Məhkəmə qərarları › İş №e-2-2(121)-305/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-305/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-305/2025 06.02.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 237/23 saylı 03 iyul 2023-cü il tarixli Alqı-Satqı müqaviləsi əsasında Cavabdeh MMC nin İddiaçı MMC-nə olan 18237.79 manat məbləğində əsas borcunun və 145 manat dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 03 iyul 2023-cü il tarixdə direktor X1 şəxsində Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təsis edilmiş, Nizamnaməsi əsasında fəaliyyət göstərən İddiaçı bir tərəfdən və direktor X2 şəxsində Nizamnamə əsasında fəaliyyət göstərən Cavabdeh MMC digər tərəfdən 237/23 saylı Alqı-Satqı müqaviləsi bağlamışlar. Müqavilə 10 (on) maddədən və hər maddəyə tətbiq edilən müvafiq bəndlərdən ibarət olaraq, tərəflərin rekvizitləri qeyd edilməklə Direktorlar tərəfindən imzalanıb və möhürlə təsdiq edilib. Müqavilənin şərtinə əsasən “Satıcı” ”Grass Azərbaycan” MMC ona “Alıcı” Relax Resort and SPA Hotel” MMC tərəfindən istifadə etmək üçün sifariş edilən müxtəlif çeşidli yuyucu-təmizləyici məhsulları müxtəlif vaxtlarda qaimə-faktura əsasında “Alıcı”nın qeyd etdiyi ünvana aşağıda qeyd olunan çeşiddə, miqdarda və məbləğdə (elektron qaimələr) göndərilmişdir; 9 çeşiddən 91 ədəd 2 320.14 manat on dörd qəpik, 1 çeşiddən 40 ədəd 2 320 manat, 5 çeşiddən 102 ədəd 2 903.12 manat on iki qəpik, 2 çeşiddən 40 ədəd 2 320 manat, 6 çeşiddə 9 940 ədəd 6 286 manat, 3 çeşiddə 17 ədəd 120.94 manat doxsan dörd qəpik, 15 çeşiddə 20 144 ədəd 8 647.95 manat 95q. 2 çeşiddə 10 ədəd 1 150.25 manat iyirmi beş qəpik, 2 çeşiddə 10 ədəd 127.80 manat səksən qəpik, 1 çeşiddə 5 000 ədəd 2 700 manat, 2 çeşiddə 60 ədəd 3 480 manat, 4 çeşiddə 1 058 ədəd 350.74 manat yetmiş dörd qəpik. Qeyd olunan və “Alıcının” ünvanına göndərilən 32 726.94 manat 94 qəpik məbləğində məhsula görə “Alicı”,” Relax Resort and SPA Hotel” MMC, 24 iyul 2023-cü il tarixdə “Satıcı” İddiaçı MMC-nin hesabına 10 000 manat , 25 iyun 2024-cü il tarixdə 5 000 manat, daha sonra xx.xx.2024-cü il tarixdə cəmi 3 000 manat, ümumi olaraq 8 000 manat ödəniş etmiş, qalan borcun ödənilməsi ilə əlaqədar edilən xəbərdarlıqlara baxmayaraq “Alıcı” üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir.Halbuki, 237/23 saylı 03 iyul 2023-cü il tarixli iki tərəfli müqavilənin 4.7-ci bəndində də qeyd edilir ki, ”Alıcı” faktura üzrə qəbul etdiyi malların dəyərini nəğd satış zamanı malın təhvil anında (və ya təhvil anınadək) və nisyə satış zamanı isə 30 (otuz) təqvim günü müddətində “Satıcıya” ödəməlidir. Faktla əlaqədar, özünü Cavabdeh MMCnin hüquqşünası adlandıran Elvin Məmmədov adlı şəxslə ***-***-**-** mobil telefon vasitəsi ilə əlaqə saxlanılmışdır, o, da öz növbəsində borcla əlaqədar məsələyə aydınlıq gətirəcəyinə söz versə də sonradan ümumiyyətlə telefonlara cavab verməmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi olan İmanov Elvin ilə üzləşmə aktı imzalarla təsdiq edilərək bir daha borcun olması sübuta yetirmişdir. Lakin sonrakı günlər yenə də qarşı tərəflə əlaqə yaratmaq mümkün olmamışdır və hazırda 18237.79 manat 79 qəpik borcun alınması ilə əlaqədar Cavabdeh MMC-də səlahiyyətli nümayəndə ilə əlaqə saxlanıla bilinmədiyi üçün müqavilənin tələbinə uyğun olaraq məhkəməyə müraciə etmək məcburiyyətində qalınmışdır. Cavabdeh MMC 237/23 saylı 03 iyul 2023-cü il tarixli Alqı-Satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmir və həmin öhdəliyi yerinə yetirməməklə İddiaçı MMC-nə xeyli miqdarda maddi ziyan vurur, yəni hazırda da fəaliyyət göstərən İddiaçı MMC, ona 3 (üç) aydır ödənilməyən 18237.79 manat pul vəsaiti onun dövriyyəsində olmadığı üçün hər gün müəyyən məbləğdə maddi vəsait itirir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında veridyi izahatında cavabdeh tərəfindən 2025-ci ilin yanvar ayında borcdan 700 manat ödəniş edildiyini bildirdi və iddia tələbinin həcminin azaldılaraq cavabdehdən 17537,79 manat məbləğində borc və ödənilmiş 145 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 17682,79 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatına və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 237/23 nömrəli müqaviləyə əsasən, Satıcı hazırki müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərlə verilmiş sifarişə uyğun malları Alıcının mülkiyyətinə verməyi, Alıcı isə Satıcının satdığı malları qəbul edərək hazırki müqavilə ilə müəyyən edilmiş qaydada dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. İş materiallarında olan qaimə-faktura və satış fakturalardan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdehnə müxtəlif adda mallar təhvil verilmişdir. İş materiallarında olan “Üzləşmə aktı”ndan görünür ki, tərəflər həmin aktı imzalamaqla Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçınə 26237,85 manat məbləğində borcunun olmasını təsdiq etmişlər. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (alğısatqı müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tədarük etdiyi malları cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda cavabdehə təqdim etməklə onun mülkiyyətinə verməyə, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul vəsaitini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malları cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alğı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 600-cü maddələrində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə qeyd edilən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alğı-satqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçı tərəfindən müqavilənin obyekti olan malların cavabdehə təhvil verilməsi (qaimə-faktura və satış fakturalarına əsasən), cavabdehin xx.xx.2023-cü il tarixə iddiaçıya 26237,85 manat məbləğində borcunun olması (üzləşmə aktına əsasən) işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin tam şəkildə ödənilməməsi barədə iddiaçının tələbi təşkil edir. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı mallara görə ödənilməmiş 17537,79 manat məbləğində borcunun qaldığını iddia edir. İddiaçı, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməyərək aldığı malların qiymətini tam ödəməməsi haqqında tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərinə, malların təhvil verilməsinə dair qaimələrə və borcun etirafı haqqında qarşılıqlı üzləşmə aktına istinad edir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir, eləcə də iddia tələbinə qarşı etiraz və ya iddianın tam və ya qismən əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Lakin, işdə olan “Üzləşmə aktı”ndan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə 26237,85 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, borcun etirafı haqqında üzləşmə aktını, iş materiallarında olan digər sənədləri və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan malların qiymətini təşkil edən 17537,79 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Bu halda məhkəmə əsas borc qalığı kimi tələb olunan 17537,79 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 570.1 və 570.1.1-ci maddələrinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda satıcının əşyanı alıcıya vermək vəzifəsi icra edilmiş sayılır. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, işdə olan “Üzləşmə aktı”ndan görünür ki, həmin aktı imzalamaqla cavabdeh iddiaçıya 26237,85 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməli, alqı-satqı müqaviləsi üzrə yaranmış borc məbləği, həmçinin məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş xərclər cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdehndən 03 iyul 2023-cü il tarixli, 237/23 nömrəli müqavilə üzrə 17537,79 manat məbləğində borc və ödənilmiş 145 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 17682,79 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar