Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-3039/2024 24.12.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 891 manat, hesablanmış cərimə borcuna görə 178 manat və ödənilmiş dövlət rüsumuna görə 31 manat olmaqla, cəmi 1100 manat pulun cavabdehdən alınaraq “X2 Kompleksi” MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, alıcı qismində (İddiaçı) “X2 Kompleksi” MMC, tədarükçü qismində “X2 Kompleksi” MMC-nin “X1 və Emalı Zavodu” filialı və fermer (Cavabdeh) Cavabdeh arasında bağlanmış 2022-ci il mövsümü üzrə xx.xx.2022-ci il tarixli, 517 saylı xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən Cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilələrin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan ümumilikdə 891 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, Cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh yaranmış borcdan hec bir ödəniş və ya xam-pambıq təhvil verməmişdir. Beləliklə, cavabdeh tərəfindən 2022-ci il mövsümü üzrə xx.xx.2022-ci il tarixli, 517 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 891 manat borcu qalmışdır. Bundan əlavə, Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 650 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 178 manat təşkil edir. Verilməmişdir: 891 х 20% =178 manat. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə hec bir təşəbbüs göstərilməmişdir. Beləliklə cavabdeh, Müqavilə üzrə borcunu ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. İş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 12:30-a təyin edilmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-3039/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə baxış iclası təyin edilmiş, baxış iclasının tarixi xx.xx.2024-cü il saat 10:30 kimi müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakları olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, iddia ərizəsində iddiaçı “X2 Kompleksi” MMC tərəfindən Cavabdeh 891 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verildiyi, müxtəlif xidmətlər göstərildiyi, cavabdehin yaranmış borcdan heç bir ödəniş etmədiyi, nəticədə cavabdehin ödənilməmiş 891 manat məbləğində borcunun qaldığı qeyd olunsa da, həmin halları təsdiq edən sübutlar (iş aktları, ödəniş sənədləri və s.) məhkəməyə təqdim olunmamışdır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş üzləşmə aktından görünür ki, cavabdeh həmin aktı imzalamamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmir. Buna görə də, iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 78.1-1-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Göründüyü kimi, qüvvədə olan mülki prosessual qanunvericiliyin tələblərinə görə sübutlar işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməlidir. Lakin iddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti işin mahiyyəti üzrə baxılması üçün mühüm əhəmiyyət kəsb edən məlumatları özündə əks etdirən sənədləri məhkəməyə təqdim etməmişdir. Şərh olunanları yekunlaşdıraraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlər əsasında işə mahiyyəti üzrə baxılması mümkün olmadığına görə iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci və 260.6-cı maddələrinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-3039/2024
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-3039/2024
24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver