qanunvericilikdə dəbbə (cərimə, penya) həm öhdəliyi icra etməməyə görə mülki məsuliyyət sanksiyası, həm də öhdəliyin lazımınca icra edilməsinin təminatı üsulu kimi nəzərdə tutulmuşdur. Birinci halda, yəni mülki məsuliyyət tədbiri kimi nəzərdə tutulan dəbbə pulu (cərimə, penya) öhdəlik münasibətinin bir tərəfinə öz üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyinə görə digər tərəfin məruz qaldığı zərərin kompensasiya edilməsi məqsədi ilə tətbiq edilən mülki hüquq sanksiyası funksiyasını, təminat üsulu kimi nəzərdə tutulan digər halda isə dəbbə pulu (cərimə, penya) öhdəliyin lazımınca icra edilməsinə borclunun kreditor qarşısında əlavə öhdəliyi funksiyasını yerinə yetirir. Mülki hüquq sanksiyası olaraq nəzərdə tutulan dəbbə pulunun tətbiq edilməsinin başlıca şərtləri, öhdəliyin lazımınca icra edilməməsi nəticəsində tələb hüququ yaranan tərəfə zərər vurulması (1-ci şərt) və öhdəliyi lazımınca icra etməyən tərəfin təqsirinin müəyyən edilməsidir (2-ci şərt). Bu iki şərtin mövcud olduğu təqdirdə mülki məsuliyyət tədbiri qismində dəbbənin (cərimə, penya) tətbiq edilməsi üçün əsas yaranır. Öhdəliyin təmin üsulu kimi nəzərdə tutulan dəbbə pulunun tətbiq edilməsi üçün isə tələb hüququ yaranan tərəfin zərərə məruz qalması mühüm şərt deyildir. Burada əsas olan borclunun öhdəliyini icra etmədiyi, lazımınca icra etmədiyi və ya icranı gecikdirməsi faktının və dəbbə pulu ödənilməsi barədə müqavilə şərtinin olmasının kreditor tərəfindən sübut edilməsidir. Dəbbə pulunun anlayışını verən Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Dəbbə puluna verilən leqal tərifdən müəyyən olunur ki, dəbbə pulunun ödənilməsi tələbi borclu tərəfindən öhdəliyin pozulması ilə yaranır. Bunun üçün əlavə olaraq kreditora zərər vurulması faktının baş verməsi tələb olunmur. Qeyd olunanları hazırki işin faktiki hallarına tətbiq etdikdə müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilədə qeyd olunan cərimə öhdəliyi, cavabdehin üzərinə götürdüyü öhdəliyin lazımınca icra olunmasının təmin edilməsi üsulu kimi nəzərdə tutulmuşdur. Buna görə də, cərimə ödənilməsi üçün iddiaçının öhdəliyin pozulması nəticəsində zərərə məruz qalmasını sübut etmək vəzifəsi yaranmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas borca nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun iddiaçının əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi 6902 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, tutulacaq cərimə məbləğinin azaldılaraq 500 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 iyul 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.” Məhkəmə, vəkilin göstərdiyi yardıma görə çəkilmiş xərcin cavabdehdən tutulması hissəsində iddia tələbinin əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 220 manat vəsait cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddia tələbini 604 ədəd taxta paletin (istifadəyə yararlı vəziyyətdə) cavabdehdən məcburi qaydada alınaraq iddiaçıya verilməsi hissəsində əsassız hesab edərək qeyd edir ki, iddiaçı cavabdehə 604 ədəd taxta paletin verilməsinə dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də, iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin reklam, marketinq və satış artırma fəaliyyəti xidmətinə görə sərf edilmiş 60352,80 manat məbləğində xərclə əlaqədar cavabdehin etirazında bildirdiklərinə münasibətdə qeyd edir ki, cavabdehin həmin xərcin iddiaçıdan tutulmasına dair tələblə məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğuna görə, "xxxx" MMC-nin xidmət haqqı xərcləri olan 300 manat məbləğində pul vəsaitinin 200 manat hissəsi Cavabdeh, 100 manat hissəsi İddiaçındən alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 121, 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 278847,31 manat məbləğində əsas, 500 manat məbləğində cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 220 manat və 790 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 280357,31 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. "xxxx" MMC-nin xidmət haqqı xərcləri olan 300 manat məbləğində pul vəsaitinin 200 manat hissəsi Cavabdeh, 100 manat hissəsi İddiaçındən alınaraq "xxxx" MMC-nin hesabına (VÖEN **********, VÖEN **********1, Müxbir hesab AZ10NABZ**********000005644, Hesab nömrəsi AZ85ACAB********************, bankın kodu 505000) ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-303/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-303/2025
09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver